525.Az

“Ana, ağlama, başının üstündəki bayrağa bax, möhkəm dayan!”


 

“Ana, ağlama, başının üstündəki bayrağa bax, möhkəm dayan!”<b style="color:red"></b>

“Balam” deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı! (D.Sevgin)
                                                              

 
Vətən, bayraq, xalq sevdalıları ayrı talelərlə doğular, yaşayarlar. Lakin onları birləşdirən amal, yol Vətən uğrunda şücaəti və şəhadətidir. Şəhadətə ucalan, hər qarış torpaqlarımız uğrunda vuruşan qəhrəmanlarımız bizə tarixi Zəfərimizi yaşadanlarımızdır. Onların şücaətini daim xatırlamaq və unutdurmamaq bizim vətəndaşlıq borcumuzdur. Bü günlərdə Vətən sevdalısı olan şəhidimiz Vüsal Allahverdiyevin ailəsini ziyarət etdik.
 
Vüsal Allahverdiyev 16 avqust, 1988-ci ildə Qubadlı rayonunda anadan olub. 31 avqust 1993-cü ildə məcburi köçkün kimi ailəsi ilə Sumqayıt şəhərində məskunlaşıb.1995-ci ildə Sumqayıt şəhər 23 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2004-cü ildə həmin məktəbin 9-cu sinifini bitirib. Daha sonra məktəbi dəyişərək, Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilini davam etdirib. 2006-cı ildə həmin məktəbin məzunu olub. Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsi üzrə təhsil alıb. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2012-ci ildən etibarən bank sektorunda kredit mütəxəssisi vəzifəsində çalışıb. 2020-ci ildən isə "Kapital Bank"da "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdürü vəzifəsində işləyib. Sonra həmin vəzifədən və işdən öz ərizəsi ilə ayrılıb. Subay idi.
 
Şəhid atası Allahverdiyev Tahir Qafar oğlu 1965-ci ildə Qubadlı rayonunda anadan olub. Orta təhsillidir. Bərbər sənəti ilə məşğuldur. O, Birinci Qarabağ müharibəsi veteranıdır. Şəhidimizin əmisi Allahverdiyev Mahir Qafar oğlu ehtiyatda olan zabitdir, xidməti vəzifə borcunu yerinə yetirərkən yaralanaraq ikinci qrup əlilliyi olsa da, 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. Şəhidimizin dayısı Alıyev Akif Hümbət oğlu Birinci Qarabağ müharibəsi veteranı, 2-ci qrup Qarabağ əlilidir.

Şəhid Vüsalın anası Əliyeva Hicran Hümbət qızı 1967-ci ildə Qubadlı rayonu Xocamsaxlı kəndində anadan olub. Hazırda Şərqi Zəngəzur Regional təhsil idarəsində Qubadlı rayonu üzrə mühasib işləyir. O deyir ki, ailədə iki övladımız vardı, bir bacı, bir qardaş.

Şəhidimizin bacısı Aslanova Günay Tahir qızı 1989-cu ildə Qubadlı rayonunda anadan olub. Orta təhsillidir. Baki Biznes və Kooperasiya Kollecində infornatika müəllimliyi ixtisası üzrə təhsil alıb. Qubadlı rayon, Mahmudlu kənd orta məktəbində müəllim olaraq çalışır. Ailəlidir, üç övladı var.
Şəhid atası Tahir bəy deyir ki, Vüsal bizi heç vaxt incitməyib: “O, çox xarakterli uşaq olub, heç kəslə öz dərdini, problemini bölüşməzdi, özü təklikdə həll edərdi. Uşaqkən məhəllədə oynayanda dəmir məftil qolunu çox dərin yaralamışdı, o yaranın izi hələ də onun qolunda qalmışdı. Evə gəldiyində bu hadisəni nə anasına nə mənə bildirməmişdi, öz yarasını özü bağlayıbmış, bizdə hiss etməyək deyə yayın istisində uzun qol köynəkdə gəzirdi. O qədər qürurlu, o qədər mərd idi. Vətəninə, millətinə, türklüyə, türkçülüyə o qədər düşkün idi. Həmişə yaşıdları, özündən böyüklər Vüsala xüsusi hörmət və sevgi ilə yanaşardılar”. 

Şəhid Vüsalın anası Hicran xanım deyir ki, Vüsal balam ağır təbiətli idi, ana-bala belə olsaq, sanki aramızda bir pərdə vardı. Hər dəfə sevdiyini, çox istədiyini dilə gətirməzdi, sadəcə davranışları ilə hiss etdirərdi:

“Çox qayğıkeş və ailəcanlı idi. Körpə yaşlarından bacısının, mənim xüsusilə qeydimizə qalardı. Elə bayram, elə ad günümüz olmazdı ki, o bizə hədiyyə almaya, eləcə də atasına. Bizi gözü kimi qoruyardı, tək bizi deyil, bütün tanışlarını. Məktəb illərində həmişə öz səliqəsi və saç düzümü, nizam- intizamı ilə seçilərdi, hədsiz dərəcədə özünüinkişafı, mütaliə etməyi, təhsil almağı çox sevirdi. Boş vaxt tapan kimi mütaliə edərdi, işi ilə bağlı nələrsə araşdırıb təlimlərə, dərslərə qatılardı, səhərə qədər oturub oxuyardı”. 

