|
|
|
|
(Əvvəli ötən çərşənbə sayımızda)
Sonradan SSRİ xalqlarının yazıçılarının tərcümə olunmuş əsərləri ilə tanışlıq başlandı. Daha sonra isə rus dili vasitəsilə rus ədəbiyyatı ilə daha yaxından tanışlıq və dünya ədəbiyyatı incilərindən faydalanmaq anları başladı. İlk dəfə məktəb illərində rus dilində oxuduğum kitab italyan yazıçısı Alberto Moravianın "Çoçara" romanı olmuşdu, onu mənə oxumağa, Gəncədən olan bir nəcib ziyalı oğlan kolxozda zootexnik işləyən vaxt vermişdi. Sonralar isə tarix, coğrafiya, etnoqrafiya, fəlsəfə, hüquq elmlərinə dair əsərlər ön plana keçdi.
SSRİ-də totalitarizm təkcə möhkəm dövlət quruluşu formasını müəyyən etmirdi, burada vahid ideya, vahid partiyanın olması və bəsit demokratiyanın tam məhdudlaşdırılması ilə yanaşı, qeyri-iradi, bir mərkəzdən idarə olunan totalitar şüur da formalaşdırılırdı. Mən heç də ideya təbliğatına toxunmaq istəmirəm. Elə bil, mütaliə obyekti də, bütün o geniş ərazidəki ölkədə kiminsə sehrli çubuğu ilə idarə olunurdu. Hamı, əsasən bir qaydada olan paltar geyindiyi tək, elə bil şüurlara, mütaliə zövqlərinə də oxşar uniforma təlqin olunurdu. 50-ci illərdə Moskvanın və ölkənin digər rusdilli oxucuları Erix Mariya Remark ilə xəstələnmişdi, 60-cı illərdə ön cərgəyə Ernest Heminquey çıxdı, 60-cı illərin ikinci yarısında isə hamı, əslində əksəriyyət müharibə haqqında ədəbiyyatı, sərkərdələrin elə də maraqlı olmayan memuarlarını oxumağa girişdi. 70-ci illərdə çoxu Rəsul Həmzətova, sonralar isə Çingiz Aytmatova vuruldu. Bir müddət Yuri Trifonov özünün məişət povestləri, Valentin Rasputin və Viktor Astafyev isə kənd povestləri ilə məşhurlaşdı. Nəhayət, 90-cı illərin əvvəllərində hamı Anatoli Rıbakovun "Arbat uşaqları"nı mütaliə etməyə başladı. Azərbaycanda isə mütaliə modası daha ləng dəyişirdi, burada ümumən kitaba bəslənən zövq o qədər də kübarlılığı ilə seçilmirdi. Ona görə də aşağı səviyyəli, bəzən heç bir bədii dəyəri olmayan kitablar ümumi oxucu kütləsi dünyasının ən parlaq və cazibədar ulduzuna çevrilirdi. Məsələn, 60-cı illərdə "Qara Volqa" adlı primitiv detektiv povest hamı tərəfindən oxunurdu və kütləvi oxucu üçün ən populyar əsər hesab olunurdu. Sonralar da bu ənənə tayfa təbliğatı hesabına daha geniş davam etdirildi.
