|
|
|
|
Ukraynanın NATO-ya ehtimal olunan inteqrasiyasının qarşısını almaq üçün ötən ilin fevralın 24-də genişmiqyaslı müharibəyə başlayan və sonu görünməyən bu hərbi münaqişədən necə çıxacağını bilməyən Rusiya daha böyük problemlə üzləşməkdədir.
Rusiyanın Ukraynaya qarşı qəfil hücumundan narahat olan Finlandiya və İsveç Şimali Atlantika Alyansına qoşulmaq qərarı verdilər. İsveç hələlik NATO-nun tamhüquqlu üzvü ola bilməsə də, Finlandiya Şimali Atlantika Alyasına daxil oldu. İndi isə məlum olub ki, ABŞ Müdafiə Əməkdaşlıq Sazişi (Defence Cooperation Agreement) çərçivəsində Finlandiyada öz ordusunu yerləşdirəcək. ABŞ-la Finlandiya arasında hərbi əməkdaşlıq sazişinin imzalanması üçün danışıqlar aprel ayının sonunda başlayıb. Avqust ayının əvvəllərində yayılan məlumatda isə tərəflərin bir çox məsələdə anlaşdığı qeyd olunurdu. Həmin məlumatlar o zaman qeyri-rəsmi mənbələrə istinadən yayıldığı üçün çox diqqət çəkirmirdi. İndi isə Finlandiya prezidenti Sauli Niinistö iki ölkə arasında hərbi əməkdaşlığın hüquqi bazasını yaradacaq sazişdən danışarkən ABŞ-ın Finlandiyada hərbi baza yarada biləcəyinə işarə edib. Halbuki aprel ayında Finlandiya rəsmiləri ölkə ərazisində ABŞ ordusunun yerləşdirilməsi ehtimalını birmənalı rədd edirdilər. İndi isə məlum olur ki, ABŞ Finlandiyanın hava və dəniz limanlarında öz bazasını yaratmaq niyyətindədir.
Məlumatlara görə, ABŞ Finlandiya körfəzindən Baltik dənizinə çıxışda yerləşən Hanko yarımadasına maraq göstərir. Böyük strateji əhəmiyyətə malik bu yarımada Baltik dənizinə nəzarət imkanı verir. Yarımadada həm hava, həm də dəniz limanı var. Ümumiyyətlə, hərbi ekspertlərə görə, Finlandiyanın NATO-ya daxil olması Finlandiya körfəzinin "açar"larının Şimali Atlantika Alyansının əlinə keçib. İndi isə belə aydın olur ki, ABŞ Baltik dənizinin "açar"ını öz əlinə almaq istəyir. Bu vəzifə gerçəkləşəcəyi halda ABŞ Sankt-Peterburqdan çıxan bütün gəmilərə nəzarət edəcək. Finlandiya ilə yanaşı, ABŞ İsveç və Danimarka ilə də oxşar sazişlər imzalamağa hazırlaşır. Qeyd edək ki, Norveçlə belə bir müqavilə artıq imzalanıb. Bu ölkələrlə imzalanacaq ikitərəfli hərbi razılaşmalar nəticəsində Skandinaviyada ABŞ-ın hərbi bazaları yaradılacaq.