Atası deyir ki, Vüsal dünyasını dəyişəndən sonra, çox insanlar bizə gəldi, Vüsalın onlara etdiyi kömək və yardımları sadaladı. Bir valideyn olaraq o qədər qürurlandıq ki, o etdiklərini heç vaxt heçkəsə deməzdi: 

“Etdiyi yaxşılıqdan, köməkdən danışmazdı. Ən böyük arzum onun toyunu etmək və evləndirmək idi. Düşünürdük ki, artıq vaxtdır, amma Vüsal hər dəfəsində bu söhbətdən yayınardı. Sən demə, oğlumun öz planları var imiş, hər şeyin əvvəli də, sonu da onun üçün Vətən idi. Həmişə Şəhidlər xiyabanını ziyarət edərdi. O, körpə yaşlarından ancaq o ruhda, o əzmdə yetişmişdi. 2013-cü illərdən bu yana sosial hesablarında ancaq işğal altında olan torpaqlarımızdan, şəhidlərimiz və türkün, türkçülüyün qüdrətindən bəhs edən kəlam və ifadələr paylaşardı. Milli Qəhrəman, general-mayor Polad Həşimov şəhadətə qovuşduğu gündən arzusu daha da alovlanmışdı, hər gün dua edirdi ki, müharibə başlasın. Könüllü olaraq ordu sıralarına yazılmışdı və böyük sevinclə o anı gözləyirdi ki, getsin.

Şəhidimizin bacısı Günay xanım deyir ki, qardaşımla aramızda olan bağ, istək bir ayrı idi. Vüsal o qədər dərin düşüncəli, qayğıkeş idi ki... Eyni zamanda da qısqanc: “Sinif yoldaşlarım, tələbə yoldaşlarım həmişə xasiyyətinin sərtliyinə görə ondan çəkinərdi. Həmişə məni qoruyardı, qeydimə qalardı. O qədər tələbkar, savadlı, mərhəmətli idi. Bəzən çox gileylənərdim ki, hamı bacı-qardaş yolda gedəndə əl ələ tutar, danışıb- gülər, sənsə sakitcə yolboyu susub dayanırsan... (Red: ağlayır)

Şəhid anası Hicran xanım deyir ki, o, sevgisini bizə çox bildirməzdi: “Müharibədən bir neçə ay öncə divanda əyləşmişdim Vüsal qəfil yaxınlaşıb başını dizlərimin üstünə qoydu, mən də oğlumun saçlarını üzünü oxşadım, içimdə də bir qəribə hiss vardı ki, görəsən nə olub? Dedi, ana, mən istəyirdim xaricə təhsil almağa gedim, amma sənə görə getmədim. Dedim, oğlum, sən məni belə çox sevirsən? Cavabında dedi ki, eh, ana, sən, səni necə sevdiyimi bir bilsən... Amma balamın ən başlıca sevgisi ana Vətən idi... 

Sentyabrın 27-si müharibə başlanıldığı elan olunanda Vüsal üçün toy- bayram idi. O qədər şadlanırdı ki, hər gün gedib vayenkomatda növbədə dayanırdı ki, nə zaman mən gedəcəyəm. Dost, tanışlarına sevincək görüşüb, danışardı ki, bircə mənə zəng gəlsəydi, bircə mən də döyüşə qatılsaydım. Həmin gün gəldi çatdı, Vüsala zəng gəldi. Hamımız işə gedirdik. Evdə mən və Vüsal idik. Heç o ərəfələrdə mən inanmazdım ki, balam gedər şəhidliyə ucalar. Çantasını tələmtələsik yığdı, mənim çiyinlərimdən hər iki tərəfdən tutub silkələdi və alnımdan öpdü. Başımı sakitcə sinəsinə qoydum, bilmədim nə edəm. Mənə dedi ki, ana, qəti ağlama, mənə birşey olsa belə ağlama, möhkəm ol ha! Ona bildirməyim deyə sakitcə göz yaşlarımı sildim, getdim ki, su atım arxasıycan. Pəncərədən həyətə boylananda aşağıdan mənə səsləndiki ana, bax ağlama, başının üstündəki bayrağa bax, bayraq qürurdur, bayraq məğrurluqdur, ağlama! Özümü güclə saxladım, sıxdım bayrağın arxasına ki, ağladığımı görməsin...(Red: ağlayır)

