|
|
|
|
(Əvvəli ötən şənbə sayımızda)
Mariya Luizanın sədaqətsizliyi Napoleonu çox kədərləndirirdi. Varşavada yaxınlıq etdiyi madam Valevskaya (Mariya Valevskaya) ondan bastard oğul doğmuşdu və onu da götürüb sürgündə yaşayan Napoleona qonaq gəldi. Jozefina isə artıq 1815-ci ildə ölmüşdü, bu vaxt onun 52 yaşı var idi, çox sevdiyi ikinci əri (birinci əri isə gilyotina edilməklə boynu vurulmuş general Aleksandr Boharne olmuşdu) Napoleon da həmin yaşda ikinci və sonuncu sürgün yeri olan Müqəddəs Yelena adasında əsir kimi yaşayarkən 1821-ci ildə dünyanı tərk etmişdi.
Napoleon Mariya Luizanın ona varis doğmasına çox sevinmişdi, onu II Napoleon adlandırıb, Neapol kralı etmişdi. Sonralar Vyanada babası I Frantsın Şönbrunn sarayında yaşayan bu oğlan 21 yaşında öldü. Napoleonun qardaşının Jozefinanın qızından olan oğlu Lui Bonapart Napoleon III Napoleona çevrilməklə 18 il ərzində, 1870-ci ildə prussiyalılara əsir düşənə qədər Fransanın ikinci imperatoru oldu.
Avstriya 1814-cü ildən tamamilə qalib olmaqla, yaxşı bir taleyə malik idi və Metternix diplomatiyası qalibiyyət tərəfində yekunlaşdı. Vyana konfransı inqilabdan sonrakı dekadada Avropadakı qüvvələr nisbətinin dəyişilməsini öz əlində saxlayırdı. Avstriya Vyana Konqressinə sədrlik edirdi. Aydın idi ki, müharibəni Britaniyanın və İspaniyanın köməyi ilə faktiki olaraq Rusiya və Prussiya udmuşdu.
1814-cü ilin oktyabrında Avstriya imperatoru Konqress iştirakçıları üçün bal təşkil etdi. İmperatorlar və krallar qalib sərkərdələr kimi valsın sədaları altında fırlanırdılar. Yeni başlanan dəbə görə ciddi beynəlxalq məsələlərin çoxu artıq rəsmi görüşlərdə deyil, ballarda, ziyafətlərdə həll olunurdu. Konqresdə fəallığı ilə seçilən Rusiya çarı I Aleksandrın guya Avstriya xarici işlər naziri, faktiki olaraq imperiya hökumətinin başçısı olan Metternixin güclü təsiri altında olduğu güman edilirdi. Aleksandr isə dövlətlər arasında mövcud qüvvələr nisbətini nəzərə alırdı. Bir qədər sonra Metternix mövcud rəyi alt-üst edərək, Rusiya çarına nifrət etməyə başladı.
Napoleon 1815-ci ildəki öz 100 günlük hakimiyyətinin başlanğıcında mart ayında Elbadan qaçıb, vətəninə qayıtmışdı, 1814-cü ildəki məğlubiyyətindən sonra Böyük Britaniya və Prussiya onu edam etməyi təklif etdilər. Yalnız çar I Aleksandrın cəhdləri hesabına o, Aralıq dənizindəki Elba adasın sürgün edilmişdi. Lakin qisasa susayan Napoleon yenidən qitənin böyük qüvvələri ilə vuruşa girmək qərarına gəldi, ancaq bu cəhdi daha uğursuz oldu. Britaniya və Prussiya orduları 18 iyun 1815-ci ildə Vaterlooda Napoleon qüvvələrini məğlub etdilər. Napoleon artıq əsir şəklində britaniyalılar tərəfindən Müqəddəs Yelena adasına sürgün edildi və altı əzablı ildən sonra, həmin adada da öldü, orada da dəfn edildi. Yalnız 1840-cı ildə onun cəsədli Parisə gətirilib, Əlillər Evində təntənəli qaydada dəfn edildi. İndi də onun sərdabəsi turistlərin ziyarətgahına çevrilmişdir.
Vaxtilə Bethoven III simfoniyasını "Bonapart" adlandırmışdı, sonra buna peşman olub, əsərini "Qəhrəmanlıq simfoniyası" adlandırdı.
