525.Az

Məsləki "tərcümeyi-halı olan" fədakar alim


 

Professor Vəfa Xanoğlanın 70 yaşı üzərinə

Məsləki "tərcümeyi-halı olan" fədakar alim<b style="color:red"></b>

Vəfa Xanoğlanın yetmiş yaşı tamam olur; bu, onun üçün bəlkə də adi bir təqvimdir, çünki bu cür hadisələrə adi bir gözlə baxır, ancaq bu rəqəmin arxasında dayanan hadisələr, çıxarılan mənalar, dərslər və nəticələr şəxsən mənim üçün və həmkarları üçün çoxdur. Çünki bu adam adi bir ömür yaşamayıb; alim ömrü yaşayıb, elmlə, mədəniyyətlə, mənəviyyatla, xalqın milli-mədəni irsi, sənət tarixi və nəzəriyyəsi ilə məşğul olub. O, bir elm və mənəviyyat adamıdır, sənətşünaslıq elmləri doktorudur, professordur. Bu isə o deməkdir ki, hər bir millətin inkişafı onun elm və təhsilindən asılıdır. Bu iki faktorun bir şəxsiyyətin (burada alim həmkarımız Vəfa Xanoğlanın!) fəaliyyətində cəmləşməsi və onu qoşa qanad kimi həyatının əsas prioritetinə çevirməsi böyük zəhmət, istedad, əzm və tələbkarlıq tələb edir. Filosof Aristotelin bir sözünü burada xatırlatmaq yerinə düşər: "Elmdə irəli gedib mənəviyyatda geridə qalan insan son nəticədə irəli yox, geriyə gedir". Bu mənada bizim qəhrəmanımızın fəaliyyətində elmlə yanaşı, mənəviyyat da başlıca yer tutur. Bu, elə bir ömürlükdür ki, tələbələri, onu tanıyanlar, onun işığından pay götürür, daim bu nurun iziylə öz yollarına davam edirlər. Bir sözlə, Vəfa Xanoğlan ona məxsus olan bu tərcümeyi-halı birdən-birə yazmayıb, illərlə zəhməti və istedadı ilə ilmə-ilmə toxuyub. Abbas Səhhətin sözləri ilə desək: "Məsləkim tərcümeyi-halımdır!"

Mən burada əziz dostumun - elm və mənəviyyat adamının ömürlüyünün ayrı-ayrı rəqəmlərinə müraciət etməyəcəm. O, cəmiyyətdə tanınmış bir alim, ziyalı, nüfuzlu təhsil işçisidir, iki yüzdən çox elmi və publisistik məqalələri çıxıb, haqqında yazıblar, onu tanıyanlar çoxdur. Bu barədə vikipediyada da kifayət qədər məlumatlar var. Son nəticədə bu rəqəmlər onun yuxusuz gecələrinin, aparılan araşdırmaların, gənc nəslin formalaşması yollarındakı fəaliyyətin rəqəmə çevrilmiş sonucudur. Burada onun ömürlüyünün üç əsas istiqamətinə toxunmaq istəyirəm; müəllimlik, ədəbiyyatşünaslıq və sənətşünaslıq. Bu istiqamətlərdən ən uzunömürlüsü və doğması müəllimlik onun ali məktəbi bitirdikdən sonra başladığı və bugünə qədər ugurla davam edən müqəddəs bir yoldur. Sonrakı iki istiqamətdən fərqli olaraq, müəllimliyin meyvəsi, necə deyərlər, çox zaman görünən nəticəyə çevrilmir. Bu, uzunmüddətli bir prosesdir; söhbət şagirdləri və tələbələrinin sayından da getmir, nəticə onun şagirdləri və tələbələrinin ondan aldıqları işıq, yolgöstərənlə öz həyat yolunu seçməsi və daim müəllimini xatırlamasıdır. Həm Füzuli rayonunda orta məktəbdə işləməsi, həm də Bakıya gələrək Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində laborant, müəllim, dosent, on yeddi il sənətşünaslıq fakültəsinin dekanı kimi işləməsi və "Əməkdar müəllim" adını alması onun bu sahədəki fəaliyyətinin yalnız görünən tərəfidir. Əsgər təkcə dövlətin sınırlarını qoruyana deyilmir, həm də bütün sahələrdə ömrü xidmətdə keçənlər bu ada layiqdir. Bu mənada Vəfa Xanoğlanın həyatı xalqa və onun milli mədənyyətinə, elminə, ədəbiyyatlına xidmətdə keçib.

