|
|
|
|
Dünən Ağdam-Xankəndi yolundan Rusiyanın göndərdiyi yük keçib. Bununla da həmin istiqamətdə müharibə dövründən bəri ilk keçid baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobili məhz Ağdam-Xankəndi marşrutu ilə hərəkət edərək Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni sakinlərə yardım çatdırdı.
Qeyd edək ki, Rusiyaya məxsus ərzaq və qeyri-ərzaq məhsulları olan TIR iki gün idi ki, Bərdə şəhərində keçid üçün gözləyirdi. Qarabağdakı separatçılar və Ermənistan hakimiyyəti humanitar yardımın Ağdam-Xankəndi yolu ilə keçidinə qarşı dirəniş göstərir, bununla da qeyd edilən marşrutun açılmasına qarşı çıxır və Qərbdəki havadarlarının sifarişini yerinə yetirirdilər. Əlbəttə ki, bu məsələdə arxa planda Beynəlxalq Qırmızı Xaç Komitəsinin də rol aldığı şübhəsizdir. Bu komitənin Azərbaycana münasibətdə sərgildiyi mövqe, humanitar deyil, siyasi fəaliyyətlə məşğul olması, ermənilərə xidməti, öz neytrallığını pozmasına dair çox sayda faktlar var. Ancaq Azərbaycan dövlətinin iradəsi, qətiyyəti istənilən təzyiqin qarşısında nəinki duruş gətirməyə, öz doğrularını qəbul etdirməyə qadirdir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Neçə aydır ki, aclıq şousu quran, guya çörək tapmadıqlarını bütün dünyaya car çəkən ermənilər Azərbaycanın Qızıl Aypara Cəmiyyəti vasitəsilə göndərdiyi 40 ton unu hələ də qəbul etməyiblər. Bu faktlar aclıq şousunu ifşa etməklə yanaşı, separatçıların, Ermənistan hakimiyyəti və onun havadarlarının humanitar yardımı siyasiləşdirdiklərini, bu məsələdə öz çirkin məqsədlərinə nail olmağa çalışdıqlarını göstərir. Əgər söhbət həqiqətən də humanitar böhrandan gedirsə, onda yükün Ağdam-Xankəndi, yaxud Laçın yolundan keçməsi ermənilər üçün fərq etməli deyildi. Amma onlar Laçın yolunda israr etməklə məqsədlərinin siyasi, pozuculuq olduğunu göstərdilər. Azərbaycan ərazisində yaşayan hər kəs onun suverenliyini, mərkəzi hakimiyyətini qəbul etməlidir. Digər tərəfdən, Bakı öz sərhədləri daxilində istənilən addımı ata bilər və heç kimin onun daxili işlərinə qarışmaq hüququ yoxdur. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması da məhz bundan irəli gəlir. Ermənilər Fransanın və digər havadarlarının dəstəyi ilə Laçın yolunun "dəhliz" formatında fəaliyyətini davam etdirməsinə nail olacaqlarını düşünürdülər. Bu məqsədlə dünyadakı erməni şəbəkəsi geniş antiazərbaycan kampaniyasına start verdi, Fransa öz TIR-larını sərhədə yolladı. Amma bütün təzyiqlərə, çağırışlara baxmayaraq, Bakı öz haqlı mövqeyində möhkəm dayanaraq bütün gücləri geri addım atmağa vadar etdi. Azərbaycan artıq bəyan edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Laçın yolu da ölkə qanunvericiliyinə uyğun şəkildə, Azərbaycanın gömrük və sərhəd rejiminə əməl olunmaqla açılacaq. Laçın yolu ilə daxil olacaq yüklər ikinci bir dövlətin ərazisindən gəldiyi üçün əlbəttə ki, qanunvericiliyin tələbinə uyğun olaraq gömrük və sərhəd prosedurlarını keçməlidir. Azərbaycan XİN-in açıqlamasında Rusiya QXC tərəfindən göndərilən yükün Bakı ilə əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndirilib, Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə ilə bağlı bir daha bəyan edib ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır. Bunun həyata keçirilməsinə mane olan Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir.
