525.Az

Nürnberqdən sovet televiziyasının rəhbərliyinə - Misir Mərdanov yazır


 

STALİNDƏN PUTİNƏ KİMİ

Nürnberqdən sovet televiziyasının rəhbərliyinə - <b style="color:red"> Misir Mərdanov yazır</b>

Bəzən xalqımızın ləyaqətli övladlarına lazımınca dəyər verməyi bacarmırıq - bunu etiraf edək. Hansısa layiq olmayan bir insan cəmiyyətə böyük bir alimdən, ictimai-siyasi xadimdən daha çox tanıdılır. Xalqımızın uzaq və yaxın tarixində elə şəxsiyyətlər var ki, onların zəngin və maraqlı, hamı üçün qürur mənbəyi olan tərcümeyi-hallarını mükəmməl bilməkdən əlavə, hətta orta məktəb proqramlarına daxil etmək, onları uşaqlara körpəlikdən yaxşı tanıtmaq lazımdır. Qoy böyüyəndə televiziyalarda gecə-gündüz reklam edilən layiq olmayanlara yox, həmin şəxsiyyətlərə bənzəməyə çalışsınlar.

Bu gün belə görkəmli şəxsiyyətlərdən və böyük azərbaycanlılardan biri - Nürnberq prosesində dörd dildən sinxron tərcüməçilik etmiş, sonralar sovet televiziyasının 23 il rəhbəri olmuş Ənvər Məmmədov haqqında danışacağıq.

Bu yaxınlarda dünyasını dəyişmiş dəyərli həmyerlimiz Ənvər Məmmədov 20 yaşında 6 dildə sərbəst danışırmış. Azərbaycan, rus, ingilis, italyan, alman və fransız dillərindən sonuncu dörd dili 3 yaşından etibarən yaşadığı nənəsinin - Lev Tolstoyun qohumu olan zadəgan xanımın yanında öyrənmişdi. Nənəsi kübar ənənələri qoruyaraq ona milliyyətcə alman dayə tutmuş, istedadlı nəvəsi də dayədən alman və italyan, nənədən isə ingilis və fransız dillərini mükəmməl öyrənmişdi.

1923-cü il avqustun 15-də Bakıda tarixçi-hüquqşünas Nazim müəllimin ailəsində dünyaya gələn Ənvər həyatı boyu iki paradoksun arasında mücadilə etməli olmuşdur. Biri parlaq zəkası, qeyri-adi istedadı və fenomenal bacarıqları idi - bu qüvvə onu yüksəkliklərə çəkirdi, ikincisi isə milli mənsubiyyəti və atasının "Vətən xaini" etiketi ilə həbsxanada vəfat etməsi idi - bu qüvvə isə düşmənlərinə, rəqiblərinə və paxıllığını çəkən qara qüvvələrə onun yüksək zirvələrə gedən yolunu bağlamağa şans verirdi...

1940-cı illərdə bir neçə dil bilmək nadir hadisə idi və İkinci Dünya müharibəsinin başlanması ilə belə kadrlar öz dəyərini daha da artırmışdı. Lakin 1937-ci il repressiyaları dövründə həbs edilmiş atası Nazim Məmmədova "yapışdırılmış" qondarma damğalar onun karyerasına öz təsirini göstərməyə başlayır. 1941-ci ildə Moskvada daxil olduğu Aviasiya məktəbindən xaric edilir və doğulduğu Bakı şəhərinə qayıtmalı olur. Burada onun poliqlotluq  istedadı Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilməsinə səbəb olur. Lakin yenə də atası hansı bədxahınsa yadına düşür və onu xaric edib İkinci Dünya müharibəsinə göndərirlər.

