525.Az

Həyat riyaziyyat deyilmiş, ədəbiyyatmış - Aytac Sahəd yazır


 

Həyat riyaziyyat deyilmiş, ədəbiyyatmış - <b style="color:red"> Aytac Sahəd yazır</b>

Nailə Əliyeva. Gənclik illəri doxsanlara təsadüf edənlərə bu ad tanışdır. Qısa bir zamanda məşhurluq qazanan, zərifliyi, özünəməxsus ifa tərzi ilə tanınan bu müğənninin "Qəm eləmə", "Sənsiz", "Əsmə, küləyim" kimi mahnıları bu gün də sevənlərinin əzbərindədir.

Təəssüf ki, Nailə Əliyevanın yaradıcılıq fəaliyyəti doxsanlardan bu yana keçmədi. Anidən qeybə çəkilən müğənninin harada olması indi də bir çox dinləyicisini maraqlandırır.

Bu suala cavab tapmaq üçün bir müddətdir, müğənninin axtarışına çıxmışdım. Nəhayət, soraqlaşa-soraqlaşa bir yaxınının telefon nömrəsini tapa bildim. Nə qədər dil töksəm də, dedi ki, o, müsahibə verməyəcək: "Nailə xanım yaxşıdır, çox gözəl də həyatı var. Ailəsi ilə xoşbəxt yaşayır. Biz onun sənətini davam etdirməsini çox istəyirdik. Ancaq özü bunu istəmədi. Biz də onun seçiminə hörmətlə yanaşdıq. Eyni anlayışı sizdən gözlədiyimiz üçün deyim ki, Nailə xanım illərdir, müsahibə vermir..."

Buna bənzər daha bir neçə cümlə... Əslində, bu axtarışda məni müsahibədən çox, sevdiyim sənətçinin taleyi maraqlandırırdı. Bir dinləyici marağı ilə sualıma cavab tapmışdım. Müsahibə vermək istəməyəcəyini əvvəlcədən təxmin etdiyimdən o qədər də məyus olmadım. Məni çaşdıran yaxınından göndərdiyi ismarıcda bir neçə dəfə təkrarlanan "Xoşbəxtdir, çox xoşbəxtdir" sözləri oldu.

Əlbəttə, o xanımın xoşbəxt olmasında qeyri-adi heç nə yoxdur. Təki olsun da. Məni maraqlandıran tamam başqa məqam idi. Əlli cür internet kanalının, sosial şəbəkənin, bir sözlə, məşhurluğu bunca asanlaşdıran vasitələrin olmadığı bir dövrdə məşhur olmaq, sevilmək, çoxlarının arzuladığı pilləyə gəlib, anidən də o pilləni öz istəyinlə tərk etmək və buna rəğmən, xoşbəxt olmaq...

Xoşbəxtlik deyilən şey nədirsə, onu bizə düzgün başa salmayıblar.

"Həyat riyaziyyat deyil ki, hamı eyni düsturla yaşasın". Bir rəfiqəmin sözüdür. Bilmirəm, bəlkə heç onun da sözü deyil, başqasınındır. Hər nəysə, mən ondan eşitmişəm. İndi bu əhvalat rəfiqəmin tez-tez mənə dediyi o ifadəni xatırlatdı, daha doğrusu, həmin fikrin üzərində qurulan həyatını.

Rəfiqəm Daşkəsəndə yaşayır. Ailəlidir, bir qızı var. Özü ədəbiyyat müəllimidir, yoldaşı işıq idarəsində işləyir. Rayon mərkəzində ikiotaqlı evləri, ortabab bir maşınları var. Hər həftəsonu bu maşın onları harasa aparır. O haralar da çox vaxt sıradan bir park, yaxud qonşu rayonlardan biri olur.

İşimiz insandan keçir. Bu səbəbdən illərdir, müxtəlif sahələrdə çalışan, fərqli sosial siniflərdən olan xeyli insan tanımışam. Fəqət onların həyatına, yaşantılarına, lap elə istirahət şəkillərinə həmin rəfiqəmin sıradan bir parkdan paylaşdığı şəkil qədər maraqla baxmamışam. Çünki bilirəm ki, o şəkillərdən gülən rəfiqəmin sevinci saxta deyil, həqiqidir. Digərləri haqqında isə bu qədər əmin danışa bilmərəm.

Dediyim kimi, o xoşbəxtlik nədirsə, onu bizə başqa cür sırıyıblar. Kimi şan-şöhrət deyib, kimi pul-para. Kimi güc, kimi də dərvişvari həyat. Əlqərəz, bu mücərrəd anlayışın o qədər konkret təriflərini eşitmişik ki. Fəqət özümü dərk edəndən bəri mənim üçün xoşbəxtlik sözünün tərifi dinc həyat tərzi olub. Elə o rəfiqəm kimi ucqar bir rayonda sakitcə yaşamaq. Səhər sevdiyin işə gedib, axşam sevdiyin adamın yanına qayıtmaq. Səni başa düşən bir adamla birlikdə qocalmaq...