Vəfa Xanoğlan elm sahəsinə hələ 80-ci illərdə bir ədəbiyyatşünas kimi gəlib. Onun ilk tədqiqat işi Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Həbib Sahirin yaradıcılığına həsr olunub. Etiraf edək ki, hələ bu zaman bu sahə oturuşmamışdı, tam olaraq, necə deyərlər, siyasi məsələlərdən dolayı o qədər də uğurlu elmi tədqiqat yolu hesab edilmirdi. Lakin Vəfa Xanoğlan məşhur professor Rüstəm Əliyevin rəhbərliyilə "Həbib Sahirin poetik yaradıcılığının inkişaf yolu" adlı tədqiqat işi üzərində ciddi araşdırmalar apararaq uğurla müdafiə etdi. Tədqiqatçı Həbib Sahir yaradıcılığına təsadüfi müraciət etməmişdi; şairin altmış illik yaradıcılığında milli ideallar başlıca yer tuturdu. Həyatı da xalqının həyatında baş verən ictimai-siyasi proseslərlə bağlı olmuş, yaradıcılığında xalqın arzu və istəklərini tərənnüm etmişdi. Səttarxanın, Xiyabaninin başçılığı ilə gedən milli azadlıq prosesinin şahidi olan Həbib Sahir sonrakı hadisələrin, eləcə də Pişəvərinin başçılığı ilə baş verən 21 Azər hərəkatının iştirakçısı olmuşdu. Vəfa Xanoğlan da şairin yaradıcılığındakı bu faktorları daha çox qabartmışdı. Həbib Sahirin milli müstəqillik və ana dili uğrunda apardığı mübarizəyə görə dəfələrlə zindana salınması və sürgünə göndərilərək məhrumiyyətə düçar edilməsi məhz onun milli mübarizə mövqeyindən doğurdu. "Azadəlik və hürriyyətlik şairi" kimi tanınan Həbib Sahirin yaradıcılığında təsvir olunan zülmə, ictimai və milli bərabərsizliyə, ədalətsizliyə, şahlıq dövrünün xalqa qarşı zülmünü təsvir etmiş və xalqı buna qarşı çıxmağa çağırmışdı. Tədqiqatçı şairin yaradıcılığında bu prosesləri yüksək qiymətləndirərək yazır: "Şairin əsərləri istər Milli hökumət dövrünə qədər və ondan sonrakı dövrdə xalqın azadlıq mübarizəsində mühüm əhəmiyyət kəsb etmişdir. İnqilabi hərəkatın genişləndiyi bir vaxtda şair öz üsyankar şeirləri ilə doğma həmvətənlərini mütləqiyyət rejiminə, xarici təcavüzə və daxili irticaya qarşı mübarizəyə səsləmişdir".

