|
|
|
|
Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün beynəlxalq və regional təşkilatların fəaliyyəti ilə yanaşı, onların formatına da təsir göstərib. BRİKS-in avqustun 22-dən 24-dək Cənubi Afrika Respublikasının ikinci böyük şəhəri Yohannesburqda keçirilən 15-ci sammitində Rusiya Prezidenti Vladimir Putin iştirak etmədiyi kimi, "Böyük iyirmilik" ölkələrinin sentyabrın 9-10-da Nyu Dehlidə "Bir dünya, bir ailə, bir gələcək" devizi ilə keçirilən sammitinə də iki ölkənin - Çinin və Rusiyanın dövlət başçıları qatılmadılar. Bu iki hadisə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin "soyuq müharibə"nin başa çatmasından sonra formalaşmış dünya düzənini nə qədər dəyişdiyini göstərir.
Rusiya Prezidenti Vladimir Putinin Yohannesburqda və Nyu Dehlidəki sammitlərdə iştirak etməməsi ilə bağlı məsələ aydındır. Cənubi Afrika Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarını tanınmasını təmin edən Roma Əsasnaməsini (Statu) imzaladığı üçün Yohannesburqa gedəcəyi halda Rusiya Prezidenti həbs təhlükəsi ilə üzləşə bilərdi. Cənubi Afrika Respublikasından fərqli olaraq Hindistan Roma Statunu imzalamayıb. Ona görə də Nyu Dehliyə gedəcəyi halda Vladimir Putini həbs təhlükəsi gözləmirdi. Ancaq burada da başqa problem vardı. Rusiya prezidenti Qərb dövlətlərinin liderlərinin nümayişkaranə şəkildə təcridi ilə üzləşə bilərdi. Bu ehtimal çox yüksək olduğu üçün Vladimir Putin G20-lərin Nyu Dehlidəki sammitinə qatılmadı.
G20 ilə müqayisədə daha əhəmiyyətsiz əməkdaşlıq format olan BRİKS-in Yohannesburqa keçirilən sammitinə qatılan Çin dövlət başçısı Si Cinpinin Nyu Dehlidə "Böyük iyirmilər"in sammitinə qatılmaması da gözlənilən idi. BRİKS əsasən Çinin gücünü nümayiş etdirən platforma olduğu üçün dövlət başçısı Si Cinpin bu təsisatın toplantılarına həvəslə qatılır. G20-lərin sammiti isə əsasən ABŞ-ın gücünün aşkar göründüyü bir platformadır. Digər tərəfdən BRİKS-in sammitindən sonra Çinin Arunaçal-Pradeş ştatını öz sərhədləri daxilində göstərən rəsmi xəritə dərc etməsi Pekinlə Nyu Dehli arasında münasibətləri pisləşdirdi. Çünki Çin kimi Hindistan da Arunaçal-Pradeş ştatına iddia edir. İki dövlət arasındakı mübahisəli ərazini indi Çinin özünüküləşdirməyə cəhd etməsi Hindistanı narazı salıb. Belə bir vəziyyətdə Nyu Dehlidə Si Cinpin xoşagəlməz sürprizlə qarşılaşa bilərdi. Əsasən yüksək səviyyədə qarşılandığı ölkələrə səfər etməyi xoşlayan Si Cinpin gözlənilməz sürprizlə qarşılaşmamaq üçün G20 ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmədi.
