Azərbaycan hüquqi dövlət olaraq öz ərazisində hər hansı bir məsələnin tənzimlənməsini də ölkə qanunvericiliyi çərçivəsində həyata keçirir. Bu baxımdan son günlər Laçın yolunun istismarı ilə bağlı bəzi tərəflərin hay-küyünə rəsmi Bakı məhz ölkə qanunvericiliyini, eyni zamanda beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplərini rəhbər tutaraq cavab verir və addımlar atır. Əslində Bakının təklifləri, irəli sürdüyü tələblər bütün tərəflərin xeyrinədir. Ancaq regionda sabitliyi istəməyən, sülhə qarşı çıxan bəzi qüvvələr öz təxribatçı addımları ilə prosesin qarşısını alırlar. Laçın yolunun tam funksionallığının təmin edilməsi Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə birbaşa dialoqun başlaması və zəruru texniki tədbirlərin həyata keçirilməsindən sonra baş tuta bilər. Yəni rəsmi Bakı Qarabağ ermənilərinin reinteqrasiyasında qərarlıdır. Azərbaycan özünün daxili işi olaraq bu istiqamətdə indiyədək bir sıra addımlar atıb, dialoq təklif edib. Reinteqrasiyada maraqlı olmayan bəzi güclər, eyni zamanda Qarabağdakı separatçıların qalıqları buna maneə yaradırlar. Çünki sülh prosesinin tam başa çatmasına, regionda rifahın, təhlükəsizliyin bərqərar olmasını istəmirlər. Ancaq artıq hər kəs onu da yaxşı başa düşür və etiraf etməsələr belə, qəbul edirlər ki, başqa bir yol yoxdur. Dialoq, reinteqrasiya başladılması ilk növbədə ona görə vacibdir ki, Azərbaycan ərazisində daimi yaşayan və vətəndaşı olan hər kəs onun qanunlarına tabe olmalıdır. Hazırda rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yaşayan erməni sakinlər də bu reallığı qəbul etməlidirlər. İkincisi, dialoq, reinteqrasiya prosesinin başladılması Azərbaycanın öz sakinləri ilə danışıb, problemləri həll etməsi deməkdir. Eyni zamanda Laçın yolunun istismarı Azərbaycanın sərhəd təhlükəsizliyi və sərhəd nəzarəti, eləcə də gömrük rejimi qaydalarına uyğun həyata keçirilməlidir. Məlumdur ki, Ermənistan 30 ilə yaxın işğal dövründə Azərbaycanın gömrük qaydalarını da pozub. Belə ki, Qarabağa gətirilən mallara gömrük rüsumları tətbiq edərək Azərbaycan büdcəsinə külli miqdarda zərər vurub. Lakin artıq Ermənistanın Laçın yolu vasitəsi ilə Qarabağa gətirilən mallardan qanunsuz gəlir əldə etməsi dövrü sona çatıb. Laçın gömrük-keçid məntəqəsi Azərbaycanda fəaliyyət göstərən bütün digər gömrük-keçid məntəqələri kimi eyni qaydalarla fəaliyyət göstərəcək.
Təbii ki, burada bir sıra suallar da ortaya çıxa bilər. Bu suallar "Hansı hüquqi şəxs malları qəbul ediləcək?", "Malları qəbul edən hüquqi şəxslərin Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti reyestrində müvafiq nömrəsi varmı?", "Möhürü vuran şirkət harada qeydiyyatdan keçib?" kimi mövzuları əhatə edə bilər. Bundan başqa, gömrük keçidi və nəzarəti ilə bağlı minlərlə digər suallar da ortaya çıxa bilər. Əlbəttə ki, onlar cavabladırılmasa, gömrük nəzarətini təşkil etmək mümkün deyil. Gömrük nəzarəti yoxdursa, Laçın yolu Ermənistandan gələn kommersiya yükləri üçün bağlı olaraq qalacaq.
