525.Az

Balaca Qrişa - İmir Məmmədlidən esse


 

Balaca Qrişa - <b style="color:red"> İmir Məmmədlidən esse</b>

Kənddə balaca boy bir kişi var idi, adı Qrişa idi. Kənd camaatı, ələlxüsus da kişilər onun haqqında danışanda, "Balaca Qrişa" deyirdilər.

Nə həmin kənddə, nə əd ətraf kəndlərdə Qrişa adında başqa adam yox idi.

Başqa bir Qrişa da olsa idi, Qrişaları bir-birindən fərqləndirmək üçün buna "Balaca Qrişa" dediklərinə  bəraət qazandırmaq olardı. Amma Qrişa tək idi, yek idi və kimdənsə onu fərqləndirməyə də ehtiyac yox idi.

Yenə də eldə-obada, evdə-eşikdə, onun haqqında söz düşəndə, mütləq "Balaca Qrişa" deyirdilər, heç kəs elə-belə Qrişa demirdi.

Niyə?

Düşünürəm ki, bunun psixoloji alt qatları var: Kişilər arvad-uşağın yanında "Balaca Qrişa" deyəndə, özlərinin yekə olduqlarını, ən azından, boy-buxunlarının normal olduğunu şüuraltı vurğulayırdılar, dediklərinin fərqinə varmadan arvada deyirdilər ki, ola bilsin, mənim vəzifəm-filanım yoxdur, bəlkə də filankəs qədər varlı deyiləm, amma məndən də balaca adamlar var. Qadınlar da Qrişanın haqqında Balaca Qrişa deyəndə, təhtəlşüur olaraq öz ərlərinin boylu-buxunlu olduğuna işarə edirdilər.

Başqa sözlə, kənd camaatının, xüsusən də kişilərin yeri gəldi-gəlmədi Qrişaya balaca demələri onların natamamlıq kompleksindən irəli gəlirdi, Qrişanın vasitəsi ilə, öz daxillərindəki çatışmazlığı kompensasiya edirdilər. Bir sözlə, xeyirdə-şərdə dilinə Balaca Qrişa kəlməsini gətirən adam ilk növbədə ətrafdakılara deyirdi ki, mənim boyum ucadır.

Fikir vermisinizsə, əyalətlərdə, insanlar uzun illər ərzində birgə yaşadıqları məhəllələrdə bir qədər ağıldan kəm adam varsa, kişilərin böyük əksəriyyəti onlarla məzələnir, onu danışdırıb lağlanaraq ətrafa boylanırlar. Həmin məqamda "tamaşaçı" axtararaq göstərmək istəyirlər ki, baxın, mən bundan ağıllıyam, elə ağıllıyam ki, bunu danışdırıb əylənə də bilirəm.

Bu da natamamlığın bir göstəricisidir. Öz natamamlığını hiss edən, hətta daxilən ondan əziyyət çəkən insan bir qayda olaraq elə bir adam axtarır ki, o, öz "kiçikliyi" və ya "ağılsızlığı" ilə onu bu vəziyyətdən qurtarsın. Məlum məsələdir ki, qısa bir xəttin uzunluğunu təsdiq etmək üçün yanında ondan da qısa bir xətt çəkməlisən.

Dahi gürcü şairi Şota Rustavelinin "Pələngdərili cəngavər" poemasında bu cür psixoloji durumun tərs üzü çox böyük ustalıqla verilib: Cəngavər dostu Tariyelin itkin düşən yarının - Nestan Darecanın axtarışına çıxan Avtandil gəzə-gəzə gəlib gözəl bir şəhərə çıxır. Avtandilin özü də, şairin verdiyi təsfirə görə, Tariyel kimi hündür qamətli, qəşəng bir cəngavər imiş. O gəlib keçdiyi yerlərdə qız-gəlin onun tamaşasına durub heyran olarmış. Həmin şəhərdə də belə olub, onu görənlər heyranlığını gizlədə bilməyiblər (Dahi şairin onu necə tərənnüm etdiyini, dərin psixoloji məqamı bir misrada necə ustalıqla verdiyini orijinaldan öz tərcüməmdə təqdim edirəm):        

Yayılan səs silkələdi Səltənətin şəhərini,

Günəş kimi bəzəyirdi kəhər atın yəhərini.

Kim istəklə baxdı ona, kim itirdi huş-sərini.

Onu görən neçə gəlin gözdən saldı öz ərini!...

Yəni onu görən qız-gəlinin gözlərində halal-hümbərt ərləri bir an içində (bu yazının təbrincə desək) qrişalaşdılar, kiçilib balacalaşdılar. Bəla burasındadır ki, qeyri-adi gözəlliklə səciyyələnən belə bir əzəmətin güclü təsiri altında gözdən düşən ərlər də zənanları heyran edən bu qəddi-qamətə qadın heyranlığına bənzər bir heyranlıqla məftun olur, onu tərənnüm etməkdən usanmırlar. Belə bir psixoloji vəziyyət Balaca Qrişaya olan münasibətin astar üzü olsa da, onunla eyni müstəvidədir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





14.09.2023    çap et  çap et