525.Az

Sərsəng su anbarı texniki və ekoloji problemlər içində


 

Sərsəng su anbarı texniki və ekoloji problemlər içində<b style="color:red"></b>

Qarabağ iqtisadi rayonunda yerləşən və 47 ildir ki, istismar edilən Sərsəng su anbarı qəzalı vəziyyətə düşüb. Son on ildə anbara heç bir texniki baxış keçirilməyib, hidrotexniki qurğular yenilənməyib, bəndlər bərkidilməyib.

30 il erməni işğalında olan Sərsəng su anbarında həm texniki, həm də ekoloji problemlər getdikcə artır. Hər gün bir qədər də quruyan su hövzəsi yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir.

Qeyd edək ki, mühüm starteji əhəmiyyətə malik olan Sərsəng su anbarı Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə Ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində olan Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mvt olan su eletrik stansiyası tikilib.

Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı bu günlərdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi birgə bəyanat yayıb.

Bəyanatda bildirilib ki, otuz ildən artıqdır ki, 1976-cı ildə Tərtərçayın üzərində yaradılmış və hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Sərsəng su anbarı Ermənistan və onun himayə etdiyi qüvvələr tərəfindən məqsədyönlü şəkildə ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunur. Qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaradır. Bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib.

Vurğulanıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində yerləşən Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Eyni zamanda, Assambleya Ermənistan hakimiyyətini su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırmağa çağırıb. Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının düzgün və öz təyinatı üzrə idarə olunmaması, su ehtiyatlarından uğursuz, səmərəsiz istifadə edilməsi ətraf mühit və insan sağlamlığına, ümumilikdə regionun ekosisteminə ciddi mənfi təsir göstərməkdə, sosial-iqtisadi fəsadlar törətməkdə davam edir. Belə ki, su anbarının idarə olunması zamanı ekoloji, o cümlədən, iqlim amillərinin nəzərə alınmaması su səviyyəsinin aşağı düşməsi ilə ekoloji risklərin daha da kəskinləşməsinə səbəb olur. Bu vəziyyət su anbarının fauna və florasına mənfi təsir göstərir, bitki örtüyünün məhv olmasına, balıq ehtiyatlarının azalmasına, quşların təbii yaşayış areallarının itirilməsinə, ətrafdakı meşə ərazilərinin qurumasına, eroziya proseslərinin güclənməsinə, səhralaşmaya və ümumilikdə ekosistemin tarazlığının pozulmasına gətirib çıxarır.

Ermənistan və onun himayə etdiyi qüvvələr ekoloji təcavüzlə yanaşı, böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının ərazilərinə suvarma tələb olunan mövsümlərdə su anbarından qərəzli şəkildə suyun verilməsinə mane olaraq Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vurmuş və vurmaqda davam edir. Sərsəng su anbarının öz təyinatı üzrə istifadə olunmaması nəticəsində yaranan su çatışmazlığı səbəbindən həmin rayonların ərazisində 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb edilə bilmir. Eyni zamanda, əhalinin içməli suya olan tələbatının ödənilməsi və qismən suvarılmanın aparılması məqsədilə yeraltı sulardan intensiv istifadə edilməsi təbii resursların tarazlığının pozulmasına səbəb olub.

Ermənistanı himayə etdiyi qüvvələr vasitəsilə sözügedən rayonların əhalisinin Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf məqsədlərindən biri kimi "Təhlükəsiz və təmiz suya əlçatanlıq" təməl insan hüquqlarının pozulmasına, regionun ekosisteminin deqradasiyasına, fauna və floranın itirilməsinə səbəb olan hərəkətlərinə son qoymalıdırlar. Avqustun 31-də Qeyri-hökumət təşkilatları (QHT) ermənilərin Sərsəng su anbarında yaratdığı ekoloji terrorla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən qeyri-hökumət təşkilatları birgə bəyanat verərək Sərsəng su anbarında yaranmış qəza vəziyyəti ilə əlaqədar dərin narahatlıqlarını  ifadə edirlər: "Sərsəng su anbarının Ermənistan və onun himayə etdiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən qəsdən Azərbaycan əhalisinə qarşı ekoloji və sosial-iqtisadi terror vasitəsi kimi istifadə olunması yolverilməzdir. 47 il əvvəl istismara verilmiş Sərsəng su anbarının təmir və bərpasına ciddi ehtiyac var. 30 ildən artıqdır ki, Ermənistan bu su anbarını qanunsuz istismar edib, iqtisadi və ekoloji cinayətkarlıqla məşğul olub. Bu əməllərin davam etdirilməsi yolverilməzdir. Azərbaycanın rəsmi qurumlarının bu yaxınlarda Sərsəng ilə əlaqədar yaydığı bəyanatda qeyd edilir ki, anbarın mövcud qəza vəziyyəti onun aşağı hissəsində yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükə yaradır".

