525.Az

Qara damın suvağı və nənəmin qabyuyan maşını - Təranə Arifqızı yazır


 

YAŞLI QADINLAR TELEVİZORDA KİŞİ GÖRƏNDƏ YAŞMAQLANIRDILAR

Qara damın suvağı və nənəmin qabyuyan maşını - <b style="color:red"> Təranə Arifqızı yazır</b>

Sizin yadınıza gəlməz. Siz deyəndə, iyirmi birinci əsrin uşaqların nəzərdə tuturam. Lap əvvəllər hər evdə televizor yox idi. Televizor olan ev xüsusi diqqətdə olardı. Kəndimizə ilk televizoru  İsmayıl babam xaricdən, o vaxtın diliylə desək, urisetdən gətirmişdi. Babam kəndin yeganə pal-paltar, məişət əşyaları satılan mağazasında işləyirdi. Qəşəng xarici malları olurdu. Elə balaca ekranlı ağ-qara televizoru da bu mallardan biri idi. Kənd yerində o vaxtlar mərkəz deyilən yerdə bir dənə radio qovşağı vardı. Ağır-batman kişilər dünyada, ölkədə nələr olduğunu radiodan eşitmək üçün kəndin çayxanasına yığışardılar.

Gün o gün olur ki, İsmayıl kişi televizor adlanan sehrli qutunu evə gətirir, düzür-qoşur. Kəndə səs düşür ki, dükançı İsmayıl bir qutu gətirib, içində adamlar var, danışırlar, oxuyurlar. Bütün məhlə hər axşam yığışırdı İsmayıl babamgilə. Maraqla, heyrətlə baxırdılar balaca qutuya. Aman Allah, bu nədi, adamlar ora necə giriblər? Yaxına gedib, ehtiyatla televizora toxunardılar. Bir maraqlı məqam da o idi ki, yaşlı qadınlar televizorda kişi xeylağı görəndə yaşmaq alardı, xalxın kişilərindən ayıbdı, deyərdi. Bilirəm, bunlar sizə gülməli gəlir. Gülməyin, vallah düz deyirəm.

Yəqin ki, yaşlı nəslin yadına gələr. Altmışıncı illərə qədər kəndimizdə hamı yay aylarında damların üstündə yatardı. Ərik-alcanı da bir tərəfə sərərdilər. Damların hamısının üstü suvaq olardı. Kimsənin şiferli evi yox idi. Yağış yağmasın, yağdısa, evlər damardı. Damcı daman yerlərə analarımız seyinden, vedrədən, qazandan, əllərinə nə keçsə qoyardı. Bizlər isə mışıl-mışıl yatardıq. İslanmayaq deyə, yorğanlarımızın üstünə cecim atardılar.

Yaz vaxtı damların üstündə otlar yarım metrdən də uca qalxardı. Biz isə çıxıb otları yolar, yerinə isə təpələrdən xərtək (torpaq növü) daşıyıb, iplərlə çəkib, damların üstünə tökər, möhkəm ayaqlayardıq. O günlər çətin olsa da, insanlar çox mehriban idi.

Yadımdadı, nənəm deyərdi ki, lap əvvəllər kənddə, eləcə də məhləmizdə bulaq suyu yox idi. Qışın günü gedirdik çaylağa, yəni kəndin yanından axıb gedən gur sulu çayın qırağına. Buz kimi havada donmuş, sırsıra bağlamış suyun buzunu qırır, oradan su götürüb qablarımızı, paltarlarımızı yuyurduq. Əllərimiz gömgöy göyərirdi. Evə gəlib çıxınca dişimiz dişimizə dəyirdi. İsti otağa girincə göynərtidən az qala ağlayırdıq. Sonra məhlələrə Çimən bulağından su çəkdilər. Soyuqda su növbəsinə durduğumuz günlər başladı...

