525.Az

Onuncu və sonuncu... - Vilayət Quliyev yazır


 

YAXUD "AZƏRBAYCANDA AZƏRBAYCAN ƏDƏBİYYATI GÜNLƏRİ"

Onuncu və sonuncu... - <b style="color:red"> Vilayət Quliyev yazır</b>

Heydər Əliyev-100

 

Azərbaycan yazıçılarının növbəti, X qurultayının 1997-ci il oktyabrın 30-na təyin edildiyi artıq bir neçə ay əvvəldən bəlli idi. Onu da bilirdik ki, dövlət başçısı, yazıçıların böyük dostu Heydər Əliyev işlərinin həddindən çox olmasına baxmayaraq, qısa müstəqillik dövrü tarixində ilk dəfə keçirilən bu qurultayda Azərbaycan Respublikasının Prezidenti kimi iştirak edəcək.

Heydər Əliyev sovet Azərbaycanının rəhbəri olduğu 1971, 1976, 1981-ci illərdə müvafiq şəkildə ölkə yazıçılarının V, VI və VII qurultaylarına Azərbaycan KP MK-nın birinci katibi kimi qatılmış, hər dəfə də iştirakçıların yaddaşında dərin məzmunlu, maraqlı və prinsipial  çıxışları, ədəbiyyat və sənət haqqında qiymətli fikirləri ilə qalmışdı. VIII qurultayın keçirildiyi 1986-cı ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü H.Ə.Əliyev Moskvada, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı.Amma  Vətəninin ədəbi-mədəni həyatındakı hadisəni yaddan çıxarmamışdı - yazıçıların məclisinə təbrik teleqramı göndərmişdi.

Heydər Əliyevsiz keçirilən VIII qurultayın gedişini müşahidə etdikcə onun yoxluğunu sezməmək mümkün deyildi."Kişinin vaxtında hər şey başqa cür idi" - deyə bəziləri narazılıqlarını gizlətməyib açıq-aşkar gileylənirdilər. Adım məruzə ətrafında müzakirələr zamanı çıxışçılar siyahısında olduğundan bunu daha çox hiss etdim. MK-nın müvaviq şöbəsinin tapşırığı ilə qurultaya bir neçə gün qalmış çağırıb çıxış mətnini istədilər. Guya ruscaya çevirib Moskvadan və  müttəfiq respublikalardan gələn qonaqlar arasında yayacaqlarmış... Başa düşdüm ki, məqsəd sadəcə hər hansı gözlənilməz fikrin, tənqidi mülahizə, yaxud təklifin qarşısını almaqdır.

- Məruzələrdən xəbərsiz necə çıxış yaza bilərəm? - sualıma "Ədəbiyyatın ümumi vəzifələrindən, iki qurultay arasındakı ədəbi uğurlardan ümumi şəkildə danışsan, kifayətdir", - cavabını verdilər. Bu qurultayda ilk dəfə Yazıçılar İttifaqının (sonralar Birlik adlandırıldı - V.Q.) üzvü qismində, səsvermə hüququ ilə iştitak edirdim. VII qurultayda isə sadəcə dəvətlilərin sırasında idim. Və o zaman Heydər Əliyevin respublika rəhbəri kimi yazıçılara necə sərbəst, işgüzar, mühit yaratdığını, hər kəsə açıq şəkildə fikrini bildirmək, sözünü demək, polemikaya girmək imkanı verildiyini dönə-dönə müşahidə etmişdim. Burada isə vəziyyət tamam fərqli idi. İstəyirdilər ki, hərə sakitcə kağızını oxuyub kürsüdən aşağı ensin. Hər hansı fərqli mübahizə, fikir mübadiləsi yaradan münasibət sərgilənməsin.

