|
|
|
|
Gürcüstan hökuməti ilə prezident arasında qalmaqal davam edir və xanım Salome Zurabişvili təslim olmayacağını bildirib. İstefa verməyəcəyini bildirən prezident konstitusion vəzifələrini icra etməkdə davam etdirmək istəyir. Vəzifələrinin icrası çərçivəsində xarici səfərlər edəcəyini bildirən xanım Zurabişvili bununla hökumətin qadağalarına boyun əyməyəcəyinə işarə vurub: "Ümid edirəm ki, bu iki-üç ay ərzində mən Avropanın əsas, bəlkə də bütün paytaxtlarına səfərə çıxa və gələcəyinizi müdafiə edə biləcəyəm". Gürcüstanın heç vaxt Rusiya qarşısında əyilməyəcəyini bildirən prezident dolayısı yolla hökuməti Moskva ilə yaxınlıqda ittiham edib.
Gürcüstan müxalifəti isə prezidentlə hökumət arasında yaranmış gərginlikdən istifadə edərək iqtidardakı "Gürcü arzusu" partiyasının qurucusu, milyader Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsinə nail olmaq istəyir. Gürcüstan parlamentinin sədr müavini Gia Volski bildirib ki, radikal müxalifət Brüssel dəhlizlərini gəzir və məsələni daha da gərginləşdirməyə çalışır. Milyader Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı ABŞ Konqressində də müzakirələr gedir.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin aparat rəhbəri Kris Soça, Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi üçün müzakirələrin getdiyini təsdiqləyib: "Mümkün sanksiyalar Senatda və Nümayəndələr Palatasında müzakirə olunur". Gia Volskinin fikrincə, Kris Soça Milli Hərəkatı ilə birlikdə hərəkət edir.
Qeyd edək ki, İvanişviliyə qarşı hücumlar uzun müddətdir, davam edir. Müxalifət Gürcüstanda Rusiya-Çin yönümlü hökumətin qurulmasında İvanişvilini günahlandırır. Müxalifətin mövqeyinə görə, İvanişvili Gürcüstanı Avroatlantik məkana inteqrasiya kursundan döndərərək Rusiya-Çin cütlüyünə doğru yönəlib.
Əslində müxalifətin bu ittihamları əsassız deyil. "Gürcü arzusu" iqtidara gəlməzdən öncə Gürcüstan Avroatalntik məkana inteqrasiyanın öncülü hesab olunurdu. Ancaq indi Ukrayna və Moldova NATO-ya üzvlüklə bağlı Gürcüstanı qabaqlayıb. Gürcüstan 10 il əvvəlki mövqeyindədir və ötən 10 ildə heç bir irəliləyiş əldə olunmayıb. Gürcüstan müxalifəti bu vəziyyətin yaranmasında Rusiyanın diktəsinin həlledici rol oynadığını bildirir.
"Gürcü arzusu" iqtidara gəldikdən sonra Gürcüstanla Çin arasında da əlaqələr dərinləşib. Son 10 ildə Gürcüstana strateji əhəmiyyətli obyektlər və mədənlər əsasən Rusiya və Çinə satılıb. Halbuki üçüncü prezident Mixail Saakaşvilinin hakimiyyəti illərində Tiflisinin xarici siyasətinin təməlində Gürcüstanın Avroatlantik məkana inteqrasiyası dayandırdı. Son 10 ildə isə 180 dərəcə əks siyasət həyata keçirilir. Ancaq Rusiyanın Ukraynada hərbi-siyasi uğursuzluğa məruz qalması Gürcüstana da təsirsiz ötüşməyib. Gürcü müxalifəti güclənib və hakimiyyətə təzyiqlərini artırıb. Prezidentlə hökumət arasında böhran isə "Gürcü arzusu" üçün sonun başlanğıcı ola bilər.