525.Az

Qarpız - Ədalət Tahirzadə yazır


 

Qarpız - <b style="color:red"> Ədalət Tahirzadə yazır</b>

(Olmuş əhvalat)

 

İyulun üçüncü ongünlüyüydü. Hələ səhər saat 11 olsa da, göydən çər yağırdı. Bu istidə yerölçənlər Elxan və Şirin Muğan düzündə iş başındaydılar. Elxan teodolitlə ölçür, Şirin da əlindəki üç metrlik üstü rəqəmli uzun taxtanı - şaxsı onun qarşısında tuturdu. İsti elə qalxmışdı ki, nəfəs almaq belə çətinləşmişdi. Ətrafda kölgəsinə sığınmaq üçün nəinki ağac, heç bircə kol belə yoxdu. Özləriylə götürdükləri su da qurtarhaqurtardaydı. İşi yarımçıq qoymaq olmazdı - bir həftəyə bu ərazinin planı hazır olmalıydı. Onları sahəyə göndərən müdirləri Feyzi Yusifli bərk-bərk tapşırmışdı ki, istiyə baxmadan çalışmalı, bir həftə sonra hazır planla Bakıya dönməliyik.

Qırx üç yaşlı Elxan əslən Muğandandı, ona görə də istiyə dözümlüydü. Həm də Şirindən çox böyükdü - dünyanın hər üzünü, astarını görmüş, belə bərkə-boşa çox düşmüşdü, buna görə də başına qoyduğu həsir şlyapa istidən qorunmaq üçün ona yetərliydi, taleyindən də şikayətlənmirdi. Ancaq iyirmi bir yaşlı Şirin Qafqaz dağlarının qoynunda dünyaya gəlmiş və ömrü qarlı yamaclarda, buz sulu çaylarda keçmişdi. O, imkanlı ailənin tək oğluydu və ərköyün böyümüşdü. Ali məktəbdə oxuduğuna görə əsgərliyə aparılmamış, həyatın ağrı-acısını dadmamış, onun çətin sınaqlarıyla üzləşməmişdi, bu üzdən təpəri yoxdu. O, artıq ləhləməyə başlamışdı. Ömründə birinci dəfəydi ki, belə istidə çalışmalı olmuşdu. Bir az da işləyəndən sonra dözmədi:

- Elxan dayı, mənimki bura qədərdi. Daha dura bilmirəm. İsti kələyimi kəsdi. Suyumuz da qurtardı. Gəl vaqon-evimizə dönək, müdirimiz Feyzi bəyə də durumu anladaq.

Elxan bilirdi ki, onların gördüyü iş çox önəmlidir və bir həftə sonra müəssisənin ümumi yığıncağında müzakirə olunacaq əsas məsələlərdən biri də onların hazırladığı plan olacaq. Deməli, işi yarımçıq saxlamaq mümkün deyildi, ancaq Şirinin da halına acıyırdı. Şirin çox savadlı, işinə hədsiz məsuliyyətlə yanaşan, bacarıqlı, eyni zamanda çox tərbiyəli, böyük-kiçik yeri bilən bir gəncdi. Bu birgə işləri müddətində onlar bir-birinə çox isinişmişdilər. Elxan onun xətrini çox istəyirdi. Gözlərinin qabağında bu təcrübəçi tələbənin əldən düşdüyünü görmək də ürəyini acıdırdı. Ancaq necə etməli ki, nə şiş yansın, nə kabab? İş də görülməlidir, Şirini da bu ağır durumda buraxmaq olmazdı.

Birdən neçə gündür gözlərinin qarşısında bitən, ancaq indiyədək əsla diqqət yetirmədikləri, təxminən beş yüz metr aralıdakı bostan Elxanın gözlərinə sataşınca o, xilas yolunu tapdı. Axı bostanda hökmən qarpız olacaqdı! Qarpız yeyib susuzluqlarını yatıra, sərinləyə bilərdilər. Üzünü Şirinə tutdu:

- Qoçaq, çarəsini tapdım. O bostanı görürsənmi? Get, oradan bir-iki qarpız gətir, yeyək, özümüzə gələk.