Amma bütün ayıq-sayıqlığa baxmayaraq, ekssessiz ötüşmədi. Keçmiş sovet adı ilə desəm, Kirovabaddan olan yazıçı Nüşabə Məmmədli aşkarlıq və yenidənqurma dövrünün imkanlarından istifadə edib  şəhərin tarixi Gəncə adının qaytarılması təklifini irəli sürdü və birinci katib mərhum Kamran Bağırov başda olmaqla yerli partiya boslarını bərk qəzəbləndirdi. Heç şübhəsiz, siyasi lider üçün ən zərüri keyfiyyətlərdən biri zaman hissidir. Artıq 1986-cı ilin yayı olsa da, respublika rəhbərliyində dəyişən dövrün addım səsləri qətiyyən eşidilmirdi. Sosializm sisteminin hələ əbədi göründüyü beş il əvvəlki qurultayda Heydər Əliyevin yazıçıları ictimai-siyasi fəallığa, xalqın səsi və sözü olmağa çağıran cəsarətli mülahizə və təkliflərini xatırlayıb onun indiki situasiyada necə hərəkət edəcəyini düşünürdüm...

Türkiyədə uzun müddətli elmi ezamiyyətdə olduğumdan yazıçıların 1991-ci il 18-19 mart tarixlərində keçirilən IX qurultayında iştirak edə bilməmişdim. Keçmiş Sovet İttifaqının süqut mərhələsinə qədəm qoyması ilə bağlı digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanda da gərgin ictimai-siyasi şərait yaranmışdı. Qarabağ ətrafında günü-gündən mürəkkəbləşən vəziyyət bu gərginliyi daha da artırırdı. Moskvanın üstüörtülü razılığı nəticəsində erməni separatizmi getdikcə mövqelərini  qüvvətləndirirdi.Gözləmə mövqeyi tutan respublika rəhbərliyi xalqın istək və tələblərinə cavab verməyə qadir deyildi; bunu bacarmır, yaxud istəmirdi.

1990-cu ilin yanvarın 20-də sovet ordusu Bakıda dinc əhaliyə divan tutandan bir gün sonra Ümumittifaq əhəmiyyətli fərdi pensiyaçı kimi Moskvada yaşayan Heydər Əliyev Azərbaycan Daimi nümayəndəliyinə gedib mətbuat konfransı keçirmiş və Qorbaçov güruhunun antiazərbaycan mövqeyinə, milli ayrı-seçkilik siyasətinə sərt etirazını bildirmişdi. Ardınca isə Bakının da Moskva qədər təhlükəli olduğunu bildiyi halda Vətənə qayıtmağı, dar gündə xalqı ilə birlikdə olmağı üstün tutmuşdu.

Və yazıçıların dəvətini qəbul edib qonaq kimi qurultaya qatılmışdı. Keçmiş və indiki rəhbər işçilərin ölkə vətəndaşlarının qarşısına çıxmaqdan çəkindikləri bir şəraitdə həmişəki kimi yenə "ön xətdə" olduğunu nümayiş etdirmişdi... Həm də bu dəfə qurultayın gedişini rəyasət heyətindən müşahidə etməmişdi. Salonda, yazıçılar arasında oturmuşdu. Onlarla həmrəylik nümayiş etdirmişdi.

Altı il sonra Heydər Əliyev yenə də yazıçılarla bir yerdə idi.

Həyəcan və nagümanlıqlarla dolu 1991-ci ildən fərqli olaraq 1997-ci ildə vəziyyət xeyli dəyişmişdi. Ölkədə daxili sabitlik təmin edilmişdi. Xaos və anarxiyaya son qoyulmuşdu. Müstəqil dövlətçilik şəraitində milli-mənəvi dəyərlərə yeni məzmun verilməsi istiqamətində işlər görülürdü. Prezident Heydər Əliyev bir vaxtlar sovet Azərbaycanında olduğu kimi, müstəqil Azərbaycan dövlətində də cəmiyyətin mənəvi simasını dəyişmək məsələsində yazıçıların qüvvəsinə arxalanırdı.

