525.Az

Yeni tədris ili nələr vəd edir: faktlar, rəqəmlər, gözləntilər


 

Yeni tədris ili nələr vəd edir: faktlar, rəqəmlər, gözləntilər<b style="color:red"></b>

Azərbaycanda təhsil sistemi 2023-2024-cü tədris ilinə 2.1 milyon təhsilalanla və 300 min təhsil işçisi ilə başlayacaq. Təhsilalanların 220 mini məktəbəqədər, 1.6 milyonu ümumtəhsil, 33 mini peşə, 60 mini orta ixtisas, 220 mini isə ali təhsil müəssisələrindədir. Ümumilikdə 2.4 milyon insanı əhatə edən təhsil sistemində hər il ciddi dəyişikliklər gedir.

Elm və təhsil naziri Emin Əmrullayevin dediyinə görə, 2023-2024-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək. Həmin məktəblərdə ümumilikdə 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək. Zəngilan rayon Ağalı kənd tam orta məktəbi bu tədris ilinə 11 sinif, 120 şagird, 15 müəllimlə start verəcək. Ağalı kənd uşaq bağçasında 1 qrup fəaliyyət göstərəcək. Tərtər rayonunun Talış kənd tam orta məktəbində 7 sinifdə 19 şagirdə 8 müəllim təhsil bələdçiliyi edəcək. Kənd uşaq bağçasında 1 qrup təşkil olunub.

Füzuli şəhər 1 nömrəli tam orta məktəbində 104 şagirddən 11 sinif təşkil edilib. Məktəbdə 15 müəllim dərs keçəcək. Laçın şəhər 2 nömrəli tam orta məktəbində 137 şagirddən qurulan 11 sinifdə 16 müəllim tədrisi həyata keçirəcək.

Laçın rayonu Zabux kənd tam orta məktəbində də 11 sinif təşkil olunub. Burada 51 şagird təhsil alacaq. 15 müəllim qeydiyyatdan keçib. Şuşa şəhər 1 nömrəli tam orta məktəb 12 sinifdə 349 şagird, 25 müəllimlə tədris ilinin ikinci yarısında fəaliyyətə başlayacaq.

Məktəb infrastrukturunun yaradılması prosesindən söz açan nazir bütün ölkə ərazisində qəzalı məktəblərin sayının son illərdə 30 faizə qədər azaldığını deyib. Hazırda Azərbaycanda 654 məktəbin ya təmirə, ya da yenidən tikilməsinə ehtiyac var. Bu rəqəmin içərisində iri məktəblərin sayı azdır. Hətta 100-ə qədər məktəb var ki, şagird sayı 30-dan aşağıdır: "Məktəbəqədər təhsil müəssisələrində bu ildən vakant olan müdir vəzifələrinə işə qəbul müsabiqə yolu ilə aparılacaq. Məlum olduğu kimi, tərbiyəçi vəzifəsinə qəbul da bu yolla həyata keçirilir. Ümumiyyətlə, bundan sonra həmin müəssisələrdə də işə qəbul mərkəzləşmiş qaydada imtahanla olacaq. Son bir il ərzində məktəbəqədər təhsil müəssisələrinə mərkəzləşmiş qaydada işə qəbul çərçivəsində 241 tərbiyəçi işə götürülüb. Burada da sertifikatlaşdırmanın həyata keçiriləcəyi nəzərdə tutulur. Belə ki, 2026-cı ilə qədər 17 min pedaqoji heyətin təlimlərdən keçirilməsi və sertifikatlaşdırılması planlaşdırılıb. Hazırda bu prosesin mexanizmi hazırlanır".

Emin Əmrullayevin sözlərinə əsasən, bağçada təhsil alan uşaqların və müəllimlərin vahid məlumat bazası qurulub: "Biz artıq bilirik ki, hansı bağçada nə qədər tərbiyəçi hansı diplomla, nə qədər stajla fəaliyyət göstərir. Onların əməkhaqqı sistemi avtomatlaşdırılıb. Bu proses bizə daha yaxşı nəzarət etməyə, daha düzgün qərarlar verməyə kömək edəcək".

