Yaşadığımız dövrdə internet və sosial şəbəkələrin marketinq strategiyalarında ciddi dəyişikliklər baş verir. İnkişaf edən texnologiya, internet hər gün həyatımıza bir az da sirayət edir. Ənənəvi reklam üsullarından bəhrələnə bilməyənlər öz məhsullarının reklamını məhz texnologiyaların və sosial medianın gücündən istifadə etməklə qurmağa çalışırlar. "İnfluencer marketinq" indiki rəqabət mühitində məhsulları reklam etmək üçün ən çox istifadə olunan sahələrdəndir.
2016-cı ildə reklam dünyasına girən "Influencer marketinq" marketinqin bir formasıdır. Bu sahədə çalışan mütəxəssis kütlənin inamını qazanıb, insanları müxtəlif istiqamətlərdə yönləndirə bilir. Buna görə də şirkətlər öz məhsullarını reklam etmək və doğru kütləyə tanıtmaq üçün birbaşa influencerlərə üz tuturlar. İnfluencerin əsas vəzifəsi məhsulun müştəri kütləsini qoruyub saxlamaq və daha böyük kütləni özünə cəlb etməkdir. İnfluenserlər əsasən məzmun yaradaraq sosial media platformalarında böyük izləyici kütləsinə malik olan şəxslərdir.
Müxtəlif video kontentləri, sosial şəbəkələrdə insanların maraqlarına səbəb olacaq gündəlik paylaşımlar bu sahə üçün uğurlu başlanğıc sayılır. Müasir dövrdə geniş yayılmış influencer kateqoriyaları var ki, bunlara misal olaraq texno blogerliyi, food blogerliyi, make-up blogerliyi, fitness blogerliyi, avtomobil blogerliyi və s. misal göstərmək olar.
İnfluencer marketinq strategiyası aparmaq şirkət üçün müəyyən üstünlüklər gətirir. Bu üstünlüklər uzun müddətdə investisiya gəlirini artırmağı və hədəf auditoriyanı genişləndirməyi asanlaşdırır.
İnfluencer Nihad Əliyev "525"ə açıqlamasında bildirib ki, bu sahəyə başlamaq üçün ən başlıca addım araşdırmaların aparılmasıdır. Onun sözlərinə görə, influencer olmaq üçün ilk növbədə professional kamera, mikrofon, işıq seti kimi ləvazimatların olması önəmlidir: "Çünki videolarda səsin daha aydın eşidilməsi, görüntünün daha kəskin olması izləyicinin kontenti sonadək izləməsinə imkan yaradır. Sonadək izlənən videoları isə alqoritma daha çox insanın qarşısına çıxarır. Lakin yuxarıda sadaladığımız ləvazimatlar yoxdursa, mobil telefonla da başlamaq olar. Hər gün story paylaşmaq, post hazırlamaq, müəyyən paylaşımlar etmək uğur üçün əsas məqamlardır. Ölkəmizdə bu sahəyə maraq olduqca çoxdur, hər gün onlarla adam bazara giriş etməyə cəhd göstərir. Lakin onların çox böyük qismi uğursuzluqla qarşılaşır. Uğursuzluğun əsas səbəbi qısa müddətdə uğur istəmələri və qarşılıq görmədikləri üçün tez həvəsdən düşməsidir".
Bundan əlavə, influenserlər ictimai məsələləri də təşviq edə, fərqli düşüncələri özündə birləşdirə və maraqlı fikirlərlə məzmun yarada bilirlər. Xüsusilə son zamanlar tez-tez üstünlük verilən bu üsul şirkətlərin yüksək gəlir əldə etməsinə şərait yaradır. Tanınmış adlarla birgə iş nəticəsində fərqli auditoriyalar şirkətlərin məhsulları haqqında məlumatlandırılır. Bu şəxslər xüsusi bir mövzuda ixtisas sahibi ola, maraqlı məzmunlar yarada və maraqlı ideyaları ilə izləyiciləri cəlb edə bilirlər.
Havar ŞƏFİYEVA