Mən o qızı tələbəliyimdən tanıyıram. Elə o vaxtdan savadlı, bacarıqlı, üstəlik, istedadlı qız idi. Mətn duyumu, zəngin ədəbiyyat bilgisi ilə hamımızdan seçilirdi. Əvvəl bir-iki cızma-qara da elədi. Üç-beş redaksiyadan "yox" cavabı alandan sonra fikrindən daşındı. Hamı "Səfillər" yaza bilməz ki. Kimsə də onu oxuyub-oxutdurmalıdır, ya yox?" deyib oldu ədəbiyyat müəllimi. Əslində, bu seçimlə də sevginin obyekti dəyişmirdi, yenə mövzu ədəbiyyat idi, ədəbiyyata sığınıb, bir tikə çörəyini də ədəbiyyatdan umurdu.

Deyirlər, istedad həm mükafatdır, həm də cəza. Görünür, onun mükafatı cəzaya çevriləcək qədər ağır deyildi. İstedad qədərindən çox olsa, imkan verərdimi ucqar bir rayonda dinc yaşayasan? Əsla yox. İstedadlı adamların çoxu yolun harasındasa "Don Kixotluq" iddiasına düşüb.

Mənim rəfiqəm ağıllı idi, heç girmədi bu yollara. İllərdir, ədəbiyyatdan götürdüyü bir ovuc odun istisinə qızınır. Nə vaxtsa kitablarından pul qazanmaq arzusunu ayın axırı müəllim maaşını gözləməyə dəyişdi. Nə həyatından, nə də dolanışığından narazıdır.

Bilirsən, əziz oxucu, mən səfaləti romantikləşdirən adamlara heç vaxt inanmamışam. Onlar bizi aldadır, vallah, billah aldadır. İnsan qızdırma içində yanan balasına dərman ala bilmirsə, nə xoşbəxtlik? Bəlkə öz arzularını mərdimazar taleyin yazısına qurban verə bilərsən, amma taleyinə səninlə yol getmək yazılanları düşünməyə məcbursan.

"Kasıblıq təkcə ona görə pis deyil ki, sən istədiyini ala bilmirsən, daha çox ona görə pisdir ki, istədiyini verə bilmirsən". Bu mövzuda demək istədiyim xeyli sözün yerinə İlqar Kamilin bir bu cümləsini desəm, kifayətdir, məncə.

Əziz oxucu, təəssüf ki, mən saxtakarlıq edib düşündüyümün əksinə olaraq kasıblığın gözəl məziyyətlərindən sənə leksiya oxuya bilmirəm. Buna görə məni bağışla. Amma məndən tam əlini də üzmə. Çünki mən pulun hər şey olduğuna inanan adamlardan deyiləm, heç onun çox şey olduğuna da inanmıram. Çünki puldan gözləntim böyük deyil. Dost yanında utandırıb, düşmən qapısına aparmayacaq qədər olsa, bəsimdir. Artığında gözüm yoxdur. Vallah...

Nazim Hikmət demiş "Esas olan sadece yaşamak değil, insana yakışır şekilde ve onurlu yaşamaktır. Teslim olmadan, boyun eğmeden, sürünmeden, el-etek öpmeden yaşamaktır".

Mənim o rəfiqəm də gözütox adamdır. Bir müəllim maaşına sığdıra bilir arzu-istəyini.

Hərənin bu həyatda bir missiyası var. Elə adam var ki, adi həyatlarda istəsə də, xoşbəxt ola bilməz. Belə adamlar şan-şöhrət, liderlik, güc üçün yaranıblar. Nə qədər dinc həyatları olsa da, gözləri həmişə çata bilmədikləri zirvələrdə qalacaq.

Bir də zirvələrdə gözü olmayan, xoşbəxtliyini yamaclarda tapanlar var. Mənim rəfiqəm kimi adamlar.

Bəlkə də beş-on il öncə o müğənnini də, rəfiqəmi də məğlub adam hesab edərdim. İndi isə elə düşünmürəm. Əminəm ki, bundan sonra da onlar kimi adamlar tanıyacağam. Elə adamlar ki, öz hekayələrini özləri bildiyi kimi yaşayırlar.

Məncə də, həyat riyaziyyat deyil, ədəbiyyatdır. Əgər riyaziyyat olsaydı, hamı eyni düsturla xoşbəxt olardı. Deyəsən, həyat daha çox ədəbiyyatdır, ömür də öz hekayəni yazmaq üçün sənə verilən beş-on vərəq. O vərəqləri özgələrin düsturları ilə korlamayın. Heyifdir.

 

 





11.09.2023    çap et  çap et