525.Az

Təlim-tərbiyədə şəxsi nümunə: inkişaf üçün mühüm təkan


 

Təlim-tərbiyədə şəxsi nümunə: inkişaf üçün mühüm təkan<b style="color:red"></b>

Yaş etibarilə bizim nəsilin doğulub-böyüdüyü zaman və ictimai mühit elə olub ki, mən də hələ ilk gənclik çağlarımdan təlim-tərbiyədə şəxsi nümunə amilinin roluna yüksək əhəmiyyət vermişəm. Öz kiçik dünyamın gözü ilə həmişə onu böyük məktəb hesab etmişəm. Yaşa dolduqca təlim-tərbiyə sahəsində şəxsi nümunənin çox dəyərli vasitə olduğuna tam inanmış, onun bəhrəsini, gətirdiyi uğurları gördükcə sevinmişəm. Bu yaşımda da eyni mövqedə qalır, xüsusən də tərbiyədə şəxsi nümunənin çox vacib cəhət sayıram.

Tərbiyə hər körpənin anadan olması ilə eyni vaxtda başlayan, onun gələcəkdə ailənin və cəmiyyətin fəal üzvü kimi boya-başa çatması, kamil şəxsiyyət kimi yetişməsi üçün sistemli şəkildə birgə aparılan məqsədəuyğun fəaliyyət növüdür. Bu baxımdan şəxsi nümunə tərbiyə işinin bütün yaş mərhələlərində düzgün və keyfiyyətli həyata keçirilməsində mühüm rol oynayır. Ailədə ata-ananın, bacı-qardaşın, baba-nənənin, uşaq bağçası-körpələr evində tərbiyəçinin, məktəbdə müəllimin şəxsi fəallığı, yüksək təşkilatçılıq məharəti, gözəl əxlaqı gənclər üçün dəyərli şəxsi nümunə ola bilər. Dünyanın ən qabaqcıl təhsil üsulları və texnologiyaları ilə silahlanmış təcrübəli müəllimlərin əla davranış mədəniyyəti, sinifdə özünü aparma səviyyəsi, idarəetmə bacarığı, yeni keçilən mövzunu yüksək qabiliyyətlə geniş izah edərək şagirdlərə ətraflı çatdırması, söhbətlərində, hərəkətlərində dürüstlüyü, faydalı ünsiyyət yaratmağa can atması və digər müsbət iş keyfiyyətləri şəxsi nümunə kimi tərbiyə prosesinin düzgün və səmərəli aparılmasına böyük fayda verir.

Elmi pedaqoqikanın və pedaqoji psixologiyanın tanınmış nümayəndəsi olan K.Uşinski vaxtilə tərbiyədə şəxsi nümunəni analoqu olmayan ecazkar qüvvə hesab edirdi. O yazırdı ki, şəxsi nümunə heç bir dərs vəsaiti, heç bir əxlaqı nəsihət, heç bir rəğbətləndirmə və başqası ilə əvəz oluna bilməz.

Dünyada təlim-tərbiyə prosesi nə qədər çətin və mürrəkəb olsa da, bu işi dirçəltmək və inkişaf etdirmək hər bir cəmiyyətin ən başlıca vəzifələrindən hesab olunur. Əsas məqsəd isə təhsillə yanaşı, hamılıqla əl-ələ verib hər bir yaş mərhələsində mükəmməl tərbiyə yolu ilə şəxsiyyətin formalaşmasını düzgün həyata keçirməkdən ibarətdir. Yüksək əxlaq prinsipləri ilə yaşayan və işləyən cəmiyyətdə mövcud birgəyaşayış qayda-qanunlarına sözsüz əməl edilməlidir. Cəmiyyət üçün yararlı, yüksək əxlaqlı, namuslu, vicdanlı, saf əqidəli, fiziki cəhətdən sağlam, vətənpərvər gənclər yetişdirilməsi hər dövrdə əsas tələblərdəndir. Vətənini, xalqını və valideynlərini ürəkdən sevən, ona hörmət və sədaqət bəsləyən, fiziki və əqli cəhətdən kamil gənclər  yetişdirmək həmişə cəmiyyətin başlıca vəzifələri sırasında olub.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə həmişə respublika gənclərinin sağlamlığına, təlim-tərbiyəsinə, onların yeni iş yerlərilə və sosial xidmətlərlə təmin olunması məsələsinə xüsusi diqqət yetirirdi. Ulu öndərimiz bu yolda hər zaman cəmiyyətimizə parlaq nümunə olub. Vaxtilə respublikamızda gənclərin milli ruhda tərbiyəsi mövzusunda söhbət düşərkən Ümummilli lider belə bir dəyərli fikir söyləmişdi: "Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi ənənələr arasında tərbiyə edilsinlər".