İki il cəbhədə vuruşduqdan sonra, hətta xidmətlərinə görə orden almağı da bacarmış Ənvərin istedadına heyran olan komandirləri yuxarılara məlumat veriblər ki, bizim hərbi hissədə qeyri-adi bilikləri olan bir nəfər var. Yenidən Ənvər Məmmədovun yüksəlişi başlanır. Onu 1943-cü ildə ordudan tərxis edərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərirlər. Burada olarkən Stalinə altı dil bilən azərbaycanlı haqqında danışırlar. Stalin onu Mussolininin yenicə devrildiyi, ərazisinin bir hissəsində sovet partizanlarının ("Mixaylo" təxəllüslü Mehdi Hüseynzadə də daxil olmaqla) geniş fəaliyyət göstərdiyi və müharibədən sonra sosialist respublikası kimi nəzərdə tutulan mürəkkəb ölkəyə - İtaliyaya göndərmək üçün Kremlə dəvət edir. Bundan xəbər tutan Mikoyanın xahişi ilə SSRİ xarici işlər naziri Vyaçeslav Molotov Stalinə deyir: "Hansısa bir tatarı (azərbaycanlını) diplomat kimi İtaliyaya göndərmək nəyə lazımdır?" Ənvər Məmmədovun savadını, dil bilmək istedadını və digər bacarıqlarını dəfələrlə yoxlatdırıb onun haqqında müsbət fikri formalaşan Stalin Molotova sərt şəkildə sərəncam verib bu məsələni yubatmamağı tapşırır.

Beləliklə, 21 yaşlı Ənvər cəmi üç nəfərdən ibarət olan İtaliyadakı sovet səfirliyində hərbi attaşe kimi fəaliyyətə başlayır. 1944-1945-ci illərdə İtaliyada diplomat kimi çalışan leytenant Ənvər  Məmmədov 1945-ci ildə tərcüməçi kimi Almaniyanın Nürnberq məhkəməsində (tarixdə Nürnberq prosesi kimi qalmışdır) hərbi tribunalın tərkibinə daxil edilir. Yeri gəlmişkən, qeyd etməyi borc bilirəm ki, Ənvər Məmmədovla yanaşı, Nürnberq prosesində ikinci bir azərbaycanlı da tərcüməçi qismində iştirak etmişdir. Bu, görkəmli şərqşünas alim, ərəb və alman dilləri üzrə tanınmış mütəxəssis, uzun müddət indiki Bakı Dövlət Universitetində Ərəb dili kafedrasının müdiri, professor Ələsgər Məmmədov olmuşdur.

Həmin prosesdə tərcüməçilər qrupunun rəhbəri olan Ənvər Məmmədov isə bu tarixi məhkəmədə heç kəsin edə bilmədiyi bir missiyanı da yerinə yetirir - dörd dildən sinxron tərcüməçilik edir. Ancaq hər şey yalnız məharətli  tərcüməçiliklə məhdudlaşmır. Ənvər Məmmədova çox məsuliyyətli daha bir iş tapşırılır - alman general-feldmarşalı Fridrix Paulsu əsirlikdə saxlanıldığı Moskva vilayətinin Odinçova şəhəri yaxınlığındakı "Ozёra" istirahət evindən Nürnberqə gətirmək. Bu  şəhərlər arasında isə 2200 kilometrə yaxın məsafə var idi. Rusiyanın paytaxtından Almaniyaya qədər müharibədən sonrakı qarışıq vəziyyət, hələ dövlət quruculuğu yekunlaşmamış bir neçə ölkədən keçən dağınıq yollar, tam tərksilah edilməmiş müxtəlif quldur qrupları,  silahlı dəstələrin özbaşınalıqları və digər amillər tapşırığın mürəkkəbliyini daha da artırırdı. Həm də bu mürəkkəb tapşırıq çox gizli şəkildə icra olunmalıydı. General - feldmarşalı özlərinin milli qəhrəmanı hesab edən almanlardan, Nürnberq məhkəməsini pozmaq istəyən qüvvələrdən, Paulsun düşmənlərindən, bu işdən böyük məbləğdə pul qazanmaq şansını əldən qaçırmaq istəməyənlərdən və digər çoxsaylı maneələrdən qoruyaraq Nürnberqə gətirmək lazım idi. Bu çox vacib və məsuliyyətli iş birbaşa Stalinin nəzarətində idi və məhz onun razılığı ilə Ənvər Məmmədova tapşırılmışdı.

