|
|
|
|
Əzizə İsmayılova, jurnalist:
- Ay gözəl insanlar, siz tərəfdə də yağışdan sonra havadan çox sərt üfunət iyi gəlir?
Gecə yağış başlayandan, elə bil hardasa kanalizasiya quyusunun ağzı açıq qalıbmış kimi, iy gəlir havadan. Gecə lap dözülməz idi, indi ya biraz çəkilib, ya da burnum iyə alışır.
P.S. Həyət evində deyiləm. Ətrafda o cür iylənə biləcək heç nə yoxdur.
Tahira Allahyarova, filosof:
- ...deyilənə görə "Ermənilər - Soçidən rədd olun!" - xalq petisiya-kampaniyası başladılıb... xeyirli olsun...
Vüsal Məmmədov, jurnalist:
Ermənistan Azərbaycanla sərhədə qoşun yığır;
İran Azərbaycanla sərhədə qoşun yığır;
Rusiya Ermənistana xüsusi hərbi hissələr göndərib;
Azərbaycan hərbi hissələrin dislokasiyasını həyata keçirir;
Bunlar açıq mənbələrdə olan informasiyalardır. Görünən budur ki, çəlləyə barıt doldurulur, partlayış üçün bircə dənə kibrit çöpü çatışmır. Əslində o da var...
Alt qatda nələrin baş verdiyini hazırda ölkədə çox az adam bilir, onlar da heç bir halda açıq şəkildə heç nə deyəsi deyillər. Belə vəziyyətlərdə məşhur "qızıl qayda" işə düşür: "Bilən danışmır, danışan bilmir". Biz ancaq ehtimallar irəli sürə bilərik. Amma indiki halda o da lazım deyil.
Belə hallarda ancaq dövlətə qeydsiz-şərtsiz inanmaq, tam şəkildə güvənmək və Vətənin maraqları, gələcəyi naminə bütün qərarlara hazır olmaq lazımdır.
Müsəllim Həsənov, jurnalist:
- "Türkiyə Ermənistanla bərabərə qaldı..."
Mən biləni "Vaqifin şirin dilində" belə ifadə forması, belə cümlə olmayıb və yoxdur...
P.S. Başlıq Azərbaycan mətbuatından götürülüb...
Elxan Şükürlü, politoloq:
- Rusiya Qarabağda növbəti dəfə Qərbi qabaqladı: bir tərəfdən, separatçıların başına Azərbaycanla danışıqlarda iştirak edən Samvel Şahramanyanın gətirilməsinə nail oldu, o biri tərəfdən də, eyni gündə Azərbaycanın təklif etdiyi marşrut üzrə - Ağdam-Xankəndi yoluyla yüklərin Qarabağ ermənilərinə çatdırılması məsuliyyətini öz üzərinə götürdü.
Ukraynada bu ölkənin ərazi bütövlüyünə və separatizmin yatırılmasına dəstək vermək adı altında Rusiya ilə müharibə aparan ABŞ və Avropa İttifaqının əsas qurucu üzvləri isə, nədənsə, eyni yanaşmanı Azərbaycanın ərazi bütövlüyünə və Qarabağdakı erməni separatizminə münasibətdə ortaya qoymur. Əksinə, "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mexanizm yaradılmalıdır" tezisiylə ABŞ və Avropada Azərbaycan əleyhinə müzakirələr təşkil edir, bu toplantılarda Azərbaycanı etnik təmizləmədə, genosiddə suçlayır, Qarabağda "Kosovo ssenarisi"nin tətbiqinə zəmin hazırlayırlar...
Görünən odur ki, Qərbin regiona Qarabağ üzərindən giriş cəhdlərindən ciddi şəkildə narahat olan Rusiya qarşıdakı mərhələdə Qarabağda məhz Azərbaycan Prezidentinin təklif etdiyi sxem və plan üzrə hərəkətə razılıq verməklə, həm Ermənistan-Azərbaycan sülh danışıqlarında moderator təşəbbüsünü özündə saxlayacaq, həm də əsas diqqəti Ermənistanın daxilinə yönəltməyə və Paşinyanın mövqelərinin daha da zəiflədilməsinə, Kremlin şərtlərinin İrəvanda qəbuluna çalışacaq.
2020-ci ildə olduğu kimi, 2023-cü ildə də bölgənin geopolitik taleyinə təsir göstərəcək addımlar Ərdoğan-Putin razılaşması əsasında aparılır.
