525.Az

Separatçılara açıq dəstək məktubu - Paşinyanın riyakarlığı 


 

Separatçılara açıq dəstək məktubu - Paşinyanın riyakarlığı <b style="color:red"></b>

Ermənistanın Baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl Qarabağdakı separatçılara "təbrik məktubu" ünvanlayıb. Bu, bir daha onun Azərbaycanla sülh prosesində maraqlı olmadığını, beynəlxalq platformalarda aparılan danışıqlar zamanı səsləndirdiyi fikirlərin əməlləri ilə üst-üstə düşmədiyini göstərdi. Paşinyanın 2 sentyabrda "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin ildönümü ilə əlaqədar "təbrik" müraciətində Azərbaycana qarşı ərazi iddiası ifadə olunur, separatçılıq açıq şəkildə təşviq edilir. Ermənistanın Baş naziri bildirib ki, Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları təmin olunmayana qədər "Dağlıq Qarabağ"ın ərazi vahidi kimi mövcud olmaması və "Dağlıq Qarabağ" probleminin həll olunduğu barədə bəyanatlar əsassızdır. Onun bu mövqeyi, əlbəttə ki, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə yanaşı, bir daha ikili oyun oynadığını göstərdi. Qarabağ tarixi Azərbaycan torpağıdır və bunun əksini heç kim sübut edə bilməz. 30 ilə yaxın davam edən işğal dövründə Ermənistanın, onun Fransa kimi havadarlarının, erməni diasporu və lobbisinin bütün cəhdlərinə baxmayaraq, dünyanın heç bir dövləti Qarabağı müstəqil respublika olaraq tanımayıb. Çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanıyır. Başqa bir dövlətə ərazi iddiası beynəlxalq hüququn birbaşa pozulmasıdır və bu, çox pis president yaradır. Bu gün Ukraynanın timsalında biz bunu artıq görürük. Vaxtında beynəlxalq birlik ölkələrə fərq qoymadan işğala, separatizmə, ərazi bütövlüyünə qəsdə eyni yanaşmanı nümayiş etdirsəydi, bu gün Ukraynada hazırkı vəziyyətlə üzləşməzdi. İkincisi, Ermənistan da, digərləri də çox yaxşı anlayırlar ki, Azərbaycan heç bir halda öz ərazisində separatçıların əl-qol açmasına imkan verməyəcək. Rəsmi Bakı artıq elan edib - Azərbaycan ərazisində boz zona olmayacaq. Ona görə də separtizmin kökünü tamamilə kəsmək üçün ardıcıl siyasət aparılır.

Digər tərəfdən, Paşinyan özü də Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını həm beynəlxalq platformalarda, həm ölkəsində müxtəlif görüşlərdə və parlamentin iclaslarında vurğulayıb. Bir neçə nümunəni qeyd edək. Bu il mayın 14-də Azərbaycan, Avropa İttifaqı (Aİ) və Ermənistan liderlərinin Brüsseldə keçirilmiş növbəti üçtərəfli danışıqlarının yekununda Aİ Prezidenti Şarl Mişel mətbuat üçün bəyanatında vurğulayıb ki, Azərbaycan və Ermənistan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıyıb. Əliyev və Paşinyanın görüşdə Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiq edib. Mişelin bəyanatından aydın olurdu ki, Ermənistan və onun lideri Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu Avropa İttifaqı platformasında bir daha təsdiqləyir. Çünki Azərbaycan ərazisinin keçmiş SSRİ vaxtında 86.6 min kv.km olduğu bütün dünyaya məlumdur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də bu əraziyə daxildir.

Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu Avropa Şurasının İslandiyada keçirilən sammitində də təsdiqləyib. Bu ilin may ayında Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən sammitində Paşinyan bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Eyni zamanda Paşinyan parlamentin iclaslarında da eyni bəyanatı verib. Bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır və sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır.

Bu sitatları və onun separatçılara məlum təbrikini müqayisə etdikdə, ümumiyyətlə, son günlər törədilən təxribatları, "aclıq" şousunu və s. addımları izləyəndə, gəlinən qənaət budur ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı dedikləri cəfəngiyyatdır və nəticə etibarilə ikiüzlülüyünün aydın göstəricisidir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin cavab bəyanatında vurğulanıb ki, "Dağlıq Qarabağın" "müstəqilliyi"nin əldə olunması ilə bağlı Ermənistanın iddiaları beynəlxalq hüquqda qəbul edilmiş "uti possidetis" prinsipinə ziddir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır. XİN açıq mətnlə bəyan edib ki, Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaq.