Dublikat avtomobillər və digər əks-kəşfiyyat hiyləgərlikləri ilə mürəkkəb bir əməliyyat hazırlandı. Tələ rolunu oynayan ikinci maşın avtomatlardan bir neçə dəfə atəşə tutulsa da, Məmmədov və Paulsun olduğu maşın bütün maneələrdən keçərək Nürnberqə çatır.

Belə bir dövlət səviyyəli məsuliyyətli tapşırığı uğurla yerinə yetirməsinə baxmayaraq, ali təhsilinin olmaması, atasının repressiyaya uğraması və milli mənsubiyyəti daim ona problemlər yaradırdı. Bununla yanaşı, 23 yaşlı gənc Ənvər cəsarəti, zəkası və bacarıqları ilə hamını heyran qoymaqda davam edirdi. Sonuncu iki hal ilə (atası və milliyyəti) taleyin iztehzası (sonralar bu adlı filmin efirə buraxılmasında müstəsna xidmətləri olur) kimi barışmalı olsa da, birinci bəhanəni aradan qaldırmaq üçün ali təhsil almaq qərarına gəlir və Xarici İşlər Nazirliyində işini davam etdirərək qiyabi Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olur. Bu dəfə o, 1949-cu ildə vəzifəsindən azad edilən Molotovun adamı kimi 1950-ci ildə işdən çıxarılır. Yalnız 1953-cü ildə - Stalinin vəfatından sonra istedadlı əməliyyatçı, diplomat və poliqlot kimi tanınan Ənvər yenidən Xarici İşlər Nazirliyinə dəvət edilir. Həmin dövrdə yenicə bünövrəsi qoyulan radio və televiziya Ənvər Məmmədovu daha çox cəlb etdiyi üçün bu dəvətə etiraz edərək  radionun ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə baş redaktor vəzifəsinə gedir.

1956-cı ildə o vaxtkı SSRİ-nin rəhbəri olan Nikita Xruşşovla şəxsi münasibətləri sayəsində və onun istedadına heyran olan Xruşşovun təkidi ilə yenidən XİN-ə qayıdır. 1956-cı ildə Xruşşovun ABŞ-a ilk səfəri zamanı onu Xarici İşlər Nazirliyindən yalnız Ənvər Məmmədov müşayiət etmişdi. Xruşşovun BMT-nin iclaslarındakı məşhur çıxışı vaxtı da onlar birgə olublar. 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və Vaşinqtonda çap olunan "USSR" (SSRİ) jurnalının baş redaktoru vəzifəsində işləmişdir.

Nəhayət, 1959-cu ildən etibarən onun ruhən bağlandığı peşəyə gəlişi baş tutur - jurnalist kimi fəaliyyətə başlayır. Bu vəzifənin də ən bacarıqlılarından biri kimi tezliklə zirvəyə yetişir - 1960-cı ildə SSRİ üzrə cəmi 2-3 nəfərin olduğu "Siyasi Büronun seçilmiş jurnalisti" xüsusi statusunu alır. Sonralar bu barədə xatirələrində yazırdı: "Bunun mənasını daha aydın göstərmək üçün deyə bilərəm ki, maaşlarımız nazirlərin əmək haqqına bərabər idi, xüsusi və müşayiət edən maşın, katib-referent - hamısı, mənim fikrimcə, elə də lazımlı şeylər deyildi.