Ona görə də müstəqillik dövrünün ilk qurultayına çoxumuzun bəlkə də fərqinə vara bilmədiyimiz diqqət və tələbkarlıqla yanaşır, hətta hazırlaşırdı. Və yəqin ki, ilk dəfə idi ki, dövlət başçısı qurultaydan əvvəl iki gün müddətində Birlik üzvlərini yaş və nüfuz kateqoriyalarına uyğun şəkildə ayrı-ayrı qruplar şəklində qəbul edib onlarla səmimi dialoq aparırdı. Hər kəsi dinləməyə hazır olduğunu nümayiş etdirirdi.

Beləliklə, oktyabrın 28-də, çərşənbə axşamı Yazlıçılar Birliyinin sədri Anar başda olmaqla rəsmi məlumatda "yaşlı nəslin nümayəndələri" (hərçənd aramızda 40 yaşa çatmamış cavanlar da vardı) kimi təqdim edilənbir qrup yazıçı, şair, dramaturq, tənqidçi Prezidentin kabinetinə bitişik iclas salonunda onu gözləyirdik.

İş gününün sonu olmasına baxmayaraq, Prezident gümrah addımlarla salona daxil oldu. Əli ilə hər kəsə oturmaq işarəsi verdi. Sonra özü də əyləşdi və uzun masanın hər iki tərəfindəkiləri diqqətlə gözdən keçirdi. Sanki hamını tanıyıb-tanımaması ilə bağlı yaddaşını bir daha sınaqdan keçirirdi. Görünür, qənaətinə əmin olduqdan sonra "Sizin demək olar ki, hamınızla uzun illərdir ki, tanışam" - deyə sözə başladı:

"Mən düşünürəm ki, Azərbaycan xalqının müsbət xüsusiyyətlərindən biri də odur ki, mədəniyyətə, ədəbiyyata daim qayğı göstərib və hörmət edibdir. Bilmirəm, bəlkə də səhv edirəm, ancaq yazıçıya, şairə, mədəniyyət xadiminə bizim Azərbaycandakı kimi hörmət və ehtiram bəlkə də az yerlərdə tapılar. Bunun kökləri var. Çünki bizim ədəbiyyatımız da, mədəniyyətimiz də zəngindir. Ədəbiyyatımızı, mədəniyyətimizi və tariximizi zənginləşdirən dahi şəxsiyyətlərimiz də olubdur. Ona görə də xalq bu şəxsiyyətləri ilə həmişə fəxr edərək, onların yaratdıqlarını həmişə sevə-sevə oxuyaraq mədəniyyətə, ədəbiyyata hörməti nəinki saxlayıb, hətta artırıbdır" - rəsmi nitq yox, adi söhbət təsiri bağışlayan bu sözlərdən də göründüyü kimi, Heydər Əliyev qarşısında oturanlardan da eyni açıqlıq və səmimiyyəti gözləyirdi. O, görüşə hansısa direktivlər, göstərişlər vermək üçün deyil, ürək söhbəti eləmək, sərbəst fikir mübadiləsi aparmaq üçün gəlmişdi. Odur ki, yazıçılara müraciətlə qeyri-rəsmi görüşdəki statusunun "bir oxucu, ədəbiyatı sevən adam, ədəbiyyatla bağlı məsələlərdən kənarda qalmaq istəməyən dövlət başçısı" olduğunu xüsusi nəzərə çatdırmışdı.