Şəxsi müşahidələrim heç də kütləvi oxucunun yüksək zövqündən xəbər vermir. Azərbaycan oxucusu 50-ci illərdə amerikan yazıçısı Teodor Drayzerin bir-birinin ardınca tərcümə edilib, çap olunan "Kerri bacı", "Cenni Herhard", "Dahi", "Amerika faciəsi" romanlarını böyük iştaha ilə həzm edirdi və hamı güman edirdi ki, amerikan ədəbiyyatı məhz bu müəlliflə başlayır və onunla qutarır. Sonra hind kinofilmlərinin melodramatik süjetlərinin təsiri altında hind ədəbiyyatına maraq yarandı, Rabindranat Taqorun Şərq fəlsəfəsindən faydalanmış əsərləri ilə yanaşı, Xoca Əhməd Abbas və digər müəlliflərin o qədər də güclü olmayan əsərləri geniş mütaliə obyektinə çevrildi. 50-ci illərin sonunda kütləvi Azərbaycan oxucusunun "Baskervillərin iti" əsəri ilə, orijinalda "bloodhound", rusca "işşeyka", azərbaycanca isə "axtarıcı it" olduğu halda, it kimi getmişdir. İlk dəfə Konan Doylla, həm də ümumən, detektiv ədəbiyyatla tanışlığı başladı. Çünki bu oxucu janrın ilk banisi Edqar Allan Podan uzaq olduğu kimi, onun digər davamçıları Aqata Kristini və daha müasir Jorj Simenonu da tanımırdı. Lakin bu oxucu doğma yazıçısı Məmməd Səid Ordubadinin əksər tarixi romanlarında bu janrın elementlərini nəinki hiss etmişdi, hətta bu janrın üslubuna tam yaxın olan "Dumanlı Təbriz"ini də məhz inqilabi roman kimi qəbul etmişdi. Axı tanış olmayan meyvədə tanıdığımız meyvələrin tamını axtarırıq. Biz adətən ananas, papayya, avakado və digər tropik meyvələri öz meyvələrimizin dadı və ətri ilə müqayisə edirik.
Sonralar isə İkinci Dünya müharibəsi tarixinin birtərəfli, primitiv səviyyədə, kütləvi öyrənilməsi başlandı. Buna start verən general Ştemenkonun Baş Qərargahın müharibə dövründəki fəaliyyətinə həsr olunan kitabı oldu və əslində, bu, "buzun əriməsi", "mülayimləşmə" dövründə şəxsiyyətə pərəstişin ciddi damğalanması ilə əlaqədar xidmətləri bütünlüklə inkar edilən Stalinin fəaliyyətinin tarixi və bədii əsərlərdə reabilitasiyası tonqalını alovlandırmağa səbəb olan ilk kibrit çöpü rolunu oynadı. Hamı aviasiya konstruktoru Yakovlevin, hərbi və dövlət xadimlərinin Stalinlə bağlı müşahidələrini əzbərləməyə cəhd edirdi. Hətta Tehran konfransında tərcüməçilik etmiş Berejkovun adi primitiv misallarla Stalinin xidmətlərini mədh edən detallar, marşal G.K.Jukov tərəfindən ilk dəfə açılan sirr - Stalinin doğma oğlunun almanlara əsir düşməsi və onun acı aqibəti barədə hekayətlər bir neçə illər ərzində məclislərdə ən çox misal çəkilən ibrətamiz pritçalara çevrilmişdi. Bu hərbi xadimin "Xatirələr və düşüncələr" əsəri istisna olmaqla, digər hərbi xadimlərin aşağı səviyyəli memuarları bir-birinin ardınca yağışdan sonrakı göbələk kimi çoxalmağa başladı. Sonralar V.M.Molotovun bu əsər haqqındakı mənfi rəyi ilə də tanış oldum. Bu əsərlərdə hər kiçik təpənin və yaşayış məntəqəsinin alınması barədə bütün hərbi hazırlıqlar və hərəkət təsvir olunurdu, yorucu, maraqsız detallarla dolu səhnələr verilirdi. Lakin çoxları bu əzici dövrədən çıxa bilmirdi və zəif memuarları, ağıl və ruh üçün heç nə verməyən bu kitabları oxumaq üstündə elə bil ki, elan olunmamış bir müsabiqə gedirdi.