Ancaq başqa bir şey vacib idi - Xarici İşlər Nazirliyinin və bir sıra digər təşkilatların məxfi materiallarına girişə malik idik. Bundan əlavə, Sovet İttifaqından dünyanın istənilən nöqtəsinə uzun müddətli qeydiyyatsız getmək hüququmuzdan istifadə edirdik".

1960-cı ildə Ənvər Məmmədov SSRİ-nin sonralar TASS (SİTA) adlanan əsas İnformasiya agentliyinin - Sovinformbüro sədrinin birinci müavini olur. Ancaq bu da son deyildi - istedadlı həmyerlimiz bir ildən sonra APN ("Novosti" Agentliyi) sədrinin birinci müavini, 1962-ci ildən isə - SSRİ Dövlət Teleradiosu sədrinin Birinci müavini vəzifələrinə təyin olunur.

Maraqlıdır ki, Mixail Qorbaçovun gəlişinə və ermənilərin "xidməti" ilə bu vəzifədən çıxarıldığı 1985-ci ilə kimi Ənvər Məmmədov 23 il Birinci müavin olmuşdur. 1962-1985-ci illər arasında SSRİ rəhbərliyi beş dəfə, Dövlət Radio və Televiziyasının sədri isə dörd dəfə dəyişdirildi, ancaq Birinci müavin həmişə dəyişməz olaraq qaldı - Ənvər Məmmədov. Buna görə də bu işi bilən adamlar, televiziya və radioya yaxın insanlar sovet televiziyası və radio yayımının banisi məhz onu hesab edirlər.

Məsələn, Rusiya Milli Yayımçılar Assosiasiyasının prezidenti Eduard Saqalayev bu barədə belə yazmışdır: "Sovet mərkəzi televiziyası formalaşma və coşqun çiçəklənmə dövründə, televiziya mədəniyyətin və ölkə xalqının həyat tərzinin bir hissəsinə çevrildiyi illərdə, bu şəxs televiziyanın belə hala gəlməsi və bugünkü səviyyəyə çatması üçün çox şey etmişdir. Rusiya televiziyasında vaxtilə işləyən və indi çalışan hər kəs bizim milli televiziyanın bütün fantastik uğurlarını haqlı olaraq Ənvər Məmmədovun adı ilə bağlayır".

Hətta sovet televiziyasında ən məşhur simalardan biri olan və Ənvər Məmmədovu gözü götürməyən, necə deyərlər, daim onun kölgəsini qılınclayan Vladimir Pozner öz yazılarının birində etiraf edir: "O, tam parlaq zəkaya və nadir rast gəlinən cəsarətə malik bir insandır. Ənvər Məmmədovla birlikdə ABŞ, Kanada və Latın Amerikasında sədrin birinci müavini kimi fəaliyyət göstərdiyi Dövlət Televiziya və Radio Yayımları Şirkətində çalışan insanlar, onun haqqında həvəslə danışır və qeyd edirlər ki, onun kimi yaradıcı və maraqlı bir rəhbər heç zaman olmayıb. Mən tamamilə əminəm: Məmmədov rus olsaydı, daha yüksək mövqe tutardı. O, asanlıqla tam görkəmli bir Xarici işlər naziri ola bilərdi". Yeri gəlmişkən qeyd edim ki, özü nazir ola bilməsə də, oğlu Georgi Məmmədov 1997-2003-cü illərdə Rusiya Federasiyası Xarici işlər nazirinin müavini olmuşdur.

Bu "rus olmayan" Ənvər Məmmədov sovet televiziya və radiosunda inqilabi işlər görməyi bacarmışdır. Bəlkə də bircə məşhur "Mayak" radiostansiyasını yaratması onun adının Sovet mətbuat tarixinə qızıl hərflərlə yazılmasına kifayət edərdi. Amerikada işlədiyi vaxtlar Kubada gördüyü "Saat" radiostansiyasının analoji variantının yaradılması ideyası onu çox düşündürürdü. Doğrudur, saatla bağlı Kubada problemlərin olduğu üçün hər saatdan bir dəqiq vaxt siqnallarının verildiyi "Saat" radiostansiyasına bənzər proqramın SSRİ-də efirə verilməsi elə də cəlbedici görünmürdü. Bunu bəhanə gətirən konservator əqidəli Siyasi Büro qətiyyətlə imtina etsə də, Ənvər Məmmədov "Mayak"ın köməyi ilə düşmən radiostansiyalarının səsini boğmaq məqsədi güddüyünü əsas gətirərək icazə ala bilir və beləliklə, SSRİ-də ən populyar radiostansiya yaranır.

