|
|
|
|
(Əvvəli ötən şənbə sayımızda)
Bir sıra vyanalı inqilabçı belə mülki "azadlığı" dəstəkləməyə hazırlaşmışdı, lakin həm də çoxları buna etiraz edirdi. Çex siyasi lideri Frantişek Palatski Frankfurt parlamentinə dəvəti rədd etdi, çünki Bohemiya "Almaniyanın" bir hissəsi kimi qiymətləndirilməmişdi. Palatski bəyan etdi ki, "Avstriya imperiyası artıq mövcud deyildir, biri onu yaratmağa tələsir ki, guya bu, Avropanın, bütün bəşəriyyətin mənafeyinə xidmət edir". Çexlər, Palatskiyə görə, slavyanların çoxluq təşkil etdiyi bir dövlətdə Vyanadan heç də yaxşı idarə olunmur. 22 iyunda Avstriya parlamenti olan Reyxstaq Vyanada toplandı. Kişi cinsindən olanların universal səs verməsi ilə 383 deputat Monarxiyanın yarısından savayı, qalan hissəsinin timsalında bütün Monarxiyanı təmsil edirdi, onlardan da 190-u slavyan idi və dörddə biri kəndli idi. Çoxmillətli olduğuna görə onsuz da Avstriya imperiyasını haqlı olaraq "qurama yorğan" adlandırırdılar.
Vəziyyət, Xorvatiya ordusu Macarıstana yeridikdə daha da qızışdı. Macarıstanda vuruşmaq üçün qüvvə göndərilməsi təhlükəsi Vyanada da qiyamın qalxmasına və radikal bunta səbəb oldu. Saray yenidən qaçmağa məcbur oldu. Həftə ərzində ikinci inqilab qoşunlar tərəfindən darmadağın edildi. Oktyabr inqilabı (Rusiyadakı 69 il sonra baş verən Oktyabr inqilabı ilə qarışıq salınmamalıdır) liderlərindən bəziləri edam edildi.
Müzəffər Habsburq sarayı Macarıstanda qiyamı yatırtmaq niyyətini güdəndə, Avstriya dövlətinin yeniləşməsi prosesi üzə çıxdı. Parlament yeni konstitusiya qəbul etdi, yeni Baş nazir təyin edildi. 1848-ci ilin dekabrında Ferdinand taxt-tacından istefa verdi və onu 18 yaşlı qohumu I Frants İosif əvəz etdi. Yeni imperatorun adı II İosif liberalizmini dəstəkləyən I Frantsa bənzədiyindən, Frants İosif mütləqiyyəti qoruyub saxlamaqla birlikdə, modernləşmə niyyətini də güdürdü.
Alman millətçiliyi
Vyanada alman bayrağının qaldırılması, çoxmillətli imperiyada alman dilində danışanların iradəsi ilə Alman Frankfurt parlamentinin yaranması və ershersoqun Almaniyanın "imperial regenti" seçilməsi bəzilərinə xırda tarixi epizod kimi görünə bilər və həmin dövrdə də belə münasibətin mövcudluğu alman millətçiliyini qızışdıran yanacaq rolunu oynadı. XIX əsrdə hələ Almaniya Prussiyanın Fransa üzərində qələbəsi hesabına 1871-ci ildə birləşib, vahid dövlət əmələ gətirməmişdən xeyli əvvəl alman millətçiliyi möhkəm baş qaldırırdı və Avstriya almanları da bu dalğada iştirak etmələrinə sevinclə yanaşırdılar. Ona görə də Hitler faşizminin quru yerdə yaranması, yalnız ümumdünya böhranının nəticəsi kimi izah edilməsi səhv düşüncəyə əsaslanır. Əlbəttə, 1929-cu ildə başlanan böyük iqtisadi böhran pandemiya xarakteri daşımaqla, I Dünya müharibəsindən məğlub çıxmış, ağır təzminat verməyə məhkum edilmiş Almaniyanın vəziyyətini daha da ağırlaşdırmışdı və onun təsirini danmaq olmaz. Lakin millətçiliyin meydana gəlməsi və yayılıb, inkişaf etməsi uzun proses olub, heç də ani bir iqtisadi böhranın bəhrəsi deyildi. Alman millətçiliyi almanların yaşadığı ərazilərdə kök atıb, böyüyürdü və nə vaxtsa onun bol-bol zəhərli meyvələri yaranmalı idi.
Ona görə də alman nasizminin banisi kimi Hitlerin bədnam böyük rolu ilə yanaşı, bu iyrənc prosesdə alman millətçiliyinin də xidmətlərini inkar etmək bağışlanmaz səhvdir. 18 yaşlı Adolf Hitler əyalət şəhərindən imperiyanın paytaxtı Vyanaya düşdükdən sonra, şəhərin merinin real antisemitizm təcrübəsini görüb, ondan ilhamlandı. Onda yəhudilərə qarşı zooloji bir nifrət yarandı və bu iyrənc təməl üzərində o, hakimiyyətə gəldikdən sonra Holokost tüğyanı baş verdi. Antisemitizm həm də Hitlerin oyanan gur millətçiliyini daha da qızışdırdı, qığılcımdan hökmən alov törəyəcəkdi. Hitlerin hərbi avantüralarına gəldikdə, bu məsələdə də onun nümunə götürdüyü görkəmli siyasi və hərbi xadim kimi Prussiya kansleri olan Otto fon Bismark var idi. Bismark Almaniyanı birləşdirmək niyyəti ilə alışıb yanırdı. Bunun üçün 1864-cü ildə Danimarka ilə də müharibə etmişdi və onu iti sürətlə məğlub etmişdi.