İndi sual olunur, Paşinyan niyə ikili oynayır, yaxud özü-özünü inkar edir? Bu cür yanaşma ilə sülh prosesinin üzərindən xətt çəkir. Bildiyi halda ki, sülh bu gün onlar üçün həyati əhəmiyyətə malikdir. İrəvan Azərbaycanla danışıb, qalan problemləri həll etmək imkanı varkən, Fransanın, başqa güclərin oyunlarına, təxribatlarına gedir ki, bundan da uduzan öz xalqı və dövlətidir. Həmçinin, Ermənistanda və Qarabağda erməni separatçılarının hələ də qaldığı ərazilərdə gedən proseslər və son dəyişikliklər Koçaryan-Sarkisyan xəttinin gücləndiyini və onlara bağlı qruplaşmaların aktivləşərək mövqelər əldə etdiyini göstərir. Araik Arutunyan Koçaryan-Sarkisyan qruplaşması ilə bağlı olsa da, zəif şəxs idi. Hazırda gələnlər isə adikal mövqeləri ilə seçilir və onlar Arkadi Qukasyan, Bako Saakyan xəttini davam etdirməyə çalışırlar. Məhz bu qrup Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin inkişafına mane olur. Hazırkı gərginliyin səbəbkarı, yolların açılmasını sabotaj edənlərin də bu qrup olduğu şübhəsizdir. Prosesi diqqətlə izləyəndə,  həm də Ermənistanda hakimiyyət çevrilişinə hazırlıq getdiyini müşahidə etmək mümkündür. Təbii ki, Koçaryan-Sarkisyan qruplaşmasının güclənməyə başlamasında Rusiya izi açıq-aşkardır. Bu qrup məhz Rusiyaya arxalanaraq mövqelərini gücləndirirlər. Ona görə də baş verənlər Rusiyanın regionda yeni oyunu kontekstində izah oluna bilər.  Amma istənilən halda, Azərbaycan öz mövqeyini ortaya qoyub, Ermənistanda hakimiyyət dəyişikliyi və digər hansısa prosesin baş verməsi, Bakını öz hədəf və məqsədlərindən çəkindirə bilməyəcək. Azərbaycan dövləti öz tələblərində haqlıdır, beynəlxalq hüquq məhz bizim tərəfimizdədir. Ona görə də Paşinyan hakimiyyəti, Ermənistandakı revanşist qüvvələr və onların havadarları yeni-yeni təxribat planları düşünməkdənsə, reallıqları qəbul etməli, sülh prosesinin inkişafına maneə yaratmamalıdırlar. Unutmasınlar ki, Azərbaycan istənilən vaxt öz ərazisində antiterror əməliyyatı başlaya bilər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva mövzu ilə bağlı bildirib ki, Nikol Paşinyanın Qarabağdakı separatçılara dəstəyi beynəlxalq hüququn normalarına tamamilə ziddir. Separatizm bütün dünyada qəbul olunmur. Paşinyanın bu addımı isə onun sülhə maraqlı olmadığını göstərir.

"Son hadisələr fonunda beynəlxalq birliyin diqqəti bölgəmizə yönəlib. Azərbaycan sülh müqaviləsinin imzalanmasının, bölgədə çoxşaxəli əməkdaşlıq mühitinin yaradılmasının tərəfdarıdır. Bu, regionda bütün xalqların və dövlətlərin maraqlarına tam cavab verir. Belə bir şəraitdə Ermənistan konkret mövqe ortaya qoymalıdır. Yəni ərazi iddiasından əl çəkməli və sülh müqaviləsini imzalamalıdır", - deyə deputat bildirib.

Əlavə edib ki, məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq: "Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməli, separatizmə dəstək verməməli və sülh prosesini uzatmamalıdır. Qarabağda erməni separatizminə son qoyulmalıdır. Dövlətimizin bu məsələdə mövqeyi prinsipialdır. Eyni zamanda, beynəlxalq birlik də aydın və konkret mövqeyini ortaya qoymalı, ikili standartlardan çıxış etməməlidir".

 

 





05.09.2023    çap et  çap et