Prezident qısa giriş nitqində hətta sovet dövründə də ədəbiyyat və sənət adamlarına sərbəstlik yaratmaq (təbii ki, imkan dairəsində!), yaradıcılıq mühitinə müdaxilə etməmək üçün çalışdığını diqqətə çatdıraraq  demişdi: "Şübhəsiz, mən sizin qurultayın işlərinə qarışmaq fikrində deyiləm və bilirsiniz ki, keçmiş zamanlarda da qarışmamışam. Keçmiş zamanlarda, totalitar rejim dediyimiz vaxtlarda ən toxunulmaz (burada yaradıcılıq məsələlərinə müdaxilə olunmaması nəzərdə tutulurdu - V.Q.) yerlərdən biri bizim yazıçılar, mədəniyyət sahəsi olubdur. O vaxt bizim mədəniyyətdə, ədəbiyyatda, bü mühüm ideoloji sahədə bir mühüm ideoloji xətti-hərəkat vardısa, indi bu götürülübdür, yoxdur. Bir partiyanın ideologiyası yoxdur, bir hakim ideologiya yoxdur. Hamımızın bir ideologiyası var: Azərbaycanın müstəqilliyi və bu müstəqilliyin əbədiliyi. Ona görə də indi yazıçılar və Yazıçılar Birliyi daha da sərbəst, müstəqildir. Ancaq buna baxmayaraq, sizin bir oxucunuz kimi, eyni zamanda ədəbiyyatı sevən bir adam kimi, bir də ki, dövlət başçısı olaraq bu məsələlərdən kənarda qalmamaq üçün bu görüşə gəlmişəm. Sizi dinləmək istəyirəm".

Aradan onilliklər keçsə də, yaxşı yadımdadır ki, Prezident həmin axşam yazıçıların qaldırdıqları məsələlərə bu üç müstəvidən - oxucu, ədəbiyyatı sevən adam və sənəti himayə etməyi ümdə borcu sayan dövlət başçısı kimi yanaşmışdı.

Heydər Əliyevin çıxış, nitq, bəyanat, müsahibə, məktub və müraciətlərini ehtiva edən "Müstəqilliyimiz əbədidir" adlı çoxcildli sənədlər toplusunda (13-cü cild, səh. 10-29; 31-37; 43-57) X qurultayla bağlı materialların stenoqramı öz əksini tapdığından sənədlərin köməyi ilə keçirilən görüşləri, çıxışları tam dolğunluğu və dəqiqliyi ilə izləmək mümkündür. Dövlət başçısının dəqiq ifadəsi ilə desək, 28-30 oktyabr tarixləri Azərbaycanda həqiqətən də "Azərbaycan ədəbiyyatı günlərinə" çevrilmişdi.

İlk günün hadisələrinə qayıdaq. Yazıçılarla görüşü "özü üçün çox əlamətdar hadisə" adlandıran Prezidentin qısa salamlama çıxışından sonra Birliyin sədri Anar danışdı. Vaxt tapıb yazıçıları qəbul etdiyinə görə Heydər Əliyevə təşəkkürünü bildirdi. Birliyin və onun ədəbi nəşrlərinin qorunub saxlanmasını mühüm nailiyyət kimi qiymətləndirdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə yaradıcılıq təşkilatlarının başı üzərindən asılmış təhlükənin sovuşduğunu minnətdarlıqla qeyd etdi. Qurultayda əsas məruzəçi qismində çıxış edəcəyini və sözlərini də orada deyəcəyini xatırladıb ədəbi həyatda keçid dövrünün ən böyük uğuru kimi yazıçıların monolit qüvvə kimi öz ali məclisinə toplaşdıqlarını vurğuladı.

Heydər Əliyev bu fikirlərlə razılaşaraq deyilənləri mühüm uğur və ölkə yazıçılarının ədəbiyyat qarşısında xidməti kimi qiymətləndirdi: "Mən də hesab edirəm ki, bizim Yazıçılar Birliyinin ən böyük nailiyyəti ondan ibarətdir ki, bu keçid, sınaq dövründən itkisiz keçibdir. Yəni Birlik dağılmayıb, pozulmayıbdır. Bunun özü böyük şeydir. Birlik nə zaman, hansı ictimai-siyasi quruluş zamanı yaranıbdır - bu o qədər də əhəmiyyətli deyildir. Amma bunun yaranması böyük müsbət bir hadisədir, yaşaması da nailiyyətdir. Keçid dövründə ki Birlik özünü saxlayıb, parçalanmayıb, dağılmayıbdır və yaşayır, güman edirəm ki, bundan sonra daha yaxşı yaşayacaqdır, bunun özü böyük nailiyyətdir. Şübhəsiz, hamınızın xidmətidir".

