525.Az

Üç günlük ədəbiyyat, yoxsa böyük başlanğıc? - Şəmil Sadiq yazır


 

Üç günlük ədəbiyyat, yoxsa böyük başlanğıc? - <b style="color:red"> Şəmil Sadiq yazır</b>

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 3 gün davam edən "Azərbaycan dili və ədəbiyyatı" forumu öz işinə yekun vurdu. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən bu forum bir növ Ulu öndərin ideallarının, Azərbaycan dilinə həmişə verdiyi böyük dəyərin davamı idi.

Biz indiyə qədər öyrəşmiş və vərdiş etmişdik ki, Azərbaycan dili məsələsini həmişə təhsil, elm, ictimai hadisə kimi təqdim və qəbul edək. Mənə görə, forumun özəlliyi ondan ibarət idi ki, bu dəfə Azərbaycan dili məsələsinə mədəniyyət pəncərəsindən baxmağa çalışıldı. Mötəbər tədbir idi - Azərbaycan dili movzu olduqda, əlbəttə ki, mötəbərdir: tədbirdə iştirak və çıxış edən yüksək çinli məmurlar, ölkəmizin tanınmış alim və yazıçıları, ümumilikdə bu sahədə az və ya çox adı keçən, üzdə olan gənc və ya yaşlı insanlarının iştirakı foruma bir daha rəng qatırdı.

Uzun illər idi ki, biz Mədəniyyət Nazirliyinin fəaliyyətində mədəniyyətimizə ciddi, konseptual bir yanaşma hiss etmirdik. Daha çox adların verilməsi, bir-iki konsert tədbirləri ilə yadda qalan mədəni hadisələri izləyirdik. Uzun müddətli mədəniyyət strategiyasına, konseptinə ciddi ehtiyac var və bunun üçün də elmi, nəzəri, praktik addımlar atılmalıdır. Məhz mədəniyyət nazirliyinin təşəbbüsü ilə keçirilən bu və bunun kimi elmi-kütləvi forumlar adamda ümid yaradır, yenə həvəslənirsən. Sevinirsən ki, bu dəfə nəsə olacaq. Bundan öncə kino və teatr forumlarının keçirilməsi də bu qəbildən vacib əməllər idi. Azərbaycan dili və Ədəbiyyat forumu isə dil mövzusunda yığılıb qalmış, ürəkləri narahat edən çoxlu mətləbləri bir daha yüksək kürsüdən yada saldı və görülməli olan çox işlərin varlığından xəbər verdi.

3 gün davam edən forum ümumilikdə 5 paneldə, 5 ana başlıqda müzakirələrə, çıxışlara cəlb edildi:

1. "Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması mexanizmləri"

2. "Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və mu?asir trendlər"

3. "Teatr və kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana"

4. "Uşaq və yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti"

5. "Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları"

Bu isə, demək olar ki, dilin vacib olduğu əsas sahələr, toxunduğu məqamları əhatə edirdi. Çünki Azərbaycan dili bu xalqın, millətin ana dili və dövlət dili olduğu üçün taleyüklü məsələdir. Hər bir sahə öz növbəsində borcunu, məsuliyyətini dərk etməlidir. Görünən o oldu ki, hələ toxunulmamış, danışılmamış məsələlər də qalır və bu üç gün kifayət etmir. Çünki "mətbuatda dil", "rəsmi-işgüzar dil", "dərsliklərdə dil" mövzuları ayrıca forum və ya müzakirə istəyir.

Bu forum çox lazım idi, ümumilikdə məqsədinə də çatdı. Yığılıb qalan problemlər mütəxəssislərin dilindən səsləndirildi, danışıldı, həlli yolları tövsiyə edildi, diqqətə çatıdırıldı.

Açığı, məndə ümid yaranır ki, Mədəniyyət Nazirliyi qarşıda görəcəyi ciddi layihələr üçün alt baza hazırlayır, bu cür forumlardan çıxan məsələlərin sistemli həllinə hazırlaşır. Çünki Azərbaycan dilinin saflığı, inkişafı və güclənməsi üçün konseptual layihələrlə işləməyin vacib olduğunu bilir. Ümummilli məsələ olduğundan dilimizin mənafeyini hər yerdə, hər addımda diqqətdə saxlanılmalı olduğunu anlayır. Axı minilliklərlə tarixi olan, müxtəlif zamanlarda fərqli siyasi rejimlərin repressiyasına məruz qalmasına baxmayaraq, bu gün yaşayan, həmçinin türk dilləri içərisində öz güclü mövqeyini qoruya bilən dildən söhbət gedir.