Şirin sanki bu sözə bənd idi. Cəld özünü toparlayıb bostana doğru qaçdı. Bostanın məftil torlu hasarına çatıb boylandı. Bostanın ortasında qurulmuş çardağın üstü boşdu - bostançı yoxdu. Diqqətlə hər tərəfə göz yetirdi. İki hektarlıq bostanın lap o biri başında bostançının bükülmüş belini gördü - əyilib nəsə qurdalanırdı. Harayladı, ancaq bostançı eşitmədi. Bostanın əldəqayırma balaca taxta qapısını aralayıb içəri girdi. Bostançıya tərəf getdi. Ona çatmağa beş-on metr qalmış bostançı birdən dönüb onu görüncə bağırmağa başladı:

- Ədə ey, a gədə, sənin mənim bostanımda nə itiyin azıb? Sənə kim icazə verib bura girmisən?

Ömründə "ədə", "a gədə" eşitməmiş Şirin özünü itirən kimi oldusa da dərinə getmədi:

- Əmican, nə qədər çağırdım, eşitmədiniz...

- Kar sənin dədəndir. Niyə eşitmirəm? Maşallah, qulağım darı dəlir.

Şirin diqqətlə bostançını süzdü. Əlli beş-altmış yaşı olardı. Boyu az qala iki metrə çatırdı. Üzü günəşdə yanıb qapqara olmuşdu. Sifətini tük basmışdı - ən azından iki aydı ki, ona ülgüc dəyməmişdi. Dodaqları qaysaq bağlamışdı. Yekə əlləri qabar-qabardı. Başındakı həsir şlyapası sökülüb-tökülməkdəydi. Əynində bircə cındır köynək vardı, o da tərdən islanıb bədəninə yapışmışdı. Beli iplə bağlanmış şalvarının cırıq yerlərindən arıq dizləri görünürdü. Bu kobud bədəndəki ən kobud, dözülməz yersə onun diliydi. Ağzı sanki zəhər tuluğuydu - açılan kimi ətrafa ağu saçırdı. Könlünü almaq, ürəyini yumşaltmaq üçün Şirin ona qılıq qatmaq istədi:

- Əmican, vallah sizə kar demək istəmirdim. Dediyimdən elə anlaşıldısa bağışlayın.

- Ədə, mənim nəyimsən ki, səni bağışlayım? Tez ol, əngə vermə, de görək bura niyə girmisən?

Bostançının hər ağzı açılanda özünə qarşı layiqsiz sözləri udmağa məcbur olan Şirin də söhbəti uzatmaq istəmədi, birbaşa mətləbə keçdi. Əlini uzadıb işlədikləri yeri göstərdi:

- Əmican, biz orada günün altında işləyirik. Susuzluqdan dil-dodağımız quruyub. Gəldim ki, Allah rizası üçün sizdən bir-iki qarpız alıb aparım.  

Onun son cümləsi bostançını hövsələdən çıxardı:

- A gədə, Allah mənimlə burada b

ostan əkib-becərib ki, onun rizası üçün qarpız istəyirsən? Sən yox, lap dədənin dədəsi də gəlsə, sənə qarpız vermərəm. Hər gələnə qarpız paylasam, mənə qarpız qalmaz ki!

- Əmi, bununla ikinci dəfədir atamın adını ağzınıza alırsınız. Bu hərəkət sizə yaraşmaz. Axı siz də atasınız. Oğlunuzu mənim yerimə qoysanız...

Bostançı onun sözünü yarımçıq kəsdi:

- Allah eləməsin ki, mənim oğlum sənin kimi avara olub bu ilan mələyən çöllərdə sülənsin.

Susuzluğun, istinin əldən saldığı Şirin qarpızın xatirinə bu təhqirə də dözməyi qərara aldı. Yenə yumşaq səslə dedi:

- Bostançı əmi, qarpızı Allah rizası üçün vermirsənsə, puluyla ver.

- Qanmaz oğlu qanmaz, mən qarpızı dənə-dənə yox, tonlarla, TIR-larla satıram. Sənin iki qarpızının puluna qalmışam? Sürüş buradan, gözüm səni görməsin.

