525.Az

Dövlət Tarix Arxivinin ən qədim sənədləri - Quba xanlarının fərmanları


 

Dövlət Tarix Arxivinin ən qədim sənədləri - Quba xanlarının fərmanları<b style="color:red"></b>

Əvvəlcə arxiv sözünün anlamına nəzər salaq. Arxiv - sənədlərin yenidən istifadə edilmək məqsədi ilə qəbulunu, komplekləşdirilməsini, mühafizəsini və uçotunu həyata keçirən təşkilat və ya onun struktur bölməsidir. "Arxiv" sözünün etimoloji mənası "başlanğıc", "təməl"deməkdir. O, həm də vacib mədəniyyət amili, göstəricisidir.

Tariximizin evi, dəlil-sübutunu mühafizə edən gərəkli məbədləridən biri də Azərbaycan Dövlət Tarix Arxividir. 1930-cu ildə yaradılmış bu məbəddə xalqımızın qeyri-adi milli sərvəti saxlanılır. XVIII əsrin başlanmasından Azərbaycanda sovet hakimiyyəti qurulanadək dövrü əhatə edən 757 fondda 240 mindən artıq sənəd mühafizə edilib qorunur.

Əməkdaşlıq baxımından hər il dünyanın müxtəlif ölkələrindən Dövlət Tarix Arxivinə onlarla qonaqlar gəlir. Onların verdikləri suallar arasında ən çox soruşduqları sual belə olur: arxivinizin ən qədim sənədləri hansılardır?

Təkcə qonaqlar deyil, hər kəs üçün maraqlılığını nəzərə alıb oxuculara həmin möhtəşəm sənədlər haqqında danışmaq istəyirəm. Bu, "Quba xanlarının fərmanları" adlanan fondda qorunub saxlanılan sənədlərdir.

Bildiyimiz kimi, Şimali Azərbaycanda ən böyük xanlıqlardan biri olan Quba xanlığı XVII əsrin axırlarından 1810-cu ilədək, təqribən yüz otuz ilə yaxın bir müddətdə, indiki Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonları ərazisində mövcud olmuşdur. Xanlığın ilk dövrlərində Rusiya ilə dostluq münasibəti yaradılmış, onun himayəsinə sığınılmışdır. Lakin sonradan xanlıq gücləndikcə, xanlığın Rusiyadan bərabər hüquqlu münasibətlər tələb etməsi, ətrafındakı xanlıqları da, özünə birləşdirib bütöv Azərbaycan dövləti yaratmaq istəməsi, əlbəttə ki, Rusiyanın narahatlığına səbəb olurdu. Şübhəsiz ki, 1789-cu ildə, Şəmkir düzündə digər xanlarla görüşü zamanı Fətəli xanın zəhərlənməsində o zamankı rus xəfiyyəsinin "barmağı" olmaya bilməzdi.

Şuşada, Şəkidə, Dərbənddə  o dövrün xanlarını xatırladan mülklər, qala divarları zamanımızadək qorunub saxlanmışdır. Qubada xanlara aid bir daş belə saxlanılmasa da, nə yaxşı ki, onların fərmanlarının kolleksiya formasında toplanılmış cüzi bir hissəsi müasir dövrümüzədək bizə gəlib çatmışdır.

Araşdırma apararkən güman edirdim ki, fərmanlar ərəb əlifbası ilə türk dilində yazılmışdır. Təəssüf ki, yox, görünür, iqtisadi-siyasi müstəqilliyə can atan xanlar fars dilinin asılılığından qurtula bilməmişlər. Ona görə də, xanlığa dair bütün göstərişlər, şəhadətnamə və fərmanlar yalnız, qədim fars dilində yazıya alınıb. Sizə aşkarlayacağım məlumatları isə keçən əsrin yetmişinci illərində bu fond haqqında rus dilində tərtib edilmiş siyahıya əsasən çatdırıram.

"Quba xanlarının fərmanları" fondu 1705-1808-ci illərə aid olan, hərəsi bir vərəq olmaqla 27 saxlama vahidindən ibarətdir. İlk sənədin 25 aprel-24 may 1705-ci il tarixində yazılması təxmin edilir. Həmin sənəd belə adlanır: "Quba xanlığının məmuru tərəfindən Xudat kənd icmasına kollektiv məaf hüquqlarının verilməsi haqqında şəhadətnamə". Məaf - burada imtiyazlı, vergidən azad olunmuş anlamındadır.

Qeyd etməliyəm ki, bu sənədlər ictimai-siyasi məzmunda deyil, inzibati-təsərrüfat xarakterlidirlər. Onlar qışlaqların, yaylaqların, ayrı-ayrı kəndlərin sahiblənməsi, tiyul (icarə) sahibliyinə, şəxsi mülkiyyətə verilməsi və sair bu sayaq məsələlərdən qaynaqlanırlar.

Fərmanlardan biri Sultan Əhməd xana (1710), biri Hüseynəli xana (1727), ikisi II Əhməd xana (1790), dördü Fətəli xana (1759-1775) aid hesab edilir. Ən çoxu isə, on beş fərman Şeyxəli xanla (1792-1808) bağlıdır. Yeri gəlmişkən, bəzən onun adını iki sözlə - Şeyx Əli xan kimi deyir və yazırlar. Əslində, o, şeyx olmayıb, adı Şeyxəlidir. Axırıncı Quba xanı olmaqla ömrünün sonunadək rus işğalına qarşı döyüşmüş, inadla, yorulmadan mübarizə aparmışdır.

Sənədlərin içərisində "Məhəmmədqulu bəyin Novruz bayramı münasibəti ilə (1803) Kilvar kənd kəndlilərindən xan, xanın arvadı və mülazimlər (hərbi xidmətçilər - müəllif) üçün aldığı hədiyyələr haqqında qəbz" adlanan vərəq, xüsusilə, diqqətçəkəndir. Digər saxlama vahidləri də, tarixi cəhətdən xeyli əhəmiyyətlidirlər.

.

Ümumiyyətlə nəzərə alsaq, Dövlət Tarix Arxivinin ən qədim sənədləri olan "Quba xanlarının fərmanları" fondu hələ ki, həm tarixi, həm də pəhləvi fars dilini bilən ciddi, peşəsini sevən araşdırmaçı-tədqiqatçı mütəxəssislərini gözləməkdədir. Barəsində danışdığımız fond Azərbaycan tarixinin müəyyən dövrünü tədqiq etmək nöqtəyi-nəzərdən əvəzedilməzdir.

Elə məqaləni yazmaqda ən böyük məqsədim belə elm fədailərini bu sənədlər haqqında bir daha xəbərdar etmək, onlara səslənməkdir: Gəlin tariximizin azacıq hissəsi olan "Quba xanlarının fərmanları" fondunun hər bir səhifəsini, vərəqini araşdırıb keçmişimizə işıq tutaq. O işıqdan, mütləq, gələcəyimizə də, pay düşəcək.

 

 





08.09.2023    çap et  çap et