525.Az

Qarabağ vətənim, Füzuli elim... - Professor Vəfa Xanoğlan 70 yaşında


 

Qarabağ vətənim, Füzuli elim... - <b style="color:red"> Professor Vəfa Xanoğlan 70 yaşında</b>

Alim dostumuz, professor, Qarabağ sevdalısı Vəfa Əliyevi (ədəbi imzası Vəfa Xanoğlandır) çoxdan tanıyıram. Görkəmli yazıçımız İlyas Əfəndiyev haqqında qələmə aldığı tədqiqat materiallarının bir neçəsini mənim də çalışdığım "Xalq qəzeti" redaksiyasına təqdim etmiş və həmin yazıların ilk oxucusu mən olmuşdum. Onun qələmə aldığı yazıların özünəməxsusluğu odur ki, həmin sətirlərin əksəriyyətində  Qarabağ ab-havası hiss olunur.

Bir söhbətində demişdi ki,

 

Qarabağ Vətənim, Füzuli elim,

Ürəyim dağlanır, çatmayır əlim.

 

Bu sətirlər kimin şeirindəndirsə,  bilmirəm, bəlkə də öz ürəyinin hissləri idi. O zaman demişdim ki, darıxma, qardaş, Qarabağa əlimizin çatacağı gün uzaqda deyil. Allaha şükür ki, indi o günləri yaşayırıq. Məcburi köçkünlərin Füzuliyə də qayıdışı başlanıb.

Onu daha yaxından tanımağıma isə Cənubi Azərbaycan şairi Həbib Sahirin yaradıcılığına göstərdiyi ehtiram, daha doğrusu, tərtib etdiyi və ön söz yazdığı "Məndən salam deyin gözəl Təbrizə" kitabı səbəb olmuşdu.

Yaşca məndən yarım il cavandır. Amma maşallah, çox uğurlara imza atıb. Elə ona görə də tərcümeyi-halı çox zəngindir. Kənd məktəbini və o zamankı APİ-ni bitirmiş, orta təhsil aldığı məktəbə müəllim kimi qayıtmışdır. Sonralar direktor müavini kimi fəaliyyət göstərmiş, yerli "Araz" qəzetində elmi-nəzəri və publisistik məqalələrlə çıxış etmişdir. Yaradıcılıq və ictimai fəallığı onun "Bilik" Cəmiyyəti Füzuli rayon təşkilatının məsul katibi və rayon partiya komitəsində təlimatçı vəzifələrinə irəli çəkilməsini təmin etmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1987-ci ilin sentyabr ayından Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Baş müəllim,  "ədəbiyyat və dillər" kafedrasının dosenti, elmi katib vəzifələrində çalışmış, 17 il universitetin sənətşünaslıq fakültəsinin dekanı kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Yazıçılar Birliyinin və  Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan Vəfa Əliyev A.A.Bakıxanov adına mükafatla təltif edilmiş, "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. 2016-cı ilin dekabr ayında doktorluq dissertasiyası müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Sonralar Bakı Xoreoqrafiya Akademiyasında elmi katib vəzifəsində çalışmış, 2016-cı ildən "Azərbaycan dili və ədəbiyyat" kafedrasının müdiri kimi professor vəzifəsinə seçilmişdir.

Vəfa Xanoğlan pedaqoji fəaliyyətlə yanaşı, bir tənqidçi və ədəbiyyatşünas kimi də intensiv fəaliyyət göstərir, müxtəlif ədəbi dərgilərdə elmi-nəzəri məqalələrlə çıxış edir. Dövri mətbuatda 100-dən çox məqaləsi, dörd monoqrafiya və bir dərsliyi çap olunub. Qeyd etdiyimiz kimi, onun dövrü mətbuatdakı yazılarının bir çoxu məhz İlyas Əfəndiyevin yaradıcılığına həsr olunmuşdur. 10-dan çox elmi və bədii kitabın  redaktorudur. Hazırda Azərbaycan Universitetində pedaqoji fəaliyyətini davam etdirir.

Sentyabrın 14-də 70 yaşı tamam olan alim dostumuza cansağlığı, Füzulidən bizə göndərəcəyi salamları və yeni uğurlar arzulayırıq.

 

 





14.09.2023    çap et  çap et