525.Az

Əziz müəllimimizə vida


 

Əziz müəllimimizə vida<b style="color:red"></b>

1999-cu ilin yayı... Uşaq qəlbimi həyəcan bürümüşdü, həyatımın yeni səhifəsi açılırdı - məni məktəbə yazdırmağa aparırdılar. Ta uşaqlıqdan əzbər bildiyim şeirləri bir-bir ürəyimdə təkrarlaya-təkrarlaya gedirdim. Anam demişdi ki, soruşacaqlar. Nəhayət, gəlib əzəmətli bir binanın önünə çatdıq. Balaca boy, cılız-mılız, xəfif mehdən yıxılacaq bir uşaq üçün çox böyük bir bina idi bu. Dedilər ki, məktəbdir... Direktorun otağının önündə mənim kimi bir neçə uşaq valideynləri ilə bərabər gözləyirdi. Sıra bizə çatanda içəri girdik. Başdakı masada nurani simalı, qırmızı saçlarını hörüb çox səliqəli şəkildə dairəvi formada yığmış bir xanım üzündəki xəfif təbəssümlə qarşıladı məni. Anamgillə nəsə danışandan sonra mülayim səsi ilə məni yanına çağırdı: "Şeir bilirsən?" "Bilirəm" - dedim və ta körpə ikən anamın mənə öyrətdiyi şeirlərdən birini - şair Zeynal Vəfanın "Analar" şeirini söylədim.

O, bu şeiri eşidəndə həm təəccübləndi, həm də deyəsən, xoşuna gəldi. "Bunu sənə kim öyrədib?" - soruşdu. "Anam"- dedim. Anama dönüb: "Bura birinci sinif üçün gələn uşaqların çoxu ya şeir bilmir, ya da "Xoruz", "Keçi" şeirlərini deyirlər. Nə yaxşı siz bu uşağa belə gözəl şeirlər öyrədirsiniz" - deyib gülümsədi. Sonralar öyrənəcəkdim adına "direktor" dedikləri həmin mülayim simalı, zərif görünüşlü xanımın bütün Azərbaycanda tanınmış pedaqoq, Əməkdar müəllim olduğunu.

Bəli, o Raisa Tahirova idi ki, sonradan bizim sevimli, əziz Raya müəllimimiz oldu.

Raisa Tahirova 1935-ci il fevralın 23-də Bakıda fəhlə ailəsində anadan olub. Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Biləcəridəki 7 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri kimi başlayıb. Sonralar 169 saylı məktəbdə müəllim işləyən Raisa xanımın həyatı sonradan 80 saylı məktəblə birləşib. 

Məktəbimiz onun direktorunun adı ilə tanınırdı. Bu da səbəbsiz deyildi. Çünki "Qabaqcıl maarif xadimi", "Əməkdar müəllim", Prezident təqaüdçüsü, ixtisasca Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Raisa Tahirova düz 35 il 80 saylı məktəbə rəhbərlik edib. Nə xoş halımıza ki, onun son 10 ili bizim qismətimizə düşdü. Biz də Raisa müəllimənin rəhbərliyi altında oxumaq, ondan görüb-götürdüklərimizlə şəxsiyyət kimi yetişmək imkanı qazandıq. Biz 10-cu sinifdə oxuyarkən isə Raya müəllimə öz istəyi ilə direktorluqdan çıxıb, məktəbdə müəllim kimi fəaliyyətini davam etdirdi.

Raisa müəllimə şəxsən Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış və daim öz nəzarətində saxladığı bir məktəbə rəhbərlik edirdi. 1960-1970-ci illərdə Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərin əksəriyyəti beynəlmiləl məktəblər imişlər. 1969-cu ilin iyul ayında Ulu öndər ilk dəfə Azərbaycan rəhbərliyinə gəldikdən sonra elə ilk zamanlardan hər sahənin olduğu kimi, təhsil sahəsinin də vəziyyəti ilə maraqlanır və vəziyyəti öyrəndikdən sonra qərar verir ki, Bakıxanov qəsəbəsində sırf Azərbaycan bölməli milli məktəb yaradılsın. Həmin dövrdə də 80 saylı məktəbin tikintisi gedirmiş. Ulu öndərin tapşırığı ilə qərar verilir ki, tikilən yeni məktəb sırf milli məktəb olmalıdır. Beləcə, həmin dövrdə burada fəaliyyət göstərən 72, 74, 169, 213 saylı məktəblərin Azərbaycan bölmələri əsasında 1969-cu il sentyabrın 23-də qəsəbədə ilk milli məktəb olaraq 80 saylı məktəb açılır. İlk direktoru Hacıməmməd Hacıyev olan məktəbə 1973-cü il sentyabrın 23-dən Raisa Tahirova rəhbərlik etməyə başlayır. Onun dövründə Heydər Əliyev və bir sıra yüksək vəzifəli şəxslər dəfələrlə məktəbi ziyarət ediblər. Hər birində Raisa Tahirovanın rəhbərliyi ilə məktəb ziyarətdən alnıaçıq, üzüağ çıxır və hər zaman nümunəvi məktəb olmağı bacarır.

80 saylı məktəb nadir məktəblərdəndir ki, uzun illər pedaqoji heyətinin böyük əksəriyyəti öz məzunlarından ibarət olub. Bu da Raya müəllimənin zamanında qoyduğu ənənə idi. O deyirdi ki, mən istəmirəm savadlı şagirdlərim bizdən uzağa düşsünlər. Buna görə də şagirdlərinə sevə-sevə qucaq açır, bir ana kimi onları qanadlarının altına yığmağı yaxşı bacarırdı. Ona görə də oxuduqları məktəbə qayıdan o məzunlar bura təkcə iş yerləri kimi yox, öz doğma ocaqları kimi baxır, bu həvəslə, şövqlə tədris aparırdılar. Hətta mənim ədəbiyyatı sevib filologiyaya yönəlməyimə səbəb olan müəllimim İlahə Axundova da zamanında ona dərs demiş Raya müəlliməyə sevgisinə görə filoloq olmuşdu.

Bir neçə gün öncə 88 yaşlı qocaman pedaqoq, 80 saylı məktəbin sütunu, Azərbaycan elminə, cəmiyyətimizə minlərlə peşəkar kadr yetişdirmiş, hər birimizin şəxsiyyət kimi formalaşmağımızda böyük zəhmətlərə sahib Raisa Tahirova bu fani dünyaya gözlərini əbədi yumdu. Tək təsəllimizsə odur ki, Raya müəllimə biz şagirdlərinin qəlbində, xatirəsində əbədi yaşayacaq. Ruhunuz şad olsun, bizi biz edən müəllimimiz!

 

 

 

 





07.09.2023    çap et  çap et