|
|
|
|
Fazil Mustafa, millət vəkili:
- Yarızarafat, yarıciddi, bu anlarda xalqımızın ən böyük dostu bilirsiniz kimdir? Niger xalqı! Əsas müttəfiqlərimizdən biri də elə Niger dövlətidir. Bir az da Fransanın başını qatsalar, tam bizim işimizə yarayacaq. Niger Respublikasının paytaxtı Niamey şəhəridir. Bəlkə qardaşlaşma üçün ora bir şəhərimizi müəyyənləşdirək. Hökm deyil ki, böyük şəhərimiz olsun. Əsas bu ərəfədə qardaşlaşmadır. Fransa orada hərbi bazasını qorumaq təlaşında. Xalq da ordu ilə birlikdə Fransaya güzəştə etmək istəmir. Orada deyəsən, aləm qarışacaq. Fransa bundan sonra TIR-larını ərzaqla doldurub öz əsgərlərinə göndərməli olacaq. Fransanın Qarabağdan diqqətini ayıracaq hər məqam işimizə yaraya bilər. Fransız əsgərlərinə Afrikada yaxşı qulaqburması verilməsi də istisna deyil.
Vüqar Əliyev, sosial şəbəkə istifadəçisi:
- Fransanın Paris şəhərinin merinin başçılığı ilə göndərilən "humanitar" yükləri gətirən TIRl-ar Azərbaycanın keçid məntəqəsinin qarşısında 1-2 saat "gözləyib" dövrə vurub geri qayıtdılar. Hamımıza maraqlı idi ki, niyə əvvəlki 22 TIR 1 aydan çoxdur orda qalıb, amma fransızların 10 maşını gəldi və tez də getdi?
Bu gün xəbər çıxdı ki, sən demə, TIR-lardakı yüklər tez xarab olan məhsullar olduğu üçün onları Gorusda anbarlara boşaldıblar. Bura qədər hər şey anormal olsa da, normal gedirdi. Amma bir əmma var...
Parisin meri, xanımça Ann İdalqo sərhəddə - GorunZorda verdiyi müsahibədə deyir ki: "Gətirdiyimiz mallar gec xarab olan məhsullardan, günəş batareyalarından, generatorlardan və bu kimi şeylərdən ibarətdir ki, bu da uzunmüddətli müqavimət göstərməyə yardım edəcəkdir".
...1988-ci ildə - Miatsum hərəkətanın təqribən ilinə yaxın Ermənistanda zəlzələ oldu. Zəlzələ vaxtı SSRİ xaricindən birbaşa Ermənistana hava koridoru açıldı. O vaxt SSRİ Nazirlər Sovetinin sədri - Nikolay Rıjkov (93 yaşı var, hələ də sağdır) göstəriş vermişdir ki, İrəvana enən təyyarələr gömrük yoxlamasından keçməsin, ümumiyyətlə yoxlanılmasın. O zaman hələ KQB-nin güclü dövrü idi. Bundan istifadə edən ermənilər külli miqdarda silah-sursat daşıdılar Ermənistana.
Fransadan gələn 10 TIR "humanitar" yük gəldi, dövrə vurdu, getmədi.
Hikmət Babaoğlu, millət vəkili:
- Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan xalqının yetişdirdiyi nadir istedadlardan biri, detektiv ustası, nasir, publisist, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, hüquq elmləri doktorudur. 27 milyon nüsxədə olan 600-dən çox kitabı 32 dilə tərcümə edilərək az qala bütün dünyada yayılmışdır. Yəni Çingiz Abdullayev doğma vətənimizi ən az 27 milyon insana tanıtmağı bacarmışdır. Özü də istedadlı xalq kimi, Çingiz Abdullayevlər yetişdirə bilmək qüdrətinə sahib olan intellektual bir xalq kimi! Görəsən, onun ləhcəsini tənqid edənlər Azərbaycanı neçə insana tanıda biliblər?