Rusiya yükünün Ağdam-Xankəndi marşrutu üzrə hərəkət etməsi bu istiqamətdə ilk və mühüm addım olsa da, məsələnin tam olaraq həllini tapması demək deyil. Vurğulamaq lazımdır ki, Moskva məhz Bakının icazə verdiyi yolla hərəkət etdi. Bu, həm də müsbət bir presidentdir. Yəni Qarabağ ermənilərinə yardım gətirmək istəyən digərləri də məhz Bakının icazəsi və bu yolla Xankəndinə hərəkət edə bilər. Amma təbii ki, növbəti mərhələdə Azərbaycanın hədəfi bu yolun tam işlək olması və qəbul edilməsinə nail olmaqdır. Şübhə yoxdur ki, yaxın günlərdə bu da baş verəcək. Çünki ermənilərin artıq başqa yolu qalmayıb. Deməli, Bakı bütün təzyiqlərə baxmayaraq, həm Laçında post qurdu, eyni zamanda təklif etdiyi marşrut artıq qəbul olunmaqdadır. Rusiya yükü Ağdam-Xankəndi yolundan keçib, Avropa İttifaqı, ABŞ rəsmilərinin bəyanatlarında isə humanitar məqsədlər üçün alternativ marşrutlar dəstəklənib. Bu, Azərbaycanın xarici siyasətində mühüm uğurdur. Ermənilərin və onların havadarlarının da Ağdam-Xankəndi yolunu qəbul etməkdən başqa seçimləri qalmayıb. Əminliklə demək olar ki, proseslər sona yaxınlaşır, yolun açılması həm də reinteqrasiya istiqamətində mühüm addımdır. Və artıq separatçıların təslim olacaqları gün uzaqda deyil.
Milli Məclisin deputatı Azay Quliyev hesab edir ki, Prezident İlham Əliyevin siyasi zəkası, sərgilədiyi dəmir iradə və həyata keçirdiyi ağıllı diplomatiya öz bəhrəsini verdi: "Ermənistanın və Qarabağ separatçılarının müqaviməti qırıldı və nəhayət, Ağdam-Xankəndi yolu açılaraq fəaliyyətə başladı. Artıq səhər saatlarında RQXK məxsus ilk tır Xankəndiyə daxil olub və əminəm ki, bunun davamı olacaq. Bu, çox ciddi uğurdur və bundan sonra bir çox məsələlər Azərbaycanın müəyyən etdiyi strateji xətt üzrə dəyişəcək. Birincisi, Xankəndiyə gedən vacib kommunikasiya və təchizat xətlərinin ölkə üzrə mərkəzləşdirilmiş şəbəkəyə mərhələli şəkildə qoşulması və real reinteqrasiya prosesinə başlanması üçün praktiki addımlar atılacaq. Düşünürəm ki, ilk addımlardan biri kimi yaxın günlərdə Qarabağda qalan qanunsuz erməni silahlı dəstələrinin tərki-silah edilərək ölkəmizi tərk etməsi və separatizm elementlərinin aradan qaldırılması, o cümlədən, ermənilərin təhlükəsizlik məsələlərinin müzakirəsi üçün Bakının müəyyən etdiyi yerdə və şərtlərlə etməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək.
İkincisi, Ermənistanın, erməni lobbisinın və Fransa kimi ölkələrin "humanitar fəlakət", "soyqırımı" və "etnik təmizləmə" adı altında son 10 ayda ölkəmizə qarşı təşkil etdikləri qarayaxma kampaniyası "blokada" kartından məhrum olduğuna görə əhəmiyyətini və təsirini itirəcək. Üçüncüsü, Azərbaycanın müəyyən etdiyi 5 təməl prinsipi əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması üçün diplomatik aktivlik artacaq və oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində keçiriləcək liderlərin görüşündə bu istiqamətdə ciddi nəticələr əldə olunacaq. Sonda isə xüsusilə, vurğulamaq istərdim ki, Xankəndiyə Ağdamdan yolun açılması beynəlxalq təzyiqlərə və BMT TŞ-dakı təhdidlərə mətanətlə dözən, milli maraqlarımız üçün "öldü var, döndü yoxdu" deyən, diplomatik məharəti, dərin zəkası, taktiki və strateji gedişləri ilə hamını "mat" edən cənab İlham Əliyevin tarixi və möhtəşəm qələbəsidir".