Şirin baxdı ki, bu pəzəvənglə bir az da danışsa, kişi ona hətta əl də qaldıra bilər. Özünü daha urvatsız etməməkçün əli ətəyindən uzun halda Elxanın yanına döndü. Bostançıyla aralarındakı söhbəti ona danışdı. Elə bu vaxt müdirləri Feyzi Yusifli də pikap maşınında gəldi. Elxan durumu, Şirinin başına gələni ona söylədi.

Feyzi bəy işçilərinə qarşı çox tələbkar olsa da, həm də hədsiz qayğıkeşdi. Bostançının insanlığa yaraşmayan davranışı ona bərk yer elədi. Beş-üç dəqiqə fikrə getdi. Birdən dilləndi:

- Alətlərinizi götürün, maşına minin, getdik.

Onun qəti hərəkəti "haraya?" soruşmağa yer qoymurdu. Alətlərini götürüb maşına oturdular. Feyzi bəy sürüb maşını bostanın iyirmi metrliyində saxladı. Dedi:

- Düşün, alətlərinizi çıxarıb işə başlayın.

Ondan heç nə soruşmadılar. Bilirdilər ki, nəsə ağıllı bir şey fikirləşib.

Yusifli hay-küylə işçilərə göstəriş verir, tez-tez də əlini bostan tərəfə uzadırdı. Uzaqdan onları görən bostançı qapıdan çıxıb yaxınlaşdı. Başı şlyapalı Feyzi Yusiflinin vəzifəcə böyük olduğunu anlayıb üzünü ona çevirdi:

- Bacıoğlu, burda nə iş gürürsünüz?

Feyzi bəy üz-gözünü turşudub kişiyə sərt cavab verdi:

- Birincisi, haradan sənin bacın oğlu oldum? İkincisi də, nəyinə lazımdır ki, neyləyirik? Hökumətin işidir, görürük.

"Hökumət" sözünü eşidən bostançı hürkdü. Sınayıcı baxışlarla Feyzini gözdən keçirdi. Onun bayaq acılayıb qovladığı Şirin kimi "yazıq" biri deyil, əksinə, hökmlü, zərli-zorlu biri olduğunu anladı, şirin dilini işə saldı:

- Qadan mənə gəlsin, nə pis söz dedim ki, kefinə dəydi? Elə-belə soruşuram ki, mənim bostanımın yanında nə iş görürsünüz?

Feyzi bəy üzünü Elxan və Şirinə tutub guya öz-özünə mızıldanırmışcasına, ancaq bostançının eşidəcəyi səslə dedi:

- Bu da "bostanım", "bostanım" deyib durub, daha bilmir ki, bir həftədən sonra burada nə bostan qalacaq, nə də bostançı.

Bu sözləri eşidincə bostançını sanki ildırım vurdu. O boyda nəhəng kişi büzüşüb cücəyə döndü. Bayaqkı köntöy, acıdil, tərbiyəsiz, allahsız kişidən əsər-əlamət qalmadı. Az qala yalvarmağa başladı:

- Başına dönüm, niyə bir həftədən sonra bostan da, bostançı da qalmayacaq?

Feyzi əllərini belinə çataqlayıb amiranə bir ədayla dilləndi:

- Kişi, qulaqlarını geniş aç, yaxşı dinlə. Biz yerləri ölçüb planını çəkirik. Burada hökumət obyekti tikiləcək. Sənin bostanın da plana düşür. Biz bir həftə sonra planımızı hökumətə verən kimi bostanın gedəcək işinə, sən də onun dalınca.

- A sənə qurban olum, a ayağının altında ölüm, mən neçə aydır bu iki hektar yerdə ilan kimi yeddi qat qabıq qoymuşam. Məhsulum indi-indi yetişməyə başlayır. Yemiş-qarpızımı, pomidor-xiyarımı yığmadan buranı necə şumlamaq olar?

- Deyirsən yəni sənin bu qotur bostanına görə hökumətin o boyda işi dayansın?