Sosiologiya izah edir ki, şəxsiyyət ilk növbədə genetik kodların, sonra isə ətraf mühitin övladıdır. Ötən əsrin ortalarında Azərbaycanda rusdilli mühitin olması Çingiz Abdullayevin günahı deyildi. Xalqımızın faciəsi idi. Çünki müstəqil deyildik. Çingiz Abdullayev isə sübut etməyi bacardı ki, istənilən mühitdə Azərbaycan xalqı öz istedadını realizə etmək qabiliyyətinə malikdir.12-ci əsrdə Nizami Gəncəvi fars dilli sosial-intellektual mühitin yetirməsi kimi əsərlərini farsca yazırdı. Onda gəlin Nizamidən də imtina edək... 16-cı əsrdə Məhəmməd Füzulinin əsərlərinin dili feillər istisna olmaqla yenə də fars dili idi. Füzulidən də imtina edək? Türk dilində yazmadıqları üçün Fərabidən, Xaqanidən, Bəhmənyardan, Tusidən də imtina etsək, görəsən, necə olar.?! Demək, məsələ Çingiz Abdullayev məslələsi deyil. Məsələ bir millətin dəyərlərini gözdən salıb onu dəyərsizləşdirməkdir.
Kollektiv vicdan deyilən bir anlayış var, biz ona bəzən ictimai vicdan da deyirik. Bir fərd öz vicdanını bazara çıxarıb dəllallıq edirsə, bu, bəlkə də fərdi hadisə olmaqla onun öz işidir. Ancaq söhbət kütləvi müstəviyə keçəndə kollektiv vicdanı qorumaq hamımızın vəzifəsinə çevrilir. Gəlin ictimai vicdanımızı qoruyaq ki, dəyərlərimizi qoruya bilək.
Əzizə İsmayılova, jurnalist:
- Şəhərdə, xüsusən də mərkəzdə, son vaxtlar təzə dəb düşüb. Bəzi böyük restoranlara, paltar və ya telefon aksessuarları mağazalarına girəndə eyni sözü eşitmək olur:
"Pos-terminalımız xarab olub, nəğd ödəyin, ya da kartdan karta köçürün". Kart nömrəsi də xüsusi şəkildə yazılıb, qoyulur qarşına. Bəzi mağazalarda elə açıq-aşkar kassanın yanında üzünə gülür.
Biraz dirəşəndən sonra nə baş verirsə, yalnız sənin üçün post terminal işləyəsi olur. Oğurluq malmış kimi gizli üzə çıxarıb kartı toxundurduğun an yenidən gizlədirlər.
"Bununla neçənci dəfədir eyni şeyi deyirsiniz, aylardır düzəlmir bu post terminal, ya mütləq vergiyə şikayət etməliyik?" sualı verəndə də bəziləri çox irəli gedir və deyir ki, "Vergi bilir, problem deyil"...
Maraqlıdır, İqtisadiyyat Nazirliyi nümayəndələrindən heç kimin yolu buralardan düşmür, yoxsa nəğdsiz ödənişlər tarixə dönür yavaş-yavaş? Cavab versələr, şad olarıq.
Səadət Məmmədova, jurnalist:
- Bu Röya ki var...
Torpağı sanı yaşasın, rəhmətlik Qədir Rüstəmov kimi gərək danışmasın, ancaq oxusun... (o vaxtlar Ağdamda belə zarafat vardı)
Konsertini çox bəyəndim, amma mahnıların arasındakı tamamilə bəsit və lüzumsuz keçidləri, zarafatları olmasaydı...
20 il olar səhnədədir, bu müddətdə yüzlərlə təzə qadın estrada ifaçısı peyda olub, amma hələ Röyadan sonra Röya kimi oxuyan yoxdur. Bu "musiqili qız"ın səsi və mahnı zövqü mənim ürəyimə və ruhuma yatır.
Fikir verdim ki, son 15 ildə əksər sahələrdə "ən yaxşı" getdikcə qıtlaşdığı kimi, mahnı yaradıcılığında da belədir - yaxşı mahnı yazılmır və ya nadir hallarda yazılır. Röyanın köhnə mahnıları indikindən qat-qat gözəldir və həm də onlar yenilərdən daha çox sevilir. Auditoriyanın reaksiyasından bunu aydın sezmək olurdu.
Kərim Kərimli, jurnalist:
- Dil və ədəbiyyat forumunda iştirak etməsəm də...
Xalq yazıçısı Çingiz Abdullayevin Azərbaycan dilinə tərcümə olunmuş ondan çox romanını redaktə, bir romanını və bir hekayəsini də rus dilindən öz dilimizə tərcümə etmişəm.