Lakin bu, onun məqsədlərini həyata keçməsi üçün xırda səbəb idi. Daha irisini tapmaq və ondan əsl böyük məqsəd üçün vaxt itirmədən istifadə etmək Bismarkı daha iri provokasiyalara cəsarətləndirdi. O, özünün icad etdiyi və məqsədlərinə çatmaq üçün geniş istifadə etdiyi Realrolitik-ini bu dəfə də işə saldı, diplomatik qaydaları pozaraq, Fransa imperatoru III Napoleonun Almaniya kayzerinə göndərdiyi sərt məktubu, axırıncının icazəsi olmadan mətbuatda çap etdirdi. Fransa rəhbərliyi Bismarkın bu provokasiyasına uyub, Almaniyaya müharibə elan etdi. Fransa Baş naziri qeyd etmişdi ki, "Biz müharibəyə açıq ürəklə gedirik". Bismark istədiyinə nail oldu, Fransaya müdaxilə edib, Sedanda fransız ordusunu 1870-ci ilin 2 sentyabrında ağır məğlubiyyətə uğradıb, imperator III Napoleonun özünü əsir götürdü. Sonra Paris dörd ay ərzində ağır mühasirə həyatı yaşadı və almanlar tərəfindən 1871-ci ilin yanvarında tutuldu. 1871-ci ilin 18 yanvarında Versalın Güzgülü salonunda, Günəş Kral XIV Luinin çox sevdiyi və fəxr etdiyi sarayının bu gur işıqlı zalında Almaniyanın birləşməsi elan edildi. Prussiya kralı I Vilhelm birləşmiş Almaniyanın kayzeri və ya imperatoru tacını qəbul etdi, Bismark isə kansler oldu. Bu, İkinci Alman imperiyası idi, birinci isə orta əsrlərdəki Müqəddəs Roma imperiyası sayılırdı, sonralar isə Hitler öz dövlətini Üçüncü Reyx adlandıracaqdı.
Bismark siyasi məsələləri cızmağa münasibətdə, vaxtilə özünün gizlətmədiyi kimi, dəmir və qanla həll etmək yolunu seçmişdi və bunlarda uğur da qazanırdı. Hitler Bismarkın yolu ilə getməyə üstünlük verdi, hədə və qorxu gəlməklə 1938-ci ildə əvvəlcə Avstriyanı birləşdirmək adı altında işğal etdi, sonra isə Çexoslovakiyanın bir hissəsi olan Sudetləri ələ keçirdi, 3 milyona qədər etnik almanın yaşadığı Sudetlər alman ordusu tərəfindən işğal edildi. Slovakiyada isə Hitler özünə itaət edən bir dövlət yaratdı. Bu uduşlarından ilhamlanıb, Avropa ölkələrini işğal etməklə II Dünya müharibəsi tonqalını qaladı, Britaniyaya güclü hava hücumları etsə də, axıra qədər onu diz çökdürə bilmədi.
Bismarka gəldikdə, o, Hitlerin kumiri rolunu oynayırdı. Ona görə də 1940-cı ildə hazırlanan ən böyük alman hərb gəmisinə Bismarkın adı verilmişdi. Su tutumu 53 min ton olan bu gəmi həm də batmayan hesab olunurdu və Hitler ona çox böyük ümid bəsləyirdi. 1941-ci ilin yazında gücünə əmin olduğu bu gəmini ilk dəfə Atlantik okeanındakı döyüşə göndərdi. 18 mayda "Bismark" döyüşə girdi. Britaniyalılar onu mühasirəyə alıb, iki saatlıq döyüşdən sonra batırdılar. Gəminin 2 min dənizçisi məhv edildi. Hitler dəniz qüvvələrinin potensial simvolu olan "Bismark" tərifli gəmisi şərəfsizcəsinə öz mövcudluğunun sonunu tapdı. II Dünya müharibəsinə başlayan Hitlerə sonrakı illərdə hətta öz yol göstərən ulduzu da artıq kömək edə bilmirdi.
