525.Az

"Heydər Əliyev və Azərbaycan klassik ədəbi irsi"


 

PROFESSOR VİLAYƏT QULİYEVDƏN ÜMUMMİLLİ LİDERİN 100 İLLİYİNƏ - "HEYDƏR ƏLİYEV İLİ"NƏ DƏYƏRLİ TÖHFƏ

"Heydər Əliyev və Azərbaycan klassik ədəbi irsi"<b style="color:red"></b>

Tanınmış ədəbiyyatşünas, yazar, ictimai xadim Vilayət Quliyevin bu günlərdə işıq üzü görmüş "Heydər Əliyev və Azərbaycan klassik ədəbi irsi" kitabı Ümummilli liderin 100 illik yubileyinə və "Heydər Əliyev Ili"nə ən sanballı töhfələrdən biridir.

Uzun illərin yorulmaz araşdırmalarının, tədqiqatlarının bəhrəsi olan kitabda Ulu öndərin klassik ədəbi irsimizin görkəmli nümayəndələri haqqında fikir və mülahizələri şərh edilir, ədəbiyyatımızın inkişafı, xüsusən qədim və orta əsrlərdə yazıb-yaratmış sənətkarlarımızın yaradıcılığının tanıdılması, xatirələrinin əbədiləşdirilməsi ilə bağlı gördüyü böyük vətənpərvərlik işi zəngin faktlar əsasında açıqlanır.

Kitabın "Müəllifdən" adlı ön sözündə V.Quliyev kitabın yazılma səbəbindən, çoxillik araşdırmalarından, tədqiqatı və eləcə də böyük şəxsiyyət Heydər Əliyevlə bağlı xatirələrindən şövqlə bəhs edir. Bölmədəki düşüncələrini isə bu cür yekunlaşdırır: "Zaman bizi həqiqi lider keyfiyyətlərinə malik olan Heydər Əliyevdən uzaqlaşdırdıqca, onu daha yaxşı anlamağa, fikir və qayələrinin siqlətini daha dərindən hiss etməyə, xalqımızın tarixi taleyindəki yerini və rolunu daha aydın görməyə başlayırıq.

Azərbaycanın tarixində tək rəhbərlik fəaliyyəti deyil, orijinal bədii yaradıcılığı ilə tanınan dövlət başçıları az olmayıb - Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Nəriman Nərimanov... Heydər Əliyev isə üzərində daha böyük missiya - ədəbiyyatın dostu, tələbkar oxucusu, çətin məqamlarda isə qoruyucusu, mühafizi olmaq vəzifəsini götürmüş və onilliklər boyu bu missiyanı şərəflə yerinə yetirmişdi...

Bu qayğı və diqqət tariximizin, milli-mənəvi dəyərlərimizin ifadəçisi, ayrılmaz tərkib hissəsi olan klassik ədəbiyyata münasibətdə daha aydın və ardıcıl şəkildə təzahür etmişdi".

Kitab Azərbaycan ədəbiyyatının bir neçə böyük qələm sahibi ilə bağlı bölmələrə ayrılıb. Həmin bölmələrdə Ulu öndərin adı çəkilən şəxsiyyətlərlə bağlı gördüyü tarixi işlər, yubileylərində, ədəbi tədbirlərdə söylədiyi fikirlər toplanıb.

Ondan əvvəl isə "Heydər Əliyev - ədəbi irsimizin mühafizi" başlıqlı yazıda müəllif, Ulu öndərin bu yöndə fəaliyyətlərini ümumiləşdirir, onun ayrı-ayrı zamanlarda ədəbiyyata sevgisi və ədəbiyyatın, incəsənətin önəmi ilə bağlı nitqlərini oxucuya təqdim edir. Məsələn, Heydər Əliyevin Azərbaycan yazıçılarının X qurultayındakı nitqindən misal gətirərərək öz fikrini əsaslandırır:

"...Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum, onları bu gün də unutmamışam. Bəlkə bu əsərlərin bəzilərini ondan sonra oxumamışam. Ancaq o illərdə - o uşaqlıq, gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, "oxumuşam", "unutmamışam" sözləri sadə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam".

Bu məqalədən sonra, təbii ki, ilk bölmə dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəviyə həsr olunub. Burada Heydər Əliyevin Nizaminin Azərbaycan şairini bütün dünyaya sübut edən qərarlı, düşünülmüş addımları, istər Moskvada işlədiyi, istərsə də Azərbaycandakı hakimiyyəti illərində dahi şairin irsinin öyrənilməsi, tədqiqi və yubileyinin keçirilməsi ilə bağlı mühüm qərarları və əlbəttə, Nizami Gəncəvi yaradıcılığı haqqındakı fikirləri toplanıb.

