|
|
|
|
Şəfəq Mehrəliyeva: Media eksperti:
- Mahatma Qandinin fikrincə, sonumuza çıxacaq yeddi (7) günah:
* əməyə söykənməyən var-dövlət
* şüursuz davam edən ləzzət
* fərdi xarakterə arxalanmayan bilik
* əxlaqa sığınmayan ticarət
* insanlığa xidmət etməyən elm
* qurban tələb etməyən ibadət
* prinsipal olmayan siyasət
Aqşin Kərimov, jurnalist:
- Təhdidlərə qarşı ildırım kimi mesaj: "Barak-8" atəş vəziyyətinə gətirildi
Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri təlim zamanı İsrail istehsalı olan "İldırım 8-ER" ("Barak-8") zenit-raket kompleksindən raketlər buraxıb.
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, "Barak-8":
- Start mövqeyinə çıxarılıb,
- Döyüş tətbiqinə hazırlanıb,
- Şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetirib.
Azərbaycanın hava hücumundan müdafiə sistemində "Barak-8"in xüsusi yeri var.
"Barak-8" yer-hava tipli raketdir. Bu
sistem döyüş təyyarələri, pilotsuz uçuş aparatları, helikopterlər, ballistik və qanadlı raketlər də daxil olmaqla istənilən növ hava hücumundan müdafiə üçün nəzərdə tutulub.
Sistemin həm dəniz, həm də quru əsaslı variantları mövcuddur.
Azərbaycan Ordusunun "Barak-8"i təlimə çıxarması ölkəyə təhdidlərin səngimədiyi, regionda gərginliyin artdığı dövrə təsadüf edir.
Mümkün mesaj bundan ibarətdir ki, Azərbaycan hava məkanının təhlükəsizliyini qorumaq üçün istənilən hədəfi vura bilər.
"Barak-8"in təlimi ilə bağlı Müdafiə Nazirliyinin xüsusi vurğusu Azərbaycanla İsrail arasında dərinləşən strateji əməkdaşlığın fonunda diqqət cəlb edir.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra hava hücumundan müdafiə sahəsində olan boşluqları təhlil edib onları etibarlı vasitələrlə doldurur.
Bu mənada Azərbaycanın hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməsi prosesi gedir və İsraildən yeni növ silahlar alınması prioritetdir.
"Barak-8"lə ötürülən mesaj Azərbaycan-İsrail əlaqələrindəki hərbi əməkdaşlıq dinamikasını qeyd etməyə əsas verir.
Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanla sərhəddə mövqelərimizə qarşı zərbə dronlarından istifadə edir. Onların zərərsizləşdirilməsi üçün müxtəlif üsullar Azərbaycanda mövcuddur. Lakin Müdafiə Nazirliyinin məhz "Barak-8"in altını qırmızı xətlə cızması xüsusilə diqqət çəkir.
Azərbaycan özünü hava təhdidlərindən müdafiə etməkdən ötrü istənilən hədəfi vurmaq hüququnu özünə saxlayır.
Fərid Pərdəşünas, texnobloger:
- Ermənilər yenə "X"də (köhnə tvitterdə) hay-küy salıblar ki, Astronvatika Konqresini Azərbaycanda keçirməyin. Bu sahədə çalışan ermənilər çağırışlar edib. Mənə görə, bugünə qədər Bakıda keçiriləcək ən önəmli tədbir "Beynəlxalq Astronavtika Konqresi" olacaq. Tədbirə 1 aydan da az vaxt qalıb. "NASA", "Jaxa", "SpaceX" kimi kosmik agentliklər iştirak edəcək. Məşhur yazıçı Yuval Noah Harari də bu konfrans üçün Bakıya gəlir. Hər an son dəqiqə Elon Musku da bu tədbirdə görə bilərik. "Technote" olaraq qürurla deyə bilərəm ki, belə bir qlobal tədbirin Azərbaycandan rəsmi media tərəfdaşıyıq.