Rusiya isə bu prosesi narahatlıqla izləyir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Moskva Amerika hərbi infrastrukturunun həm NATO, həm də Avropa dövlətləri ilə ikitərəfli sazişlər çərçivəsində Rusiya Federasiyasının sərhədlərinə istənilən yanaşmasını Vaşinqtonun rəsmi şəkildə bəyan etdiyi "strateji məğlubiyyət" hədəfini gerçəkləşdirməyə cəhd kimi qiymətləndirir. Moskvada belə hesab edirlər ki, Vaşinqton Rusiyaya qarşı "anakonda strategiyası"nı işə salıb. Qeyd edək ki, "anakonda strategiyası" ABŞ-ın hərb tarixində böyük iz buraxmış hərbi strateq, general Uinfild Skot tərəfindən hazırlanıb. Bu strategiyanın mahiyyəti düşmənin "əl-qolunu bağlamaqdan", yəni onun sərbəst hərəkətinin qarşısını almaqdan ibarətdir. Məlum olduğu kimi, anakonda ovuna sarılaraq onu boğub öldürür. "Anakonda strategiyası" da düşməni boğaraq, qan axıtmadan məğlub etməyi ehtiva edir. Estoniya, Latviya, Litva, Polşa, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada NATO-nun hərbi birləşmələri mövcuddur. Rumıniyada ABŞ-ın raketdən müdafiə bazası və Hərbi Dəniz Qüvvələrinə dəstək bazası yerləşir. Amerika aviasiyası Çexiya Hərbi Hava Qüvvələrinin bazalarından istifadə edir. Bolqarıstanın Varna və Burqas limanları, Yeni Kənd ərazisində təlim düşərgəsi və Aytosdakı anbarları ABŞ ordusunun sərəncamındadır. Norveçdən Yaponiyadək uzanan geniş bir coğrafiyada əksər ölkələrdə hərbi bazalarını yerləşdirən ABŞ üçün Skandinaviya ölkələri xüsusi əhəmiyyətə malikdir. Skandinaviya ölkələrində də hərbi bazalar yerləşdirildikdən sonra "anakonda strategiyası" tamamlanmış olacaq.
Qeyd edək ki, ərazicə kiçik, əhalisinin sayı az olsa da, Skandinaviya ölkələrinin hərbi gücünə böyük ölkələr belə həsəd apara bilər. Məsələn, Vudro Vilson Mərkəzinin rəyinə görə, Finlandiyanın artilleriya gücü Polşa, Almaniya, Norveç və İsveçin birgə gücünü üstələyir. Belə ki, Finlandiya ordusunun ixtiyarında 700 haubitsa, 700 iri çaplı minaatan və 100 raket sistemi var. Bu silahlar əsasən ABŞ istehsalıdır və effektliyini artıq bir neçə müharibədə sübut edib. Ən son olaraq Ukraynanın Rusiya işğalına qarşı dirənişində ABŞ hərbi-sənaye kompleksinin məhsullarının Rusiya istehsalından nə qədər öndə olduğunu bir daha sübut etdi.
Finlandiya ordusu ilə müqayisədə texnika cəhətdən çox zəif olan Ukrayna ordusuna qalib gələ bilməyən, üstəlik, ard-arda ağır hərbi məğlubiyyətlərə məruz qalan Rusiyanın "anakonda"ya qarşı dayana biləcəyi təsəvvür belə edilmir. Yalnız Ukraynaya qarşı müharibədə dövlət büdcəsinin 45 faizini xərcləyən Rusiya "anakonda"ya qarşı hərbi infrastruktur yaratmaq və döyüş qabiliyyətli ordu qurmaq üçün Çinin dövlət büdcəsini də xərcləsə, kifayət etməz. Çin isə təbii ki, öz büdcəsini Rusiyanın sərəncamına verməz və istəsə də, verə bilməz. Üstəlik, nüfuzlu iqtisadçılar hərbi xərclərin kəskin azaldılmayacağı halda iqtisadi böhranın dərinləşərək sosial partlayışa səbəb olacağı haqqında xəbərdarlıq edirlər. Elə bir vəziyyət yaranıb ki, yanacaq çatışmazlığı məhsul yığımını və payızlıq əkinləri dayandıra bilər. Belə bir xəbərdalıqla Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev çıxış edib. "Bizim artıq yanacaqla bağlı problemlərimiz var. İndi biz məhsul yığımını dayandıracağıq və payızlıq əkinlərə başlamayacağıq. Bu, fəlakət olacaq". Qeyd edək ki, kənd təsərrüfatı naziri Dmitri Patruşev Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğludur və Putindən sonra hakimiyyətə ən iddialı namizəd hesab olunur. Ukraynaya qarşı müharibənin nəticəsində yaranmış vəziyyət o qədər acınacaqlıdır ki, kənd təsərrüfatı naziri Dmitri Patruşev də həyəcan təbili çalır. Rusiyanın belə bir vaxtında ABŞ "anakonda strategiyası"nı tamamlamağa çalışır. Ekspertlər hesab edirlər ki, Rusiya Ukraynaya qarşı müharibədən sağ çıxsa belə, "anakonda" onu boğub öldürəcək.