1970-ci ildə sovet dövlətinin rəhbəri Leonid Brejnevin sevimlisi və yaxın dostu Sergey Lapin Dövlət Teleradiosuna sədr təyin olunanda Ənvər Məmmədovu Xruşşovun kadrı kimi uzaqlaşdırmaq istəyirlər.  Ancaq böyük təcrübə, zəngin bilik, qeyri-adi idarəçilik bacarıqları, kollektivdəki səmimi və dərin hörmət onun köməyinə gəlir. Peşəkar diplomat olan Lapin isə nə jurnalistikadan, nə də televiziya işindən baş çıxarırdı. O, yalnız ciddi senzuranı müdafiə edən və dəyişikliyi sevməyən sərt, siyasi yönümü qabarıq, "yuxarıdan" gələn tapşırıqları robot kimi icra etməyə hazır olan "quru" bir lider idi. Onun gəlişi ilə bir çox proqram və filmlər ciddi redaktəyə məruz qaldı, bəziləri tamamilə ləğv edildi. Artıq 1972-ci ildə Şən və Hazırcavablar Klubunun canlı yayımı dayandırıldı. O dövrdə sovet tamaşaçısının çox sevdiyi əyləncəli və müxtəlif şou verilişlər, o cümlədən, populyar "Kinopanorama" proqramı efirdən çıxarıldı. Konservator Lapin saqqalı olan insanların TV ekranında görünməsinə icazə vermirdi. Aparıcı kişilərə qalstuk və pencək olmadan efirə çıxmaq qəti qadağan edilmişdi. Qadınların şalvar geyinməsinə icazə verilmirdi. Lapin, məşhur Alla Puqaçovanın mikrofona oxumasını qadağan etmişdi və s. Televiziyaya isə dinamik, çevik təfəkkürlü, çıxılmaz vəziyyətlərdən də yol tapa bilən, tamaşaçını maraqlandıran verilişlər hazırlaya biləcək komanda ilə işləyən rəhbər lazım idi. Siyasi Büro çoxsaylı şikayətlərdən sonra Brejnevin dostuna heç nə edə bilməsə də, bizim həmyerlimiz Ənvər Məmmədovu televiziya verilişlərinə cavabdeh (rəhbər) təyin edir.

Bu andan etibarən Məmmədov qeyri-rəsmi lider olur və maraqlı televiziya uğrunda mübarizə aparmağa başlayır. Köhnə populyar proqramları müdafiə edir, yeni formatlar yaradır. O, bunu elə cəsarətlə edir ki, televiziyada işləyənlər arasında onun hərbi tərcüməçi kimi işlədiyi vaxtlarda ölkənin ali rəhbərlərinə hansısa çox ciddi kompromatlar verməsi, bununla da onların yanında belə etimad qazanması haqqında  şayiələr formalaşır.