Yuxarıda qeyd edildiyi kimi, Avstriya digər qüdrətli dövlətlərlə yaxşı münasibət yaratmaq üçün nikah ittifaqlarından geniş istifadə edirdi, özü də, əsasən, qızlarını başqa ölkələrin printslərinə və hökmdarlarına ərə verirdi. Geniş və uzun müddət ərzində istifadə etdiyi siyasi ittifaqların yaranmasına xidmət edən nikah heç də Avstriyanın öz icadı deyildi, sadəcə olaraq tarixdə mövcud olmuş ənənələrə əsaslanırdı. Qədim Romada siyasi fayda götürmək, hakimiyyətə yiyələnmək və ya onu bölüşdürmək silahı kimi nikahlar rəqiblərə qarşı uğur qazanmaqda mühüm rol oynayırdı. Yuli Sezar Qney Pompeylə yaxınlaşmaq üçün qızını özündən yaşlı olan həmin adama ərə vermişdi. Bu yolla yaranan Birinci Triumvirat Sezarın siyasi aləmdə yüksəlməsinə yol açmışdı. Sonralar Sezarın qızı ölmüş, iki müttəfiq isə düşmənlərə çevrilmiş, nəhayət Pompeyin məğlubiyyəti və ölümü ilə nəticələnmişdi. Yaxud İkinci Triumviratın nisbətən mülayim üzvü olan Lepid Oktavianla Antoni arasında ixtilaf yaranacağından qorxub, arvadı ölmüş Antoniyə Oktavianın bacısı Oktaviyaya evlənməyi təklif etmişdi və Antoni buna razılıq vermişdi. Lakin az sonra Antoni yenidən Misir kraliçası, məşuqəsi Kleopatranın yanına qayıtmış, Oktavianla yaranan düşmənçiliyinə görə yeni arvadını boşamışdı. Siyasi və nikah ittifaqı bu dəfə də birinin - Antoninin məğlubiyyəti və özünü intihar etməsi ilə nəticələnmişdi.
Florensiyada Mediçilər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün gah İspaniya kralı, gah da Fransa kralı ilə nikah yolu ilə qohum olmaqla, yaranan ittifaqdan öz hakimiyyətlərinin təhlükəsizliyinə zəmin yaradırdılar. Florensiya Böyük Hersoqu Alessandro İspaniya kralı və Müqəddəs Roma imperatoru V Karlın qızına evlənmişdi. Bu ailədən olan Katerina Mediçi Fransa kralı I Fransiskin oğlu olan dofinə, gələcək kral II Henriyə ərə getmişdi. Onun üç oğlu və həmçinin kürəkəni IV Henri Fransa taxt-tacında olmuşdu. IV Henri Katerina Mediçinin qızı Marqareti boşadıqdan sonra, 1600-cü ildə Mediçilər ailəsinin digər nümayəndəsi olan Mariya Mediçiyə evlənmişdi. Beləliklə, Mediçilər uzun müddət kraliça və regent kimi Fransa siyasətində mümkün olduğu qədər fəal iştirak etmişdilər.
Avstriya Roma ənənələrindən daha çox Florensiya təcrübəsinə üstünlük verirdi, öz qızlarını başqa sarayların real və namizəd olan sahiblərinə ərə verməklə və öz oğlanlarını şahzadələrə evləndirməklə yaxşı ittifaqlar yaratmağa müvəffəq olurdu. Kraliça Mariya Terezanın qızı Mariya Antuanetta gələcək kral olacaq dofin XVI Luiyə ərə getmişdi. Kral I Frants Napoleona məğlub olub, alçaldıldıqdan sonra qızı Mariya Luizanı ona ərə vermişdi.
Avstriyanın düşdüyü zəifliyə baxmayaraq, Metternix daha çox strategiya və diplomatiya qaydasında düşünürdü. Lombardiyaya, Venetsiyaya sahib olmaqla, Toskanada və Modenada Habsburq hökmdarlarının olması Habsburqun yenidən İtaliyada dominant olması mənasını verirdi. Almaniyada isə, baxmayaraq ki, Müqəddəs Roma imperiyası dirilə bilməmişdi, Avstriya yeni Alman Konfederasiyasının prezidenti idi. Hətta Prussiya əvvəlki tək böyük olsa da belə, Metternix həmçinin Fransa ilə yumşaq münasibət yaratmağa əmin olduqda, öz diplomatik idealı olan dövlətlərin tarazlığını qurmuşdu. İttifaqlar sistemi, Avropadakı razılaşmanın əsası olmalı idi.
1813-15-ci illərin uğuruna baxmayaraq, Avstriya 1809-1811-ci illərin bədbəxtliklərini real olaraq sağalda bilmədi. 1830-cu ildə Fransada yeni inqilab başladı və dövlət liberal konstitusion monarxiyaya çevrildi. Britaniyanın himayəsi ilə Belçika müstəqil dövlətə çevrildi. Bu vaxt İtaliyadakı və Polşadakı liberal və milli qiyamlar uğurlu qaydada yatırıldı.
I Frantsın 1835-ci ildə ölməsi Avstriya hökumətinin hətta daha az nəticə vəd edən niyyət uğrunda və birbaşa fəaliyyət göstərməyə məcbur etdi. Frantsın böyük oğlu Ferdinand taxt-taca yiyələndi. Lakin o, belə məsuliyyəti daşımağa əqli və fiziki cəhətdən qadir deyildi. Metternix özünün siyasət üzərindəki yeganə qaydadakı nəzarətini əvvəldən qoruyub saxlamağa çalışırdı, lakin ershersoq İohannın müdaxiləsi onun nəzərdə tutduqlarını uğursuz etdi.