Vəfa Xanoğlanın bu illərdə yazdığı "Həbib Sahir", "Sahir haqqında bir neçə söz", "İnqilab illərinin əks-sədası", "Böyük ideallar şairi", "Böyük həqiqətlər carçısı" və s. onlarla məqaləsi yalnız elmi məzmun daşımadı, onu Azərbaycan oxucularına tanıtdı, ictimai-siyasi, ədəbi prosesə daxil etdi. Sonralar üzərində yenidən işləyib çap etdirdiyi "Hüriyyət fədaisi" (2000) adlı monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığında bu sahəyə həsr olunmuş ən yaxşı monoqrafiyalarıdan biri kimi elmi cameə tərəfindən yaxşı qarşılandı. Hələ o zaman bu sətirlərin müəllifi monoqrafiya ilə bağlı məqalə ilə çıxış etmiş və onun əhəmiyyətini xüsusi qeyd etmişdir: "V.Əliyevin "Hüriyyət fədaisi" monoqrafiyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi H.Sahir yaradıcılığının əhatə etdiyi mövzu və problematika, poetikasının zənginlikləri elmi-nəzəri cəhətdən uğurla araşdırılır. Əslində bu cür tədqiqatlar ədəbiyyatın bütövlüyünə, bu isə xalqın bütövlüyünə xidmət edən amillərdəndir. Bu baxımdan da tədqiqat əsəri qiymətli və təqdirəlayiq hesab olunmalıdır. V.Əliyev H.Sahirin taleyi və poetik irsini milli istiqlal işığında, bütöv Azərbaycan ədəbiyyatı qayəsi ilə araşdırmağa nail olmuşdur".Vəfa Əliyev Həbib Sahir yaradıcılığını yalnız ideya, milli kontekst baxımından deyil, həm də poetika baxımından araşdırır. Monoqrafiyanın bir fəsli ayrıca şairin poetika məsələlərinə həsr olunub. Tədqiqatçı burada şairin dil və üslub orijinallığı, bədii təsvir və ifadə vasitələrinin yeniliyi və gözəlliyini, vəzn və qafiyə sistemini tədqiq edərək poeziyasını nəzəri kontekstdə təhlil edirdi.

Tədqiqatçının Həbib Sahirlə bağlı tədqiqatları sonra da davam edir. Həbib Sahirin "Məndən salam olsun gözəl Təbrizə" (2004) şeirlər kitabına ön söz yazmışdır. Cənubi Azərbaycanda ədəbi proseslə bağlı məqalələri onun tədqiqatının istiqamətlərini daha da genişləndirir. "Cənubi Azərbaycan poeziyasında "Dədə Qorqud" mövzusu", "Səhənd yaradıcılığında "Dədə Qorqud" mövzusu", "Bəşəri duyğular şairi", "Sazımın-sözündə Dədə Qorqud obrazı", "Həbib Sahir və Türkiyə ədəbi mühiti" və s. məqalələrdə Cənub mövzusunu gündəmdə saxlayır.

Universitetdə işləməsi Vəfa Xanoğlanın yaradıcılığının yeni istiqamətlərini açır; ədəbiyyatla sənətin yaxınlığı və onun problemləri tədqiqatçının yaradıcılığında sıx-sıx yer alır. "Nizami epik təhkiyədə", "Teatr poetikasının seyri və sehri", "Tarixi mövzunun səhnə təcəssümü", "Mədəniyyət təhsilinin perspektivləri", "Milli teatr prosesinin tədqiqi", "Azərbaycan ədəbiyyatşünaslığına yeni töhfə", "Ekran dramaturgiyasının tədqiqi", "Azərbaycan mühacirət ədəbiyyatının öyrənilməsinin bəzi məsələləri", "Azərbaycan dramaturgiyasında metodların tədqiqi" və s. onlarla məqaləsində ədəbiyyatın və sənətin müxtəlif problemləri araşdırılır. Bütün bu araşdırmalarda tədqiqatçı geniş elmi təfəkkür nümayiş etdirir; tədqiq etdiyi mövzulara yenilik gətirir. Bu cəhətdən Vəfa Xanoğlanın "Sənətkar və ədəbi proses" (2004), "Ədəbi proses və ədəbi nəsil" (2008, prof. Nizaməddin Şəmsizadə ilə birgə) kitabında toplanan araşdırmaları elmi erudisiyası, qoyulan məsələləri həlli baxımından olduqca əhəmiyyətlidir. Əfəndiyevlər ailəsinin bədii, elmi fikir tarixindəki rolu tədqiqatçının "Ədəbi proses və ədəbi nəsil" monoqrafiyasında öz əksini tapır.