1973-cü ildə ərsəyə gələn Yulian Semyonovun eyniadlı romanı əsasında Tatyana Lioznovanın lentə aldığı "Baharın on yeddi anı" filmi hazır olduqdan sonra Siyasi Büro üzvləri baxmalı və yekun qərar olaraq efirə icazə verməliydilər. O dövrün pozulmaz qaydaları belə idi. Siyasi Büronun ən sərt üzvlərindən biri olan Mixail Suslov filmə baxandan sonra "nasistlər belə ağıllı olmayıblar" deyərək filmi bəyənmədiyini elan edir. Onun bu sözü "rəsmi baxış" da iştirak edənləri - üç il böyük əziyyətlərlə filmi ərsəyə gətirən insanları, rejissoru, direktoru, baş rolun ifaçısı Vyaçeslav Tixonovu, digər məşhur simaları şoka salsa da, qorxusundan heç kəs dillənə bilmir. Sovet tamaşaçısına indiyədək həmişə gic, səfeh, anormal təqdim olunan almanların real həyat hadisələri əsasında çəkilən bu filmdə çox ağıllı, tədbirli, dürüst insanlar kimi göstərilməsini heç kim əsaslandırıb başını bəlaya salmaq istəmir. Yalnız Ənvər Məmmədovun gur və cəsarətli səsi eşidilir: "Yoldaş Suslov, mən 1941-ci ildən 1943-cü ilə qədər cəbhədə döyüşmüşəm, Nürnberq prosesində tərcüməçi olmuşam, almanları yaxşı tanıyıram. Bu filmdə onlar olduğu kimi təqdim olunur".

Qısa mübahisədən sonra Suslov bu cəsarətli qafqazlının arqumentləri qarşısında susur, yaradıcı heyəti təbrik edib çıxır. Hamı sevindiyindən Ənvər Məmmədovu qucaqlayıb alqışlayır və beləliklə, sovet kino tarixinin şedevrlərindən olan "Baharın on yeddi anı" filmi həyata vəsiqə qazanır. Rəsmi məlumatlara görə, 200 milyondan artıq tamaşaçının seyr etdiyi həmin filmin nümayişi dövründə insanların kütləvi şəkildə aludə olması nəticəsində elektrik enerjisindən və sudan istifadə, həmçinin cinayət hadisələrinin sayı nəzərəçarpacaq dərəcədə azalırmış.

SSRİ-nin Kinematoqrafiya üzrə Dövlət Komitəsi Eldar Ryazanovun çəkdiyi məşhur "Taleyin  istehzası" ("İroniə sudğbı") filminin ssenarisindən imtina edəndə də Ənvər Məmmədov heç kimlə razılaşdırmadan təkbaşına filmin istehsala buraxılması barədə əmr verir. İmtina edənlərin əsas bəhanəsi isə filmin "antialkoqol kampaniyasına zidd getməsi" idi. Məsuliyyəti öz üzərinə götürən Ənvər Nazimoviç (onu ömrü boyu belə adlandırırdılar) yalnız film  efirə çıxandan, böyük  tamaşaçı sevgisi qazanandan və yaranmış müsbət ictimai rəydən sonra  dərindən nəfəs ala bildi.

Məhz onun təşkilatçılığı, nüfuzu və qətiyyəti hesabına avtoritar dövlətin telekanalında demokratik və yaradıcı mühit yaranır, onun təşəbbüsü və dəstəyi ilə yaranan "Vokruq smexa", "Kabaçok 13 stulğev", "Çto? Qde? Koqda?", "Oçevi?dnoe - neveroə?tnoe" kimi verilişlər böyük populyarlıq qazanır. Birinci müavin olsa da, o, Mərkəzi televiziyanın faktiki rəhbəri idi. Onun imzası olmadan efirə heç bir veriliş və proqram getmirdi. Mərkəzi televiziyanın inkişafında, mədəniyyətin bir parçasına çevrilməsində müstəsna xidmətlər göstərirdi. Əlbəttə, ideoloji buxovlar, vəzifəsinin məsuliyyəti Ənvər Məmmədovu da bəzən senzorluğa vadar edirdi, amma hətta bu durumda da verilişin və ya proqramın efirə buraxılmamasını müəllifə elə həssaslıqla izah edirdi ki, kimsə ondan incimirdi, əksinə, onun düşdüyü vəziyyəti dərk edirdi.

