525.Az

Ucalıq


 

Ucalıq<b style="color:red"></b>

 Azərbaycan Ordusunun əsgəri Nahid Vahid oğlu Məmmədov 27 sentyabr 2020-ci ildə işğal altında olan ərazilərin azad edilməsi uğrunda savaşa könüllü gedib. 14 oktyabr 2020-ci ilə kimi addım-addım, kənd-kənd torpaqlarımızı azad edən qəhrəmanların sırasında olub. İndisə Xəzər rayonu Binə qəsəbəsində Şəhidlər xiyabanında uyuyur.

Anası Səadət xanımın danışarkən hələ də "uşağım" dediyi Nahid  birdən-birə azad olunmuş torpaqlarda ucalan bayraqlarla birlikdə böyüyüb-ucalıb: "Qardaşı Elməddin ilk nəvə olduğundan hamı onu daha çox əzizləyirdi. Mənsə daha çox Nahidə bağlıydım. Onu elə uşaq kimi əzizləyərdim. Mənimçün böyüməmişdi elə bil. Anayam, bəlkə ondan tez ayrılacağımı, onu daha az görəcəyimi hiss edirdim. Müharibəyə gedəndə ayıldım birdən. Oğlum o qədər böyüyüb ki, vətəni azad etməyə gedir - deyə düşündüm".

Ana nə qədər özünü toparlamağa çalışsa da, gözündəki damlalar yanağından süzülmürdü, bütöv düşürdü... Adama elə gəlirdi ki, yer kürəsidir ananın gözlərindən düşən. Müharibələrdən bezən, ağrıyan Yerdir...

1996-cı il iyunun 11-də elə Binədə dünyaya göz açmışdı Nahid. Bütün uşaqlar kimi sevinmiş, ayaq açıb yerimişdi. 2002-2013-cü illərdə Binədəki R.Sadıxov adına 136 saylı məktəbdə orta təhsil almışdı.

2013-2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat universitetinin nəzdindəki İnşaat kollecində oxumuşdu.

2014-2015-ci ildə Gəncədə, sonra Ağdamın sərhəd kəndində illərlə düşmən qonşuların hərbi cinayətlərinin şahidi olan Xındırıstanda, sonra Yenikənddə  müddətli həqiqi hərbi xidmət keçmişdi. Baş əsgər və baş atıcı idi. Xidmət hissəsindən ailəyə tərifnamələr, təşəkkürnamələrlə qayıtmışdı. Həqiqi hərbi xidmətdən sonra təhsilinə davam edib, İnformasiya texnologiyaları ixtisasına yiyələnmişdi. Müxtəlif yerlərdə işləmişdi. Kənardan sakitcə yaşayırmış kimi görünsə də, Nahid sərhəddə keçən xidməti günlərini unuda bilmirmiş.

Atası Vahid Məmmədov: "Hər gün işğalda olan torpaqları görmək çox çətindir. Adam döyüşmək, torpaqları azad etmək istəyir" deyirdi tez-tez. Nə edəsən ki, Azərbaycanın taleyinə də belə namərd qonşular düşüb. Ev deyil ki, satıb köçəsən. Bu, vətəndir. Onu qorumalısan. Məncə, vətəni sevən hər bir kəs torpaqlarımızın ermənilərin işğalında olmasından narahat idi. Döyüşməyə hazır idi. Oğlanlarım məktəbli olanda da torpaqlarımızın ermənilərdə olmasından narahat olurdu. Sindirə bilmirdi iki oğlum da. Bu işğalla barışa bilmirdilər. Tovuz hadisələri zamanı, Polad Həşimovun ölüm xəbəri yayılanda gedib ikisi də könüllü yazılmışdı. Heç sorğu-sualı olmadı. Əksinə, qürur duydum oğlanlarımla. Mən sevinirəm ki, ləyaqətli oğullar böyütmüşəm. Belə oğullar böyüdən ata-analar qürurlu olmalıdır. Məni aparsaydılar, özüm də gedib döyüşərdim. Nahidə  qismət imiş. Qardaşını aparmadılar. Düzdü, çox cəsur idi, "erməniyə can verməz" deyə düşünsəm də, şəhid olacağını hiss eləmişdim".

Hər bölükdə seçilmiş əsgərlər olur. Onlar həmişə öndə gedir. Şəhidləri, yaralıları çıxarmağa da onlar gedir. Düşmən əlinə keçməsin deyə şəhidləri, yaralıları döyüş bölgəsindən çıxarmaq da hər döyüşçünün bacardığı iş deyil. Bunun üçün möhkəm iradə, cəldlik, psixoloji və fiziki güc gərəkdir. Nahid Məmmədov məhz belə döyüşçü idi. Şəhidləri təhlükəli ərazidən çıxarmaq, yaralıları xilas etmək döyüşməkdən asan deyildi. "Bizim xilasedici"miz idi"- deyir döyüş yoldaşları.