Forum ümumrespublika əhəmiyyətli olsa da, təəssüf ki, şəxsi eqolara, replikalara, arzulara, istəklərə, yorğan davalarına qədər də enə bildi. Bəlkə də, bu, təbiidir. Amma və lakin bu cür mötəbər tədbirdə kimsə şeirinin dərsliyə salınmamasından qaynaqlanan etirazını, kimsə kitabının niyə çap edilməməsindən, kimsə dovşan sözünün yazılışından, kimsə öz mötəbər yaradıcılığından danışırsa, deməli, yenə mətləbi anlamır, səhv istiqamətə yönləndiririk.

Hər dəfə cəmiyyət nümayəndələri etiraz edir ki, məmurlar bizi dinləmir, eşitmir, fikrimizə önəm vermir. Forumun ekspert şurasında yer alan, tədbir başlamamışdan əvvəl də prosesin içində olan insan kimi arada ürəyimdən keçirdi ki, vallah, bizi dinləməsələr, yaxşıdır. Gənc mədəniyyət naziri həvəslə ümumi məsələlərdən danışır, tezislər təqdim edir, dilin inkişafına təsir edən mexanizmlərin hansılar olduğunu, bunu necə inkişaf etdirməyin yollarını axtarır, mütəxəssislərdən fikir gözləyir... Amma biz...

Mən Mədəniyyət Nazirliyini həm də ona görə təbrik edirəm ki, bu tədbirdə gənclərlə yaşlı nəslin nümayəndələrinə eyni tribunanı verə bildi. Bu, çox cəsarətli və yenilikçi addım idi. Etiraf edək ki, elə maraqlı müzakirələr, debatlar da bu iki qüvvə arasında oldu. Hə, yığılıb qalan problemləri daha çox gənclərin dilə gətirdiyini, yaşlı nəslin isə müdafiəyə keçdiyini də gördük. Əslində, bu da atalar və oğullar problemi baxımından tarixi zərurətdir. Amma düşünürəm ki, ağsaqqal alim və yazıçılarımız məhz müdafiə xarakterli mövqedə olmamalı idi. Çünki heç bir gənc çıxışçı durub açıq-aşkar "Bu qədər problem varsa, günahkarı sizsiniz, uzun illər söz sahibi siz olmusunuz" - demədi. Belə deyilmədi, əvəzində ehtiyatla, incə toxunuşlarla yenilik arzularını dilə gətirib təkliflər verdilər.

Hər şeyə rəğmən, mən bu prosesdən zövq aldım. Azərbaycan dili və Ədəbiyyat cameəsinin bir arada üç gün keçirməsi, həm rəsmi, həm də qeyri-rəsmi söhbətlərdə sadəcə dilimizin durumundan danışılması ürəkaçan hadisə idi. İndi qalır, bunun əməli nəticələrini gözləmək və görmək.

Forumdan aldığım ilhamla bundan sonrakı proseslərdə həyata keçirilməli məsələləri öz düşüncəmlə dilə gətirsəm, ümumi işə azacıq da olsa, xeyrim dəyər. Düzdür, mən də çıxışçılar arasında idim, müəyyən mətləbləri səsləndirə də bildim, amma vaxt məhdudiyyəti və şifahi nitq istək və arzularımızı çatdırmağa tam imkan vermədi. Onun üçün də bir neçə təklifi yazılı qeyd etməyi düşündüm. Çıxışım məhz nəşriyyat sektorunun problemlərinə kökləndiyi üçün təkliflərimi də bu askpektdən yazmağa qərara aldım.

Yaxşı bilirik ki, dilin inkişafı, zənginləşməsi birbaşa ədəbiyyatla bağlıdır. Bu gün isə ədəbiyyat daha çox yazılı şəkildə mövcuddur, şifahi ədəbiyyatın gücü yazılı ədəbiyyatdan qat-qat aşağıdır. Ədəbiyyatın təqdimatı kitab sənayesi ilə ayrılmazdır. Əgər biz geniş oxucu kütləsinə çata, mütaliə edənlərin sayını və keyfiyyətini yüksəldə bilsək, deməli, dilimizin də inkişafına xidmət etmiş olarıq. İstər musiqi və ya rəssamlıq, istər radio və ya televiziya, istər teatr və ya kino, istərsə də mədəniyyətin digər sahələri həmişə ədəbiyyatla eyni yolu gedir. Amma bu gün ölkəmizdə kitab sənayesinin vəziyyətinin ürəkaçan olmaması acı bir həqiqətdir. Oxucu azlığı yazıçılarımızın da stimullaşmasına ciddi təsir edir. Bu da ədəbi mühitin ölməsinə və dilimizə xoşagəlməz təsirə gətirib çıxarır. Bəs nə etməliyik?