Elə bizim dövrün - sovet dövrünün uşaqları da yaxşı xatırlayar. Daş kömürün istisində oturub, çaydanın cızıltısında yorğunluqlarını çıxaranlar bilir ki, o daş kömürü çox vaxt soyuqda əlcək geyib, çəkiclə qırırdıq, xəkəndazla vedrəyə yığıb gətirərdik. Peçin içinə lap altdan neftlənmiş kərmə qırığı, üstündən üç-dörd odun parçası və onun da üzərinə doğranmış kömür töküb yandırırdıq. Peç qızışdımı, istisindən durmaq olmurdu. Nahaq vaxtı beş-on kartof yuyub peçin köz tökülən yerinə yığırdıq. Bişdikcə külləmə kartofun qoxusu adama ləzzət verirdi. Hələ o kartof təndirdə bişə, yanında da isti təndir çörəyi, istiotu, duzu, soğanı. Bəh-bəh, dadından doymaq olurdumu məgər? İndi külləmə kartofu restoranda, yeməkxanada tütyə kimi gətirirlər süfrəyə.

Bir də görürdün, səhər yuxudan dururduq ki, hər tərəf ağappaq, yarım metr qardı. Kirəmiti, şiferi olmayan damın qarın tökmək üçün səfərbər olurduq. Çünki gün qalxdıqca, içəridən peçin istisi vurduqca, qar əriyər, evlər damardı. Damdan qar tökməyin də başqa ləzzəti vardı. Kürüyüb tökdüyümüz qar az qala damın divarı boyda olurdu. Sonda özümüzü qar qalağının üstünə atıb yerə düşürdük.

 

Qar yağır, qar adamı,

Bax, yıxır qar adamı.

Belə yağsa sübhəcən

Ağardar qara damı.

 

Amma qara damların qaralığını görməyən adamlar var bu dünyada. Niyə qara dam ifadəsi yaranıb? Lap əvvəlllər böyük bir dam tikərdilər. Palçıqdan suvanmış, divarlarında qab qoymaq üçün taxçaları olan bir evimiz vardı, deyərdi nənəm. Evin bir tərəfində təndir, ocaq, bir tərəfdə mal-heyvan pəyəsi, toyuq-cücə hini olardı. Təndirin, hər gün xörək bişirib çay qoymaq üçün yandırılan ocağın hisi-qarası çökərdi divarlara. İndikilər bir az çətinliyə düşəndə tıncıxır, elə bilirlər ən ağır həyatı bunlar yaşayıb.

 

Qara damın suvağı və nənəmin qabyuyan maşını...

 

Onu da deyim ki, bu məşhur qara damın divarının eni metrdən artıq olardı. Ona görə də yayda sərin, qışda isti olurdu (Daha indiki bəzi evlər kimi yox. Saat asmaq üçün divara vurduğum mıxın o biri ucuna qonşım şəklini asır. Bir az ucadan danışırsan, qonşu istər- istəməz qulaq günahkarı olur). Sözüm onda deyil. Babam bu qara damın divarına küçə səmtdən qalın suvaq çəkmişdi. Bilirsiz də suvağı necə tuturlar. Xam torpağın içinə saman ovuğu qatır, su ilə yaxşıca isladıb qarışdırırlar. Suvağın yaxşı gəlməsi, divara saqqız kimi yapışması üçün azı üç gün arada su verməklə saxlayar, qıjqırdardılar. Elə ki, saman torpağa, torpaq suya qarışdı, ya çəkmə geyərdilər, ya da elə ayaqyalın suvağı möhkəm ayaqlayar, hazır hala gətirərdilər. Bu suvağı damların üstünə, divarına çəkərdilər. Bu palçıqdan bir kərpic kəsərdilər ki, sümük kimi, vur başına, yarılsın. Babamla nənəm də köməkləşib qara damlarını beləcə suvamışdılar. Doxsanıncı illərə kimi kəndimizdə bu işlər hələ də vardı. İndi deyirsən, danışırsan, nəvələr, nəticələr gülür, elə bilirlər, zarafat eləyirsən.

Nənəmin nə paltaryuyan, nə də qabyuyan maşını olub. Məhləmizdə ara-sıra kəsilib gələn bir su krantı vardı. On-on iki ev o sudan istifadə edirdi. O vaxtı qabların yağını təmizləmək üçün qab pastası yox idi e... təmiz yerdən torpaq götürüb, qabları yaxşıca parıldadırdıq. Bir dəfə nənəmgilin qara damından suvaq qaşıyıb tökmüşdüm qabların içinə. Çünki suvağın qoxusu xoşuma gəlirdi. Yağış yağmış torpaq qoxusu gəlirdi ondan. Və nənəmin hirsinə ürcah gəlmişdim. Divardakı qaşıq yerini görüb məni möhkəm tənbehləmişdi - "Ev tikən olun, ev yıxan, ev uçuran yox. Həyət-baca doludu torpağınan, divarı niyə oyursan?"

