525.Az

Yeni dram, yeni dramaturgiya - Əli Əmirli yazır


 

"AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI" FORUMUNDAN TƏƏSSÜRATLAR

Yeni dram, yeni dramaturgiya - <b style="color:red"> Əli Əmirli yazır</b>

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycan dili və ədəbiyyatı" forumu ölkənin mədəni həyatında mühüm hadisəyə çevrildi. Üç gün içində milli sərvətimiz olan Azərbaycan dilinin və qədim köklərə malik ədəbiyyatımızın müasir vəziyyəti, həllini gözləyən problemləri və inkişaf perspektivləri bu iki vacib sahənin mütəxəssisləri tərəfindən müzakirəyə çıxarıldı. Bu forum haqqında təəssüratlarımı və bu təəssüratlar nəticəsində yaranmış fikirlərimi oxucularla bölüşməzdən əvvəl, elə bu ilin aprel ayında Mədəniyyət Nazirliyi, Heydər Əliyev mərkəzinin təşkilatçılığı və bu il yüz yaşını qeyd edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə keçirilmiş Teatr forumunu və Kino forumunu yada salmaq istərdim.  Ölkənin bütün teatr və kino xadimlərinin iştirakı ilə keçirilən hər iki forum, həqiqətən, mədəni həyatımızda çoxdan görmədiyimiz bir canlanmaya səbəb oldu. Teatra və kinoya yaxından bələd olan bir dramaturq kimi deyim ki, hər iki forum məndə çox zəngin təəssürat yaratdı. Bu təəssüratın zənginliyi ilk olaraq ondan qaynaqlanırdı ki, Mədəniyyət Nazirliyinin yeni, həm də gənc komandası çağdaş teatrımızın və kinomuzun indiki vəziyyətini, həllini gözləyən problemlərini və gələcəyi haqqında fikirlərini məhz illərlə bu mühüm mədəniyyət sahələrində çaılışan insanların dilindən eşitmək, teatr və kinomuzun real vəziyyətini öyrənmək, bəlkə də teatr və kino ilə məşğul olan sənət adamlarını yaxından tanımaq, onların nələr düşündüyünü bilmək istəyindən irəli gəlirdi.

Şübhəsizdir ki, keçirilən hər bir tədbir, yığıncaq, forum o zaman faydalıdır  ki, onun praktik  nəticəsi olsun. Cəsarətlə deyə bilərəm ki, bu nəticə artıq özünü göstərməkdədir. Teatrlarımızda  yaradıcı bir canlanma, özünü yaxşı tərəfdən göstərmək istəyi, hətta teatrlar arasında, yaxşı mənada, bir rəqabət də formalaşır. Ölkənin əsas teatrlarında gənc istedadlara şəraitin yaradılması, bu işdə bəzi rayon teatrlarının da artıq müəyyən müsbət nəticələr əldə etməsi göz qabağındadır. Kino ilə də bağlı qızğın axtarışlar gedir. Nazirliyin kino məmurları müvafiq yaradıcı və təhsil qurumları ilə işgüzar görüşlər keçirir, perspektiv inkişaf tendensiyalarını müəyyənləşdirirlər.

İndi qayıdaq "Azərbaycan dili və ədəbiyyatı" forumuna. Bu forum əvvəlki iki forumdan müzakirəyə çıxarılan məsələlərin daha genişmiqyaslı və əhatəli olması ilə yadda qaldı. Bu da indiki forumun  predmetinin daha vacib, daha taleyüklü olması ilə bağlı idi: Azərbaycan dili və ədəbiyyatı.

Üç gün davam edən forumun proqramı və müzakirəyə çıxardığı məsələlər milli varlığımızın, mədəniyyətimizin özəyini təşkil edir. Dil varsa, millət də var, dil varsa, o millətin ədəbiyyatı da var və həmişə də olacaq. Bu mövqedən yanaşanda forumun əhəmiyyəti çox böyükdür. Xüsusi qeyd etməliyəm ki, müzakirəyə çıxarılan panel mövzuları yüksək səviyyədə düşünülmüşdü: "Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunma mexanizmləri", "Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər", "Teatr və kinonun inkişafında ədəbiyyat faktoru: əsərdən səhnəyə, səhnədən ekrana", "Uşaq və yeniyetmələr arasında mütaliənin təbliği. Azərbaycan uşaq ədəbiyyatının vəziyyəti". 