Belə tədbirin biletləri çox baha olur. Bu tədbirə də hazırda biletlər 2000 manatdan yuxarıdır. Bu qiymətləri təbii ki, biz yox, tədbiri təşkil edənlər müəyyənləşdirib. Çünki ziyarətçiləri dünyanın müxtəlif yerlərindən sahənin önəmli adamları olur. Tələbə, müəllim, təqaüdçülər üçün endirimli bilet qiymətləri var. Uzun sözün qısası, 20 gün sonra Azərbaycan mənə görə, "Eurovision"dan da, "Formula"dan da önəmli bir tədbirə ev sahibliyi edəcək.
Taleh Şahsuvarov, jurnalist:
- Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə 3, 7 və 40 yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Kənddəki hər hansı mərasimdə ehsan verilərsə, camaat məclisdə iştirak etməyəcək. Bu təcrübəni Azərbaycanın hər yerində tətbiq edilməsinə ehtiyac var. Bu qərarı icmalar özü verməlidir.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- "Karabakh Telecom" hələ də qanunsuz fəaliyyətini davam etdirir. "Artsax"ın mobil rabitəsi və internet təchizatı "Karabakh Telecom" şirkəti üzərindədir.
Rabitə kanalları isə Ermənistan üzərindəndir. Geniş baza stansiyaları və xidmət mərkəzləri infrastrukturu var. Müharibədən sonra infrastrukturu yenidən bərpa ediblər. Tariflərini şirkət deyil, separatçı rejim özü müəyyən edir.
İkinci Qarabağ savaşında Arutunyan bu şirkəti livanlı sahiblərindən - Fatuş qardaşlarından zorla ələ keçirib özəlləşdirmişdi.
Hazırda ərazimizdə qanunsuz fəaliyyət göstərən bu şirkətin kimə məxsus olması haqqında məlumat yoxdur. Güman ki, "Karabakh Telecom"u indi də separatçıların yeni "prezidenti" Şahramyan ələ keçirər.
Düşünürəm ki, bu kommunikasiyanın da Azərbaycan qanunlarına tabe etdirməyin zamanı yetişib. "Karabakh Telecom"un 20 ildən çox qanunsuz fəaliyyətinə qiymət verilməli, xidmət üçün RİNN-dən lisenziya almalı, tezliklər bizim qurumlar tərəfindən ayrılmalı, trafikinə bizim qanunlar çərçivəsində nəzarət olunmalı və interneti də bizim magistral provayderlərdən almalıdır.
Ermənistandan gələn magistral rabitə və internet kanallarını bağlamaq və Ağdam istiqamətindən Xankəndinə yeni magistral xətlər çəkmək doğru olardı. Əminəm ki, undan imtina etsələr də, internetdən imtina etməyəcəklər. Yəni Ağdam-Xankəndi yolunun açılması ilə yanaşı, rabitə və kommunikasiyanın da Azərbaycan operatorları üzərindən olması təmin edilməlidir.
İnteqrasiyanı ərzaqdan deyil, rabitədən və internetdən başlamaq məntiqli olardı. Əminəm ki, bu addım, bircə gün rabitəsiz və internetsiz qalmaq oradakı ermənilərin Azərbaycan qanunlarına tabe olması və inteqrasiyası istiqamətində işləri xeyli sürətləndirəcək.
Elxan Şahinoğlu, politoloq:
- Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-ın "Politico" nəşrinə müsahibəsində "Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz" cümləsi bugünə qədər onun Rusiyanın siyasəti barədə tənqidi fikirlərinin ən vacibi sayıla bilər. Paşinyan bu cümlə ilə Ermənistanın Rusiyadan üz döndərdiyini rəsmən elan edib. Paşinyanın başqa bir etirafı ondan ibarətdir ki, o, Rusiyadan asılı olan Ermənistanın hələ də müstəqil dövlət ola bilmədiyini bildirib. Paşinyan mövcud vəziyyəti Ukrayna müharibəsi ilə əlaqələndirib: "Bu savaş Rusiyanın imkanlarına təsir göstərib". Nikol Paşinyanın həm Azərbaycan, həm də Türkiyənin Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələr olduğu fikri də maraqlıdır: "Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik". Yəni Paşinyan demək istəyib ki, Ermənistan Rusiyanın vassalı və forpostu olduğu müddətdə müstəqil ola bilməyəcək.
Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa və ölkəmizlə sülh sazişi imzalayarsa, Rusiyanı Qarabağdan çıxarmaq daha asan olar. Əks halda Rusiya Qarabağda hərbi varlığı vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir alətini saxlayacaq. Məntiqlə Paşinyan Rusiya ilə sağollaşmaq istəyirsə, bunu təkbaşına edə bilməyəcək, bu regional səylərlə həyata keçirilə bilər. Ancaq bunun üçün Cənubi Qafqaz ölkələri arasında münasibətlərin normallaşması lazımdır.
Asif Nərimanlı, jurnalist:
- Paşinyanın "Ermənistan artıq özünü qorumaq üçün Rusiyaya arxalana bilməz" sözləri Moskva-İrəvan xəttində hər iki ölkə liderinin daha öncəki açıqlamalarında gizlətməyə çalışdıqları qarşıdurmanın ritorik yox, real olduğunu göstərdi. Nikol Rusiyadan xilas olmaq istədiklərini açıq şəkildə elan edir.
Və məsələnin heç də erməni Baş nazirin qeyd etdiyi kimi, "Ukrayna müharibəsi nəticəsində Rusiya imkanlarının zəifləməsi"ndən və İrəvanın fürsətdən istifadə etməsindən ibarət olduğu inandırıcı görünmür. Çünki Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətinə təsir edə biləcək imkanları hələ də mövcuddur.
Maraqlıdır, Paşinyan Rusiyaya qarşı niyə cəbhə açır?
Burada birdən çox versiya ön plana çıxır:
- Paşinyan Rusiyanın onu devirmək istəyi haqda məlumatlara malikdir;
- Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistanın iradəsindən kənar qərar verilib: Rusiya və Türkiyənin regional məsələləri aktivləşdirməsi, İranın müəyyən yumşalmalarının olması və s. bölgədə yeni və daha böyük proseslərin ola biləcəyi gözləntisini artırır;
- Qərb Rusiyaya qarşı "ikinci cəbhəni" Gürcüstan üzərindən açmağa nail ola bilmədikdən sonra bu planını Ermənistan üzərindən aktivləşdirir və bunun qarşılığında İrəvana vədlər verilib.
Hər üç versiya mümkün görünür. Hərçənd Rusiyaya qarşı cəbhə açan Ermənistanı hansı ölkənin qoruyacağı da sual altındadır.
Xaqani Səfəroğlu, jurnalist:
- Putin bu gün Vladivastokda Qarabağla bağlı verdiyi açıqlamada deyib ki, Moskva Laçın və Kəlbəcərin, Dağlıq Qarabağın Ermənistanın yuridiksiyasında qalmasını təklif edib, İrəvan razı olmayıb.
Rusiya prezidenti çox güman ki, 2011-ci ildə Kazanda tərəflərə təklif edilmiş sülh paketini nəzərdə tutur.
Bu təklifə görə, 5 rayon və Laçının 13 kəndi Azərbaycana qaytarılmalı, Laçın dəhlizi ilə Ermənistana birbaşa çıxış saxlanılmalı idi.
Dağlıq Qarabağın statusu isə məcburi köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan bir neçə ildən sonra referendumla həll olunmalı idi. Ermənistan bu planı qəbul etməyə razı olub.
Prezident İlham Əliyev bu təklifi rədd edib.
2016-cı ildə, "Aprel döyüşlərindən" sonra Putin yenidən Kazan prinsipləri əsasında danışıqları bərpa etməyi təklif edib.
Bu danışıqlar iflasa uğrayıb.
Azərbaycan işğal olunmuş ərazilərin azad edilməsini, qaçqınların öz torpaqlarına qayıtmasını və beynəlxalq hüququn prinsiplərinə riayət tələb edən sənədlər əsasında danışıqların aparılmasını tələb edib. Bakı Dağlıq Qarabağın müstəqil mövcudluğuna, o cümlədən, hər hansı bir status verilməsinə razı olmayıb.
Putinin bu gün dedikləri həmin dövrün danışıqlar predmetini təhrif edir.
Mir Səməd, bloger:
- İbtidai siniflərdə rus bölməsindən Azərbaycan dili bölməsinə keçmə müşahidə olunur. 2, 3, hətta 4-cü siniflərdə də bu hal var.
Siyasət hər şeyə təsir edir!