50-ci illərin sonu, 60-cı illərin əvvəllərində Azərbaycan oxucusunun uzun fasilədən sonra türk ədəbiyyatı ilə, Rəşad Nuri Güntəkinin ən uğurlu "Çalıquşu" romanı ilə start götürən tanışlığı başlandı. Bu əsərin şairanə dili böyük fasilədən sonra yerli oxucu üçün bir tapıntı idi. Çox təəssüf ki, tərcümələrin keyfiyyətinin aşağı olması, orijinalın yüksək bədii xüsusiyyətlərini ifadə edə bilməməsinin nəticəsidir ki, A.Düma-ata istisna olmaqla, klassik Qərb və rus ədəbiyyatının geniş oxucu kütləsi arasında yayılması, onların maraq dairəsinə cəlb edilməsi üçün elə bir əsaslı iş görülməmişdi və oxucu klassikaya olan bu təşnəsini yalnız rus dilində mütaliə etməklə söndürə bilirdi. Ona görə də kütləvi oxucunun maraq dairəsi heç də düzgün tərbiyə olunmurdu, çox vaxt zövqləri korlayan, onları primitivləşdirən əsərlərə geniş yer verilirdi. Bədnam kitab ticarəti də öz fəaliyyətini bu zövqlərin korlanması prinsipində qurmaqla, məhz primitiv mütaliəçi kütləsi formalaşdırmaqdan maddi fayda götürürdü. Kitabxanalarımızda isə işçilər arasında həqiqi kitab vurğunları olduqca azdır, onlar elə bil ki, içərisində məhz hansı qiymətli daş-qaşların, ləl-cəvahiratın saxlanmasından xəbəri olmayan xəzinə gözətçilərinə bənzəyirlər. Çox vaxt onlar qızılla misi, yaxud tuncu bir-birindən ayırmağı bacarmırlar. Nəşriyyatlarda, tərcümə ilə məşğul olan idarələrdə də cahilliyin baş alıb getməsi Azərbaycan oxucusunun dünya ədəbiyyatı incilərindən xeyli müddət uzaqda qalmasına səbəb olmuşdu. Sovet xalqları ədəbiyyatının qiymətli əsərləri əvəzinə, ideoloji cəhətdən yararlı olan, aşağı səviyyəli əsərlər tərcümə olunub çap edilirdi. Bəzən də tərcümənin keyfiyyəti əsərin bütün dünya tərəfindən qəbul edilən dəyərinə uyğun gəlmirdi. əlbəttə, istisnalar da yox deyildi, mən qazax Muxtar Auezovun "Abay"ını, latış Vilis Latsisin 30-cu illər Latviyasının həyatından bəhs edən maraqlı romanlarını, sonralar isə gürcü Nodar Dumbadzenin məşhur povestlərini nəzərdə tuturam.
Kitab çapında senzuranın götürülməsi, nəşriyyatların bir qədər liberallaşdırılması vəziyyəti düzəltmək əvəzinə, daha da ağırlaşdırdı, bulvar ədəbiyyatının təbliğatı başlandı. Həqiqətən böyük şəxsiyyətin hamıya məlum olan tarixi xidmətləri və qiymətli keyfiyyətləri, universal idarəetmə üslubu, ölkəni anarxiya meylindən uzaqlaşdırması, dövlət çevrilişinin qarşısını alması və hərbi müxalifəti ləğv etməsi kimi nəhəng işlərin təsviri və əsalandırılması əvəzinə, bayağı, primitiv düşüncənin məhsulu olan cılız səviyyəli yazılara geniş meydan açıldı. Belə bir şəraitdə, həm də oxucu dünyagörüşünün formalaşması kimi məsul və vacib bir işin, əlbəttə ki, ümumbəşəri dəyərləri vəsf edən kitablar tərəfindən deyil, aşağı zövqləri, iyrənc ehtirasları təbliğ edən tərcümə kitablarının üzərinə düşməsinə, onların əlinə keçməsinə də səbəb oldu.