1. Gənc yazıçıların yaradıcılığını stimullaşdırmaq üçün dəstəyin verilməsi: Yazıçıları yaradıcılığa, nəşriyyatları isə gənc müəllifləri nəşr etməyə təşviq üçün nazirlik tərəfindən gənc yazıçıların nəşr xərclərinin bir hissəsini qarşılamağı hədəf götürən dəstək planı hazırlana bilər. Bu təklifi qrant layihəsi kimi təqdim etmək olar. Belə ki, müəyyən büdcə ayrıla, nəşriyyatlar qrant üçün layihə təqdim edə bilər. Layihədə müəyyən tələblərin olması isə işin düzgün təşkilinə yardım edəcək. Hər bir layihədə çap olunacaq kitabın 1000 tirajının xərci və müəllifin qonararı üçün büdcə müəyyənləşə, redaktə, korrektə, dizayn xərclərini də nəşriyyatlar özləri qarşılaya bilər. Çapdan sonra hər bir nəşriyyatın öhdəliyi o ola bilər ki, 200 tiraj dövlət kitabxanalarına təqdim etsin. Beləcə, həm müəlliflərə normal qonorar verilə, həm nəşriyyatlar gənclərin əsərlərini çap etmək üçün maliyyə yardımı ala, həm də yeni nəşrlər dövlət kitabxanalarına göndərilə bilər. Bu da hər üç tərəf üçün böyük stimul olar. Bu, həm də milli ədəbiyyatın inkişafına ciddi dəstək olar.

2. Kitab sənayesinin vergidən azad edilməsi: Kitab sənayesinin inkişafı üçün müəyyən müddətdə nəşriyyatların vergidən azad edilməsi proqramı hazırlana bilər. Bu örnək dünyanın bir çox ölkələrində var. Kitab yalnız biznes deyil, həm strateji, həm də ideoloji məsələdir. Bunun üçün də tədris kitablarına edilən vergi güzəşti eynilə bədii ədəbiyyata və digər motivli əsərlərə şamil edilərsə, ciddi irəliləyiş olar.

3. Azərbaycan ədəbiyyatının dünyada tanıdılması: Azərbaycan ədəbiyyatının dünya dillərində nəşri və tanıdılması üçün dəstək fondunun yaradılması, bu fondun fəaliyyətinin şəffaflığının təmini, bütün xarici nəşriyyatlara bu fondun tenderində iştirak etmək üçün demokratik şəraitin yaradılması ədəbiyyatımızın inkişafı üçün çox vacibdir. Dünyanın əksər ölkələrində bu cür şəffaf qurumlar var, onlar ədəbiyyatlarını təbliğ edir, tanıdırlar. Azərbaycan bir çox sahədə, xüsusən də idmanda buna ciddi şəkildə nail olub, lakin bu gün elə Azərbaycan yazıçısı yoxdur ki, təbii yolla hansısa xarici nəşriyyatla müqavilə bağlayıb qonorar alsın, kitabı çap edilsin. Bu da yazıçılarımızın stimulunu aşağı salır. Sözügedən layihənin həyata keçirilməsi ona gətirib çıxarar ki, xarici naşirlər azərbaycanlı yazıçıların əsərlərini çap etmək arzusuna düşər və Azərbaycan yazıçısı dünyaya çıxar, stimul alar, eyni zamanda yaradıcılıq mühiti genişlənər.

4. Tərcümə ədəbiyyatının stimullaşdırılması: Dünyanın tanınmış yazıçı və alimlərinin əsərlərinin dilimizə kütləvi nəşrini nəzərdə tutan geniş layihəyə ehtiyac var. Naşirlər öz imkanları hesabına nələrsə edir, amma oxucu azlığı, satışın normal olmaması bu işi xeyli ləngidir. Əgər tərcümə ədəbiyyatı ilə bağlı qrant layihəsi olsa, müəyyən meyarlarla naşirlər bu işə təşviq edilsə, daha çox ədəbiyyatın dilimizdə tərcüməsi yaranar. Bu proses eyni zamanda tərcümələrin keyfiyyətinə müsbət təsir edər. Amma bunu bir nəşriyyatla deyil, öncədən elan edilən meyarlar əsasında müxtəlif nəşriyyatların bu prosesdə ədalətli iştirakını təmin etməklə həyata keçirmək olar. Bir nəşriyyat bilsə ki, tərcümə etdiyi kitab ölkənin mindən çox kitabxanasına alınacaq, o zaman qoyulan tələblərə cavab vermək üçün rəqabətə girər. Bu, müstəqil bazarda həmin kitabın satış qiymətinə də böyük təsir edər. Etiraf edək ki, onsuz da Azərbaycan bu görünməz vəsaiti itirir. Bu gün xarici ədəbiyyat ölkəmizdə daha çox türk və rus dillərində satılır ki, həmin pullar Azərbaycan vətəndaşının, dövlətinin büdcəsindən gedir. 300-500 tirajla dünya bestsellerini çap etməklə biz həmişə dünya bazarına uduzacağıq.

