525.Az

Sən həyata gülümsə...


 

Sən həyata gülümsə...<b style="color:red"></b>

...Mən onun kədərli görkəmində, zəif düşmüş vücudunda, soluxmuş çöhrəsində, işığı azalmış gözlərində, "qan ağlayan" baxışlarında, ixtiyarsız hərəkətlərində, qırıq-qırıq, fasilələrlə, amma tam aydın ifadə etdiyi fikirlərində, susaraq söylədiklərində... insan əzabının "zirvə"sini gördüm! Hərdən başımı ekrandan döndərirdim. Gözlərim göz yaşlarımın ağırlığına tab gətirmirdi: əzab çəkən insana baxmaq, ağrı-acı ilə dopdolu bir insanı dinləmək necə dəhşətlidir! Özü də o, sevdiyin insan ola... Ekrandakı isə tanıdığım və sevdiyim o insan deyildi, bəlkə də, kölgəsinin kölgəsi idi...

...2006-cı il. Prezident İlham Əliyevin tövsiyəsi ilə AzTV-də erməni işğalından, qaçqın-köçkünlərin həyatından bəhs edən "Vətən həsrəti, sönməyən ümidlər" filmini hazırlayırdıq. Ssenari mənə tapşırılmışdı. Mətni o oxumalı idi. Vədələşmişdik. Vaxtında gəldi. Bir topa kağızı uzadıb: "Nəsimi, hazırlaş..." dedim. "Ay bacı, nə hazırlaşmaq, getdik..." gülə-gülə kağızları alıb birbaşa studiyaya girdi. Denən, bircə dəfə çaşdımı, bircə yerdə duruxdumu, bircə sözü səhv dedimi, bircə vurğunu yanlış vurdumu?.. Mətni birnəfəsə oxuyub studiyadan çıxdı. İçi mən qarışıq hamı heyrət içində idi...

...Birgə təltif olunduğumuz günü də xatırladım - göz yaşımın dumanında. Çox xoşbəxt idi həmin gün! "Əməkdar jurnalist" fəxri adına layiq görülmüşdü... 

Bu gün isə... Ekranda aktyor Kamran Ağabalayev "amansızcasına" sorğu-suala tutmuşdu Nəsimi Nəbizadəni, sual sual dalınca... Cavablar isə ya zəlzələdən, ya vəlvələdən (bir azdan deyəcək ki: "Mən heç bilmədim necə oldu! Pis insanlara lənət olsun!") bataqlığa yuvarlanan, uçurumun ikicə addımlığında, sal qayanın üstündə dayanıb aşağı da, yuxarı da baxmağa qorxan, amma nə yaxşı, nə yaxşı... ayaq saxlayıb ümidlə geriyə boylanan bir insanın faciəsi, "vaxta uduzan", "öz gözündən düşən", "vicdan"ı ruhunu yandıran bir insanın etirafları, peşmançılığın son həddi!.. Etiraflara baxın: "İnsan vaxta uduzanda cığallıq eliyə bilmir - məcbur etiraf edir..." "Adam özü özündən də xəcalət çəkir..."

Kamran necə danışdırıb Nəsimini, İlahi!.. Yox ey, Nəsimi danışmırdı, Nəsimi qan ağlayırdı! Nəsiminin içi qırıq-qırıq idi, parça-parça idi! Təpədən-dırnağacan "Qapqara" kədər idi Nəsimi! O qədər "Qapqara" ki, hərdən elə Kamranı da yandırıb qapqara kösövə döndərirdi: "Çox kədərli oldu ey cavab!.."

Nəsimiyə xəcalət verən özünə, cəmiyyətdəki mövqeyinə yaraşdırmadığı hərəkətidir! Nəsimini kədərləndirən vaxtında eləmədikləridir! Nəsimiyə dağ çəkən bacısını incitməsidir: "İncitmişəm bacımı, bacıma dərd vermişəm. Ona görə bağışlamıram özümü. Heç vaxt da bağışlamayacağam..."

Ən kədərlisi isə Nəsiminin nahaq yerə məhv olan istedadıdır! O istedada qənim kəsilən özünün dediyi o "pis insanlar"dır. Bir bezin qırağı olan o "pis adamlar": aldadar, tora salar, sonra qəhqəhə çəkib gülər. Amma unudarlar ki, gec-tez o "qəhqəhələr" göz yaşı kimi özlərinə dönər... 

"Yaxşı, bəs bundan sonra? 50-də bitmir ki, hər şey..." Nəhayət, tamaşaçının intizarla gözlədiyi bu sual gəlir. Cavab, deyəsən, ovqata bir az sərinlik qatır: "Mənə elə gəlir ki, 50 yaşıma qədər ya öləcəyəm, ya da çox böyük dəyişikliklər olacaq məndə..."

Tunelin sonunda işıq görünür, deyəsən... Kamranın müdaxiləsi bu işığı bir az da gücləndirir: "Sizə bir arzum var, həm fiziki, həm mənəvi: ölməyin, Nəsimi bəy!.."

Cavabında Nəsimi gülümsəyir: "Mən başdaşımdan da baxıb sizə, güləcəyəm!.."

...Kamran Ağabalayevin bu "Qapqara"sı tunelin sonunda görünən işıqdır! Yıxılan insanın üzünə çırpılan bir stəkan buz kimi sudur! Cəmiyyətə bir mesajdır: yıxılana balta çalmayaq, üz-gözünə su vuraq, qolundan tutub qaldıraq! Unutmayaq: maskalı sifətlərlə dolu bu zalım, bu günahkar dünyaya gəlib onun günahlarından canını qurtarmaq da hər igidin işi deyil!..

Sən də, Nəsimi, hələ ölməyə tələsmə! Onsuz da vaxtı gələndə hamımız öləcəyik. Baş daşından da gülümsəməyi vəd etmə! Sən həyata gülümsə! Acılarına gülümsə! O "maskalı" yaramazlara gülümsə! Hələ də səni çox sevənlərə gülümsə! İncitdiyin bacına gülümsə!..

Gör, Kamran nə gözəl dedi: "Həyat, sanki qaralama dəftərdir. Hələ qabaqda vaxtımız olacaq ki, bunu biz bu ağlamaya səliqəli köçürə bilək. Sora da, siz dediyimiz kimi, vaxta uduzuruq. Uduza-uduza gəlirik..."

Uduzduğun bəsdir, Nəsimi, daha bundan sonra uduzma, qalib ol! Unutma, həyat uduzanları bağışlamır, qalibləri də müzakirə etmir... 

 

 





05.09.2023    çap et  çap et