Növbəti bölmə filosof şair İmadəddin Nəsimiyə həsr edilib. Burada da Nəsiminin bütün dünyaya tanıdılması, "Divanı"nın çapı, Bakıda abidəsinin qoyulması, yubileyinin keçirilməsi kimi mühüm tədbirlərdən danışılır ki, bunların da hamısı Heydər Əliyevin mədəniyyətimizə, Azərbaycanın klassik ədəbi irsinə önəmli xidmətlərindən sadəcə bəziləridir:

"1993-cü ilin sentyabrında ziyalılarla görüş zamanı vaxtı ilə Azərbaycan mədəniyyətini dünya miqyasında tanıtmağa xidmət etmiş belə söz və sənət bayramlarına müstəqil dövlətimizin daha böyük ehtiyac duyduğuna diqqət çəkən Heydər Əliyev demişdi: "Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu dünyada nə qədər əks-səda doğurdu! Azərbaycanı nə qədər tanıtdı! Nəhayət, 600 ildən sonra biz Nəsiminin Hələb şəhərindəki məzarını tapdıq. İndi onun məzarı oraya gedən adamlar üçün bir ziyarətgahdır! Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir. Mən təkcə şairlər haqqında danışmaq istəmirəm. Nəsimi də yalnız şair deyil, həm də alimdir, filosofdur".

Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, xalqına ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Sovet İttifaqının hökmranlıq dövründə, ötən əsrin 80-ci illərində Şuşada böyük şair Molla Pənah Vaqifin məqbərəsini ucaltdı, Vaqif Poeziya evini açdı və ürəklə "ədəbiyyat bayramı" deyə biləcəyimiz Vaqif Poeziya Günlərinin əsasını qoydu. Kitabın müəllifinə də həmin Poeziya Günlərində iştirak etmək qismət olmuşdu. Bu, 1987-ci ildə Şuşada keçirilən sonuncu ümumittifaq miqyaslı Vaqif Poeziya Günləri idi. Müəllif həmin dövrdə qığılcım kimi nəzərə çarpan, qısa müddət sonra alovu ilə Qarabağı, Azərbaycanı və bütün regionu yandıracaq düşmən hiyləsinin şahidi olur və o günləri belə xatırlayır: "Xankəndinin girəcəyində çoxsaylı heyətimizin qabağına çıxan qarabağlı erməni şair və yazıçılarının üzlərindən zəhrimar yağırdı. Aydın məsələdir ki, qarşılamağa da bizə hörmətdən yox, məcburyyət üzündən gəlmişdilər. Çünki hələ "miatsum" şüarları ilə bütün regiona fəlakət gətirmələrinə bir neçə ay qalırdı. Amma nə qədər çalışsalar da, ürəklərində yaşatdıqları qara niyyətləri gizlədə bilmirdilər. Münasib fürsət saydıqları digər məqsədləri isə müttəfiq respublikalardan gəlmiş qələm adamları ilə "izahedici söhbət" aparmaq, Qarabağın "tarixi erməni torpağı" olduğunu onlara pıçıldamaq idi. Xüsusən, Rusiyadan gələnlərin yanından əl çəkmirdilər.

Şuşanın hər yerindən görünən Vaqif məqbərəsinə çatanda üzlərindəki zəhrimar ifadəsi daha da qatılaşmışdı. Heç şübhəsiz, ürəklərində Heydər Əliyevin uzaqgörənliyindən hiddətlənirdilər. Burada ünlü şairə abidə ucaltmaq, hər il minlərlə insanı onun ziyarətinə gətirməklə Qarabağı tarixi erməni torpaqları kimi təqdim etməklə bağlı planlarına necə zərbə vurduğunu yaxşı başa düşürdülər..."

Bəli, Vaqifin məqbərəsi, Vaqif Poeziya Günləri Şuşanın, Qarabağın ən qədim Azərbaycan torpaqları olduğunun bir daha, ən əzəmətli sübutlarından biri idi. Dahi şəxsiyyət Heydər Əliyev bunu hamıdan yaxşı anlayırdı. Ona görədir ki, "Şuşanın işğalından sonra Qarabağda milli memarlığımızın əksər diqqətəlayiq nümunələri kimi, Vaqif məqbərəsinin taleyi də həmişə Heydər Əliyevi düşündürmüşdü. Çıxışlarının birində məqbərəni "özü üçün iftixar mənbəyi" saydığını açıq bildirmişdi".

Ancaq dahi liderin inamı da böyük idi. O, bir uzaqgörən şəxsiyyət kimi əmin idi ki, gec-tez Şuşa işğaldan azad olunacaq və Molla Pənah Vaqifin məqbərəsi də öz xalqına - əsl sahiblərinə geri qayıdacaq. Bunu o, çıxışlarında dəfələrlə qeyd eləmişdi.