Nazir vurğulayıb ki, yeni tədris ilində heç vaxt bağça olmayan kiçik kəndlərdə icma əsaslı qrupların yaradılması davam edəcək. Hazırda 800 qrupda 16 minə yaxın uşağın təhsil aldığı qrupların sayı artacaq: "Özəl-dövlət müəssisələrinin partnyorluğuna əsaslanan alternativ modellər üzərində də iş gedir. Qeyd edim ki, növbəti tədris ilində məktəbəqədər təhsilə 220 min uşağın cəlb edilməsi gözlənilir. Ümumi təhsildə ən önəmli istiqamətlərdən biri Azərbaycan dilinin tədrisinin artırılması ilə bağlıdır. Bu məqsədlə 3 istiqamətdə fəaliyyət həyata keçiriləcək. Birincisi, 2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq. İkincisi, tədrisi rus dilində həyata keçirilən siniflərdə bir sıra fənlər, o cümlədən, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Zəfər tarixi, Azərbaycan musiqisi, hərbi hazırlıq dərsləri Azərbaycan dilində tədris olunacaq. Yuxarı sinifdə oxuyan şagirdlərin bəzi hallarda Azərbaycan dilindən zəif olduğunu görürük. Odur ki, üçüncü istiqamət olaraq tədrisi rus dilində aparılan siniflərdə monitorinqlər keçirməyi, keyfiyyətə nəzarət tədbirləri görməyi planlaşdırırıq. Bu yolla sözügedən məsələdə müəssisə rəhbərlərinin, aidiyyəti şəxslərin məsuliyyətini artıracağımızı düşünürük. Bununla həm də problemin harada olduğunu müəyyənləşdiririk".

Onun sözlərinə əsasən, məktəblərdə yeni tədris ilində dərslik problemi olmayacaq. Bu il ümumilikdə 318 dərslik 7.4 milyon nüsxədə çap olunub. 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb. Dərsliklər artıq şəhər və rayon məktəblərindədir. Növbəti həftədən ucqar yerlərdə yerləşən məktəblər də dərsliklərlə təmin ediləcək. 2017-2018-ci ildə 43 məktəbdə 6.5 min şagirdlə başlayan "Rəqəmsal bacarıqlar" layihəsi artıq 418 məktəbdə 300 min şagirdi əhatə edir. Növbəti tədris ilində bu rəqəmlər də dəyişəcək. Belə ki, layihə 53 şəhər və rayonda 532 məktəbdə 410 min şagird 3 min müəllimlə yola davam edəcək.

STEAM layihəsi 400-dək məktəb və 30-a qədər STEAM mərkəzlərində 180 mindən çox şagirdi əhatə edəcək.

Nazir qeyd edib ki, ümumi təhsildə fiber-optik internet, şəbəkələşmə davam etdiriləcək. Şəbəkəyə fiber-optik internetə qoşulan məktəb sayı artıq 1300-dür və bu, şagirdlərin 75 faizi deməkdir. 2026-cı ilin sonuna 1500 məktəb dünyaya bu şəbəkə ilə açılacaq. Emin Əmrullayevin sözlərinə görə, sürətli internetin çatmadığı məktəblər daha çox kiçik, şagird sayı az olan və ucqarlarda, dağ kəndlərində yerləşənlərdir ki, onların internetlə təminatında həm texniki, həm də maliyyə məsələləri rol oynayır: "Ucqarlarda, dağ kəndlərində olan məktəblərə fiber-optik internetin çəkilməsi ucuz deyil. Ona görə çalışırıq ki, böyük şəhərlərdə, magistrallarda yerləşən məktəbləri sürətli internetlə təmin edək. Bu işdə bizə həm İqtisadiyyat Nazirliyi, həm də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kömək edir.  Ölkədə internetləşmə artdıqca bu istiqamətdə bizim işlərimiz də yaxşılaşacaq".

E.Əmrullayevin söylədiyinə görə, hazırda məktəblərdə 11 şagirdə 1 kompüter düşür. Məktəblərə hər il 40-50 min kompüterin verildiyini nəzərə alsaq, 200 min kompüterin alınması ilə  2026-cı ildə bu rəqəm hər 6 şagirddən birinə olan nisbətdə dəyişəcək. Təhsilin bu səviyyəsində inkişaf vacib istiqamətlərdəndir. Peşə təhsili müəssisələrinə ildən-ilə artan qəbul nəticəsində hazırda 25 minə qədər təhsilalan var. Ali təhsilə keçid imkanı verəcək yüksək texniki peşə təhsili üzrə 1460 nəfər təhsil alır. Dövlət sifarişli yerlərin sayı 30 faiz artaraq bu tədris ilində 18 mindən çox olacaq.