Vəfa Xanoğlanın elmi fəaliyyətində ədəbiyyatla sənətin, mədəniyyətin sintezi mühüm yer tutur. Bu nədənlə də onun araşdırmalarının böyük bir qismi sənət, mədəniyyət problemlərinə həsr edilib. Ədəbiyyatla sənətin, mədəniyyətin sintezi onun qarşısında elmi baxımdan yeni üfüqlər açır. Zaman-zaman tədqiqatçı teatr, dramaturgiya, ekran dramaturgiyasına aid məqalələr yazır və problemlər qaldırır. Azərbaycan ədəbiyyatında milli kimlik problemi, mədəniyyətimizin konseptual problemləri, gülüş mədəniyyəti, milli mədəniyyətin tarixi kontekstdə öyrənilməsi məsələləri, sənətkar və ədəbi proses, tarixilik və milliliyin vəhdəti, kino yaradıcılığı, milli özünüdərkin kulturoloji aspektləri və s. problemlər barədə yazdığı fundamental araşdırmalar həm də bu elm sahəsinin yeni platformasını müəyyən edirdi. Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsi Elçin yaradıcılığına barədə yazdığı məqalələrdə də bu tendensiyanı aydın görmək olur. Vəfa Xanoğlan bu araşdırmalarında elmlərarası əlqəni tənzimləyir və yeni meyllər axtarır. Bu araşdırmaların hər biri tədris prosesində ayrı-ayrı sahələr kimi öyrənilməlidir.

Hər bir tədqiqatçının elmi pasportu hesab olunan və onun özü üçün də doğma olan bir tədqiqat sahəsi olur. Bu tədqiqatı ilə o, təkcə elmə müəyyən yenilik gətirmir, həm də onu həyatının bir hissəsi edir, onunla nəfəs alır. Vəfa Xanoğlanın böyük yazıçı və dramaturq İlyas Əfəndiyevin yaradıcılığı ilə bağlı apardığı araşdırmalar da fundamentallığı və əhəmiyyətliliyi ilə fərqlənir. İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan ədəbiyyatının böyük faktı və faktoru olmaqla yanaşı, Vəfa Xanoğlanın bu yaradıcılığın bütün konseptlərinə eyni dərəcədə vaqif olduğu və bütün sferalarda tədqiq etdiyi sahədir; burada İlyas Əfəndiyevin məqalələri, hekayələri, romanları, dram əsərləri, tamaşaları və onların ekran həyatı və s. müxtəlif problemlər baxımından təhlil edilir. "Tarixi mövzunun səhnə təcəssümü", "İlyas Əfəndiyevin tarixi dramalarında zaman və qəhrəman problemi", "İlyas Əfəndiyev əsərlərinin tamaşa və ekran proyeksiyaları", "İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti", "İlyas Əfəndiyevin yaradıcılığında mədəni irs probleminin bədii təzahürü", "İlyas Əfəndiyev və bədii yaddaşda istiqlal düşüncəsi", "İlyas Efendiyevin yaratıcılığında Dram Sanatında Mühacerat Konusu", "Teoretiko-estetiçeskoe vozzreniya İlyasa Efendiyeva", "İlyas Əfəndiyev publisistikasının estetik parametrlərinin milli-mədəni dəyərlərdən qaynaqlanması", "İlyas Əfəndiyevin nəsr əsərlərində qəhrəmanın mədəni tipologiyası" və s. onlarla məqalələrində böyük yazıçı və dramaturqun yaradıcılığı elmi-nəzəri, sənət və mədəniyyətin kodları baxımından araşdırılaraq müəyyən nəticələrə gəlinir. Vəfa Xanoğlanın araşdırmalarında biz İlyas Əfəndiyev şəxsiyyətini və yaradıcılığını bütün parametrləri ilə duyur və dərk edirik. Bu, bir daha məlum həqiqəti təsdiq edir ki, böyük sənətkarların yaradıcılığı hər gələn nəsillə yenidən araşdırılır və dəyərləndirilir. Bu cəhətdən Vəfa Xanoğlanın İlyas Əfəndiyev yaradıcılığına baxışı özündən əvvəlki ədəbi tənqid və ədəbiyyatşünaslqıdan fərqlənir. Belə də olmalıdır, Vəfa Xanoğlan İlyas Əfəndiyev yaradıcılığına müstəqillik prizmasından baxır və kompleks şəkildə yanaşır.

