|
|
|
|
Çinin Ankaradakı səfiri Liu Şaobinin Türkiyənin "Aydınlık" qəzetinə verdiyi müsahibəsində deyib ki, Pekin Türkiyənin BRİKS-ə qoşulmasını istəyir: "Biz inkişaf etməkdə olan ölkələrlə birlikdə inkişaf edəcəyik. Biz birlikdə böyüyəcəyik". Qeyd edək ki, hələ iyul ayında Rusiyanın "İzvestiya" qəzeti BRİKS beynəlxalq forumunun prezidenti Purnima Ananda istinadən Ankaranın təşkilata üzv olmağa hazırlaşması haqqında məlumat yaymışdı. Baxmayarq ki, Türkiyə BRİKS-ə üzvlük üçün hələ müraciət etməyib. Çinin Ankaradakı səfiri Liu Şaobinin "Aydınlık" qəzetinə müsahibəsi təsadüfi deyil. "Aydınlık" Türkiyədə avrasiyaçıların əsas media orqanıdır. Bu qəzet və onun sahibi Doğu Perinçek Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvanın mövqeyini dəstəkləyir. Doğu Perinçek Krımı Rusiya torpağı hesab edir və Türkiyənin NATO-dan çıxmasını təbliğ edir.
Türkiyə hələlik BRİKS-ə qoşulmaq qərarı verməsə də, bu quruma üzvlük üçün 6 yeni ölkə dəvət olunub. BRİKS-in avqustun 22-dən 24-dək Cənubi Afrika Respublikasında keçirilən 15-ci sammitində Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə bu platformaya üzvlük üçün rəsmən təklif göndərilib. Onlar gələn il yanvarın 1-də, BRİKS-ə sədrlik Rusiyaya keçdikdən sonra assosiasiyanın tamhüquqlu üzvü olacaqlar. Beləliklə də, BRİKS-in üzvlərinin sayı 11-ə çatacaq. Yeni ölkələrin daxil olmasından sonra ittifaqın necə adlandırılacağı hələ açıqlanmayıb.
Hələlik isə bildirilir ki, BRİKS genişləndikdən sonra dünya neft ehtiyatlarının təxminən 45 faizinə sahib olacaq. Eyni zamanda, BRİKS-ə yeni üzvlər daxil olduqdan sonra bu platformanın ümumi daxili məhsulu dünya ÜDM-nin 37 faizini təşkil edəcək. Üzv ölkələrin ümumi ərazisi 48,5 milyon kvadratkilometr olmaqla Yer səthinin təxminən 36 faizini təşkil edəcək ki, bu ərazidə dünya əhalisinin 46 faizi və ya 3,6 milyard insan yaşayır. BRİKS-ə 20-dən çox ölkənin üzvlüklə bağlı müracət etməsi haqqında məlumatlar da var.
Bütün bunlar BRİKS-in güclü ittifaq və "Böyük yeddilər"ə alternativ olması görüntüsünü yaradır. Amma bunlar görüntüdən başqa bir şey deyil. BRİKS-in gücü ilə bağlı yaradılan təəssüratın görüntü olduğunun əsas səbəbi odur ki, rəsmən 2009-cu ildə yaradılmış bu platformanın formatı tam məlum deyil.
BRİKS-in gücünün görüntü olduğunu təsdiq edən ikinci məqam isə ondan ibarətdir ki, kağız üzərində çox işlər görülsə də, gerçəklikdə mənzərə tamamilə fərqlidir. Xüsusilə dolların hegemonluğundan xilas olmaq, milli valyutalarla ticarətə keçmək təcrübədə uğurlu olmadı. Rusiya Hindistana nefti rupi ilə satıb, amma Rusiya şirkətləri təxminən 30 milyard dollara bərabər 2.5 trilyon rupi ilə nə edəcəklərini bilmir. Bu pulların Rusiya şirkətləri üçün adi kağızdan fərqi yoxdur. Ona görə də Rusiyanın enerji şirkətləri neft və qaz satışını ABŞ dolları və ya avro ilə həyata keçirməyin tərəfdarıdır. Digər tərəfdən Rusiyanın bank-maliyyə qurumları da enerji daşıyıcılarının dollar və ya avro ilə satılmasından yanadır. Çünki ölkənin valyuta ehtiyatlarında dollar və avronun çəkisinin aşağı düşməsi rublun öz dəyərini sürətlə itirməsinə səbəb olur. Çin, Hindistan, Braziliya, Cənubi Afrika üçün rublla ticarət sərfəli deyil. BRİKS-ə üzv ölkələrin yaratdıqları bank və fondlar Qərb fondları - Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə rəqabət aparmaq imkanında deyil. BRİKS-in yaratdığı maliyyə fondunun BVF ilə müqayisədə valyuta ehtiyatı 10 dəfə azdır.