Növbəti tədris ilində peşə təhsili müəssisələrinə tələbə qəbulu sayını 26 minə çatdırmaq planlaşdırılıb. Azərbaycan dünyada peşə təhsili üzrə ən vacib yarış olan "WorldSkils" üzvüdür və bu il ölkəmizdə keçirilən 8 yerli yarışın qalibləri növbəti il Lionda keçiriləcək "WorldSkils-2024"də ölkəmizi təmsil edəcəklər.

2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə 75 min tələbənin qəbulu nəzərdə tutulur. Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40 faizdən çox artıb. Bu artımda dövlət sifarişli yerlərin payı daha çoxdur. Belə ki, dövlət sifarişi əsasında qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb. Xüsusən tibb ixtisasları, müəllimlik və İT üzrə dövlət sifarişi əsasında təhsil alan tələbələrin sayı dəfələrlə çoxdur.

Magistratura səviyyəsi üzrə 2023-2024-cü tədris ilində qəbul 13485 nəfər olub ki, bu da 10 il əvvəl ilə müqayisədə 3 dəfə çoxdur. 2023-2024-cü tədris ilində tələbə köçürülməsi üzrə 4316 müraciət daxil olub və onların 80 faizi təsdiqlənib.

Ali təhsildə çox vacib məqamlardan biri keyfiyyətə nəzarətdir. Ötən il 5 ali təhsil müəssisəsinin - Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universitetinin yeni qaydalarla akkreditasiyası tamamlanıb. 4 universitet həmin qaydalara "əsasən uyğun" hesab edilib. "Qismən uyğun" hesab edilən Sumqayıt Dövlət Universitetinə isə 1 il vaxt verilib ki, boşluqlar doldurulsun: "Boşluqlar doldurulmayan ali təhsil müəssisələrinə qəbul prosesini dayandıracağıq. Çünki bizim üçün kəmiyyətlə yanaşı, ali təhsil müəssisələrində keyfiyyət də olduqca vacibdir".

Nazir bildirib ki, daha 5 universitet - Azərbaycan Memarlıq və İnşaat, Lənkəran Dövlət, Xəzər universitetləri, BDU-nun Qazax və UNEC-in Zaqatala filiallarında proses tamamlanıb, qiymətvermə mərhələsindədir. 10 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirilməsi yeni tədris ilində keçiriləcək.

Nazir müəllimlik ixtisasının da akkredita

siyasının bu il reallaşacağını vurğulayıb: "Bəzi təhsil müəssisələrinin MİQ imtahanlarında iştirak edən məzunlarının heç biri minimal bal yığa bilmir. Bu, bizim üçün sualdır. Hansı ali təhsil müəssisisəsi müəllim hazırlaya bilmirsə, həmin müəssisədə bu ixtisasın tədrisi dayandırılacaq".

Prosesə ibtidai sinif müəllimliyi ixtisasından başlanılacağı düşünülür: "Təhsildə həyata keçirdiyimiz islahatın mahiyyəti odur ki, məktəbdə ibtidai təhsili düzəldək. Çünki bütün problemlərin ibtidai təhsildən qaynaqlandığını müşahidə edirik. Məsələn, IV sinfin sonunda aparılan qiymətləndirmənin nəticəsi göstərir ki, şagirdlərin təxminən 30 faizində riyaziyyatdan ciddi problemlər var. Bu, 2028-ci ilin buraxılış imtahanlarının nəticələrinin ilkin siqnalıdır. Ona görə də bu gün həmin məktəblərdən soruşuruq ki, bu uşaqlar niyə öyrənməyib. Hər kəs öz işinin məsuliyyətini bilsə, islahatların nəticəsi daha yaxşı olar".

Ali təhsildə nəzərdə tutulan yeniliklərdən biri də bəzi ixtisasların tədris müddətinin qısaldılması olacaq. Prosesin növbəti illərdə pilot layihələrlə həyata keçirilməsi nəzərdə tutulur. Artıq müəyyən hesablamalar var və modelləşmə edilib: "Lakin hazırda bunu daha çox ali təhsil müəssisələri ilə müzakirə edirik. Bunlar əsasən turizm, İT və magistratura səviyyəsində təhsil almağa ehtiyac olmayan ixtisaslardır".

Sevinc QARAYEVA

 

 





12.09.2023    çap et  çap et