1939-cu ilin sentyabrında müharibənin başlanğıcı üçün Polşanın işğal edilməsi seçildiyi kimi, bir il 10 aydan sonra yenə üzünü Şərqə tərəf tutdu. Axı lap əvvəllərdə "Şərqdə yaşayış məkanı" əldə etmək ideyasını irəli sürmüşdü, indi isə Britaniyanı məğlub etmək üçün ona strateji resurslar - neft, metal, taxıl lazım idi və SSRİ ilə bağlanmış pakta görə bu ölkədən həmin məhsulları aramsız olaraq alırdı. Deməli, SSRİ "yaşayış məkanının" əlverişli imkanı olmaqla yanaşı, həm də müharibəyə lazım olan strateji resursların zəngin anbarı idi və ona görə də 1941-ci ilin iyununda onun ərazisinə böyük hərbi qüvvə tətbiq etməklə müdaxilə etdi və ilk yarım ilə yaxın müddətdə onun "blitskriq" ideyası da uğurla həyata keçirdi. Lakin SSRİ böyük iqtisadi potensiala malik olan ərazilərini, milyonlarla döyüşən əsgərini itirsə də, məğlub olmadı. Müharibə külündən yenidən həyata qayıdıb, Hitler faşizmi üzərində Müttəfiqlərin köməyi və bilavasitə iştirakı ilə qələbə çaldı.
Təəssüf ki, Hitler, avantürizmin əsiri olmasına görə tarixi yaxşı öyrənməyə cəhd etməmişdi, yalnız onu ilhamlandıran aldadıcı səhifələrinə vurulmuşdu və bu, ona olduqca baha başa gəldi. Dünya ağalığına can atan Hitler öyündüyü doğma Almaniyasının məğlubiyyətinin, dağılmasının və aqoniyasının şahidi olduqdan sonra, əlacsızlıqdan, öz arzularının tam əks şəkildə baş verdiyini, puç olduğunun gördükdə həyatla vidalaşmaq qərarına gəldi. Bu, 6 il əvvəl baş versəydi, Avropa, əslində bütün dünya II Dünya müharibəsinin dəhşətli əzablarından yəqin ki, xilas olmuş olardı.
Hitler Rusiyaya müdaxilə etməyi məqbul saymayan Bismarkın mülahizəsinə də məhəl qoymamışdı, daha çox Almaniya kayzeri II Vilhelmin I Dünya müharibəsinin başlanmasına rəvac verib, dörd il sonra ağır məğlubiyyətə düçar olmasını, imperiyasını və taxt-tacını itirməsini də nəzərə almamışdı. Bəlkə də onları iti düşüncə tərzi ilə araşdırsaydı, onu əsir edən sərsəm ideyalara tam təslim olmamaqla, görünməmiş kataklizmlərə yol açan və dünyanı dəhşətlərə qərq edən öz ağılsız hərəkətlərindən çəkinərdi. Lakin tarix feilin lazım formasını tanımır. Dünya, XX əsrdə tarixin ən çox qan axdılmasına səbəb olan müharibələrin - I və II Dünya müharibələrinin, onların kəsilmək bilməyən ölüm saçan nəfəsini, üst-üstə on il ərzində bol qurbanlar verilməsi, əsasən Avropanın dözülməz dərdlər və ehtiyaclar girdabına düşməsi ilə hiss etməli oldu.
Avstriya imperiyasında baş verən hadisələrə qayıtdıqda, Macarıstan qiyamı 1849-cu ilin avqustunda başa çatdı. Avstriya rəhbərliyinin xahişi ilə müdaxilə edən Rusiya ordusu qiyamçı generalı əsir götürdü. Frants İosif çar I Nikolaydan hərbi kömək xahiş etmişdi. Nəticə ikiqat borc şəklini aldı. Rusiyaya Avstriyanın diplomatik borcu ilə yanaşı, xüsusən intiqam və qan borcu da var idi. Avstriya Macarıstanı işğal etdi, bu, macarların rəyinin dərin bir qaydada yadlaşmasına səbəb oldu.
Habsburq dövlətinin bir parçasının Almaniyada özünü bərpa etməsi ehtiyacı yarandı. 1850-ci ildə Prussiya xoşbəxt qaydada özünün Almaniyanın lideri olması şansı ilə razılaşdı. II Dünya müharibəsindən sonra Almaniya Federativ Respublikasının məşhur kansleri olmuş Konrad Adenauer isə deyirdi ki, prussiyalılar öz əcdadlarını unutmuş slavyanlardır. Doğrudan da, ölkənin adı Rusiya və Belorusiyaya yaxın kimi səslənir. Mənşənin əslində necə olmasından asılı olmayaraq, Prussiya hərbi gücü ilə Almaniyanın liderliyini ələ keçirə bilmişdi və bunu bir neçə onillik ərzində reallığa çevirməklə, onun vahid dövlətdəki birliyini də yaratmağı bacarmışdı.
Habsburq hakimiyyəti bərpa edildikdən sonra I Frants İosifin həm də yaxşı məsləhətçiləri var idi. İmperator özünün yeni mütləq erası ərzində imperiyanı dörd ordu ilə idarə edirdi. Onlardan biri hərbi, digəri bürokratik, başqa biri ruhanilər və dördüncüsü isə məlumat verənlər ordusu idi. Dini siyasət qanunu bərabərlik prinsipinin bünövrəsini qazırdı. Frants İosif sonralar daha çox yəhudiləri sevən bir hökmdar kimi görünürdü, o, yəhudilərə bərabər hüquqlar vermişdi. Lakin o, həm də yəhudi emansipasiyasını təsdiq etməkdən imtina etdi. Bu da onun konservativ katolik olmasından irəli gəlirdi.
(Ardı var)