5. Milli mükafatın təsis edilməsi: Bu gün bütün ədəbi ictimaiyyət tərəfindən səbirsizliklə gözlənilən genişçaplı milli mükafatımız hələ də yoxdur. Dövlət səviyyəsində kitabçılığın müxtəlif istiqamətlərini əhatə edən belə bir mükafata ehtiyac var. Sadəcə hansısa romana yox, "ən yaxşı uşaq ədəbiyyatı", "ən yaxşı elmi-kütləvi əsər", "ən yaxşı dramaturji əsər" və sairə nominasiyaları özündə birləşdirən uğurlu mükafat təsis etmək çox vacibdir. Mükafatlara da ciddi məbləğ qoyularsa, həm böyük rezonans gətirər, həm də yazıçılarımızın maliyyə baxımından stimullaşdırılmasına xidmət edər. Burda yalnız dövlətin yox, həmçinin böyük şirkətlərin sponsorluğundan da yararlanmaq mümkündür. Sadəcə mexanizm qurulmalıdır.

6. Bölgələrdə kitab sərgilərinin intensivləşməsi: Bakı Beynəlxalq Kitab Sərgisi hər il inkişaf edir, formatı genişlənir, bunun fonunda bölgələrimizdəki kitab sərgiləri, festivalları, yarmarkaları da geniş vüsət almalı və mütəmadi keçirilməlidir. Bu prosesə yerli icra orqanları, iş adamları cəlb edilməli, həm maddi, həm də siyasi dəstəklər formalaşmalıdır. Bu gün hansısa rayonumuzda bir sərgi keçirmək istəsək, maliyyə məsələsi həll edilsə də, icra strukturlarının bu prosesə bürokratik əngəllər yaratması, əlini heç bir daşın altına qoymaması işi xeyli ləngidər və maneələrdən yorulan özəl sektor hərəkətdən düşər.

7. Kitabların reklam-tanıtım işinə dəstək verilməsi: Bildiyiniz kimi, ölkəmizdə kitab az gəlirli sahə hesab olunur. Bunun bir səbəbi reklam strategiyasının düzgün qurulmamasıdır. Kitab sektoru reklam bazarında digər sahələrlə ayaqlaşa bilmir. Nəzərə alsaq ki, kitabçılıq biznes sektorundan əlavə həm də strateji və ideoloji məsələdir, deməli, ədəbiyyatın təbliği ilə bağlı televiziya və radiolarda silsilə verilişlərin, sosial reklamların olması dövlət üçün də vacib olmalıdır. Kitabların reklamı Azərbaycan Dövlət Reklam Agentliyində sosial reklam kimi qəbul olunsa, AZTV, İTV kimi dövlət televiziyalarında kitabla bağlı verilişlər, sosial çarxlar yayımlansa, bu işə təkan vermiş olarıq.

Azərbaycan Nəşriyyatları Assosiasiyası olaraq dövlətimizin və millətimizin həyatına müsbət təsir edəcək hər bir işdə varıq, əlimizi könüllü olaraq daşın altına qoymağa hazırıq. Artıq 3 ildir ki, fəaliyyət göstərən ANAİB "Bölgələrə kitabla gedək" layihəsi ilə Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Abşeron kimi şəhərlərimizdə ənənəvi sərgilər keçirir, kitab marafonları təşkil edir.

"Azərbaycan dili və ədəbiyyatı" forumunun keçirilməsi, bir panelinin bütövlükdə kitab sənayesinə ayrılması alqışlanılası haldır. Üzvümüz olan 26 naşir adından deyə bilərəm ki, bu tarixi hadisə hər bir naşirdə, yazıçıda ümid işığı yandırıb və bu işığın tezliklə gənclərimizə, oxucularımıza yaxşı mənada ciddi təsir göstərəcəyinə ümidliyik.

 





07.09.2023    çap et  çap et