Bostançı yazıq-yazıq ora-bura boylandı. Bir ara fikirləşdi ki, bayaq söyüb qovladığı Şirinin ayaqlarına qapanıb ondan rəisini yola gətirməyi xahiş etsin. Ancaq faydasız olacağını düşünüb tez də fikrindən daşındı:

- Nəçənnik, görürəm, maşallah, hökmlü, sözünü yeridən adama oxşayırsan, bu plan işinin də ağası sənsən. Nolar, gəl mənə bircə ay möhlət ver, sonra nə edirsən elə. Allaha da xoş gələr, bəndəyə də.

- Ay kişi, sən bəyəm Allah, bəndə qanan adamsan? Bu cavan oğlan səndən Allah rizası üçün iki qarpız istəyib, onu söyüb bostandan qovlamısan.

Bostançı dil-dil ötməyə başladı:

- Allaha da qurban olum, peyğəmbərə də, imamlara da. Özüm də seyid nəsliyəm. Nolub, müsəlman deyilik bəyəm? O oğlanı söyənin lap ata-babasına nəhlət. Qanımın qara vaxtı gəlmişdi. Allah haqqı, on iki imam haqqı, heç onunla nə danışdığımı özüm də bilmədim. Gül kimi baladır. O da mənim oğlum. Bu bostan ona da, sizə də qurbandır. Yığın, yığışdırın, nə qədər istəyirsiniz aparın.

Feyzi bəy dilləndi:

- İndi deyirsən ki, sənə görə hökumətə yalan danışaq, onun işini bir ay ləngidək?

- Balalarım sənə qurban, niyə ləngiyir ki? Hökumət hay-huy edənə bir ay vaxt quş kimi uçub gedəcək. Sən də nə buyursan başım-gözüm üstə.

Yusifli Şirini yanına çağırdı və bostançıya dedi:

- Bu gənc oğlandan üzr istəsən, səni bağışlayaram.

İşin bu yolla asanlıqla həll olunacağına ümid bəsləyən bostançı tez Şirinə yanaşdı:

- Bacıoğlu, dədə-babamla, yeddi arxa dönənimlə bir yerdə qələt eləmişəm, başımı daşa döymüşəm, nə desən yemişəm. Dilim quruyaydı səni acılayan yerdə...

Kişinin ikrah doğuran yaltaqlığına dözməyən Feyzi onun sözünü ağzında qoyub Elxanla Şirinə döndü:

- Hə, nə deyirsiniz, bu adama möhlət verək, verməyək?

Elxan da əsl hökumət adamı kimi özünü düşüncəli göstərərək "qayğılı-qayğılı" fikir bildirdi:

- Müdir, sən necə deyirsənsə, o cür olsun. Ancaq bu işin məsuliyyəti var axı. Sonra altından çıxa biləcəyikmi?

Feyzi bəy ona "izah etdi":

- Hökumətə raport yazarıq ki, bərk istilər üzündən işimizi təxirə salmağa məcbur olduq. Bu adam da yazıqdır axı. Gör neçə ay burada can qoyub, alın təri axıdıb. İndi məhsulun yetişən vaxtında onun bostanını dağıtmaq da insafdan deyil. Bunu Allah da götürməz. Ancaq biz buradakı işimizi hökmən qurtarmalıyıq. Bu bostançı da bizə yardım göstərər, yəni bizə kölgəlik düzəldər, hər gün yemiş-qarpız gətirər. Elə deyilmi, a kişi?

Bu sözləri eşidən bostançı sanki ölmüşdü, yenidən dirildi. Feyzinin ayaqlarına qapanmağa belə hazırdı. Gülə-gülə üzünü ona tutdu, ərklə əmr etdi:

- Əşi maşını bostana sür ey.

Sonra üzünü yerölçənlərə çevirib dedi:

- Siz əlinizi də vurmayın ha! Maşını özüm yükləyəcəyəm. Sabahdan da iş yerinizin kölgəliyi, yemək-içməyiniz və yedikcə yediyiniz sərin qarpızınız da məndən.

...Günortadan sonra yerölçənlərin vaqon-evi yemiş-qarpızla dolmuşdu. İki qarpıza qıymayan bostançı yalvara-yalvara onlara bir maşın qarpız vermişdi.

 

 





12.09.2023    çap et  çap et