İki dövlətin - Çin və Rusiyanın dövlət başçılarının iştirak etməməsi ilə dünyanın, sammitin devizində deyildiyi kimi, "Bir dünya, bir ailə, bir gələcək" olmadığını göstərdi. Sammit öncəsi belə rəylər mövcud idi ki, Hindistan bu sammitdən istifadə edərək Çinin son addımına cavab verəcək. Belə bir cavab ABŞ-Hindistan yaxınlaşması oldu. Sammit çərçivəsində tədbirə evsahibliyi edən Hindistan Baş naziri Narendra Modi ilə bir saata yaxın təkbətək danışıqlar aparan ABŞ prezidenti Co Bayden Çinin "Bir kəmər, bir yol" layihəsinə qarşı alternativ "İpək yolu" təklif edib. Hindistandan başlayan bu infrastruktur layihəsi Ərəbistan yarımadasından keçməklə Yunanıstan üzərindən Avropa qitəsinin dərinliklərinə qədər uzanmalıdır. ABŞ dünya Bankı və digər maliyyə strukturlarının vasitəsilə bu layihəyə 200 milyard dollar cəlb etməyi vəd edir. Əlbəttə, bu Çinin "Bir kəmər, bir yol" layihəsinə xərcləmək istədiyi bir trilyon dollarla müqayisədə çox az məbləğ kimi görünə bilər. Ancaq iki məqam var ki, ABŞ-ın layihəsinin Çinin "Bir kəmər, bir layihə"sinə alternativ ola biləcəyini söyləməyə imkan verir. Birincisi, ABŞ bütün ölkələrə seçim etməyi təklif edir. Bu o deməkdir ki, Çinin layihəsində iştirak edən dövlətlər ABŞ-ın müsbət münasibətinə ümid etməməlidir. Üstəlik, həmin dövlət bu və digər sahələrdə ABŞ-ın məhdudiyyətləri ilə üzləşə bilər. ABŞ-ın layihəsində yer alan dövlətlər isə Vaşinqtonun dəstəyinə ümid edə bilər. Məsələn, ABŞ Hindistana sərmayə və texnologiya vəd edir. Aydın görünür ki, prezident Co Baydenin bu təşəbbüsü Çinin "Kəmər və yol" layihəsinə ABŞ-ın cavabdır. Çin və Rusiya dövlət başçılarının Nyu Dehlidə keçirilən sammitdə iştirak etməməsi də ABŞ-ın təşəbbüsünə dəstəyi artırıb.
Ekspertlər hesab edirlər ki, Çinin hegemonluğundan narahat olan və Rusiyanın loqistika sistemindən asılılıqdan zərər çəkən Mərkəzi Asiya ölkələri Türkiyə vasitəsilə Amerika-Hindistan layihəsinə qoşula bilər. Ukraynaya qarşı müharibənin nəticəsi olaraq Rusiyanın beynəlxalq münasibətlərdən və qlobal ticarətdən təcrid edilməsi Mərkəzi Asiya ölkələrinə bir ölkədən asılılığın nə qədər zərərli olduğunu göstərdi. Rusiyanın asılılığıdan xilas olmağa çalışan Mərkəzi Asiya ölkələri Çindən asılı düşmək istəmirlər.
Bütün bunlarla yanaşı, G20 ölkələrinin dövlət və hökumət başçılarının sammiti göstərdi ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığı 24 fevral 2022-ci ildən əvvəlki dünya düzəni tamamilə dağılıb. Belə görünür ki, "Böyük iyirmilik"dən iki dövlət çıxa, bu format G18-ə çevrilə bilər. Və yaxud Rusiyanın əvəzinə Ukraynanın, Çinin əvəzinə isə Vyetnamın qəbulu ilə G20 formatı formal olaraq saxlanıla bilər. Amma hər kəsə aydındır ki, dünyada ciddi bir bölünmə baş verir. Rusiyanın ardınca Çin də beynəlxalq münasibətlərdən və qlobal ticarətdən təcridə doğru itələnir. Heç şübhəsiz ki, Rusiyanın üzləşdiyi vəziyyətin əsas günahkarı prezident Vladimir Putinin səhv siyasəti olduğu kimi, Çinin də üzləşdiyi problemlərin əsas səbəblərindən biri Pekinin xarici və daxili siyasətində baş verən ciddi dəyişiklikdir. ABŞ rəqiblərinin yaratdığı imkandan istifadə edir. Əgər Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi olmasaydı və Moskva Avropanı nüvə zərbəsi ilə qorxutmasaydı, Ağ ev Kremlə qarşı geniş koalisiya qura bilməzdi. Çin də Hindistan, Filippin, Vyetnam və digər ölkələrə qarşı ərazi iddiasını gücləndirməsəydi, Vaşinqton Pekinin layihələrinə alternativ olan layihələrini gündəmə gətirməzdi.
Dünya düzəni isə sürətlə dəyişir və G20 ölkələrinin Nyu Dehli sammiti göstərdi ki, yeni dünya düzəninin formalaşması prosesində önəmli hadisələr müşahidə etməkdəyik.