Forumun işində əvvəlki iki forumda olduğu kimi çox demokratik bir ab-hava hökm sürürdü. Beş yüzdən artıq forum iştirakçısı müzakirə olunan məsələlərə münasibət bildirməkdə, fikir deməkdə, təklif verməkdə tam sərbəst idilər. Hər bir fikir, səviyyəsindən asılı olmayaraq hər bir çıxış hövsələ ilə, diqqətlə  dinlənilirdi. Forumun təşkilatçıları gələcəkdə doğru-düzgün qərarlar qəbul etmək üçün bütün deyilənləri səbrlə dinləməyə hazır idilər.

Bir məqamı da qeyd etməliyəm. Panel müzakirələrində ölkənin adlı-sanlı elm adamları, yazıçılar, şairlər, ədəbiyyatşünaslar və yaradıcılığa yenicə başlamış çox sayda gənclər iştirak edirdilər və hər kəs də ona daha yaxın olan mövzularda fikirlərini bildirir, məruzələr edirdilər. İştirak etdiyim panel müzakirədə, təbiidir ki, mövzum birbaşa teatr və kino ilə bağlı idi: "Müasir Azərbaycan dramaturgiyası və onun problemləri", "Azərbaycan ədəbiyyatında teatr və kino platforması".

Teatr, şübhəsizdir ki, dramaturgiyadan başlayır. Yüksək keyfiyyətli tamaşa hazırlamaq üçün ilkin şərt yaxşı pyesin olmasıdır. Yaxşı pyes isə müasir tələblərə cavab verməli, müasir zövqə hesablanmalı, cəmiyyət həyatına təsir göstərməyi bacarmalıdır. Bu ayaqdan yanaşanda dramaturgiyamızdakı mövcud vəziyyət göstərir ki, onun inkişaf tendensiyalarını konkret bir fikirlə, sözlə ifadə etmək xeyli  çətindir. Bu gün bütün dünyada, hətta güclü kino sənayesi olan ölkələrdə belə ssenari problemi mövcuddur. Teatr dramaturgiyasına gəldikdə isə, yeni bir ifadə də yaranıb:  "Yeni, yeni dram".  Nədir bu "Yeni, yeni dram", onun platforması nədən ibarətdir? Cavab çox sadədir, istək də, məram da elə ifadənin özündədir. Köhnədən, onu tam inkar etmədən,  uzaqlaşmaq, YENİ dramaturgiya yaratmaq. Bu  yeniliyi Rusiyada tapanlardan biri kinodramaturq, rejissor, aktyor Yuri Bıkovdur. O, nə müəllif filmi çəkir, nə art-haus. Onun filmlərində bədii həqiqət də yox səviyyəsindədir. Bəs elə bir rejissor, dramaturq özəllikləri olmayan bəsit məzmunlu filmlər niyə belə uğur qazanır, milyonlarla tamaşaçı onun filmlərini niyə bəyənirlər? Baxmayaraq ki, bu filmlərdə cinayət bir qayda olaraq cəzasız qalır, bir qayda olaraq antaqonist protaqonistə qalib gəlir, bir sözlə, ədəbiyyatın, sənətin əsas ali məqsədi işləmir, qəsdən unudulur.  Rejissorun "Axmaq" ("Durak") adlı filmində oğrular, quldurlar, qatillər, bir sözlə, cəmiyyətin əsl düşmənləri - cinayətkarlar qalib çıxırlar. Həyat həqiqətinin bədii həqiqətə qalib gəldiyi, əslində, bədii cəhətdən də zəif olan bu filmin tamaşaçı uğuru nəylə bağlıdır? Əlbəttə, postsovet ölkələrinin hamısına az və ya çox dəxli olan reallıqla, həyat həqiqəti ilə. Çoxsaylı nüfuzlu  kino mükafatlarına layiq görülmüş məşhur rejissor Andrey Zvyaginsevin "Yelena" filmində də cinayət cəzasız qalır. Həqiqət yalan qarşısında aciz görünür. Bax, bu tendensiyanın bizim kinoda da müəyyən təzahürləri görünür. Əlixan Rəcəbovun, Taleh Yüzbəyovun, qismən Emil Quliyevin filmlərində həyat həqiqəti bədii həqiqəti üstələyir. Onlar da həm rejissor, həm ssenarist, həm də aktyor kimi çıxış edirlər və böyük tamaşaçı sevgisi qazanırlar. Niyə klassik hesab etdiyimiz ustadların filmləri nə prokatda, nə də yutubda bu uğuru əldə edə bilmirlər? Fikrimcə, bu barədə düşünməyə dəyər. Bu, kütlə zövqüdür deyib təsəlli tapmaq düzgün yol deyil. Həmin filmlər haqqında izləyicilərin rəy və şərhlərini oxumaq bəs edir ki, tamaşaçıların, kifayət qədər, yüksək səviyyəsinin şahidi olasan. Bu filmlərin müqayisəli analizi kinoşünaslarımızın üzərinə düşür.