Xeyrulla Ağayev, yazıçı-jurnalist:
- ABŞ-da keçirilən investisiya və maliyyə ilə bağlı konfransların birində iştirakçılardan biri Bill Qeytsə sual verir:
- Siz qızınızın kasıb bir adamla evlənməsinə razılıq verərdinizmi?
Bill:
- Yüklü bir bank hesabınızın olması sərvət sahibi olmağınız demək deyil. Sərvət ilk növbədə onu qazanmaq bacarığıdır.
Misal: lotereya oyunlarında qalib gələn biri 100 milyon qazansa belə, varlı deyil. O, çoxlu pulu olan kasıb bir adamdır, buna görə də loto milyonçularının 90 faizi 5 ildən sonra yenidən yoxsulluq vəziyyətinə düşür.
Pulu olmayan varlılar var. Məsələn, əksər sahibkarlar. Onlar pulları olmasa belə, sərvət qazanmaq yolundadırlar, çünki maliyyə intellektlərini inkişaf etdirirlər və bu, özü bir sərvətdir.
Varlı ilə kasıb arasındakı fərq: Əgər yeni şeylər öyrənməyə, daim təkmilləşməyə can atan bir adam görsəniz, bilin ki, o, varlı adamdır.
Əgər varlıların hamısının oğru olduğunu düşünən, daim deyinən, tənqid edən bir adam görsəniz, bilin ki, o, kasıb adamdır.
Varlılar əmindirlər ki, başlanğıc üçün onlara sadəcə informasiya və treninq lazımdır, kasıblar isə başlanğıc üçün başqalarının onlara pul verməli olduğunu düşünürlər.
Mən qızımın kasıb adamla evlənməsinin mümkünsüzlüyündən danışanda pul haqqında deyil, onun ərə gedəcəyi adamın sərvət qazanmaq bacarığı haqqında danışıram.
Bir gün bir bankın mühafizəçisi pulla dolu bir çanta tapır və onu götürüb bank müdirinə təhvil verməyə gedir. Görənlər bu adamı axmaq adlandırırlar, amma əslində bu centlmen sadəcə pulu olmayan varlı bir adam idi. Bir il sonra bank ona resepşndə bir iş verir, üç il sonra o, müştəriləri idarə etmə işinə cəlb olunur. On ildən sonra isə bu adam həmin bankın regional şöbəsinə rəhbər təyin olunur, yüzlərlə işçini idarə edir və aldığı illik mükafatlar o zaman oğurlaya biləcəyi məbləğdən daha artıq olur.
Var-dövlət ilk növbədə ruh halıdır, dostum.
Telli Pənahqızı, telejurnalist:
- Taksidəyəm, 35-40 yaşlı cavan bir oğlandır. Yola körpü salmışıq, hamı kimi o da: "Həyat çox çətindir, güclə ailəmi dolandırmaq məcburiyyətindəyəm".
Hər gün eşitdiyim giley-güzar...
Rayon adamıdır, o da xanımının təkidi ilə ailəsini götürüb Bakıya gəlib, kirayədə qalır, uşaqlarının məktəb problemi var. Mənim: "Niyə rayonda yaşamaq istəmirsiz?" - sualıma rayonda yaşamaq üçün şərait yoxdur - deyir.
Sonra da deyir ki, evimiz, həyətimiz var.
Yol boyu məktəb illərini xatırlayır, kövrəlir, "anam-atam tək qalıb, onlara da kömək eləmək istəyirəm, ancaq onlar bizə daha çox kömək edir" - deyir.
Niyə bu gənclər kənddən qaçaq düşüb?
Bəlkə birlikdə problemləri araşdıraq, səbəbini tapıb aradan qaldırılmasına dəstək olaq?
Məncə, bu məsələ həll olunsa, Bakının da yükü azalar, cavanlar da, onların ailələri də nəhayət, rahatlıq taparlar.
Asif Nərimanli, jurnalist:
- Bu gün Ərdoğanın Paşinyanla telefon danışığı olacaq. Tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından daha çox, bölgədəki vəziyyəti müzakirə edəcək. Ərdoğan da müzakirə mövzusunun Qarabağ olacağını açıqlayıb, eyni zamanda, Ankara-İrəvan münasibətlərinin normallaşmasının Qarabağdan - Azərbaycanın tələblərinin qəbul edilməsindən keçdiyi bəllidir.