BRİKS-in G7-yə və ya Avropa İttifaqına alternativ olmaq, onlarla rəqabət aparmaq imkanını məhdudlaşdıran məqamlar isə yalnız iqtisadi amillər deyil. Burada iqtisadi səbəblərlə yanaşı, siyasi səbəblər var. Hindistan BRİKS-in antiqərb bloku kimi tanınmasını istəmir. Qərblə çox yaxşı münasibətlərə malik Hindistan bu ələqələri təhlükəyə atmaq istəmir.
Bundan başqa, BRİKS-in iki aparıcı dövləti olan Çin və Hindistan mübahisəli ərazi səbəbindən münaqişə vəziyyətindədirlər. BRİKS-in sonuncu sammitindən cəmi bir həftə sonra Çinin Rusiya və Hindistanın ərazilərinin bir hissəsini xəritə üzərində öz sərhədləri daxilində göstərməsi də bunun sübutudur. Rusiya rəsmiləri Çinin rəsmi dövlət qurumu tərəfindən Amur çayı üzərindəki Böyük Ussuriyski adasının Çinin sərhədləri daxilində göstərməsinə etiraz etməyə cəsarət etməsə də, onların hindli həmkarları sərt mövqe bildiriblər. Hindistanın xarici işlər naziri Arindam Bakçi ölkəsinə aid torpaqların Çin ərazisi kimi göstərilməsinə dözməyəcəklərini, Yeni Dehlinin bir qarış torpağı da güzəştə getməyəcəyini bildirib. Yeri gəlmişkən, Çin Rusiya və Hindistanla yanaşı, Fillipin və Malaziyanın da torpaqlarını özünüküləşdirməkdən çəkinməyib. Belə görünür ki, Çinin iştahası bunlarla da kifayətlənmir. Rusiyanın tanınmış ictimai-siyasi xadimləri Pekinin Moskvadan yeni ərazi güzəştləri tələb etməsi haqqında məlumatlar səsləndirirlər.
Bütün bu problemlərlə yanaşı, BRİKS-i effektli olmağa imkan verməyən digər önəmli məqamlar da var. BRİKS üzvlərinin ümumi cəhətləri çox azdır. Totalitar Çinlə demokratik dövlət olduğunu iddia edən Hindistan arasında kəskin fərqlər var. Eyni fərq avtoritar Rusiya ilə demokratik dövlət olduğunu iddia edən Braziliya arasında da var.
"BRİKS nağılı"nın bir xeyli cazibədar görüntüsünə baxmayaraq, gerçəkliyə uyğun olmadığı aydın görünür. Bəs onda "BRİKS nağlı" kimə lazımdır? Əlbəttə ki, Çinə. ABŞ-la strateji rəqabətdə olan Çin təklənməkdən qorxur və BRİKS ona müəyyən təsir dairəsi yaratmağa imkan verir. Qlobal iqtisadiyyatdan qoparılmış, beynəlxalq münasibətlərdən təcrid olunmuş Rusiya üçün isə BRİKS özünün tənhalığını gizləmək üçün gözəl imkandır. Antiqərb mövqe ilə formalaşan bütün təsisatlar kimi BRİKS-in də ömrü Rusiyanın Ukraynadakı müharibəsinin nəticəsindən asılıdır.