Deməli, onun ən azı 12 əsərini oxumuşam. Qeyd etməliyəm ki, bütün bu əsərlər yaxşı əsərlərdir, tərcümə etdiyim romanı gözəldir, hekayə isə əla və olduqca gözəldir. Mənim fikrimcə, bu hekayə 44 günlük Vətən müharibəsinə aid yazılmış iki ən gözəl əsərdən biridir. Odur ki, Çingiz Abdullayevin yaxşı yazıçı olmadığını söyləyənlərlə razı deyiləm. Bəli, Azərbaycan dilində danışıq səviyyəsi məni də qane etmir. Ancaq bu fakt onun yaxşı yazıçı olmadığına heç cür dəlalət edə bilməz.
P.S. Təvazökarlıqdan uzaq olduğuna görə lap axırda da qeyd edim ki, tərcümə etdiyim roman da, hekayə də onun Azərbaycan dilində ən yaxşı əsərləri hesab olunur.
Asif Nərimanlı, jurnalist:
- Paşinyanın bu gün Qarabağdakı separatçıların qondarma "müstəqillik günü" ilə bağlı müraciəti, daha sonra İtaliya mediasına müsahibəsində dedikləri Ermənistanın sülh sazişi imzalamaqdan uzaq olduğu göstərir. Nikol səhər başqa, axşam başqa söz deyir və beləcə, prosesi uzada biləcəyi düşünür. 44 günlük müharibədən ötən üç il ərzində baş verənlərdən çıxan nəticə də artıq qətiləşib: Bakı Qarabağda "müstəqillik", "öz müqəddəratını təyin etmə" iddialarını sıradan çıxarmadan, bu iddiada olan separatçıları dəfn etmədən nə sülh sazişi imzalanacaq, nə də Ermənistan ərazi iddialarından imtina edəcək.
Fərid Pərdəşünas, texnobloger:
- "IFA Berlin 2023"ün ilk səs-küylü təqdimatı "HONOR"dan gəldi. Yeni "iPhone"nun təqdimatına 11 gün qalmış "HONOR" CEO-su səhnədən "Apple"a etdiyi göndərmələrlə diqqət çəkdi.
Çantaya çevrilə bilən qatlanan konsept smartfon "HONOR V Purse" və rəsmi satışa çıxacaq incəliyi ilə fərqlənən "HONOR Magic V2" təqdim olundu.
"HONOR Magic V2" açıq vəziyyətdə 4.70 mm qalınlığa sahibdir. Qapalı vəziyyətində bu ölçü 9,90 mm-ə qədər qalxır. Bu smartfon belə incəliyə baxmayaraq, karbon silikon batareya texnologiyası ilə çox incə 5,000 mAh tutumlu batareyaya sahibdir. Güc aldığı prosessor isə "Qualcomm Snapdragon 8 gen 2".
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Milli İnternet Mükafatı - MilliNet2.0 ilə bağlı növbəti görüş oldu. Görüşdə əldə olunan razılaşmalar:
1. Oktyabrın 2-ci ongünlüyündə MilliNet2.0-a start veriləcək, resursların qeydiyyatı başlayacaq
2. Nominasiyalara yeni yanaşmalar tətbiq olunacaq, klassik formada saytların qəbulundan, 3 istiqamətli qiymətləndirmədən imtina ediləcək. Layihə yönümlü onlayn resurslar, rəqəmsal həllər müsabiqəyə buraxılacaq.
3. Resursların qiymətləndirilməsində yeni kriteriyalar, faydalılıq, innovativlik, kütləvilik, funksionallıq, dayanıqlıq və s. prinsiplər əsas götürüləcək.
4. Resursların qiymətləndirilməsini xalq deyil, ekspertlər dəyərləndirəcək. Ekspertlərin dəyərləndirməsi ilə iddiaçılar təqdimatdan dərhal sonra tanış olacaqlar
5. Yekun Təqdimatın dekabrın 2-ci ongünlüyündə İKT ictimaiyyətinin iştirakı ilə təntənəli formada keçirilməsi, qaliblərə ənənəvi Butanın təqdim edilməsi nəzərdə tutulub.
Azərbaycan İnternetinin və İT sektorun inkişafında müstəsna rolu olan MilliNet2.0 üçün sponsorluq təklifləri qəbul edilir.