|
|
|
|
Ermənistanın Baş naziri Nikol Paşinyanın İtalyanın ən böyük qəzetlərindən olan "La Repubblica"ya müsahibəsi Moskvada bomba effekti yaradıb. Bu da səbəbsiz deyil. Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazı tərk edəcəyi ilə bağlı "öncəgörmə" ilə çıxış edib: "Bir gün biz oyanacağıq və Rusiyanın burada olmadığını görəcəyik". Ermənistan Baş nazirinin bu "öncəgörmə"sində onun arzusunun əks olunduğu açıq hiss edilir. Əslində, Paşinyanın bu arzusu Cənubi Qafqaz xalqlarının böyük hissəsinin arzusudur. Cənubi Qafqaz Rusiyanın iki yüz illik müstəmləkə və ağalıq siyasətindən təngə gəlib. Rusiya təsir imkanlarını saxladıqca Cənubi Qafqaz xalqlarının gerçək müstəqilliyinə və azadlığına qovuşmayacağı hər kəsə aydındır. Moskvada da Cənubi Qafqaz xalqlarının Rusiyaya qarşı, yumşaq desək, narazılığından yaxşı xəbərdardırlar. Moskvanı hiddətləndirən Rusiyanın Cənubi Qafqazı tərk etməsi istəyini rəsmi şəkildə buna daha çox haqqı olan Azərbaycan və Gürcüstanın deyil, Ermənistanın ifadə etməsidir. Rusiyanın Cənubi Qafqaz siyasətindən ən çox zərər çəkən xalq Azərbaycan xalqıdır. Məhz Rusiyanın siyasəti nəticəsində ermənilər Cənubi Qafqazda dövlət yaradacaq toplum halına gəliblər. Ermənistan dövlətinin mövcudluğuna görə ermənilər hər kəsdən öncə Moskvaya, Kremlə minnətdar olmalıdırlar. Rusiyada daima belə fikir olub ki, ermənilər Rusiyaya ən sədaqətli xalqdır. Məhz bu "sədaqətli" xalqa Rusiyanın Cənubi Qafqaz siyasətində önəmli yer verilib. Bunun da nəticəsində ermənilər Cənubi Qafqazın yerli xalqları - azərbaycanlılar və gürcülərlə yanaşı, dövlət qurmaq imkanı qazanıblar. İndi isə ermənilər Rusiyanın Cənubi Qafqazı tərk etməsini istəyirlər.
Ermənistan Baş nazirini belə bir açıqlama ilə çıxış etməsinin isə iki səbəbi var. Birincisi, erməni cəmiyyəti və onun siyasi elitası İkinci Qarabağ müharibəsində Rusiyanın Ermənistana fəal yardım etməməsini Moskvaya bağışlaya bilmir. Ermənilərin iddiasına görə, Rusiya I Pyotrun vəsiyyətini yerinə yetirərək erməniləri himayə etməli idi. Ermənilər bu himayəni Rusiyanın Azərbaycana qarşı Ermənistanın əvəzinə döyüşməsindən ibarət olduğu qənaətindədirlər. Rusiya bunu etmədiyi üçün ermənilər Moskvanı, şəxsən Prezident Vladimir Putini xəyanətkar hesab edirlər. Buna görə də hər imkanda Rusiyanın, xüsususən də Putin hakimiyyətinin əleyhinə fikirlər səsləndirirlər.
İkinci səbəb isə ondan ibarətdir ki, İrəvanda belə əminlik var ki, Rusiya Ermənistana zərər verə bilməz. Nikol Paşinyanın məlum "öncəgörmə"si ilə bağlı erməni mediası açıq şəkildə yazır ki, Rusiya Prezidenti Vladimir Putinin və onun yaxın çevrəsinin onsuz da kifayət qədər problemləri var və onların hamıya cavab verməyə nə gücü, nə də imkanı var. Erməni mediasında hətta azərbaycanlılarla düşmənçiliyin səbəbkarı kimi də ruslar və Rusiya göstərilir. Ruslardan öncə azərbaycanlılarla heç zaman düşmən olmadıqlarını yazan ermənilər Moskvadan tam imtina olunması ilə bağlı da çağırışlar edirlər. Nikol Paşinyan isə bu əhval-ruhiyyəni "öncəgörmə" kimi təqdim edib.
Rusiya həqiqətən Cənubi Qafqazı tərk etmək ərəfəsindədir. Ukraynaya qarşı müharibədə məruz qaldığı hərbi-siyasi uğursuzluq, dəhşətli itkilər Moskvanın əl-qolunu bağlayır. Eyni zamanda postsovet məkanı kimi geniş coğrafiyada təsir imkanlarını saxlamaq üçün Rusiyanın resursları tam tükənib.