Sonra Prezidentin təklifi ilə söz Xalq şairi Qabilə verildi. O, çıxışını daha çox yaradıcılıq təşkilatının gündəlik iş prosesində üzləşdiyi praktiki problemlər üzərində qurdu. Yazıçılar Birliyinin maddi bazasını möhkəmləndirmək, nəşriyyatını yaratmaq, poliklinikanı dövlət büdcəsindən maliyyələşdirmək, imkan yarandığı təqdirdə Yaradıcılıq evini həqiqi sahiblərinə qaytarmaqla bağlı təkliflər irəli sürdü. Özü də daxil olmaqla tanınmış  qələm adamlarına Prezidentin şəxsi qayğısını, ümumən yazıçılara əlahiddə münasibətini  minnərdarlıqla vurğuladı.

Əkrəm Əylislinin çıxışı xaotik və sistemsiz idi. Təbii ki, sözlərimin onun "Daş yuxular" romanından sonra cəmiyyətin sərt qınağına məruz qalması ilə heç bir əlaqəsi yoxdur. Özü də etiraf etdi ki, "ürəyimdə söz çoxdur, bolluca söz var. Onlardan bəzilərini pərakəndə şəkildə olsa da" deyir. Bunun həqiqətən də belə olduğuna inanmaq üçün çıxışın stenoqramına nəzər salmaq kifayətdir. Üstəlik, etiraf etdi ki, Prezidentin yanında görüş keçiriləcəyindən cəmisi bir saat əvvəl xəbər tutub və fikirlərini sahmana salmaq üçün kifayət qədər vaxtı olmayıb. Amma təbii ki, bütün ömrünü ədəbiyyata vermiş insan ən ekstremal şəraitdə, necə deyərlər, gecə yarısı yuxudan oyadılsa da, sənətin qayğı və problemlərindən, yaradıcı fərd kimi nə istədiyindən, nəyə can atdığından, oxucularına hansı hiss və duyğular aşılamağa çalışdığından danışa bilməlidir.

Eyni zamanda Əkrəm müəllimin aşağıda gətirəcəyim sözlərində sürətlə dəyişən zaman və yazıçının bu vaxt axarındakı rolu, yeri məsələsi düzgün qoyulmuşdu: "Ötən yazıçılar qurultayından altı il keçibdir. Elə-belə baxanda altı il böyük vaxt deyildir. O biri qurultaylar arasında da dörd-beş ilə yaxın vaxt keçirdi. Əlbəttə, onda vaxtı bu cür hiss eləmirdik. Mən elə bilirəm, bəlkə də bunu sonradan dərk edəcəyik ki, bizim varlığımızdan, mənəviyyatımızdan, insani taleyimizdən və xalqımızla birlikdə həyatımızdan nə boyda bir epoxa keçibdir. Çünki bu məzmunda, bu mündəricədə, bu dərəcədə faciəli, kədərli, bu dərəcədə sevincli altı il, bilmirəm, hansı nəslin həyatında ola bilər? Bu, böyük altı il idi... Biz bu altı ili hamımız bir yerdə, - mən heç kimi ayırmıram,-  çox inandığımız şeylərdən uzaqlaşdıq, çox inandığımız şeylərin boşluğunu gördük. Varlığımızda həddən çox bir yeniləşmə baş verdi"...

Sadəcə ona təəssüflənməli olursan ki, bu "həddən çox yeniləşmə" nəticə etibarı ilə Əkrəm Əylisli yaradıcılığına bədii cəhətdən zəif, milli-mənəvi dəyərlərin üzərinə kölgə salan "Daş yuxular" kimi əsərin meydana çıxması ilə nəticələndi.

