Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatlara hazırlaşır. Son aylar ermənilərin Azərbaycanla sərhəddə qüvvə cəmləməsi, ağır texnika və artilleriya qurğularını müxtəlif istiqamətlərdə yerləşdirmələrinə dair faktlar var. Eyni zamanda İrəvanın son aylar həm hərbi, həm siyasi müstəvilərdəki təxribatları, sülh prosesinə zərbə vuran addımları, beynəlxalq platformalarda, xarici mediada Azərbaycan əleyhinə start verdiyi kampaniya da bunu deməyə əsas verir. Üstəgəl, Ermənistan öz addımlarını ört-basdır etmək üçün Azərbaycanın müharibəyə hazırlaşdığı, sərhədə və Qarabağa qoşun toplamasına dair iddiaları gündəmə gətirir. Ermənistanın Baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl verdiyi açıqlamalar da onu göstərir ki, rəsmi İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamaq, ölkəmizə qarşı ərazi iddiasından əl çəkmək niyyətində deyil. Yada salaq ki, Paşinyan hökumətin iclasında Azərbaycanı təxribat törətməkdə ittiham edib, beynəlxalq ictimaiyyəti və BMT-ni regionda yeni gərginliyin qarşısını almaq üçün ciddi tədbirlər görməyə çağırıb. Paşinyanın məqsədi məlumdur, o, üçtərəfli bəyanatda üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edir, qanunsuz erməni silahlı birləşmələri hələ də Qarabağ ərazisində qalır, əvəzində BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamənin qəbuluna nail olmağa çalışır. Bundan əvvəl Ermənistan və Fransanın eyni cəhdləri iflasa uğrayıb. Çünki Bakının addımları beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və ittiham edəcək hər hansı hal mövcud deyil. Düzdür, Fransa və bir sıra digər dövlətlər ölkəmizlə bağlı qərəzli yanaşma sərgiləyib, müxtəlif iddialar irəli sürürlər. Elə 16 avqustda BMT Təhlükəsizlik Şurasının iclasında da bunun şahidi olduq. Amma Bakının arqumentləri, faktları qarşısında bu cür iddialar elə iddia olaraq da qalır. Paşinyanın riyakarlığı həm də ondadır ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, sülh prosesini dəstəklədiyini bəyan edir, daha sonra ölkəmizə qarşı ərazi iddiaları irəli sürür. Məsələn, hökumətin iclasında Ermənistanın 2021-ci il dekabrın 14-də Brüsseldə, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü ilin mayında Brüsseldə əldə edilmiş razılaşmalara, habelə Rusiya Prezidenti, Azərbaycan Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata sadiq olduğunu bildirib. Eyni zamanda Bakı ilə Xankəndidəki separatçı rejimin beynəlxalq mexanizm çərçivəsində dialoqunun daha uyğun olduğunu deyib. Paşinyan bu məsələdə beynəlxalq mexanizmi gündəmə gətirməklə Qarabağ ermənilərinin reinteqrasiyasına qarşı çıxır və Azərbaycanın daxili işlərinə burnunu soxur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağdakı erməni sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində dövlətimizin qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir.
Göründüyü kimi, bu gün təhlükəsizliyə əsl hədə Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsidir. Azərbaycan XİN-in Paşinyana cavab bəyanatında da bu məqam vurğulanıb, eyni zamanda qeyd edilib ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneəçilikləri dayandırmalıdır.
Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayıb, kapitulyasiya aktına imza atıb. Amma görünür ki, ötən müddət ərzində İrəvan sadəcə görüntü xatirinə sülh danışıqlarında iştirak edib, əsl məqsədi isə vaxtdan istifadə edərək yeni müharibəyə hazırlaşmaq olub. Bir sıra ölkələrdən bu məqsədlə silah-sursat da alıb. Əks halda, sülh üçün yaranmış imkanlardan imtina edib, Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmazdı. Ermənistan yeni hərbi təxribatla həm də bölgəyə yeni beynəlxalq müşahidəçiləri gətirməyə nail olmaq istəyir. Açıq şəkildə Rusiyaya qarşı çıxan Ermənistan hakimiyyəti rus sülhməramlıların öz vəzifəsini yerinə yetirə bilmədiyini və digər iddiaları əsas gətirərək, beynəlxalq müşahidəçiləri regiona cəlb etmək niyyətindədir. Necə ki, Avropa İttifaqı müşahidəçilərini gətirib. Digər tərəfdən, 11-20 sentyabr tarixlərində keçiriləcək ABŞ-Ermənistan birgə hərbi təlimləri də eyni məqsədə xidmət edir. Təlimdə ABŞ-dan təxminən 85 hərbçi iştirak edəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bununla bağlı bildirib ki, Ermənistan və ABŞ arasında hərbi təlimlər regionda vəziyyətin sabitləşməsinə töhfə vermir. Rusiya təhlükəsizlik qarantı kimi öz funksiyalarını yerinə yetirməkdə davam edir, Moskva həm İrəvan, həm də Bakı ilə ardıcıl və konstruktiv işi davam etdirir.
Milli Məclisin deputatı Arzu Nağıyev hesab edir ki, Ermənistanın məqsədi sülh müqaviləsinin imzalanmasını uzatmaq və ləngitməkdir. Eyni zamanda çalışırlar ki, absurd məlumatlar yaymaqla dünya ictimaiyyətini çaşdırsınlar: "Çünki BMT Təhlükəsizlik Şurasında onlar fiaskoya uğradı, hər hansısa bir qərar, qətnamə qəbul etdirə bilmədilər, bundan sonra humanitar yardım şousuna başladılar. Fransa və digər havadarları guya Ermənistana dəstək üçün müxtəlif addımlar atdılar. Rusiyaya qarşı sərt bəyanatlar səsləndirdilər".
Deputat əlavə edib ki, Qarabağ ərazisində 3 kateqoriyalı ermənilər yaşayır: "Birinci kateqoriyaya daxil olanlar Azərbaycan Konsitutiyasına və qanunlarına uyğun yaşamaq istəyən ermənilərdir. İkinci kateqoriyadan olan ermənilər 44 günlük müharibədə müxtəlif dövlətlərdən Qarabağ ərazisinə köçürülənlərdir. Onlar hansı ki, müəyyən qanunsuz dəstələrə üzv olub Azərbaycan əleyhinə addımlar atırlar. Üçüncü kateqoriya isə seperatçı qüvvələr və cinayətkarlardır. Ermənilərin tək məqsədi öz havadarları tərəfindən dəstək almaqdır. Ermənilər bilməlidirlər ki, Azərbaycanın daxili və xarici siyasəti dönməzdir. Qarabağ isə Azərbaycanın ərazisidir. Ermənistan və Azərbaycan arasında danışıqlar davam etdirilməlidir. Ermənilər başa düşməlidir ki, artıq bu limit bitib. Sonu antiterror əməliyyatları ilə nəticələnə bilər. Sadəcə olaraq humanist addım ataraq biz bunu sona saxlayırıq".
çap et