525.Az

Təhsildə innovasiyalar üçün qrant müsabiqələri: yaradıcı ideyalar gerçəkləşir


 

Təhsildə innovasiyalar üçün qrant müsabiqələri: yaradıcı ideyalar gerçəkləşir<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə, bir neçə ildir ki, ölkədə "Təhsildə inkişaf və innovasiyalar" üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin davamı olaraq bu müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti, yeni ideyaları stimullaşdırmaqdan ibarətdir. Müsabiqədə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər.

Müsabiqə zamanı təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması mövzusunda təqdim ediləcək layihələrdə öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərinin tətbiqi, məktəb assosiasiyalarının yaradılması, mübadilə proqramlarının təşkilinə dair məsələlər əhatə olunur.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi təhsil sahəsində daha innovativ və yaradıcı ideyaların reallaşmasında mühüm əhəmiyyət kəsb edir. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin gücləndirilməsi, innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir. Daha innovativ və yaradıcı ideyaya malik layihə təqdim edən təhsilverənlər aşkarlanır, onlara öz layihələrini reallaşdırmağa geniş meydan verilir.

İyulun 28-də nəticələri açıqlanan "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi"nə ümumilikdə 1407 layihə təqdim edilmişdi ki, bu da ötən illə müqayisədə 306 layihə çoxdur. Müsabiqəyə daxil olan layihələrin  279-u ümumi təhsil müəssisələrinin, 1128-i isə təhsilverənlərin fərdi layihələridir. Bütün layihələr qəbul edildikdən sonra texniki ekspertiza mərhələsindən keçirilib və 1398 layihə məzmun ekspertiza mərhələsinə buraxılıb. Qrant verilməsi nəzərdə tutulan layihələrin 72-si ümumi təhsil müəssisələrinin, 153-ü isə təhsilverənlərin fərdi layihələridir.

Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin fizika müəllimi və profil işləri üzrə direktor müavini Vasif Zeynalov da VII qrant müsabiqəsində qalib gələn müəllimlərdəndir: "V və VI qrant müsabiqələrinə layihə təqdim etmişdim, lakin uyğun balı yığmadığımdan qalib ola bilməmişdim. Buna baxmayaraq, həvəsdən düşməyərək öz ideyalarımı reallaşdırmaq üçün növbəti müsabiqəni gözlədim. Bu il daha fərqli bir ideya irəli sürmüşəm. Layihəmin adı "Mənzilinə çatan qatar" adlanır. Bəzən olur ki, ucqar dağ və yaxud hər hansı rayonun kənd məktəblərinin respublika fənn müsabiqələri haqqında kifayət qədər məlumatı olmur. Fizika fənni üzrə mövzuları, testləri izah edərək texnologiyanın inkişaf etdiyi bu dövrdə onlayn platforma üzərindən fənn müsabiqələrində iştirak etmək istəyən şagirdləri, eləcə də fənn müəllimlərini məlumatlandıra bilərəm. Buna görə də məqsəd olaraq yutub kanalı açmaq, bütün izahları orada yerləşdirmək, kanalı regional təhsil idarələrinə, onların vasitəsi ilə sektorlara, məktəblərə tanıtmaqdır. Şagirdlər hər həftənin mövzusunu, qaydalarını bu platformadan öyrənib müəyyən zaman intervalında dərsləri, testləri həll etmiş olarlar. Bununla da respublika fənn olimpiadalarına hazırlaşmaq həmin şagirdlər üçün əlçatan olar. Ümumiyyətlə, layihəmin əhatə dairəsi geniş olduğundan daha çox şagirdə öz töhfəsini verəcəyinə inanıram".

Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin biologiya və STEAM, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki Olimpiada Mərkəzinin biologiya müəllimi, eyni zamanda "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzinin təlimçisi Mənsurə Məmmədova: "Bu il VII qrant müsabiqəsinin qalibi olmaq sevincini yaşadım. Layihə təklifimdə şagirdlərin fiziki aktivliyi, fizio-sağlam həyat tərzini, düşüncə çevikliyini, xəstəliklərə qarşı profilaktik davranışlarını erkən dövrdən düzgün istiqamətləndirmək üçün şagirdlərin mütəxəssislərlə birgə araşdırmalar aparmasını, fərdi "Sağlam həyat xəritəsi"ni qurması və hər zaman əməl etməsi üçün ortaq dəyərlər formalaşdırmağı məqsədəuyğun hesab edirəm. Beynəlxalq təcrübədə bu yanaşma Elm əsaslı proqramlar/Evidence-Baced Proqrams kimi tanınır və xüsusilə məktəb şagirdlərinin fiziki, mental, reproduktiv, təhsil istiqamətlərində inkişafında tətbiq edilir. Layihəmin məqsədi Şirvan məktəblilərini sağlam həyat tərzi üçün müvafiq mövzu istiqamətlərində praktik araşdırma və tətbiq fəaliyyətlərinə cəlb edərək, fərdi "Sağlam həyat xəritəsi"ni tərtib etməsi, ortaq inkişaf dəyərləri formalaşdıraraq ona davamlı əməl etməyə nail olmaqla şagirdlərin keyfiyyətli həyat tərzinə vərdiş etməsini və keyfiyyətli təhsili təmin etməkdir".