Mərkəzi televiziyanın binasında keçirdiyi müşavirələri, görüşləri, müzakirələri məharətlə idarə edir, çox dəqiqliklə təqdim olunmuş filmlərin, verilişlərin üstünlüklərini və nöqsanlarını sadalayır, amma müəllifin, redaktorun, rejissorun əməyini də, bəxş etdikləri töhfəni də həmişə xüsusi qeyd edirdi. Ən əsası, yaradıcı heyətə televiziyanı çox sevməyi və tamaşaçılara hədsiz hörmət göstərməyi təlqin edirdi. Kollektiv onun maraqlı çıxışlarını, irad və təkliflərini diqqətlə və heyranlıqla dinləyirdi. Səsləndirdiyi fikirlər isə sonradan zərb-məsələ çevrilirdi.

Veriliş və proqramların baxışı zamanı aparıcılar, redaktorlar, yaradıcı qruplar Ənvər Məmmədovun beyninin ildırım sürətilə çalışmasından şoka düşürdülər. Baxış ərzində həm  telefon zənglərinə cavab verir, həm nə isə tapşırır, problemləri həll edir, sənədləri, ssenariləri sürətlə oxuyub, hətta səhvləri düzəldərək imzalayırdı. Baxış müddətində telefonla danışmasına, kağızlara qol çəkməsinə baxmayaraq, sonda dəqiqəsinə və saniyəsinə qədər yol verilmiş səhvləri sadalayır, onlar düzəldildikdən sonra efirə getməsinin mümkünlüyünü bildirirdi.

Bütün ölkədə tanınan simalar, məşhur aparıcılar, zəkası ilə milyonları heyran edən tanınmış jurnalistlər, rejissorlar ondan çəkinirdilər. Tabeliyində olan əməkdaşlarla həmişə nəzakətlə davranan, heç vaxt səsini ucaltmayan və kimisə işdən çıxarmaqla hədələməyən Ənvər Məmmədova qarşı bu ehtiram onun professional keyfiyyətləri ilə bağlı yaranmışdı. Onlar ən istedadlı əməkdaşlardan da ssenari, rejissor, montaj işlərini qat-qat artıq, incəliklərinə qədər bilən, ruhən jurnalist olan təcrübəli rəhbərin qarşısında qeyri-peşəkar duruma düşmək istəmirdilər.

1985-ci ildə milli mənsubiyyəti Ənvər Məmmədova yenə də problemlər yaradır. Xalqımızın genetik düşməni olan Mixail Qorbaçovun hakimiyyətə gəlişi erməni mafiyasına onu vəzifəsindən kənarlaşdırmaq imkanı yaradır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, vətənpərvər soydaşımızın rəhbərliyi dövründə ermənilər sovet radio və televiziyasına indiki qədər müdaxilə etmək imkanına malik deyildilər. Böyük təcrübə, intəhasız bacarıqlar, fenomenal istedad şər qüvvələrin qarşısında aciz qalır. Parlaq zəkası olan həmyerlimizi 62 yaşında - həyatının və yaradıcılığının gündən-günə çiçəkləndiyi bir dövrdə "təqaüdə çıxmaq" bəhanəsi ilə ömrünü həsr etdiyi  televiziyadan uzaqlaşdırırlar. Doğrudur, Ənvər Məmmədov "Novosti" xəbərlər agentliyinə siyasi icmalçı kimi qayıdır, sonra burada baş redaktorun müşaviri olur və 38 il bu vəzifədə işləyir. 23 illik əvvəlki iş stajını nəzərə alsaq, Vladimir Pozner demişkən, "əgər rus olsaydı", 61 il Rusiya Mərkəzi Televiziyasına rəhbərlik edə bilərdi.