Biz xoşbəxt xalqıq ki, bu gün məhz həmin günləri, həmin tarixi dövrü yaşayırıq. "Ata nəsihəti"ni özünün həyat amalına çevirən cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də özünün düşünülmüş siyasəti və ordumuzun böyük rəşadəti sayəsində qədim şəhərimizi 28 illik düşmən işğalından azad etdi. 2021-ci ilin avqustunda isə Cıdır düzündə Vaqifin böyük zövqlə bərpa olunmuş məqbərəsinin təntənəli açılış mərasimi və işğaldan sonra ilk Vaqif Poeziya Günləri keçirildi. Bu sətirlərin müəllifi də həmin tarixi və möhtəşəm hadisənin canlı şahidi, iştirakçısı olmaqdan sonsuz sevinc və qürur hissi duyur.

Ulu öndərin Azərbaycan ədəbiyyatına daha bir mühüm xidməti isə böyük dramaturq, repressiya qurbanı şair Hüseyn Cavidin nəşinin doğma vətəninə gətirilərək dəfn edilməsi idi ki, bu da Sovet İttifaqının hakimiyyətinin ən güclü dövrlərində baş tutmuşdu. Bu çətin, məsuliyyətli işin öhdəsindən layiqincə gələn Heydər Əliyev sonralar həmin prosesi belə xatırlayırdı: "Əsərlərini oxuduqca Cavidin Azərbaycan üçün necə böyük bir sərvət olduğunu bir daha yəqin edirsən. Onun qəbrini tapmaq, sümüklərini gətirib doğma torpağında basdırmaq o qədər də asan deyildi. Etiraf edək ki, o dövrlərdə 1937-38-ci illərin qurbanlarına münasibət hələ başqa idi. Cavidə "millətçi", "pantürküst" damğası vurmuşdular. Baxmayaraq ki, yavaş-yavaş Cavidin əsərləri çap olunmağa, teatrlarda göstərilməyə başladı, lakin o damğa hələ də üstündən götürülməmişdi. Odur ki, belə qərara gəlmək mənim üçün o qədər də asan deyildi. Cavidin qəbrini tapdıq. Şairin qızı Turan xanım çox istəyirdi ki, o, Bakıda, Fəxri xiyabanda dəfn olunsun. Mən təklif etdim ki, Cavid Naxçıvanda, anadan olduğu yerdə dəfn edilsin. Qoy tarix aydın etsin hansı təklif daha düz olub! Fəxri xiyabanda yan-yana yatan dahilər çoxdur, lakin Naxçıvan torpağında onun qəbri ziyarətgaha çevriləcək. Mən belə fikirləşdim ki, Cavidin qəbri üzərində Nizaminin, Vaqifin məqbərəsi kimi məqbərə tikilsin. Bundan qabaq isə iz Naxçıvanda onun ev-muzeyini açmışdıq. Zənnimcə, bu, tək xeyirxahlıq deyil, mənim xalqım qarşısında borcumdur. Əgər xalq o dövrdə mənə inanmışdısa, öz taleyini mənə tapşırmışdısa, mən onun haqqında düşünməli idim".

Bəli, Heydər Əliyev məhz xalqını, onun taleyini, tarixini, sonrakı aqibətini düşünürdü. Buna görədir ki, ədəbiyyatımızın zənginləşməsi, klassik irsimizin qorunması, daha geniş tədqiq olunması və dünyaya tanıdılması istiqamətində vaxtında, doğru və bir az da riskli addımlar atmışdı. O addımlar ki, Azərbaycan xalq durduqca danışılacaq və öz müəllifini daim böyük minnətdarlıqla yad etdirəcək. 

Əlbəttə, Heydər Əliyev fenomeninin Azərbaycan ədəbiyyatında, klassik ədəbi irsindəki izləri bununla bitmir. Vilayət Quliyevin haqqında bəhs etdiyimiz kitabında Məhəmməd Füzuli, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli kimi mədəniyyətimizin böyük şəxsiyyətlərinə həsr etdiyi bölmələrdə Heydər Əliyevin adını çəkdiyimiz, çəkmədiyimiz bütün qələm sahiblərinin yaradıcılığına, ümumən böyük Azərbaycan ədəbiyyatına dərindən bələd olduğunu və hər daim təəssübünü çəkdiyini görürük. Onun bu və digər yazıçı, şairlərin əsərlərinin çapına, yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına, əsərlərinin tərcümə edilərək dünya ölkələrində təbliğinə necə böyük diqqət ayırdığının bir daha şahidi oluruq.

Böyük zəhmət sayəsində ərsəyə gələn və qeyd etdiyimiz kimi, "Heydər Əliyev İli"nə ən gözəl töhfələrdən biri olan "Heydər Əliyev və Azərbaycan klassik ədəbi irsi" kitabının müəllifi, professor Vilayət Quliyevə ürəkdən təşəkkür edir, əsərin təkcə humanitar və ictimai elmlər sayəsində çalışan mütəxəssislər üçün deyil, hər bir Azərbaycan vətəndaşı, ədəbiyyat sevdalısı üçün dəyərli mənbə olacağına inanırıq.

 

 





15.09.2023    çap et  çap et