Teatr dramaturgiyasında da belə bir meyl, zəif də olsa, var. Bu cür yanaşma daha çox axır vaxtlar intensiv şəkildə yaranan özəl teatrların tamaşalarında özünü göstərir. Bir daha məlum olur ki, doğrudan da Yeni, lap Yeni dramaturgiyaya ehtiyac var.

Rəyimi bilmək üçün mənə gənc həmkarlarımın göndərdiyi pyesləri məmnuniyyətlə oxuyuram, o pyeslərdə yenilik görməyəndə məndə, türklər demiş, xəyal qırıqlığı yaranır. Cavabım çox vaxt eyni olur. Mənim kimi və ya mənsub olduğum nəslin nümayəndələri kimi yazmayın, biz bu yolu keçmişik, hələ keçməkdə də davam edirik. Gənclərdən yeni nəfəs, yeni material, yeni keyfiyyət gözləyirik. Ümumiyyətlə, Yeni nədir? Müasir nədir? Cavab çox sadədir: yüksək bədii keyfiyyəti olan əsər həmişə yenidir, həmişə müasirdir. Buna baxmayaraq, yeni nəsil dramaturqların meydana gəlməsi şəxsən məni sevindirir. Nisbətən gənc dediyim, əllini tamam eləməmiş, amma artıq yetkin bir dramaturq kimi teatrda və kinoda özünü təsdiq etmiş İlqar Fəhminin adını məmnuniyyətlə çəkirəm. Daha gənc həmkarlarımı da yada salmaq  istəyirəm:  İsmayıl İman, Pərvin Nurəliyeva, Təranə Vahid, Ülviyyə Heydər,  Cavid Zeynallı, Pərviz Seyidli, Nihad Qulamzadə, Orxan Bahadırsoy, Könül Məmmədova, Failə Nəbi, Elvin Nuri... Bu müəlliflərin hamısının yaradıcılığı ilə tanışam, əksəriyyətinin əsərləri artıq səhnə və ekran həyatı qazanıb, uğurları da var.  Sevindirici haldır ki, Cavid Zeynallının "Şükriyyə" adlı pyesi Bəhram Osmanovun quruluşunda ölkənin baş teatrında - Akademik Milli Dram Teatrında böyük uğurla tamaşaya qoyuldu. Mən gənc dramaturqların  yaradıcılığı haqqında bir neçə dəfə söz açmışam, təkrar etməyəcəm, amma istərdim, teatrlarımız, elə kinomuz da onların əsərlərinə diqqətlə, inamla yanaşsınlar. Həm də müasir ədəbi proseslə, tək dramaturqlarla deyil, nasirlərlə də maraqlansınlar. Axı, teatrda səhnələşdirmə kimi bir anlayış da var: ən yaxşı nəsr əsərlərinin səhnələşdirilməsi. Təcrübə göstərir ki, xeyli uğurlu tamaşalar və filmlər çox vaxt səhnə və ya ekran üçün nəzərdə tutulmamış əsərlərin səhnələşdirilməsindan və ya ekranlaşdırılmasından alınır. L.Tolstoyun məşhur "Anna Karenina" romanı 30 dəfədən çox ekranlaşdırılıb. Bu sarıdan Azərbaycan teatrının da,  kinosunun da kifayət qədər zəngin təcrübəsi var. Səməd Vurğunun "Komsomol" poemasının həm səhnələşdirilməsi, həm də "Yeddi oğul istərəm" adı ilə ekranlaşdırılması böyük uğura imza atmışdı. Altmışıncılar dediyimiz ədəbi nəslin ən yaxşı nəsr əsərləri həm teatrlarımızda, həm də kinomuzda uğurla istifadə olunub. Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı ölkənin bütün teatrlarında səhnələşdirilib, bir neçə dəfə də ekranlaşdırılıb. Əlbəttə, bu məsələdə gənc müəlliflərin özlərinin də təşəbbüskarlığına ehtiyac var. Təəssüf ki, dramaturgiya ilə məşğul olmayan yazıçılarımızı   teatr salonlarında nadir hallarda görərsən.

Bütün dediklərimiz çox yaxşı, amma orijinal bir inkişaf istiqamətini, tam yeni olan bir dramaturgiyanı gözləyirsən, müsbət nəticə hələ təzahür formasındadır. Təəssüf, gənclərin yazdığı pyeslərin əksəriyyəti ənənəvi dramaturgiyanın zəif təkrarıdır.