Bu kontekstdə telefon danışığının əsasən iki məsələ üzərində qurulacağı istisna deyil.
Birincisi, İrəvanın Qarabağdakı separatizmi dəstəkləməkdən imtina etməsi, Laçın yolu ilə bağlı iddialardan əl çəkməsidir: erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması da aktual tələblərdən biri olaraq qalır.
İkincisi, Zəngəzur dəhlizinin açılması - Ermənistanın Azərbaycandan Naxçıvana maneəsiz keçid verməklə bağlı öhdəliyini yerinə yetirməsidir.
Ərdoğanın Paşinyanla telefon danışığı aparmaq və bölgədəki vəziyyəti müzakirə etmək ehtiyacı proseslərin inkişafından irəli gələ bilər. İstisna deyil ki, Türkiyə Prezidenti Ermənistana Qarabağdakı qoşunlarını çıxarmayacağı və Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə, bunların icra edilməsi üçün praktiki addımların atılacağını izah edəcək. Ərdoğanın dünən Əliyevə zəng etməsinin səbəbi də Paşinyanla danışıqların gündəliyinə və proseslərin mümkün inkişafında hansı addımların atılacağına dair "saatların yoxlanılması" idi.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- "AzParking" sərfəlidirmi?
Ötən gün "Landmark" ətrafında, Xaqani küçəsində maşını parklamaq üçün "AzParking" xidmətindən istifadə etdim.
Tətbiqi işə salan anda özü həmin ərazidə, ən yaxınlıqda olan, əlçatan parklama yerlərini, boş yerləri, qiyməti və s. təklif edir.
Yaxşı hal ondan ibarət oldu ki, səhər saat 9 olmasına baxmayaraq, təklif olunan parkinq yerləri demək olar ki boş idi.
Boş olan yerlərdən birində saxlayıb parklama etdim.
Yolun kənarında, səkidə qeyd edilən parklama yerlərinin nömrəsini tapmaq elə də asan olmadı.
Qısası, əlçatanlıq və rahatlıq baxımından, dəfələrlə dairə vurub yer axtarmaqdan xilas olmaq baxımından çox yaxşıdır.
Həm də artıq bilirsən şəffaflıq var, bu toplanan pullar da büdcəyə gedir.
Amma
Amması odur ki, çox bahadır. "AzParking" məndən 2 saat 23 dəq. üçün 3 manat aldı.
Tədbirin sonunadək qalmaq lazım gəlsə, demək 5-6 manatdan keçmək lazım gələcəkdi.
Bu isə, düşünürəm ki, həmin müddət üçün hədsiz yüksəkdir.
Yəni bununla, AYNA deyir ki, bu tip dəvətlərə, tədbirlərə gərək biz maşınla getməyək.
Yaxud da, dəvət edən tərəf, əgər müddət çox olacaqsa, gərək AYNA ilə, digər innovativ qurumlarla birgə güzəştli ödənişlər, kuponlar hazırlasın.
Beləliklə, vaxt itkisinə yol verməmək, effektivlik, rahatlıq və şəffaflıq baxımından "AzParking" çox yaxşıdır, amma gərək qiymətlər də əlçatan ola.
Mir Səməd, bloger:
- Deyirlər ki, Sinqapuru gəzib, vətəninə dönmüş səyahətçilər təmizlik məsələlərinə xüsusilə həssas olmağa başlayırlar. Çünki oranı elə ideal təmiz vəziyyətdə görür, küçəyə zibil atmağa görə elə böyük cərimələrin mövcudluğundan xəbərdar olurlar ki, bu səyahət onlara tərbiyəvi təsir göstərir.
Hər gün səhər durub, parkdakı skamyaların ətrafını zibillənmiş görürəm. Özü də, bunu edənlərə baxırsan, səliqəli adamlardır e, qəşəng geyiniblər, ətirləniblər, yanlarında övladları gəzişir, amma tum çırtlayıb yerə tökürlər, Yedikdən sonra paketi və butulkanı skamyanın üstünə qoyub, gedirlər.
Təklifim nədir..?
Bunların arasında seçim aparılsın, dövlət hesabına Sinqapura getsinlər, görsünlər orda necə təmizliyə nail olublar, həm qəşəng gəzsinlər, həm tərbiyələnsinlər, həm də, qayıdandan sonra ətraflarındakı insanlara təsir etsinlər.