Görüşün kuliminasiya nöqtəsi o zaman mətbuat və informasiya naziri vəzifəsində çalışan yazıçı-publisist Sirus Təbrizlinin çıxışı və onun səsləndirdiyi fikirlərlə əlaqədar Prezident Heydər Əliyevin yerinə düşən qeydləri, mülahizələri oldu. Publikanı həmişə gözlənilməz fikir və hərəkətləri ilə təəccübləndirməyə çalışan Sirus burada da adətinə xilaf çıxmadı. İlk cümləsi iki gün sonra işə başlayacaq qurultaya getməyəcəyi və bunun da bir sıra tutarlı səbəblərinin olması barəsində idi. Sirus bəyin fikrincə, Azərbaycan yazıçıları, xüsusən də tanınmış qələm sahibləri saysız yaxşılıqlarını gördükləri Heydər Əliyevə münasibətdə özlərini heç də ləyaqətli aparmamışdılar.

Xüsusən də görkəmli siyasətçinin həyatının çətin məqamlarında - Moskvada və Bakıda haqsız təqib, ittiham və böhtanlara məruz qaldığı dövrdə susmağı, yaxalarını kənara çəkməyi daha üstün tutmuşdular. Əkrəm Əylislinin kor-koranə şəkildə Əbülfəz Elçibəyə inanmaqda, Pənah Hüseynova sığınmaqda ittiham edən Sirus Təbrizli daha sonra digər həmkarları ilə bağlı irad və iddialarını ortaya qoydu: "1983-cü ildə məni yazıçı donosu ilə işdən çıxardılar. Mən o qurultaya necə gedə bilərəm? Kimlər çıxardılar? Sizdən ev alanlar, orden, medal alanlar. Dedilər ki, siz Nəbi Xəzrini "gözəl şair" adlandırıbsınız. Mən istərdim ki, o "gözəl şair" ağır günlərinizdə sizin yanınızda olaydı.. Mən oxuyanda ki, Fikrət Qocanı Heydər Əliyev az qala o dünyadan qaytarıb, - özü yazır, - təəccüb edirdim. Bu hadisələr baş verəndə, heç nə yox, bir ziyalı kimi zəng edəydi ki, ay Sirus, sən çox düz eləyib bu işləri görürsən..."

Bir az əvvəl Sirus Təbrizlidən mülayim ab-havanı pozmamaq üçün sakit tonda danışmağı xahiş edən Prezident çıxışının bu yerində onu dayandırdı. Çox səmimi şəkildə öyüd-nəsihət verməyə başladı: "İndi əgər biz burada keçmişi qurdalasaq, qaldırsaq, - nə təhər oldu, nə cür oldu, bunlar bizə xeyir gətirməyəcək. Allaha şükür olsun ki, müstəqil  dövlətimiz var. Allaha şükür olsun ki, ictimai-siyasi sabitlik yaranıbdır. Allaha şükür olsun ki, tam sülh olmasa da, sülh şəraitində yaşayırıq. Allaha şükür olsun ki, hamımız bir yerdəyik. Vaxtı ilə kimin başına nə gəlib, nə təhər olub, filan olub - bunlar keçmişdə qalıbdır. Xahiş edirəm, siz də unudasınız".

Amma Sirus Təbrizli müdrik təkliflə razılaşmadı. "Siz unudursunuz, biz gələcək naminə unutmamalıyıq. Çünki bu gün də yazıçı qəzetə müsahibə verir. Ondan soruşurlar ki, dünyada siyasətçi kimi sən kimi qəbul edirsən? Deyir ki, Kolu, bir də İsa Qəmbəri" - deyə özünü inanclı demokrat adlandırsa da, fərqli mövqə sərgiləyənlərin, fərqli fikir bildirənlərin qarasınca danışmağa başladı.