Çox istərdim bizdə hələ pərvəriş tapmamış sənədli dram janrında pyeslər  yazılsın. Tariximizin, xüsusilə Cümhuriyyət dövrünün elə hadisələri, elə gizlinləri olub ki, onların sənədli dram kimi səhnəyə gətirilməsi əsl teatr hadisəsinə çevrilə bilər. Elə müasir dövrümüzü də səhnədə sənədli şəkildə görmək pis olmaz. Əslində, buna təşəbbüs də olub. Tərlan Rəsulovun "dOM" teatrında müasir dövrümüzdə baş vermiş dramatik bir məktəb əhvalatı əsasında İsmayıl İmanın yazdığı "İclas" və "Proses" pyeslərindən hazırladığı immersiv tamaşada sənədli teatrın təzahürləri qabarıq şəkildə görünür. Əlbəttə, bu yerdə teatr həyatımızda parlaq hadisəyə çevrilmiş Mehriban Ələkbərzadənin "Kod adı - V.X.A." müəllif tamaşasının adını məmnuniyyətlə çəkirəm. Bu möhtəşəm tamaşanın dramaturji mətni, demək olar ki, əsl    dokumental dram janrındadır. Böyük tamaşaçı marağı, müxtəlif səviyyələrdə yazılmış resenziyalar, rəylər göstərdi ki, bizim üçün yeni olan bu dramaturji janr Azərbaycan səhnəsində yaşamaq hüququ qazana bilər. Hətta tamaşaçı bu hövsələsizlik zamanında dörd saat davam edən tamaşaya böyük maraqla baxa da bilər. Təbii ki, bu yerdə biz tarixi mövzuda yazılmış pyeslə sənədli dram janrını qarışdırmamalıyıq.

Təəssüf ki, dramaturgiya ilə intensiv şəkildə məşğul olan gənclərin sayı çox deyil, teatrla ədəbiyyat arasında olan bu çətin ədəbi növə həvəs göstərmək, ona yiyələnmək üçün tək yazıçı istedadı azdır, çox şərtlər var, indi onları sadalamayacam. "Ulduz" jurnalı ilə "525-ci qəzet"in "Ustad dərsləri" adlı birgə layihəsində bu barədə kifayət qədər danışmışıq.

Nəhayət, yazımı konkret  təkliflərimlə bitirirəm:

1. Yaxşı olardı ki, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət Nazirliyinin müvafiq qurumu  yaxın əməkdaşlıq şəraitində işləsinlər. Yeni adlar, yeni əsərlər haqqında nazirlik daim məlumatlı olsun. 

2. İstərdim,  özəl teatrlar xarici müəlliflərin əsərlərindən daha çox gənc dramaturqlarımızın yaradıcılığına diqqət yetirsinlər, onların əsərləri ilə tanış olsunlar, teatrın, səhnənin, dramaturgiyanın dilini öyrənməkdə onlara kömək etsinlər. Həqiqətən, dram da, dramaturq da teatrla sıx əlaqədə, təmasda yaranır. Yaxşıdır ki, Teatr Xadimləri İttifaqında bir neçə yaradıcılıq emalatxanaları ilə bərabər, dramaturgiya emalatxanası da fəaliyyət göstərir. Adlarını çəkdiyim gənc dramaturqların bir çoxu məhz həmin emalatxananın məzunlarıdır.

3. Özəl teatrların ayaqda qalmaları üçün onlara dövlət səviyyəsində maliyyə dəstəyi göstərilsə, yaxşı olar. Çünki müasir teatrın inkişafı,  sənət yenilikləri entuziazm hesabına işləyən o teatrlarda daha tez yarana bilər, nəinki ənənəvi repertuar teatrlarında. Dövlətimiz kütləvi informasiya vasitələrinə,  özəl televiziyalara, yaradıcılıq ittifaqlarına, siyasi partiyalara  maliyyə dəstəyi ayırır, bu çox gözəl, o siyahıya özəl teatrların ən yaxşılarını da əlavə etmək müsbət nəticələnə bilər. Tək entuziazmla uzağa getmək çətindir.

Sonda qeyd edim ki, "Azərbaycan dili və ədəbiyyatı" forumu yüksək səviyyədə təşkil olunmuşdu. Forumun birinci günü, yəni açılış törəni qədim mədəniyyət və ədəbiyyat mərkəzimiz olan Şamaxı şəhərində, ikinci və üçüncü günü isə Bakıda Gülüstan sarayında baş tutdu. Beş yüzdən artıq iştirakçının səmərəli işinin və istirahətinin təşkili ən yüksək səviyyədə idi.   Buna görə də forumun təşkilatçılarına - Heydər Əliyev Fonduna və Mədəniyyət Nazirliyinə xüsusi təşəkkür düşür. 

 

 





12.09.2023    çap et  çap et