525.Az

Şəkidə uşaq hüquqları ilə bağlı konfrans - FOTOLAR


 

Şəkidə uşaq hüquqları ilə bağlı konfrans <b style="color:red"> - FOTOLAR</b>

Sentyabrın 12-də “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaq istismarına biganə qalmayaq!” adlı layihənin icra planına uyğun olaraq avqustun 21-də Şəki şəhərində insan alveri, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı təsirləri, həmçinin uşaq istismarının ağır cinayət olması barədə cəmiyyətin məlumatlılıq səviyyəsini araşdırmaq məqsədilə keçirdiyi sorğunun nəticələrinin müzakirəsinə həsr olunmuş konfrans təşkil edib.

525.az xəbər verir ki, Şəki şəhər İcra Hakimiyyətinin, polis şöbəsinin, müəllimlərin, sahibkarların və rayonun fəal gənclərinin iştirak etdiyi konfransda icra hakimiyyətinin böyük məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Məmmədov belə layihələrin həyata keçirilməsinin uşaq istismarının aradan qaldırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb: "Biz də öz növbəmizdə rayonumuzda sosial risk qrupuna daxil olan uşaqların hüquqlarının müdafiəsi, uşaqların bu sadladıqlarıma əlçatanlığının təmini ilə bağlı mühüm addımlar atılır, tədbirlər həyata keçirilir.

Şəki rayon-şəhər Polis Şöbəsinin baş inspektoru Anar Xalıqov rayonda uşaqların nəzarətsiz qalması, baxımsızlığı üzrə tədbirlərin icrasının mütəmadi davam etdirildiyini, həmin uşaqların tərbiyəsi, qayğısına qalınması üzrə öz vəzifələrini yerinə yetirməyən valideynlər barəsində fərdi olaraq profilaktik işlərin aparıldığını bildirib.

Şəki Gənclər İdman İdarəsinin məsləhətçisi Səbahət Bağırova qeyd edib ki, uşaq istismarının qarşısının alınmasında onların asudə vaxtlarının səmərəli təşkili, müxtəlif idman növlərinə cəlb olunması da böyük rol oynayır.

QHT sədri Gülqədəm Alxasova problemlə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsini təklif edib.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova bildirib ki, sorğunun nəticələrindən də göründüyü kimi insan alveri ilə, xüsusilə də uşaq əməyinin istismarı, uşaqların cinsi istismarı, onun dağıdıcı təsirləri, həmçinin uşaq istismarının ağır cinayət olması barədə cəmiyyətin məlumatlılıq səviyyəsini artırmaq üçün aidiyyəti dövlət qurumları öz aralarında əməkdaşlığı möhkəmləndirməli, təbliğat və maarifləndirmə işlərini daha da gücləndirməlidir.

 





14.09.2023    çap et  çap et