Yəqin ki, Sirus müəllim bu yerdə Heydər Əliyevdən həmin yazıçının ünvanına qınaq sözləri, yaxud ittihamlar gözləyirdi. Cavab isə tam əksinə oldu: "Bu, onun fikridir. İndi fikir azadlığıdır". Prezident belə azadlığın faciələrə gətirib çıxarması haqqındakı etirazla da razılaşmadı. Əksinə, fikir azadlığı, düşüncə sərbəstliyi haqqında mülahizəsini daha da qətiləşdirdi. Həm də bunu həmsöhbətini tərksilah edən bir şəkildə, sülhpərvər tonda dilə gətirdi: "Sirus, qardaş, qulaq as. Bu fikir azadlığı mütləq olmalıdır. Fikir azadlığı, söz azadlığı keçmişdə bizdə olmayıb. Amma indi, bundan sonra da olmalıdır. İndi sən heç kəsə hökm edə bilməzsən ki, sənin kimi fikirləşsin. Kimi dedin - Kol, bir də İsa Qəmbərov? O, elə fikirləşir. İstəyirsən sənin kimi fikirləşsin? Bu ola bilməz axı, mümkün deyil".

Qəribə mənzərə yaranmışdı: dövlət başçısı yetərincə inzibati təsir imkanlarına malik olmasına baxmayaraq, söz və fikir azadlığını müdafiə edirdi. Borcu bu azadlıqların keşiyində dayanmaq, onu dövlətin hər hansı təzyiqindən qorumaq olan yazıçı isə bəlli şəxslər və kateqoriyalar üçün belə azadlıqların "qorxulu" olması, gələcək faciələrə yol açması fikrində israr edirdi. Heydər Əliyev hətta sovet rejiminin sərt baqqıları altında da Azərbaycanın qələm adamlarını sərbəstliyə, fikirlərini açıq deməyə çağırmışdı. Yəqin bunun nəticəsi idi ki, "yenidənqurma və aşkarlıq dövrü" elan ediləndə bəlli oldu ki, azərbaycanlı müəlliflərin yazı masasında keçmişdə çapı mümkün olmayan əsərlər yoxdur, onlara istədiklərini demək imkanı yaradılıb. Yaxud da yazıçılar ölkə başçısının yaratdığı şəraitdən kifayət qədər yararlanmağa çalışmayıblar, cəsarət göstərməyiblər.

Heydər Əliyevin artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi bir vaxtda həmin mövqedən geri çəkiləcəyini düşünmək sadəlövlük olardı. Əksinə, daha böyük təkid və prinsipiallıqla söz və fikir azadlığının keşiyində dayandığı gün kimi aşkar idi. Ona görə də mərhum Sirus Təbrizlinin bəzən cığallığa varan mübahisəsini çox müdrik şəkildə yekunlaşdırdı. Sirus deyirdi, Yazıçılar Birliyi ona qarşı ədalətsizlik edib. Heydər Əliyev də gülə-gülə dedi ki, Sirusla müqayisədə özünə qarşı olan ədalətsizlik miqyas və xarakter etibarı ilə daha böyükdür: Siyasi Büro üzvlüyündən çıxarılıb, iş üçün canını qoyduğu halda keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad olunub. İndi nə etməlidir? Hamıdan inciməlidir? Bir kənara çəkilməlidir?

Və Heydər Əliyev özünəxas müdrikliklə söhbətə yekun vurdu: "Bunlar xırda məsələlərdir. Gəlin vaxtımızı bunlara sərf etməyək. Gəlin vaxtımızı ona sərf edək ki, bundan sonra nə edək? İndiyədək nə olubsa, hamısı geridə qalıb. Yenə də deyirəm: keçənə güzəşt etmək lazımdır. İrəliyə baxmaq lazımdır".

İrəliyə baxmaq - daha cəsarətli əsərlər yaratmaq, bədii sözü müstəqilliyin keiyində dayanan qüdrətli silaha çevirmək çağırışı idi. İrəliyə baxmaq - incikliyi və umu-küsünə bir tərəfə qoyub müstəqilliyə xidmət ideyası ətrafnda birləşmək idi.

