"Fitch Solutions" beynəlxalq reytinq agentliyinin araşdırmasına görə, qlobal düyü bazarı son 20 ilin ən böyük tədarük çatışmazlığı ilə üz-üzədir. Düyü istehsalı bütün regionlarda, o cümlədən, Çin, ABŞ və Avropa İttifaqında getdikcə azalır. Proqnozlaşdırmaya əsasən, 2022-2023-cü il mövsümündə qlobal düyü tədarükündə kəsir 8,7 milyon ton olacaq. Bu, 2003-2004-cü il mövsümündən bəri ən böyük kəsir kimi qeydə alınacaq.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar Hindistanda düyünün qiymətləri 20 faiz artıb. Keçən il Hindistan düyü ixracına 20 faiz həcmində ixrac rüsumu yönəldib, eyni zamanda şəkərin və taxılın ixracına da məhdudiyyətlər tətbiq edib. Bütün bu hallar qlobal olaraq düyünün qiymətlərinə neqativ təsir göstərib.
Məsəl var: "Laf ilə plov bişməz, yağ ilə düyü gərək". Dünyada düyü bazarında baş verənlər onun Azərbaycandakı qiymətinə necə təsir göstərəcək? Düyü üzrə idxaldan asılı olan Azərbaycanda düyü qıtlığı yaşana bilərmi?
İqtisadçı-ekspert Xalid Kərimlinin dediyinə görə, dünyada düyü istehlakının 90 faizi Cənub-Şərqi və Şərqi Asiya ölkələrinin - Çin, Hindistan, İndoneziya, Tailand və s. payına düşür. Düyü istehsalında da Cənub-Şərqi və Şərqi Asiya ölkələri öndə gedir. Hazırda həmin ölkələrdə düyü istehsalında azalma baş verir və səbəb daşqınlar, musson yağışlarıdır. Pakistan bir neçə ay bundan öncə düyü ixracına məhdudiyyət də qoyub, çünki bu ölkədə istehsal 30 faizdən çox aşağı düşüb. Bundan başqa, düyü həm də buğdanın əvəzedicisidir. Ukraynada baş verən proseslərdən sonra buğdanın kəskin bahalaşması dünyada düyüyə olan tələbatı da artırıb. Buğda bahalaşanda insanlar düyüyə üstünlük verməyə başlayırlar.
Ekspert bildirib ki, dünyada düyünün qiymətində artım olacaq: "Düyü qiymətləri yavaş-yavaş qalxır və hazırda qiymətlər son 15-20 ilin ən yüksək səviyyəsinə çatıb. Bu bahalaşmanı Azərbaycan bazarında da tədricən hiss edəcəyik. Dünyada qiymət bahalaşanda adətən 6 ay sonra bu, Azərbaycan bazarına təsir edir. Azərbaycanda düyü qıtlığı olmayacaq, lakin qiymət təxminən 20-30 faiz artacaq. Ölkəmizdə daha çox buğda istehlak olunur".
İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, ötən illə müqayisədə bu il dünyada düyü istehsalı kəskin şəkildə azalıb. Düyü istehsalında liderlərdən biri olan Pakistan ixracata məhdudiyyət qoyub. Bu da sözsüz ki, dünyada düyünün qiymətinin artmasına təsir edib. Böyük ehtimal ki, ilin sonuna kimi dünyada düyü istehsalında azalma və qiymət artımı müşahidə olunacaq.
Ekspertin sözlərinə əsasən, Azərbaycanda istehlak edilən düyünün 70 faizdən çoxu başqa ölkələrdən gətirilir. Azərbaycana hər il təxminən 34 milyon dollar dəyərində düyü idxal olunur və bu, böyük məbləğdir: "Azərbaycanın istehsal etdiyi düyü ölkənin illik ehtiyacının təxminən 15-20 faizini təşkil edir. Qalanını xaricdən idxal edirik. Azərbaycana düyü əsasən, Hindistan və İrandan gətirilir. İdxaldan asılı olduğumuz üçün sözügedən ölkələrdə düyünün bahalaşması Azərbaycanda da qiymət artımına səbəb olur. Hazırda bahalaşma ilə əlaqədar ölkədə geniş tədbirlər görülür. Nazirlər Kabinetinin qərarına əsasən, növbəti ildə Pakistandan idxal olunan düyü 15 faiz gömrük rüsumundan azad edilib. Bu, vəziyyətə müsbət təsir göstərəcək və düyünün bahalaşmasını ləngidəcək. Növbəti illərdə əkin sahələrinin və məhsuldarlığın artacağı gözlənilir. Amma bununla idxalımızı azaltmaq mümkün olmayacaq".
İqtisadçı vurğulayıb ki, yerli düyü iste
hsalının daxili tələbatı ödəməsi üçün ölkədə düyü əkini sahələri artırılmalıdır: "Azərbaycanda bu məqsədlər üçün kifayət qədər ərazi var. Lakin çəltik rütubəti sevən bitkidir və hazırda ölkədə su ehtiyatları ilə bağlı çətin vəziyyət yaranıb. Amma başqa ölkələrin, məsələn, İsrailin təcrübəsindən istifadə edib yeni suvarma texnologiyalarının tətbiq ilə ölkədə çəltik istehsalını artırmaq olar".
İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, dünyada düyünün bahalaşması ölkəmizə də təsir göstərəcək. Azərbaycanda düyünün qiyməti orta hesabla 30 faiz arta bilər. Biz bu məhsulu Hindistan, Qazaxıstan, Rusiya, Tayland və Pakistandan alırıq. Sözügedən ölkələrdə düyü istehsalı azaldığı üçün ixraca qadağa qoyulub. Bu ölkələrin düyünün daxili qiymətini sabiq saxlamaq üçün belə tədbirlərə ehtiyacı var idi. Bu səbəbdən də ilin sonu, gələn ilin birinci rübünə kimi qlobal düyü bazarı ciddi tədarük çatışmazlığı ilə üzləşəcək. Bu, son 20 ilin ən böyük çatışmazlığı olacaq. Qıtlıq yaranacaq ki, bu da qiymət artımına yol açacaq.
Onun dediyinə görə, dünya bazarında bahalaşma olan yerli sahibkarlar yeni məhsulların ölkəyə gəlməsini gözləmədən qiyməti qaldırırlar: "Qiymətlərin cüzi artımı belə bizim distribütor şəbəkəmizdəki qiymət etiketlərinə öz təsirini göstərəcək. Dünya bazarlarında düyünün qiymətində artım var və bu, davam edəcək. İdxaldan asılı olan ölkəmiz bu qiymət artımından kənarda qalmayacaq".
Kənd təsərrüfatı eksperti Cəfər İbrahimli deyib ki, dünyada düyü istehsalının azalması, onun qiymətinin artması daxili bazardan da təsirsiz ötüşməyəcək: "Hətta yerli düyünün baha olmasının da əsas səbəblərindən biri istehsalın az olmasıdır. Ölkədə istehlak edilən düyünün 70 faizdən çoxu başqa ölkələrdən gətirilir. Azərbaycana hər il təxminən 34 milyon dollar dəyərində düyü idxal olunur və bu, böyük məbləğdir. Azərbaycanın istehsal etdiyi düyü ölkənin illik ehtiyacının təxminən cəmi 15-20 faizidir. Qalanını xaricdən idxal edirik. Azərbaycanda düyünün məhsuldarlığı az, istehsalın maya dəyəri daha yüksək olduğu üçün bu, daxili bazarda da yerli istehsalın nisbətən baha olmasına səbəb olur. Onu da deyim ki, əvvəllər düyünü əsasən Hindistandan idxal edirdiksə, indi Pakistandan tədarük artacaq. Ötən ilin sonunda hökumətimiz Pakistandan gətirilən düyü idxalına görə gömrük rüsumundan azad etmək qərarına gəlib. Qərar 2027-ci ilə qədər qüvvədə olacaq. Bu, müsbət təsir göstərəcək və düyünün bahalaşmasını ləngidəcək. Həm də Azərbaycanda çəltikçiliyin inkişafına digər sahələrlə müqayisədə subsidiya daha çox ayrılır. Sadəcə, mövcud torpaq, su, hava şəraitini nəzərə alsaq, həcmi artırmaq imkanlarımız məhduddur. Növbəti illərdə əkin sahələrinin və məhsuldarlığın artacağı gözlənilir. Amma idxalımızı azaltmaq mümkün olmayacaq. Hələ ki, idxaldan asılı vəziyyətdə qalacağıq. Məhsulun qiymətinin qalxmasına və enməsinə isə daha çox beynəlxalq aləmdə, yəni xarici bazarlarda olan proseslər, ərzaq məhsullarının qiymətinin yüksəlməsi və düşməsi təsir edəcək".
Çəltikçilik Azərbaycanın ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur və çəltik bitkisi Azərbaycanda ənənəvi becərilən bitki hesab olunur. Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə, fermerlərə 360 manat əkin subsidiyası verilir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb və institututda "Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası" şöbəsi yaradılıb. Həmçinin çəltiyin seleksiyası və toxumçuluğuna dair tədqiqat işlərinin aparılması üçün Lənkəran rayonu ərazisində lazımi infrastruktur yaradılıb.
2020-ci ildən Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 2020-2024-cü illər üçün çəltiyin seleksiyasına dair təsdiq olunan mövzu planına əsasən Lənkəran bölgəsində seleksiya tədqiqatları həyata keçirilir. Lənkəranda hər il 1,0-1,5 hektar sahədə toxumluq məqsədi ilə "Avanqard" sortunun əkini aparılır və 2,5-3 ton elit toxumu istehsal edilərək bölgə fermerlərinə verilir.
Çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti Pakistanda səfərdə olub. Səfər zamanı Pakistan təcrübəsindən istifadə edilərək kadr hazırlığı, ölkəmizin torpaq-iqlim şəraitinə uyğun olan yerli sortların yaradılması üçün genetik materialların Azərbaycana gətirilməsi barədə razılıq əldə edilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2022-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə artıb, 2021-ci ilə nisbətən isə dəyişməz olaraq qalıb. 2022-ci ildə çəltik istehsalı 2021-ci ilə nisbətən 8,4% artaraq 11,6 min ton olub. Çəltiyin məhsuldarlığı 2022-ci ildə hektara 36,1 sentner (s/ha) olub. 2022-ci ildə məhsuldarlıq səviyyəsi 2021-ci ilə nisbətən isə 3,7 % artıb. 2021-2022-ci illərdə düyünün 1 kiloqramının topdansatış qiymətləri 1,87-2,83 manat arasında dəyişib.
2022-ci ildə Azərbaycana düyü idxalı əvvəlki ilə nisbətən 7,4 % artaraq 50,2 min ton olub. 2022-ci ildə ölkəyə idxal olunmuş düyünün 74,8 %-i Hindistanın, 11,5 %-i Qazaxıstanın, 8,3 %-i Rusiyanın, 2,4 %-i Tailandın, 2,1 %-i Pakistanın, 0,9 %-i isə digər ölkələrin payına düşüb.
2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.
Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
Sevinc QARAYEVA
çap et