Çox maraqlı taleyi, qeyri-adi istedadı olan görkəmli həmyerlimiz bütün dünyada tanınmış azərbaycanlılardandır. Məsələn, onu şəxsən tanıyan və böyük hörməti olan Kubanın müdafiə naziri Paul Kastro SSRİ-yə hər səfəri zamanı görüş protokoluna mütləq Ənvər Məmmədovun adının salınmasını istəyirmiş.

Siyasəti, diplomatiyanı, tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, jurnalistikanı mükəmməl bilən, güclü intellekti, ildırım surətli təhlil qabiliyyəti, iti yumor hissi olan çox ləyaqətli şəxsiyyət Ənvər Məmmədov Azərbaycan, rus, ingilis, alman, italyan və fransız dillərində sərbəst danışırmış. 1967-ci ildə Parisdə Fransa teleradio yayımının baş direktoru ilə aparılan beynəlxalq danışıqlarda rus dilində danışan Ənvər Məmmədovun fransız tərcüməçisi bəzi ifadələrini dəyişdirməyə cəhd edəndə, həmyerlimiz onun sözünü mükəmməl fransız dilində kəsir: "Siz tərcüməçisiniz, mənim redaktorum deyilsiniz. Bunu nəzərə almağınızı xahiş edirəm". Tərcüməçi məəttəl qalaraq üzr istəməyə məcbur olur.

Həmin görüşün fasiləsi zamanı Ənvər

Məmmədovun ABŞ, Fransa, İtaliya və Almaniyadan olan həmkarlarının hər biri ilə onların öz dilində danışması bütün sovet jurnalistlərini heyrətə gətirmişdi. Bu gün də Rusiyanın ən tanınmış televiziya mütəxəssisləri, məşhur jurnalistləri həmyerlimizi tərifləyir, onun fəaliyyətinə yüksək qiymət verirlər. Onu fenomenal, əfsanəvi, bütün zamanların və bütün xalqların görkəmli şəxsiyyəti adlandırırlar.

Bütün varlığı ilə doğma Azərbaycana bağlı olan Ənvər Məmmədov 1979-cu ildə Bakıya gələndə hava limanında onu duz-çörəklə qarşılayırlar. İnsanların əfsanəvi həmyerlilərinə belə sonsuz məhəbbəti onun bu xalqın adının yüksəlməsi üçün gördüyü böyük işlərin müqabilində idi. Müdrik Ənvər müəllim isə deyir: "Xarici qonaq deyiləm ki, məni belə təmtəraqla qarşılayırsınız. Mən öz vətənimə gəlmişəm".

Həmin səfəri zamanı Ənvər Məmmədov Ulu öndər Heydər Əliyevlə də görüşmüşdü. Hər zaman Azərbaycanın adını ucaldan həmvətənlərimizlə qürur duyan Heydər Əliyev bu yaxın tanışlıqdan və onunla söhbətdən çox məmnun qalmışdı.

Bu ilin avqust ayında 100 yaşı tamam olduqdan bir neçə gün sonra vəfat edən böyük həmyerlimiz sentyabrın 11-də Moskvanın Troekurovski qəbiristanlığında dəfn edilmişdir. Bir vətəndaş olaraq arzu edərdim ki, xarici ölkələrdə vəfat edib vətənində dəfn edilən digər məşhur soydaşlarımız kimi onun da nəşi vətənə gətirilib görkəmli azərbaycanlı kimi doğma torpağa tapşırılaydı. Bu zaman gənclərimiz, növbəti nəsillər belə soydaşlarımızın mövcudluğunu daha yaxşı yadda saxlaya bilərdilər.

Nahaq deyilməmişdir ki, dağlar zirvələri ilə, xalqlar da öz şəxsiyyətləri ilə tanınar. Ənvər Məmmədov hər bir azərbaycanlı üçün milli qürur mənbəyi olan şəxsiyyətlərdəndir. Biz belə soydaşlarımızı daha yaxından tanımalı, onları dünyaya olduqları kimi tanıtmalıyıq. 

 

 





14.09.2023    çap et  çap et