Sonra bacısına zəng etdim ki, Günay, Vüsal gedir cəbhəyə, birdən yenə görə bilmərik, soraqlaşa bilmərik, gedib yola salaq. Onda da çəkinə-çəkinə ana-bala yola düşdük vayenkomata, çünki bizə tapşırmışdı ki, arxamca gəlməyin. Getdik, izdiham var idi, hamı öz balasını, yaxınını yola salırdı. Bizi gördü, gəldi yanımıza bizlə görüşdü və getdi. Maşın yola düşəndə mənə dedi ki, “Bax, ağlayıb eləmirsən ha, ağlasan, məndən incimə!”
Bu cümləsi Vüsaldan sonra bizə kəlam olaraq qaldı. Elə həvəslə getdi ki...Maşın gözdən itənə qədər gözlərim balamın gözündə qaldı. O zamanlar mən düşünməzdim ki, Vüsalım qayıtmaz, çünki ona nəsə olacağı heç ağlıma gəlməzdi, Allah eləbil mənə arxayınlıq, səbr vermişdi. Hətta o xəyalla yaşayırdım ki, müharibə bitəndən sonra, biz Vüsalla gedəcəyik öz kəndimizə, Qubadlıya.

Son dəfə səhər saat 08:35-də atasına zəng etmişdi, mən açdım səsi çox titrəyirdi. Soruşdum ki, ana qurban nə olub sənə, səsin niyə belə gəlir, yaxşısanmı? Məni yenə arxayın etdi ki, yaxşıyam, hər şey yaxşıdı. Çünki həmişə bizimlə danışanda bizi arxayın etmişdi ki, döyüş bölgəsində deyiləm, ağlımada gəlməzdi ki, balam od-alovun cəngində bu qədər rahat, xoşbəxtdir. Vətənə olan sevgisi, düşmənə olan nifrət və qisas hissi hər şeydən, hamıdan üstün idi ona. Şəhid xəbərini alanda inana bilmirdim... Vüsalımdan bizə onun əziz xatirələri, əşyaları, səs yazıları, videoları, etdiyi yaxşılıqları, dost-tanışları yadigar qaldı... (Red: ağlayır)”

Şəhid atası Allahverdiyev Tahir Qafar oğlu deyir ki, Vüsal harada olsa, orada təşkilatçılıq edərdi, liderliyi çox gözəl bacarırdı. Həmişə gücsüzün yanındaydı, hamıya dəstək olub, dərdinə şərik olardı: 

“Şəhadətə qovuşduğu günə qədər bizlə əlaqə saxlayıb danışırdı. Bizdən hər şeyi gizlədirdi, bildirməzdi döyüşlərdədi, orada vəziyyət necədi deyə, səsi həmişə çox sevincli idi. Arzusu Vətən torpaqlarında yağı düşmənlə döyüşmək idi, arzusuna çatdı, o illərlə bunu istəyirdi! Döyüş yoldaşları Vüsalın onları döyüşə necə ruhlandırması barədə qürürla danışırlar, deyirlər ki, Vüsal hər zaman deyirdi: “Bir işin sonu şəhidlikdirsə, o işdən niyə qorxmalıyıq?”. 

Dörd günlük mühasirədə qaldıqları vaxt böyük şücaətlə yaralı və şəhidlərimizi döyüş mövqeyindən çıxartmağa müvəffəq olub. Sonuncu yaralı komandirini döyüş mövqeyindən çıxaran zaman Vüsala onu buraxıb getməyini desə də, Vüsalın cavabı bu olub ki, ya ikimiz bir yerdə şəhid olacağıq, ya da buradan birgə sağ çıxacağıq. Mən oğlumla fəxr edirəm!
Vüsalın adına yaşadığı məhəllədə dostlarının tikdirdiyi abidə bulaq kompleksi, barelyefi var. Təhsil aldığı məktəbdə və digər məktəblərdə adına sinif otaqları var”.

Şəhidimiz Vüsal Allahverdiyevin ailəsinin bir arzusu var, Vüsalın oxuduğu Sumqayıt şəhəri, 23 saylı tam orta məktəbə adı verilərək, xatirəsi əbədiləşdirilsin.

Yekun olaraq deyə bilərəm ki, mən oğlum Vüsalla və eləcə də bütün qəhrəman oğullarımızla fəxr edirəm! Vətən uğrunda canından keçənlər bizim qürur mənbəyimizdir. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Allah Vətənimizi, millətimizi qorusun!”
Vüsal Allahverdiyev 2020-ci ilin iyulun 12-də başlayan Tovuz döyüşləri zamanı General-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edib və könüllü olaraq orduya yazılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli rayonunun Seyidəhmədli kəndində, Cəbrayıl və Xocavənd rayonu istiqamətində döyüşlərdə iştrak edərək böyük şücaət göstərib. Oktyabr ayının 30-da Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən, Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
 
Ruhun şad olsun, Vətən oğlu!
 
Azərbaycan Jurnalistlər birliyinin üzvü, gənc alim,
müstəqil araşdırmaçı jurnalist Günel Şəmilzadə
 
Əlaqə: [email protected] 

 





04.09.2023    çap et  çap et