Kitab aləminə göstərilən qayğı, ona verilən qiymət və əhəmiyyət cəmiyyətin formalaşmasına, onun üzvlərinin şüurunun, bilik səviyyəsinin inkişafına xidmət edir. Burada biganə, laqeyd münasibət cəmiyyətin şüurunun saflaşmasına və zənginləşməsinə mane olan amilə çevrilməklə bitib qurtarmır, cəmiyyətin mənəvi əsaslarının pozulmasını, aşılanmasını sürətləndirir.
Bəşəriyyətin ən böyük mütəfəkkirləri, müdrik zəka sahibləri kitab haqqında öz fikirlərini söyləmiş, bu mədəniyyət və bilik vasitəsinin böyük əhəmiyyət kəsb etdiyini dəfələrlə qeyd etmiş, biliklərə yiyələnməkdə, dünyanı dərk etməkdə, varlığa hakim olmaqda bu bilik mənbəyinin qiymətsiz bir vasitə olduğunu göstərmişlər. Böyük ingilis şairi və publisisti, XVII əsrdə yaşamış Con Milton özünün məşhur "Aeropakitika" əsərində yazırdı ki, yaxşı kitab yaradıcı ruhun qiymətli dirilik şirəsi olub, gələcək nəsillər üçün saxlanılır. Onun fikrincə, kitabı cansız şey hesab etmək olmaz. Kitabda onu yaradan dahinin qabiliyyətini, onu layiq olduğu dərəcədə aşkar edən həyat qüvvələri gizlənmişdir. Bundan əlavə, kitabda onu qidalandıran canlı intellektin təmiz və tünd məhlulu vardır. Medeyanın atası Kolxidada torpağa əjdaha dişlərini səpdiyindən, bu toxumdan torpaqdan yaraqlı əsgərlər çıxırdı və arqonavtların başçısı Yason bunun şahidi olmuşdu. Kitab da məhz belə həyatverici və məhsuldar bir qüvvəyə malikdir.
Kitab haqqında rəy söyləyərkən olduqca ehtiyatlı olmaq lazımdır. Çünki kitabı öldürmək adamı öldürmək kimi bir şeydir. Adamı öldürən ağıllı məxluqu, allanın təcəssümünü məhv edir. Kitabı məhv edən isə ağılın özünü öldürür, ilahi obrazın işığını söndürür. Çin imperatoru Şi Xuan-di m.ə. III əsrin sonunda Konfutsinin əsərlərini yandırtdırdı. Xristianlar ilk dövrlərdə bütpərəstliklə mübarizə adı altında qədim Roma ədəbiyyatını və fəlsəfəsini yasaq edirdi. Almaniyada faşistlər böyük mütəffəkirlərin əsərlərini tonqallarda yandırırdı. Sovet cəmiyyətində isə ideologiyaya uyğun gəlməyən, ona xidmət etməyən kitablar qadağan edilirdi.
Kitablar həm də bütöv xalqların xarakterlərinin yumşaldılması, onların qəddar təbiətlərinin mülayimləşdirilməsi üçün istifadə edilmişdir. Sparta qanunlarının yaradıcısı Likurq İoniyadan Homerin əsərlərinin ayrı-ayrı parçalarını öz vətəninə bu məqsəd üçün gətirmiş, Krit adasından olan şair Falesi də doğma ölkəsinə göndərmişdi. Axı spartalılar Lakoniya zərb məsəllərindən başqa heç nəyə malik deyildilər və özlərini yalnız hərbi hazırlığa həsr edirdilər. Qədim romalılar da uzun müddət kobud hərb sənətinə üstünlük verirdilər və bu cəhətdən lakedemoniyalılara bənzəyirdilər. Lakin sonralar romalılar ədəbiyyata, ümumən, mədəniyyətə xüsusi fikir verməyə başladılar. Kitaba ehtiramı ilk dəfə Romuldan sonra Romada ikinci çarlıq edən Numa Pompili başlamışdı, o, vəsiyyət etmişdi ki, onu, kitabları ilə birlikdə dəfn etsinlər.
(Ardı var)