Ulu öndərimiz Heydər Əliyev 1996-cı ilin fevral ayının 2-də keçirilən I Forumda respublika gənclərinin qarşısında tarixi vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu, bir aydın həqiqətdir ki, Ulu öndər özü hər sahədə olduğu kimi, bu istiqamətdə də daima mükəmməl şəxsi örnək nümayiş etdirir, söylədiyi fikirlər, atdığı addılar, gördüyü möhtəşəm işlərlə nəsillərə nümunə göstərirdi.

Təsadüfi deyil ki, gəncliyə müstəsna qiymət verən Ümummilli liderimiz 1997-ci ilin fevral ayının 2-də Azərbaycanda Gənclər Gününün elan edilməsi barədə Sərəncam imzalamışdı.

Ölkəmizin mədəni, iqtisadi və sosial inkişafı, eləcə də, hərbi qüdrəti ildən-ilə artır. Dünyanın siyasi və iqtisadi problemlərinin həllində hər il Azərbaycan daha aktiv şəkildə iştirak edir. Bu gün artıq Cənubi Qafqazda aparıcı rol Azərbaycanın əlindədir. İndi ölkəmiz böyük fədakarlıqlar, tökülən qanlar bahasına əldə etdiyi azadlığı, müstəqilliyi və suverenliyi yolunda inamla irəliləyir. Respublikamız bundan sonra da ona böyük iqtisadi uğurlar qazandıran, ölkəyə çoxlu maliyyə resursları axını gətirən qlobal və regional iqtisadi layihələrin fəal iştirakçısı olacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev 2 fevral 2022-ci il tarixində Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Forumda gənclərin suallarını cavablandırarkən belə demişdi: "Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və deyə bilərəm ki, bütövlükdə müharibə zamanı gedən informasiya müharibəsində də biz qalib gəldik. Həm ənənəvi informasiya resurslarından istifadə edərək. eyni zamanda sosial şəbəkələrdən istifadə edərək. Biz bir daha gördük ki, gənclər arasında Vətənə nə qədər böyük sevgi var. Onu da bildirməliyəm ki, təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da bu işlərə qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Heç kim onlara, necə deyərlər, nə göstəriş vermişdi, nə təlimat vermişdi, onlar özləri bu informasiya meydançasında bir əsgərə çevrildilər və Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar. Bu, təkcə bizim fikrimiz deyil, beynəlxalq təhlilçilər də təəccüblə qeyd edir ki, Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Nə üçün təəccüblə? Çünki həmişə belə oturuşmuş bir fikir var idi ki, erməni lobbisi, erməni təşkilatları hər yerdə fəaldırlar, indi dünyanın aparıcı ölkələrindəki bir çox aparıcı media qurumlarına onlar rəhbərlik edirlər və bu imkandan istifadə edib Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar. Yəni hər kəs gözləyirdi ki, informasiya məkanında Ermənistan, yəni necə deyərlər, erməni tezisləri üstünlük təşkil edəcək. Görəndə ki, biz Ermənistanı burada da üstələdik, təəccüb etdilər. Bu, nəyi göstərir? Onu göstərir ki, ilk növbədə tərbiyə, ikinci nöbbədə bilik, üçüncü növbədə isə müasir texnologiyalara çıxışımız oldu".

Torpaqlarımızın işğaldan azad olunması, xarici və daxili siyasətdə qazanılan yüksək uğurlar bu cənnətməkan ölkənin uğurlu və xoşbəxt gələcəyindən xəbər verməklə yanaşı, böyüməkdə olan nəslin də üzərinə ciddi məsuliyyət qoyur: əsl vətənpərvər kimi yetişmək və dövləti, xalqı, Ana Vətəni ürəkdən sevmək, göz bəbəyi kimi qorumaq. Bu yolda indiki böyüklərin onlara miras kimi ötürdüyü yüksək şəxsi nümunələr az deyil.

