525.Az

Ağdam-Xankəndi, Laçın yolu və Bakının qətiyyətli mövqeyi


 

Ağdam-Xankəndi, Laçın yolu və Bakının qətiyyətli mövqeyi<b style="color:red"></b>

Rəsmi Bakı Ağdam-Xankəndi yolu və Laçın yolu ilə bağlı mövqeyində qətiyyətli mövqeyini davam etdirir. Azərbaycan dövləti erməni şəbəkəsinin dünyada Azərbaycan əleyhinə apardığı kampaniyaya, təxribatlara, bəzi xarici güclərin çağırışlarına, təzyiqlərinə baxmayaraq, bu mövqedən geri addım atmayacaq. Çünki söhbət ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətdən, eyni zamanda dövlətin öz daxili işləri ilə bağlı qəbul etdiyi qərarlardan gedir ki, buna da kiminsə müdaxilə etməsi yolverilməzdir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyü məsələsinə hər zaman hörmətlə yanaşıb, hər hansı ölkənin daxili işlərinə qarışmayıb. Eyni yanaşmanı özünə qarşı da tələb edir. Ermənistanın havadarları ilə birgə bir müddətdir Bakıya qarşı davam edən təxribatları, antiazərbaycan kampaniyası iflasa məhkumdur. Artıq biz bunu müşahidə etməkdəyik. Bu kampaniyadan planlaşdırdıqları nəticəyə nail ola bilmədilər. İrəvan gah bütün beynəlxalq normaları pozaraq Fransa merlərinin müşayiəti ilə humanitar yardım adı altında Qarabağ erməniləri üçün Laçın yoluna TIR gətirməyə cəhd edir, gah xarici mediada əleyhimizə şər-böhtan dərc edir, gah da hərbi təxribatlara əl atır. Bütün addımlar sülhdən yayınmağa, bölgədə vəziyyəti daha da gərginləşdirməyə yönəlib. İrəvan-Paris cütlüyü başa düşür ki, artıq "öz müqəddəratını təyinetmə", Qarabağ ermənilərinə hansısa status tələb etmək, "artsax" kimi nağıllar sona yetib. Bu qanunsuz çağırışlara yeni nəfəs vermək heç kim üçün maraqı deyil, dəstək almır və almayacaq. Bunları Fransanın, erməni lobbisinin və diasporunun yenidən gündəmə gətirməsi sülhdən yayınmağa, reinteqrasiyanın qarşısını almağa yönəlib. Qarabağ erməniləri Azərbaycan ərazisində yaşayırlarsa, ölkənin qanunlarına da əməl etməlidirlər.

Rəsmi Bakı baş verənlərə münasibətini növbəti dəfə ifadə edib. ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Prezident İlham Əliyevlə aparılan telefon danışığı zamanı Azərbaycan lideri Laçın yolunun hansı şərtlə açıla biləcəyini diqqətə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Prezident qeyd edib ki, Ağdam-Xankəndi yolundan istifadədən bu formada imtina etmək siyasi manipulyasiyadır və həmin ərazidə guya humanitar, yaxud qida böhranının yaşandığını iddia etmək üçün məqsədyönlü yalandır. Dövlət başçısı ABŞ rəsmisinin diqqətinə çatdırıb ki, Ağdam-Xankəndi yolunun açılmasından sonra Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə Laçın-Xankəndi yolu açıla bilər. Azərbaycan tərəfi ilə razılaşdırmadan Ermənistan tərəfindən Azərbaycanın "Laçın" sərhəd-keçid məntəqəsinin qarşısına humanitar təyinatlı olduğunu iddia etdikləri yüklərin gətirilməsi Azərbaycanın daxili işlərinə qarışmaqdır, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Məlumdur ki, Ermənistan işğal müddətində Azərbaycanın gömrük qaydalarını da pozub. Belə ki, Qarabağa gətirilən mallara gömrük rüsumları tətbiq edərək Azərbaycan büdcəsinə külli miqdarda zərər vurub. Artıq Ermənistanın Laçın yolu vasitəsi ilə Qarabağa gətirilən mallardan qanunsuz gəlir əldə etməsi dövrü sona çatıb. Laçın gömrük-keçid məntəqəsi Azərbaycanda fəaliyyət göstərən bütün digər gömrük-keçid məntəqələri kimi eyni qaydalarla fəaliyyət göstərəcək.

Qeyd edək ki, telefon danışığı zamanı Azərbaycan ərazisində separatçıların hələ də mövcud olması gündəmə gətirilib. Prezident bəyan edib ki, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır. Rəsmi Bakı daha əvvəl bəyan edib ki, Azərbaycan ərazisində boz zona olmayacaq. Dövlət başçısının Blinkenlə telefon danışığı zamanı ərazimizdə hələ də separatçıların olmasına toxunması da Azərbaycanın bu məsələdə daha artıq səbr göstərməyəcəyini nümayiş etdirir. Və Azərbaycan dövləti öz ərazisində separatçılara qarşı istənilən an antiterror əməliyyatı keçirə bilər.

Milli Məcəlisin deputatı Vüqar Bayramov hesab edir ki, Azərbaycan Ermənistan sərhəddində gərginlik qalmaqdadır, ordumuzun mövqelərinin atəşə tutulması halları artır. Amma yeni gərginlik nə siyasi, nə də iqtisadi baxımdan Qafqaz üçün məqbuldur. Onun sözlərinə görə, Ermənistanın Baş nazirinin son açıqlamaları da bir daha təsdiq edir ki, İrəvan sülhə deyil, müharibəyə daha çox meyillidir: "Neçə gündür ki, 40 ton un Ağdam-Xankəndi yolunda gözlədiyi halda "acından öldüklərini" iddia edən ermənilər silahlanmaqdadırlar. Bununla belə, Azərbaycan sülhdə maraqlıdır və istiqamətdəki mövqeyində hər hansı dəyişiklik yoxdur. Təbii ki, istənilən razılaşma yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Başqa alternativ də yoxdur. Məsələnin digər tərəfi savaşa meyillənən Ermənistanda xarici borclanmanın kəskin artmasıdır. Bu ilin iyul ayında əvvəlki ay ilə müqayisədə xarici borc məbləğinin 300 milyon dollar artdığı Ermənistanın indi 6.7 milyard dollar öhdəliyi var. Ümumi dövlət borcu isə 10 milyard dollardan çoxdur. Dövlət borcunun ÜDM-də payı 60.0 faizi keçib.

Göründüyü kimi, borc bataqlığında boğulan Ermənistanda revanşist meyllər daha da güclənməkdədir. Amma İrəvanda nəzərə almalıdırlar ki, revanşizmi hər zaman dağıda biləcək güclü Azərbaycan Ordusu var".

 

 





08.09.2023    çap et  çap et