525.Az

Vətən sevdalısı


 

Vətən sevdalısı<b style="color:red"></b>

İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda şəhid olub adını tarixə yazan minlərlə igidlərdən biri də Zaur Nizami oğlu İsmayılzadədir. 29 iyul 1995-ci ildə  Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olan bu Vətən sevdalısı həyatı dərk edən gündən ana yurdu Azərbaycanın hər qarışına ürəkdən bağlanır. Odur ki, Vətənin harayına birincilər cərgəsində gedir, torpaqlarımızın azadlığı naminə ömrünün ən gözəl zamanında, 25 yaşında əbədiyyətə qovuşur. Vətən, xalq adı dastana düşən qəhrəman oğlunu bağrına basmaqla bərabər, layiq görüldüyü "Vətən uğrunda", "Cəsur döyüşçü", "Müharibə iştirakçısı", Füzulinin, Şuşanın azadlığına görə medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni gələn nəsillərə yadigar qalır. Onun əziz xatirəsinə ucaldılan bulaq isə lənkəranlılar üçün müqəddəs and yerinə dönüb.

Şəhid adı özündə torpağına, millətinə ilahi bir sevgi yaşadan, həmişə ehtiramla xatırlanan Zaur İsmayılzadə 2013-cü ildə müddətli hərbi xidmət keçməkdən ötrü səfərbər olunur. Sərhəd Qoşunlarının Zaqatala və Balakəndəki hərbi hissələrində əsgəri qulluq keçir, nümunəvi Vətən keşikçisi kimi tanınır, komandirlərin bütün tapşırıqlarını məsuliyyətlə yerinə yetirir.

2014-cü ilin yanvarında Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində təşkil edilən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) hazırlığı kursunda oxuyur, qatıldığı təlimlərdə xüsusi peşəkarlıq göstərməklə zabitlərin, əsgərlərin sevimlisi olur, kursu bitirib hərbi hissədə xidmətə başlayır.

Şanlı tariximizə yazılan 2016-cı ilin aprel ayındakı məlum 4 günlük müharibəyə Zaur da qatılır. Və torpaq uğrunda gedən ölüm-dirim mübarizədə göstərdiyi şücaətlə ad qoyur, Lələ-təpə yüksəkliyinə qələbə bayrağımızı sancan qəhrəmanlardan biri olur. Zaur Vətən müharibəsi başlayan andan - 27 sentyabrdan əlinə silah alıb odun-alovun içinə atılır. Müharibə meydanında düşmənləri məhv edib Vətən torpaqlarını azad görmək eşqi ilə döyüşür. Füzuli, Xocavənd uğrunda gedən haqq savaşımızda girdiyi döyüşlərdə ön sıralarında olur, yağı düşməni qanda boğmaqla ona böyük itkilər verir. Oktyabr ayının 7-də isə namərd düşmən gülləsi ondan da yan keçmir...

Şəhidlik ən müqəddəs bir yoldur. Zaur İsmayılzadə də qısa ömrünü belə yaşadı. İllər keçəcək, həmişə onun adı Vətənlə qoşa çəkiləcək.

Zəfər ORUCOĞLU

 





07.09.2023    çap et  çap et