Nənəm haqlı idi. Min bir əziyyətlə başa gəlmiş işi zay eləmək düzgün sayılmazdı. Biri əlini atıb birinin divarından əl boyda qopartdımı, qırğın düşürdü. Ən yaxşısı həyətin, əkin yerinin təmiz torpağından qab pastası kimi yararlanmaq idi. Krantda növbə çox olurdu. Onda nənəm böyük ləyənə su doldurub, palçıqla qəleylədiyimiz qabların palçığını yuyar, sonra təmiz suya çəkərdi. O zaman bizim qab pastamız torpaq, qabyuyan maşınımız buzlu bulaq, alminium ləyən, mis qazan idi.

Yüzillik tut ağacı, şirəyə gələn milçəklər və "Kommunist" qəzeti...

Nənəmgilin həyətində uludan-ulu tut ağacı vardı. İndi də qalır. Amma barı yoxdu, kantallaşıb. İyun-iyul aylarında tut bayramı olurdu. Ağ tut, barmaq boyda, şipşirin, bal kimi. Kişilər işdə olanda, həyət xamuşanlıq olurdu. Əmiqızımla düz çıxırdıq tutun təpəsinə. Kim daha ucaya dırmaşar deyə, mərc də gəlirdik. Tutun ən uca budağından gediş-gəlişli xəstəxana yolu görünürdü. Əmcanımın: - "Yuxarı qalxmayın, yıxılarsız, ehtiyatlı olun" sözlərinə, hər ikimiz fəth etdiyimiz "uca zirvə"dən aşağı enib, budaqları astaca tərpədirdik. Ağ tut yağış kimi ələnirdi yerə. Yerə yox, dörd- beş nəfər tərəfdən açılmış böyük yelənin üstünə tökülürdü. Yeyirdik, olmayana pay da tuturduq, ehsandı deyə. İndi hər gün o tut ağacının yanından keçəndə, səsli-küylü həyət, tut ağacının gəlhagəlli vaxtları yadıma düşür. Bu ağac evin düz qabağında olduğu üçün, həyət iki ay boyunca şirəli olurdu. Şirəyə gələn bəzi adamlar kimi arılar, milçəklər də bu dadlı yeməyə uçub gəlirdilər. Onları həyətə çəkən təkcə tut şirəsi deyildi. Kənd yeriydi. Malı-heyvanı, toyuğu-cücəsi vardı. İndi sanki göyə çəkilib hər şey. Dinimiz-bərəkətimiz, dadımız- duzumuz o vaxtkı kəndlə getdi. Sözüm milçəklərə gəlir axı. Milçəklərin bir qənimi vardı-nənəmin bürmələyib əlinə aldığı "Kommunist" qəzeti. Şappaşab öldürürdü onları (Sonra çubuğun başına əl boyda rezin bağlayıb daha "müasir" milçəkqıran düzəltdilər). Deyəcəksiz, nənə hara, qəzet hara? Hə, nənəm siqaret çəkirdi axı... Təəccüblənməyin. O vaxt yaşlı qadınların əksəriyyəti eşmə çəkirdi. Eşmə nədi? Eşməni ovulmuş tütündən hazırlayardılar. Əmim, atam nənəmə həmişə dövrün ən məhşur qəzeti olan "Kommunist" qəzeti alıb gətirərdilər. Nənəm də onu kvadrat şəklində kəsər, döşəkcəsinin altında saxlayardı. Ürəyi istəyəndə, tütün kisəsindəki narın tənbəkini qəzetin arasına qoyar, barmağı ilə yaşlayıb səliqəli bükərdi. Və  cavankən itirdiyi oğlanları Akiflə Yusifin, müharibədə həlak olmuş babamın, itkin düşmüş, hələ də öldü-qaldı xəbəri bilinməyən Mamed (Məmməd) əmimin acısını sanki ciyərlərindən tüstü ilə çıxarardı. Sarı nikelli dəmir külqabısı yanından əskik olmazdı. Yadıma gəlir, axır vaxtlar ucuz siqaret olan "Astra" çəkirdi nənəm...

O vaxtlardan qırx ildən çox vaxt ötsə də, heç nə yadımdan çıxmır. Sanki hər şey dünən imiş kimi xatirimdədir.

 





01.09.2023    çap et  çap et