Bu erada ədəbiyyatda bir neçə yazıçı meydana gəldi. 1830-cu ildə başlayan Avstriya alman ədəbiyyatı Metternix rejiminə daha tənqidi yanaşmağa başladı. Çox sayda Avstriya liberalları və yazıçıları xarici ölkələrə, ən azı başqa alman dövlətlərinə getdi, orada onlar Metternix siyasətindən müqayisəli qaydada təhlükəsiz idilər. Onların səbrli olmalarını dayandırıb, dəyişilmələrinə səbəb Avstriya iqtisadiyyatı, mədəniyyəti və cəmiyyətinin dəyişilməsi idi, onlar rejimin irtica xarakterinə heç də hörmətlə yanaşmırdılar. 1811-ci ildə dövlətin bankrot olması sərt iqtisadi durğunluğa gətirib çıxardı. 1820-ci illərin sonundan iqtisadiyyat sağaldı və yaxşı dərəcədə böyüdü. Bohemiya torpaqları istehsalın artımının əldə edilməsində aparıcı region idi. Texnoloji irəliləyiş iqtisadi inkişafa təkan verirdi. Toxuculuq sənayesinin genişlənməsi artıq buxar enerjisindən istifadəyə və mexanikləşməyə əsaslanırdı.
Bankir Rotşild monarxiyanın iki mühüm bölməsinin - dəmir yolunun və dəmir əritmə sənayesinin pioneri idi. Avstriya iqtisadiyyatının genişlənməsində yəhudilər mühüm rol oynayırdılar. İosifizmin dirildiyi zonalardan biri, hökumətin sənaye və kommersiya siyasətindəki proqressiv xarakter daşıyanlar idi. Avstriyada Vyana politexnikumu kimi ən nüfuzlu texniki institutlar faydalı mühəndis bilikləri verirdi.
Avstriyada milli münasibətlər
Avstriya dövləti ilə digər etnik qruplar arasındakı əlaqələr çox hallarda anomaliya xarakteri daşıyırdı. Siyasi həyata hökumət təzyiq göstərəndə "mədəni" həyata icazə verirdi. Bura müxtəlif millətlərin monarxiya tarixinə yönəlmiş "tədqiqatları" daxil idi. Monarxiyanın "tarixi millətləri" arasında milli şüuru idarə edən siniflərin olduğu italyanlar, macarlar və polyaklar yüksək mədəniyyət sahibləri kimi tanınırdı, burada artıq tarixi "hüquqların" yaxşı inkişaf etmiş hissələri var idi. "Tarixi olmayan millətlər" sayılan slovenlər və ya slovaklar arasında mədəni millətçilik dəstəklənirdi. Onlara, öz idarə edən sinfi və həm də yüksək mədəniyyəti olmayan millətlər kimi baxılırdı. Milli hərəkatlar böyüyən qaydada inkişaf edirdi. Monarxiyada dövlət alman dilinin lingua franca olmasına əsaslanırdı.
1848-ci il inqilabı Qərbi və Mərkəzi Avropa ölkələrinin çoxunda baş verdi, bu sənayeləşmənin böhranı kimi özünü göstərdi. Monarxiyada isə bu böhran daha sərt xarakter daşıyırdı. Metternixin imperiyanı qoruyub saxlamaq metodu özünü təsdiq edən legitimliyə malik deyildi.
1848-ci ilin martında tələbə dəstəsi və onlara rəğbət bəsləyənlər islahat petitsiyasını təqdim etmək üçün Aşağı Avstriya dayetinə (parlamentinə) hücum etdilər. Qoşunlar camaata atəş açanda beş nəfər öldü və etiraz dalğası inqilaba çevrildi. Gecə düşəndə Metternix istefa verdi və iki gün sonra, martın 15-də əhaliyə konstitusiya vəd edildi. Habsburq hakimiyyəti tərəqqi ruhunu bərpa etmək yolunu tutmalı idi. Bunlar yalnız yarımçıq şəkildə uğurlu oldu.
Vyanada mart inqilabı vaxtı Habsburq monarxiyasında həyəcan davam edəndə, Milanda da qiyamlar başlandı. Digər yeni bir inqilab Parisdə baş verdi və bütün Mərkəzi Avropaya yayıldı. Hadisələrin zəncirlərindən biri Qərbi Almaniyaya keçdi, bu zəncir Vyanada rejimin yıxılması ilə ikinci həmrəylik qığılcımını yaratdı. Monarxiyanın digər hissələrində də "milli" inqilablar başlandı. Macarıstanlı Lukas Koşut bütöv monarxiyada radikal islahat aparılması barədə öz çağırışını etdi. Bu, Vyana inqilabı üçün katalizator rolunu oynadı, Macarıstanda və Monarxiyanın digər əksər hissələrində də inqilab alovu qalxdı.
Aprelin 1-də Vyanadakı Müqəddəs Stefen kilsəsinin qülləsində alman qara-qırmızı-qızılı bayrağı qaldırıldı. Sabahısı gün bayraq "alman" imperatoru II İosifin abidəsi üzərinə gətirildi və Hofburq sarayının üstündə də dalğalandı. Monarxiyanın alman dilində danışan regionları bütövlüklə Alman Frankfurt parlamentinə seçkilərdə iştirak etdi. Parlament Habsburqu - ershersoq İohannı Almaniyanın "imperial regenti" seçdi.
(Ardı var)