Sənəddə qeyd olunur ki, uzun illər bu su anbarının suyu qış vaxtı ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan əhalisi azərbaycanlılardan ibarət olan kəndlərə buraxılıb və nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətləri qışda su altında qalıb: "İsti yay mövsümündə isə su buraxılmayıb, bu da kəskin su qıtlığı, əkin sahələrinin suvarılmasında problemlər yaradıb, yaşıllıqlar quruyaraq məhv olub. 1966-cı il Helsinki və 2004-cü il Berlin Qaydalarına əsasən, sudan istifadə hüququ həyat və sağlamlıq üçün vacibdir və bu, digər insan hüquqlarından istifadənin ilkin şərtini təşkil edir".

Bəyanatda bildirilir ki, Ermənistan heç vaxt Sərsəng su anbarı ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayıb: "Bunun bariz nümunəsi kimi Ermənistan Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə bu hərəkətlərin Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilməsindən nəticə çıxarmayıb. Həmin qətnamədə göstərilirdi ki, Sərsəng su anbarının düzgün idarə olunmaması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana gətirib çıxara bilən böyük fəlakət riskinə malikdir. Ötən dövrdə Ermənistanın qanunsuz fəaliyyətini davam etdirməsi Sərsəng su anbarında hər an dəhşətli humanitar fəlakətə səbəb ola bilər. Böyük kənd təsərrüfatı potensialı və münbit torpaq ehtiyatlarına malik Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının suvarma tələb olunan əraziləri Ermənistanın Sərsəng su anbarı ilə əlaqədar özbaşınaqlıqlarının qurbanına çevrilib. Biz buna etiraz edirik! Sərsəng su anbarı təyinatı üzrə istifadə olunarsa, 100 min hektar əkin sahəsi aktiv kənd təsərrüfatı dövriyyəsinə cəlb oluna bilər.

Ermənistan törətdiyi digər ekoloji cinayətlər ilə yanaşı, Sərsəng su anbarının qanunsuz istismarı və ekoloji terror aləti kimi istifadəsi nəticəsində Azərbaycan iqtisadiyyatına vurduğu böyük zərərə görə Azərbaycan dövlətinə təzminat ödəməlidir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində ekoloji terroru davam etdirənlər Azərbaycanın ədalət mühakiməsinə cəlb edilməlidirlər.

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin sözlərinə görə, sərsəng su anbarına baxış keçirilməli, Azərbaycan anbara nəzarəti bərpa etməlidir.

O, Azərbaycanın bir qrup ekoloji yönümlü QHT-nin Sərsəng su anbarında yaranmış vəziyyətlə əlaqədar bəyanat yaydığını xatırladıb.

Təşkilat sədri bildirib ki, bu bəyanatı yaymaqda məqsəd 47 il bundan əvvəl tikilmiş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının qəzalı vəziyyəti ilə əlaqədar məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

E.Cəfərlinin sözlərinə görə, su anbarının 47 ildir istismarda olmasına baxmayaraq, son 10 ildə oraya heç bir texniki baxış və qulluq həyata keçirilməyib: "Sərsəng Azərbaycanda ən hündür ərazidə yerləşən su anbarıdır və bizim narahatlığımız ondan ibarətdir ki, anbara yağıntı normadan artıq düşərsə, divarların və bəndlərin uçma təhlükəsi yaranacaq. Beləliklə, su anbarından aşağıda yerləşən Azərbaycan kəndlərini, əkin, otlaq sahələrini, meşələri təhlükə altında qoyacaq və bu vəziyyət faciə ilə nəticələnəcək. Sərsəng su anbarı Azərbaycanın 6 rayonunun əkin sahələrini suvarma suyu ilə təmin edir".

O qeyd edib ki, hazırda anbarla bağlı əsas narahatlıq onun bərpası ilə əlaqədardır: "Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin anbara baxış keçirməsi üçün şərait yaradılmalıdır. Separatçı rejim bu cür nəhəng su anbarını işlətmək iqtidarında deyil".

E.Cəfərli vurğulayıb ki, işğal dövründə Sərsəng su anbarından suyun verilməsi dayandırıldığı üçün əkin sahələri susuz qalıb, meşələr quruyub: "Bunun nəticəsidir ki, yüz hektardan çox ərazisi olan Sultanbud meşəsinin hazırda çox az bir hissəsi qalıb. Bəhs olunan meşə Xaçınçayın üzərində yerləşirdi, lakin ermənilər bu çayın da qarşısını kəsmişdi. Lakin şanlı Azərbaycan Ordusu Fərrux yüksəkliyini işğaldan azad etdikdən sonra Xaçınçay su anbarı da Azərbaycanın nəzarətinə keçib. Hazırda tələbimiz isə ondan ibarətdir ki, Sərsəng su anbarına baxış keçirilsin və Azərbaycan anbara nəzarəti bərpa etsin".

Sevinc QARAYEVA

 

 

 

 

 

 

 





04.09.2023    çap et  çap et