Gənclik hər insana ömürdə bir dəfə verilir. Gənclik dövrünə ayıq-sayıq və optimist baxışlarla baxmaq gərəkdir. Zənnimcə, gəncliyə ötəri və pessimist hisslərlə, bayağı düşüncələrlə, nadanlıqla, biganəliklə vəziyyətdə yanaşmaq kökündən yanlışdır. Gəncliyə yanaşma çox ayıq nəzərlər tələb edir və ona qəlbin, hisslərin, sağlam düşüncələr və işıqlı arzuların prizmasından baxmaq lazımdır. Birmənalı olaraq gəncliyə qurub-yaratmaq, həyatda uğur qazanmaq, düzgün və dəqiq seçim etmək vaxtı kimi diqqət yetirilməlidir. Respublikamızda belə düzgün seçim edən gənclərimizin sayı çoxdur. Onlar dərin və uzaqgörən ağıl çeşməsindən damla-damla süzülüb gələn sağlam düşüncələrin sayəsində cəmiyyətdə öz yerlərini layiqincə tapa bilirlər. Sözsüz ki, onlara bu yolda gördükləri, üstünlük verdikləri şəxsi nümunələr də az kömək etməyib.

Hər gün təkcə sənayedə və kənd təsərrüfatındakı elmi-texniki inkişafla deyil, mədəniyyət, təhsil, elm, incəsənət, səhiyyə, hərbi, idman və sair sahələrdə yeni-yeni uğurlar qazanan  XXI əsr Azərbaycan gəncliyinin timsalında hazırkı dövrü gənclər əsri adlandırsaq, heç də səhv etmərik. Ona görə ki, Azərbaycan Avropa qitəsində gənclər ölkəsi kimi tanınır. Tərbiyədə şəxsi nümunədən yararlanan gənclərimiz artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Azərbaycan cəmiyyətinin və çağdaş dünyanın nəbzini tuta bilən, onu sərbəst halda irəli aparmağa qadir olan minlərlə bilikli və bacarıqlı gənclərimiz yetişib. Azərbaycanın gələcəyi bugünün və sabahın qurucuları sayılan gənclərimizin əlindədir.

Artıq dünyada super güclər və digər inkişaf etməkdə olan ölkələr arasında yeni silah-sursat istehsalı, yüksək texniki nailiyyətlər, ixtira və kəşflər uğrunda böyük rəqabət - sonu görünməyən yarışma gedir. Ölkələr də bir-birindən pis-yaxşı nə var nümunə götürürlər. Qeyd etməliyəm ki, bütün bu elmi yeniliklərin və texniki tərəqqinin inkişafında əsas aparıcı qüvvə sayılan gənclər ordusu artıq mübarizə meydanında öz mövqelərini daha da möhkəmləndirməkdədir.

İndi Azərbaycan xalqının milli mübarizlik ruhu, Vətən məhəbbəti, torpaq sevgisi, vətənpərvərlik ideologiyası, müstəqil dövlətçilik ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi müasir gənclərimizin canına-qanına hopmuşdur. Artıq minillərin ənənələrindən, tarixi köklərdən, çox sayda müsbət şəxsi nümunələrdən  qaynaqlanan, mənəvi dəyərlərimizə sədaqət göstərən gənclərimiz milli mədəniyyətimizin, ədəbiyyat və incəsənətin, təhsilin və səhiyyənin inkişafına öz töhfələrini verməkdədirlər.

Qeyd edildiyi kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsi torpaqlarımızın 30 illik işğalına son qoydu. Gənclər düşmən üzərində çalınan bu şanlı qələbədə yüksək şəxsi nümunə göstərərək Vətən qarşısındakı borclarını layiqincə yerinə yetirdilər. Onların döyüş zamanı düşməni, onun hərbi texnikasını və istehkamlarını cəsarətlə məhv etməsi, torpaqlarımıza sahib çıxması gənclərimizin Vətənə, xalqa və orduya olan sədaqətinin ən gözəl nümunəsidir. Bu qələbə təkcə məktəblərdə və orduda deyil, bütün respublikamızda gənclərin fəaliyyət göstərdiyi bütün sahələrdə hərbi- vətənpərvərlik ideyalarının yüksək bacarıqla və ustalıqla təbliğ olunmasını göstərdi. Eyni zamanda onların şücaətləri də bundan sonrakı nəsillərə şəxsi nümunələr kimi tanıdılmalı, örnək göstərilməlidir. Çünki şəxsi təlim-tərbiyədə şəxsi nümunələrin sayı çox, səviyyəsi yüksək olduqca ölkəmiz daha böyük uğurlar qazana bilər. 

 

 

 

 

 





13.09.2023    çap et  çap et