|
|
|
|
İran Azərbaycanla xeyli müddətdir davam edən gərginliyi yumşatmaqda maraqlı görünür. Son günlər baş verən hadisələri nəzərdən keçirəndə, belə qənaətə gəlmək mümkündür. Yada salaq ki, Bakı-Tehran münasibətlərindəki gərginlik məhz İranın Azərbaycana yönəlik düzgün olmayan siyasəti nəticəsində meydana gəlib.
Azərbaycan isə İrana yanaşmada hər zaman yaxın qonşuluq, tarixi, mədəni bağlar prinsiplərindən çıxış edib. Ümumiyyətlə, Bakı bütün qonşuları ilə çox səmimi və konstruktiv münasibətlərin qurulmasına üstünlük verir. Ermənistan istisna olmaqla, digər dövlətlərlə hər hansı problem yaşamır.
Ötən dövr göstərdi ki, Ermənistanla dostluq, müttəfiqlik heç kəsə xeyir gətirmədiyi kimi, İranın da bundan qazancı olmadı. Əksinə, tarix boyu ən yaxın müttəfiqinə belə xəyanət edən Ermənistan, son günlər atdığı addımlarla İranın da maraqlarına toxunmaqdadır. ABŞ-Ermənistan hərbi təlimləri, İrəvanın Qərb qüvvələrini bölgəyə cəlb etmək planlarını Tehran mənfi qarşılayır. Xatırladaq ki, İrəvan monitorinq missiyası adı altında Avropa İttifaqının nümayəndələrini sərhədə gətirib. Mülki missiya adlandırılsa da, onların arasında hərbçilər də var.
Tehran öz narazılığını artıq bildirib. Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb. Tərəflər regiondakı vəziyyəti müzakirə ediblər. İranın vitse-prezidenti Məhəmməd Cəmşidi isə telefon danışığının bəzi təfərrüatlarını açıqlayıb. O, "X" hesabında yazıb ki, Cənubi Qafqazda "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) formatından kənar ünsiyyət qurmaq vəziyyəti daha da çətinləşdirir. İran rəsmisinin sözlərinə görə, əcnəbilərlə əməkdaşlıq etmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər etmək vəziyyəti gərginləşdirir. İran bundan əvvəl də dəfələrlə bəyan edib ki, regiondakı problemlərin məhz region dövlətlərinin iştirakı ilə həlli faydalı olardı.
Görünən budur ki, Tehran Ermənistanın son addımlarından ciddi narahatlıq keçirir, İrəvanın ABŞ-ı, Qərbi regiona cəlb etməsini özü üçün təhlükəli hesab edir. İran hazırda Qərbin sanksiyaları altındadır və qeyri-region dövlətlərinin bölgədə olmasını özünün maraqları, təhlükəsizliyi üçün təhdid sayır.
İranın Azərbaycanla münasibətləri inkişaf etdirməklə bağlı son addımlarına gəlincə, əvvəlcə onu vurğulayaq ki, rəsmi Tehranın Qarabağda separatçıların keçirdiyi qondarma "seçkilərlə" bağlı bəyanatında Qarabağın Azərbaycanın bir hissəsi olduğu qeyd olunub. Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib ki, İranın mövqeyi aydın, sabit və şəffafdır. İranın Qarabağ ərazisi ilə bağlı mövqeyi heç kimdən gizli deyil.
Eyni zamanda sentyabrın 9-da Bakıda Azərbaycan-İran birgə hərbi komissiyasının iclası keçirilib. İclasda İran nümayəndə heyətinə bu ölkənin Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi rəhbərlik edib. O, Bakıda müdafiə naziri Zakir Həsənovla görüşüb və Azərbaycan-İran Birgə Komissiyasının ölkəmizdə keçirilən 3-cü iclasında iştirak edib. Həmin günlərdə sosial şəbəkələrdə İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumatlar və görüntülər yayılmışdı. İranlı general yerli mətbuata açıqlamasında bunu təkzib edib. Bildirib ki, İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır. Əhədi Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini və mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu günlərdə İsrail mətbuatına müsahibəsində İranla münasibətlərdən danışıb. O deyib ki, İran Azərbaycanla qonşudur. Azərbaycanın siyasəti ondan ibarətdir ki, qonşularla stabil və qarşılıqlı səmərəli münasibətlər həmişə yaxşıdır. Bu, Azərbaycanın siyasətidir. Azərbaycan və İran arasında anlaşılmazlıq və yanlış kommunikasiyanın olduğu zamanlar olub. Lakin diplomatik kanallar vasitəsilə, dialoqla bunu həll etməyə çalışırıq. Həmçinin, İran tərəfindən müsbət mesajlar alırıq. Səhifəni çevirmək, əməkdaşlıq üçün müsbət atmosfer yaratmaq üçün diplomatik formatda iranlı həmkarlarımızla işləyirik".
Həmçinin, Azərbaycanla İran arasında çox səmərəli iqtisadi əlaqələr və mühüm layihələr var. Tərəflər bu istiqamətdə də əməkdaşlığın inkişafında maraqlıdır və müvafiq qurumların rəsmiləri arasında bir sıra görüşlər keçirilib.
Görünən odur ki, tərəflər münasibətlərin normallaşmasında maraqlıdır. Amma şübhəsiz ki, bu istiqamətdə İranın edəcəkləri daha çoxdur. Əvvəldə vurğuladığımız kimi, münasibətlərin pozulmasına İranın adekvat olmayan addımları səbəb olub. İranın Azərbaycanla münasibətlərin bərpasında, inkişafında nə dərəcədə səmimi və maraqlı olduğunu sonrakı davranışları və addımları göstərəcək.