Salyan rayon Kərimbəyli kənd tam orta məktəbinin riyaziyyat və informatika müəllimi Zeynəb Məmmədli artıq 2-ci dəfədir ki, qrant müsabiqəsində qalib olur. O, IV qrant müsabiqəsində "Vətənimiz üçün təhsil" layihəsi ilə çıxış edib: "Kənd məktəbinin şagirdlərində robototexnika və mühəndislik sahələrinə aid bilik və bacarıqları formalaşdırmaq məqsədi daşıyan "TechnoMan" layihəm VII qrant müsabiqəsinin qalibi oldu".

Zeynəb Məmmədli vurğulayıb ki, məqsəd 6, 7, 8-ci sinif şagirdlərində məntiqi təfəkkürü və əl bacarıqlarını, mühəndislik üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, dron texnologiyasına aid bilikləri, dronun manual idarəedilməsi, 3D modelləşdirmə ilə real həyatda istifadə edə biləcəkləri modellər yaradaraq 3D printerdə çap etmək bacarığını formalaşdırmaq, mikrobit ilə rəqəmsal dünyada iştiraka həvəs, eyni zamanda müxtəlif müsabiqə tipli STEAM layihələrində, xüsusən də STEAM Azərbaycan Festivalında iştirakına şərait yaratmaq arzusundadır. O, layihənin icra müddətində 30 şagirdin cəlb olunacağı STEAM məşğələlərin 3 modul - "Pilotsuz uçuş aparatları (təhsil dronları)", "Microbitlə proqramlaşdırma" və "3D Çap" üzrə təşkil ediləcəyini bildirib.

Z.Məmmədli qeyd edib ki, layihəsinin davamlı olması və ondan növbəti bir neçə ildə də şagirdlərin bəhrələnə bilməsi üçün məktəbdə "TechnoMan klub" təşkil olunaraq daha çox şagirdə, hətta qonşu məktəblərin şagirdlərinə də texnoloji bilik və bacarıqlara yiyələnmələri üçün şərait yaradılacaq".

Pərvinə Zeynalova Ağdam rayon  Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbində kimya və STEAM müəllimidir. VII qrant müsabiqəsində "NanoSTEAM real-virtual laboratoriyası" layihəsi ilə qalib olub. Layihənin əsas məqsədi araşdırma və analogiyaya əsaslanan elmi öyrənmə mühitində nanoelm və nanotexnologiya istiqamətindəki anlayışları, yenilikləri, əlçatan təcrübi fəaliyyətləri və onlayn tədris alətlərini şagird və müəllimlərə aşılayacaq məşğələlər təşkil etməklə innovativ peşə və ixtisasların təbliğinə nail olmaqdır. Daha sonra istifadə ediləcək nanotexnologiyalarla bağlı təlim təqdimatları, materialları, təlimat vərəqələri və nano məzmunlu dərs planları hazırlamaqdır".

O, layihənin faydalarından da söz açaraq vurğulayıb ki, ətraf kənd məktəblərindən layihəyə cəlb olunacaq şagird və müəllimlərə təlim və fəaliyyətlər, həmçinin Bərdə STEAM Mərkəzinə səfər təşkil olunacaq, vebinarlar və BDU-nun "Nano araşdırmalar mərkəzi"nin rəhbəri ilə onlayn görüş keçiriləcək: "Nanoelm-nanotexnologiyalar"la məşğul olmaq müəllim və şagirdlərə gələcək fəaliyyətlərində, fərqli yarış və müsabiqələrdə yeni yanaşma tətbiq edərək nailiyyət qazanmağa zəmin yaradacaq".

Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, son illər ölkəmizin təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Bu il yeddinci dəfədir ki, keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihəsinin də təhsil müəssisələri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olacağına dair ümidlər var: "Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrinin və təhsilverənlərin fəaliyyətində inkişafı dəstəkləmək, onların innovativ fəaliyyətini stimullaşdırmaq və təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Bu səbəbdən də, layihələr inkişaf əsaslı olmalı və özündə innovativ fəaliyyəti ehtiva etməlidir. Eyni zamanda, müsabiqədə iştirak etmək istəyən şəxslər bir sıra şərtləri də nəzərə almalıdırlar. Belə ki, əvvəlki müsabiqə çərçivəsində maliyyələşdirilmiş, lakin icrası başa çatmamış layihələrin yeni müsabiqədə iştirakına yol verilmir, həmçinin digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr müsabiqə çərçivəsində əlavə və ya təkrar maliyyələşdirilmir. Ümumi təhsil müəssisələrimizdə çalışan pedaqoji işçilərin müsabiqəyə marağı böyükdür. Keçən müsabiqələrdən layihə təkliflərinin sayının çoxluğu və məzmunun əhatəliliyi bu müsabiqə üzrə də müraciətlərin kifayət qədər olacağını deməyə əsas verir. Lakin arzuolunan hal odur ki, müraciət edərkən layihə rəhbərləri bir sıra məqamlara xüsusi diqqət yetirsinlər".

Sevinc QARAYEVA

 

 





15.09.2023    çap et  çap et