Məlumdur ki, İlyas Əfəndiyev yaradıcılığı və bədii irsi ədəbi tənqid və ədəbiyyatşünaslıq baxımından müəyyən fasilələrlə tədqiq olunub. Vəfa Xanoğlan isə İlyas Əfəndiyev yaradıcılığına  mədəniyyət kontekstindən yanaşır və əsərlərində milli mədəniyyət elementlərini təhlilə cəlb edir. Bu, yalnız İlyas Əfəndiyev yaradıcılığı üçün deyil, eləcə də sənətşünaslıq baxımından bədii mətnə yeni yanaşma kimi olduqca səciyyəvi və əhəmiyyətlidir. İlyas Əfəndiyev bütün əsərlərindəki süjet xətləri onun həyatını, obrazları isə milli xüsusiyyətlərini dərindən öyrənməyə imkan verir. O, həmişə tarixi keçmişə müasirlik kontekstindən yanaşmış, onun etnoqrafik xüsusiyyətlərini reallıqla, milli-mənəvi dəyərləri olduğu kimi təsvir etmişdir. Bütün bu araşdırmalar Vəfa Xanoğlanın "İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti" (2013) monoqrafiyasının yazılması ilə sonuclanır. Tədqiqatçı İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatına, dramaturgiyası və teatrına gətirdiyi yeniliklər mədəniyyət və milli kimlik kontesktində araşdırılır. Doğrudan da, Vəfa Xanoğlana qədər İlyas Əfəndiyevin sosial-kulturoloji görüşləri bu kontekstdə təhlil edilməmişdi. Monoqrafiyada İlyas Əfəndiyevin nəzəri-estetik görüşlərinə də nəzər yetirilir. "Dramaturgiyamızın bəzi məsələləri haqqında", "Teatr qayğıları", "Teatr və dramaturgiya məsələləri", "Gözəl tamaşalar yaradın", "Yüksək səhnə əsərləri ugrunda" və s. nəzəri məqalələri təhlil edilir. İlyas Əfəndiyev dilinin rəvanlığı, təhkiyə orijinallığı, üslub fərdiliyi, milli folklora və xalq deyim tərzinə bələdliyi mənəvi düşüncəsinin zənginliyindən irəli gəlirdi və xalqın mənəviyyat kodeksinin daşıyıcısı kimi çıxış edirdi. Yazıçının dili və əsərlərindəki milli kolorit, canlı danışıq dili onu xalqın bədii tərcümanı olaraq təsdiq edir.

 Vəfa Xanoğlan İlyas Əfəndiyevi yalnız bir nasir, dramaturq kimi təqdim etmir, həm də bir mücadilə adamı, mədəniyyət və mənəviyyat daşıyıcısı olaraq göstərir. Qarabağ hadisələri fonunda həyatdan köçən yazıçının yaradıcılığı bu hadisələrdən sonra yeni mahiyyət daşıyır və yeni gözlə oxunur. Vəfa Xanoğlan da məhz belə edir; İlyas Əfəndiyevin əsərlərindəki Qarabağ mesajları yazıçı və dramaturqun şüurlu olaraq tarixi həqiqətə sadiq qaldığını təsdiq edir. "Torpaq bizə əmanətdir, onu gözümüz kimi qorumalıyıq" mesajı "Geriyə baxma qoca", "Üçatılan" romanlarında, "Mahnı dağlarda qaldı", "Natəvan", "Hökmdar və qızı" dramlarında yeni kontekstdə oxunur. Yazıçının "Çovğunlu bir qış günündə", "Orfey quyudan çıxandan sonra nə gördü", "Hacı Axundun cənnət bağı necə oldu?", "Xan qızı Gülsənübərlə tarzən Sadıqcanın nağılı", "Şuşa yollarında", "Qaçaq Süleymanın ölümü" və s. xatirə-povestləri, hekayə və nağılları Qarabağın bədii səlnaməsidir. Tənqidçi Yaşar Qarayev nahaq yerə demirdi ki: "Bütünlükdə İlyas Əfəndiyev yaradıcılığını mən səkkizinci "Qarabağnamə" hesab edirəm". Bu əsərərlə yazıçı və dramaturq təkcə bədii nəsrə, teatra xidmət etməyib, xalqda tarixə yeni baxışı, xalqa, millətə sədaqət ruhunu insanlıq, əxlaq kodekslərini formalaşdırıb, tarixin "ağ ləkə"lərini yeni nəsilə çatdırmaq istəyib.

"İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti" monoqrafiyasında Vəfa Xanoğlanın üzərində durduğu problemlərdən biri də "İlyas Əfəndiyev teatrı" terminin içini doldurması, dramaturqun əsərlərini bu kontekstdə təhlil etməsidir. Dramaturgiyada İlyas Əfəndiyev mərhələsinin xüsusiyyətləri, yeniliyi tədqiqatçıya imkan verir ki, bu məsələni bütün yönlərilə araşdırsın. Onun belə bir doğru qənaəti ilə razılaşmamaq olmur: "Dramaturqun yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatr təfəkkürünün inkişafına təsir göstərib. Azərbaycan teatr poetikası bədii-estetik siqlətini geniş anlamda "İlyas Əfəndiyev teatrı"nda tapdı".

Alim, tədqiqatçı üçün hər şeydən əvvəl, elmi təfəkkürün olması vacibdir; Vəfa Xanoğlanın da bütün araşdırmalarında elmi təfəkkür əsasdır. Lakin onun tədqiqatçılığının bir xüsusiyyətini də mütləq qeyd etməliyəm; bunsuz elmi təfəkkürün də elə bir əhəmiyyəti yoxdur. Bu da təxəyyüldür, elmi təfəkkürlə yanaşı, alimdə həm də təxəyyül olmalıdır, çünki təxəyyülsüz elmi təfəkkür məlumat kitabı kimi bir şeydir, orada hər şey var, lakin tədqiqatçının özünün düşüncəsi, mövqeyi yoxdur. Vəfa Xanoğlanın bütün araşdırmalarından onun alim obrazı təfəkkürlə təxəyyülün sintezi kontekstində cəsarətlə boylanır.

Sənətşünaslıq elmləri doktoru, professor Vəfa Xanoğlan öz ömrünü elmə, mədəniyyətə, təhsilə və tədrisə həsr etmiş fədakar bir alim olmaqla yanaşı, böyük hərfli bir vətəndaşıdır. Məncə, bu xüsusiyyət alim üçün çox önəmlidir; mənəviyyatın elmindən heç zaman geri qalmamalıdır. Vəfa Xanoğlan elmində də, mədəniyyətində və davranışında da bir mənəviyyat adamı olduğunu hər zaman göstərib. Hər yerdə hər zaman milli mövqeni şəxsi ambisiyalardan öndə tutub. O, bir vətənsevərdi, millət dərdi çəkəndi. Bu cəhətdən onu XX yüzilin əvvəllərindəki ziyalılarımıza bənzətmək olar. Hər zaman həyatında, davranışlarında ədaləti, düzlüyü, səmimiyyəti qoruyub saxlayıb; dostluqda olduqca sədaqətli, yoldaşlığın qədrini biləndi. Olduqca sadədi; lakin bu sadəliyin arxasında nəsildən gələn özünəməxsus bir müdriklik var. Otuz ilə yaxındır ki, universitetdə işləməsi, mühazirələr oxuması onu gəncliklə yaxınlaşdırıb, bir qədər də dəqiqləşdirsək, onu ruh və düşüncə baxımından gəncləşdirib, həyata baxışını yeniləyib. Biz də alim, ziyalı dostumuza həmişə belə gənc, sağlam qalmağı diləyir və elmi fəaliyyətində ugurlar arzulayırıq.

 





07.09.2023    çap et  çap et