Göründüyü kimi, çoxlu məsələlər və problemlər var. Bütün bunları həll etmək üçün yuxarıda qeyd etdiyimiz kimi, ilk növbədə Azərbaycanın mərkəzi hakimiyyəti və Qarabağda yaşayan ermənilər arasında substantiv və nəticəyə yönəlik danışıqların başlaması lazımdır. Rəsmi Bakı məhz bunun önəmini nəzərə alaraq, dialoq təklifləri ilə çıxış edib.
Yada salaq ki, bir dəfə belə görüş Azərbaycanın Xocalı ərazisində baş tutub. Bakının növbəti təkliflərinə isə ermənilər "yox" cavabı verib. Bu dialoq məkanı kimi onlar Bakıya, daha sonra Yevlaxa dəvət edilmişdilər. İmtina etməklə də itirən tərəf məhz Qarabağ erməniləridir. Çünki bu gün onlar separatçıların, Ermənistan hakimiyyətinin girovuna çevriliblər və havada qalıblar. Məsələnin digər tərəfi odur ki, dialoq irəlilədikcə, onun nəticəsində Laçın yolunun kommersiya məqsədləri üçün istifadəsi üzrə yol xəritəsi hazırlana bilər.
Beləliklə, dialoq mərhələsindən sonra ikinci etap reinteqrasiya istiqamətində ilk addımların atılması olmalıdır. Ağdam-Xankəndi yolunun açılması, sonra Laçın yolunda gömrük nəzarəti məntəqəsinin açılması və nəhayət, Laçın yolu üzərində kommersiya yüklərinin daşımalarına başlanmalıdır. Bütün bunların mərhələli şəkildə reallaşması olduqca əhəmiyyətlidir və region üçün mühüm əhəmiyyət daşıyır. Yetər ki, Bakının bu təklifləri zamanında qəbul edilsin və reallaşdırılsın.
Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan hüquqi dövlətdir və ölkə ərazisində bütün məsələlər qanunvericiliyimizə uyğun formada tənzimlənməlidir. Bu baxımdan Laçın yolunun istismarı ilə bağlı da Azərbaycan qanunvericiliyi, o cümlədən, sərhəd təhlükəsizliyi və sərhəd nəzarəti, eləcə də gömrük rejimi qaydaları tətbiq edilməlidir.
O bildirib ki, 30 illik işğal dövründə Ermənistan Azərbaycan qanunvericiliyini pozaraq iqtisadiyyatımıza böyük zərbə vurub: "Bu dövr ərzində Ermənistan Qarabağa gətirilən mallara gömrük rüsumları tətbiq edərək qanunsuz gəlir əldə edib, Azərbaycan büdcəsinə külli miqdarda zərbə vurub. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfəri ilə torpaqlarımızı erməni işğalından azad edərək bu qanunsuz əməllərə son qoydu və bu ərazilərdə öz qanunvericiliyini tətbiq edir. Bu baxımdan Laçın gömrük-keçid məntəqəsi də ölkəmizin qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcək, gömrük sənədləşməsi Azərbaycan qanunlarına uyğun həyata keçiriləcək".
Deputat deyib ki, məntəqədən keçən malların üzərində hər hansı qondarma adlar, o cümlədən, "Stepanakert" və ya qondarma "Artsax respublikası" yazılması yolverilməzdir və sənədlərdə müvafiq düzəlişlər edilməyənədək sərhəd-keçid məntəqəsindən buraxılması mümkünsüzdür: "Eyni zamanda malları qəbul edən hüquqi şəxslərin Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti reyestrində müvafiq nömrəsi olmalıdır, möhürü vuran şirkətin harada qeydiyyatdan keçməsi müəyyən edilməlidir və digər prosedurlar həyata keçirilməlidir. Bütün bunlar olmadan Laçın yolundan gömrük nəzarətini təşkil etmək mümkün deyil və əgər gömrük nəzarəti olmasa, Laçın yolu Ermənistandan gələn kommersiya yükləri üçün bağlı olaraq qalacaq. Bu məsələlərin həll edilməsi üçün Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə birbaşa dialoqun başlaması və zəruri texniki tədbirlərin həyata keçirilməsi vacibdir".
çap et