Prezident çox səxavətli bir şəkildə həmin axşam görüşdə iştirak edənlərə məhz bu cür gələcəyə baxmağı bacaran adamlar kimi yanaşmışdı. İçi özüm qarışıq çoxları üçün xoş sözlərini, tərifli epitetlərini əsirgəməmişdi: "Bu gün buraya, bu salona Azərbaycanın ən mötəbər adamları toplaşıblar. Bu, tarixi bir hadisədir. Mənim üçün də tarixi hadisədir. Hər birimiz yaşayırıq, köçüb gedirik. Bəli, mən 1997-ci ildə, əsrin sonunda Azərbaycanın şairləri, yazıçıları ilə görüşürəm. Bu, mənim üçün tarixi bir hadisədir. Dəfələrlə demişəm, vaxtı ilə mən məsələn, Səməd Vurğunun şeirlərini oxuyurdum. Sonra onun üzünü görəndə yadımda saxlayırdım. Yoldaşlarıma dəfələrlə deyirdim ki, mən Səməd Vurğunu görmüşəm. Bunun özü böyük bir hadisə idi.

Ona görə bugünkü görüş də bir hadisədir. Çünki burada oturanlar Səməd Vurğunun yolunu bu gün davam etdirən, Azərbaycan ədəbiyyatını onun kimi inkişaf etdirən insanlardır. Ona görə gəlin bu azadlıqları heç kimin əlindən almayaq. Hamı azad olsun. Kim nə fikir söyləyir - söyləsin, kim nə fikir deyir - desin. Ancaq bu azadlıq nəticəsində - fikir azadlığı, söz azadlığı nəticəsində biz həqiqətə gələ bilərik".

Şübhəsiz, qurultayqabağı görüş Heydər Əliyevdən daha çox iştirakçılar üçün yaddaqalan tarixin hadisə sayıla bilərdi. Prezidentin böyük səxavət və ürək genişliyi ilə dilə gətirdiyi fikirlər isə görüş iştirakçılarına, bəziləri geniş yayılmış  ifadə ilə desəm, "Biləcəridən o yana çıxmayan" şair və yazıçılara etimadının ifadəsi idi. Eyni zamanda bir  avans, kart-blanş idi. Heydər Əliyev keçmiş SSRİ vaxtlarındakı kimi müstəqillik dövründə də sənət adamlarının dostu və himayədarı olacağını bildirir, onlarıdan daha ürəklə, daha cəsarətlə yazıb-yaratmağı tələb edirdi.

Xalq şairi Mirvarid Dilbazinin Prezidentin fəaliyyətinə, xüsusən də ədəbiyyata, ədəbi həyata diqqət qayğısına heyranlıq notları üzərində qurulmuş çıxışı çox səmimi idi, ürəkdən gəlirdi. Bəzən hətta sadəlövh görünsə də, bu müdrik ağbirçəyin sözlərini dinləmək xoş idi: "Mən Sizə bütün ömrüm boyu təşəkkür edirəm. Camaat Sizin mənə orden verdiyinizi eşidəndən, göndərdiyiniz təbrik məktubunu oxuyandan bəri tez-tez mənə müraciət edir ki, bizim bu dərdimizi Heydər Əliyevə de. Cavab verirəm ki, ay balam, Heydər Əliyev bütün ömrünü sizin dərdlərinizin həll olunmasına həsr edib. Bizim dərdimiz nədir? Millətimiz azad olsun, torpaqlarımız erməni işğalından xilas edilsin, əsirlərimiz qurtarsın, Vətənə qayıtsın. Heydər Əliyev bütün həyatını, ömrünü bunların uğrunda - dilimiz, dinimiz, torpağımız, bayrağımız uğrunda mübarizəyə həsr edibdir. Xırda işlərdən ötrü gedib onun vaxtını almağa dəyməz!

Heydər Əliyev, Allah Sizi var eləsin!"

Prezident həmin axşam onun ünvanına tərif demək istəyənləri bir neçə dəfə dayandırsa da, ağbirçək qadının, şairənin sözünü kəsmədi.

Bu da özünəməxsus bir həssaslıq, cəngavərlik idi.

(Davamı olacaq)

 

 

 

 

 

 

 

 

 

 





04.09.2023    çap et  çap et