|
|
|
|
Gürcüstan hökuməti Prezident Salome Zurabişvilinin bir neçə ölkəyə rəsmi və işgüzar səfərini ləğv edib. Xanım Salome Zurabişvili avqustun 22-24-də Ukraynaya, 16 sentyabrda İsveçrə Konfederasiyasına, 2-3 oktyabrda Polşa Respublikasına, 4-6 oktyabrda Belçika Krallığına, oktyabrın 31-dən 2 noyabra kimi Danimarka Krallığına və 1-2 dekabrda Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri nəzərdə tutulmuşdu. Eyni zamanda Gürcüstan prezidentinin sentyabrın 27-29-da Bolqarıstan Respublikasına, dekabrın 10-12-də Çexiyaya və dekabrın 18-20-də İsrailə rəsmi səfər edəcəyi gözlənilirdi. İndi isə məlum olur ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərlərini ləğv edib. "Gürcü arzusu" hökuməti bu qərarını Konstitusiyanın 54-cü maddəsinə əsasən ölkənin xarici siyasətinin həyata keçirilməsi səlahiyyətinin Gürcüstan hökumətinə aid olması ilə izah edib. Dövlət başçısı Konstitusiyanın 52-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq xarici əlaqələri yalnız Gürcüstan hökumətinin razılığı ilə həyata keçirə bilər. "Gürcü arzusu" hökuməti isə xanım Salome Zurabişviliyə xarici siyasətlə məşğul olmağa icazə vermir. Gürcüstanda belə fikirlər var ki, bunun səbəbi Gürcüstan prezidentinin ilk səfərini Ukraynaya nəzərdə tutulmasıdır. Ukrayna ilə çox soyuq münasibətlərə malik olan "Gürcü arzusu" prezidentin Kiyevə səfərinə qarşı olduğu, ancaq bunu istisna şəkildə ləğv edə bilmədiyi üçün xanım Salome Zurabişvilinin bütün səfərlərini ləğv edib.
"Gürcü arzusu"nun icraçı katibi Mamuka Mdinaradzenin sözlərinə görə, Prezident Salome Zurabişvili bu səfərləri hökumətlə razılaşdırmadan həyata keçirməyə cəhd etməklə Konstitusiyanı pozur. Mamuka Mdinaradzenin açıqlamasından belə məlum olur ki, Gürcüstanın xarici siyasət kursu ilə bağlı prezidentlə hökumət arasında fikir ayrılığı var.
Avropa İttifaqının Ukrayna və Moldovaya birliyə namizəd statusu verməsi, Gürcüstana isə belə bir statusu verməməsi Tiflisin siyasi dairələrində parçalanmaya səbəb olub. Prezident Salome Zurabişvili Gürcüstan parlamentində çıxışı zamanı ölkəyə namizəd statusunun verilməməsini Gürüstanın Avropa ailəsinə üzv olmağa layiq olmadığı ilə izah edib. Dövlət başçısının bu mövqeyi "Gürcü arzusu" hökumətini qəzəbləndirib. Hökumət təmsilçiləri hesab edirlər ki, Gürcüstan Ukrayna və Moldova ilə birlikə namizəd statusu almalı idi. "Gürcü arzusu"nun icraçı katibi Mamuka Mdinaradze bildirib ki, obyektiv qiymətləndirmə aparılsaydı, Gürcüstan digər iki ölkədən öndə olardı.
Gürcüstan müxalifəti isə prezidentin müdafiəsinə qalxıb. Müxalifət hesab edir ki, dövlət başçısı hökumətdən fərqli olaraq Gürcüstanın Avropaya inteqrasiyasına töhfə verir. Müxalifət iddia edir ki, "Gürcü arzusu" hökuməti hələ də oliqarx İvanişvilinin nəzarətindədir və Rusiyadan idarə olunur. Gürcüstanın əsas müxalifət partiyası Milli Hərəkat isə prezidenti Mixail Saakaşvilini əfv etməyə çağırıb. "Gürcü arzusu" hökuməti üçüncü prezident Mixail Saakaşvilinin dövlət başçısı tərəfindən əfv edilməsinə qarşı çıxır. Bütün bunların təsiri altında Gürcüstanda siyasi böhran dərinləşir. Müxalifətlə iqtidar arasındakı qarşıdurmaya prezident-hökumət gərginliyi də əlavə olunur.