14 oktyabr... 530 yüksəkliyi uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu. Yüksəklik güclü müdafiə olunurdu. Texnika ilə getmək mümkün deyildi. Yaxın məsafədə, üzbəüz atışmalarla irəliləyən oğulları təsəvvür edin... Tərtər-Ağdərə yolunun üstündə yerləşən yüksəklik Ağdərənin açarı idi.

Füzuli Balakişizadə də çoxu kimi 27 avqust 1999-cu ildə İkinci Qarabağ savaşından illər sonra anadan olub. Orta təhsilini bitirdikdən sonra 2016-2020-ci illərdə Gəncə Dövlət Universitetində təhsil alıb. Sonra Həqiqi hərbi xidmətə yollanıb: "Ərazilərimizin işğalda olmasıyla barışa bilmirdim. Elə bilirdim ki, mütləq mən döyüşməliyəm. Hərbi xidmətə gedəndə özümü savaşa gedən kimi hiss edirdim. Torpaqların azadlığı fikri beynimə oturmuşdu. Bəlkə elə uşaqlıqdan adımla birlikdə ruhuma hopmuşdu. 26 sentyabrdan 27-nə keçən gecə artıq döyüşə hazır idik. Müharibənin necə ağır olduğunu bilsək də, hamımız sevinirdik. İlk gündən özümü qalib hiss edirdim. Nahid könüllülərdən idi. Əslində komandirlər könüllüləri qabağa buraxmamağa çalışırdılar. Amma Nahidi saxlamaq olmurdu. "öndə gedəcəm" deyə inad edirdi. Dayanan kimi "nə vaxt irəli gedirik" deyirdi. Hücumda, döyüşdə həmişə öndə getmək döyüş bacarığı, psixoloji hazırlıq, cəsurluq tələb edir ki, Nahid belə oğul idi. Ağdərə, Suqovuşan uğrunda döyüşlərdən keçmişdik. Suqovuşan azad idi. 530 yüksəkliyini almalıydıq. Nəsə sakitlik yarandı. 14 oktyabr döyüş yoldaşımız Anarın doğum günü idi. Döyüş tapşırığını da yerinə yetirmişdik. Sevinirdik. Anarı sözlə də olsa təbrik etmək istədik. Mina yağışı başladı. 3-5 metr məsafədə düşdü minalardan biri. Qəlpələr üstümüzə yağdı. Yaralandım. Anar da yaralandı. Yarası nisbətən yüngül olduğundan bizi o təxliyə etdi. Gözüm Nahiddə idi. Nahidin şəhid olduğunu hiss etdim. Müharibənin ən ağrılı tərəfi döyüş yoldaşlarını itirməkdi. Hələ də unuda bilmirəm o səhnəni. "Yüksəkliyə birinci özüm qalxacam" deməyini unuda bilmirəm. Yüksəkliyə qalxmağı elə arzulayırdı ki..."

Kədərləndi Füzuli. Mən də ona onsuz da unuda bilmədiyi anları bir daha yaşatdığım üçün kədərləndim. Həm də sevindim. Sevindim ki, bizim hələ uşaq dediyimiz bu oğullar işğalda olan torpaqların azadlığı kimi tarixi xoşbəxtlik yaşadılar.

Səadət xanımın xatirələrindən: "Dördüncü sinifdə oxuyurdu. Bir gün həyacanla evə gəldi. "Ana, müəllim "Mənim arzum" mövzusunu yazmağı tapşırıb. Özü də on cümlədən çox olmasın. Yazım, sən də baxarsan - dedi. Oxudum maraqla. Yazısı qəzetdə də çap olundu: "Vətənim Azərbaycandır. Onun hər qarış torpağı mənim üçün doğma və əzizdir. Arzu edirəm ki, tezliklə işğal altındakı 20 faiz torpağımız azad olunsun. O günü səbirsizliklə gözləyirəm. Əgər mən də böyük olsaydım torpaqlarımızın müdafiəsinə qalxardım".

Belə yazmışdı Nahid Məmmədov "Mənim arzum" mövzusunu. Bu arzuyla böyüdülər qeyrətli oğullarımız. O qədər böyüdülər ki, ən uca zirvəyə qalxdılar elə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azadlığına görə" medallarına layiq olan Nahid Məmmədov kimi...

 

 





07.09.2023    çap et  çap et