|
|
|
|
Son illər tez-tez eşitdiyimiz xəbərlərdən biri də qadın qətlləri ilə bağlıdır. Ümumiyyətlə, dünyada hər gün yüzlərlə qadın qətlə yetirilir. Aparılan araşdırmalardan məlum olur ki, qadınların öldürülmə səbəbləri, şəraiti müxtəlif olsa da, mahiyyət baxımından eynidir. Ölkəmizdə də qadın qətllərinin əsas səbəbləri qısqanclıq, ailə-məişət problemləridir. Qatillər isə bir çox hallarda ya həyat yoldaşı, ya da ailə üzvlərindən biri olur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ildə məişət zorakılığı nəticəsində ölən qadınların sayı 35 nəfər idisə, 2022-ci ildə bu göstərici iki dəfədən də çox artaraq 79 nəfər təşkil edib.
Psixoloq İlhamə Mustafayeva "525"ə açıqlamasında qadın qətllərinin kökündə duran əsas səbəbin qısqanclıq olduğunu bildirib: "Yanlış şüuraltı düşüncələr mövcuddur ki, bunun nəticəsində bir çox kişilər qadınlara öz mülki kimi baxır, ona itaət etməsini, tabe olmasını istəyir. Eyni zamanda impulsiv insanlar da var ki, hisslərinə nəzarət edə bilmədiyi üçün, istəmədən bu cür bədbəxt hadisələrlə üzləşirlər. Qadınların qatili çox zaman öz evinin içindəkilər olur. Son zamanlar Azərbaycanda yeniyetmə gənclər tərəfindən analarına xəsarət yetirilməsi faktları ilə üzləşirik. Burada cəmiyyətin məsuliyyəti böyükdür. Bu halların qarşısını almaq üçün daha çox maariflənməyə ehtiyac var".
Qətlləri həyata keçirən adamlar çox zaman başqalarının fikrinə önəm verən, psixoloji asılılığı olan, özlərini sübut etmək və cəmiyyətin gözündə yüksəlmək üçün müxtəlif emosional davranışlar həyata keçirən insanlardır. Bəzən qadınlar zorakılıqla, təhdidlə üzləşəndə hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər, çünki yaxınları, ailə üzvləri haqda şikayət etməyin doğru olmadığını düşünür, yaxud cəmiyyətin qınağına tuş gəlməkdən ehtiyatlanırlar. Bəzisi isə üzləşdiyi təhdid və yaxud zorakılıq haqda polisə müraciət edəndə, polis bu məsələni ciddiyə almır, etinasız yanaşır.
Sosioloq Mail Yaqub açıqlamasında qeyd edir ki, qadınlara qarşı zorakılıq hallarının səbəbi cəmiyyətdə və ailədə qadına münasibətin düzgün və ədalətli aşılamamasıdır: "Bu baxış bir çox cinayətlərə, hətta qətllərə yol açır. Qadınlara qarşı ədalətsiz baxışı dəyişməliyik. Hüquqi yolla qadına qarşı zorakılığın qarşısını müəyyən qədər almaq olar, lakin ailədə səmimiyyət yoxdursa, həmin ailə sırf hüquq qaydaları ilə ayaqda dayana bilməz".
Son zamanlar Azərbaycanda qadın qətlləri ilə yanaşı, intihar hadisələrinə də rast gəlinir. Qadınlar, gənc qızlar intihar etdikdən sonra əksər hallarda onların şantajla üzləşdikləri məlum olur. Psixoloqlar qadına qarşı zorakılığı cinayətkarın keçmişi, uşaqlığında yaşadığı psixoloji sarsıntılar və həyat tərzi ilə əlaqələndirir. Belə halların qarşısını almaq üçün isə insanların bütün informativ vasitələrlə hüquqi və psixoloji baxımdan maarifləndirilməsi zərurəti ortaya çıxır. Hüquqşünaslar qanunların daha sərt olmasını, sosioloqlar isə yeni sığınacaqlar açılmasını təklif edirlər.
Hüquqşünas Tural Həsənli qeyd edir ki, qadınların qətlə yetirilməsində əsas səbəblərdən biri də onların öz hüquqlarının bilməməsidir. Onun sözlərinə görə, hətta hüquqlarını bilən qadınlar belə bundan istifadə etməkdən çəkinirlər: "Cəmiyyətimiz əksər hallarda yalan görünüşü özündə rəhbər tutur. Qadınların böyük əksəriyyətində belə cəsarət olmur. Çox nadir hallarda döyülən qadınlar polisə şikayət edirlər. Əksər hallarda isə qadın düşünür ki, polisə şikayət etdikdə qohum-qonşu ərini tutdurduğu üçün onu qınayacaq.
Bundan başqa, cəmiyyət özü də zorakılığa qarşı mübarizədə yaxından iştirak etməlidir. Məsələn, əgər bir şəxs onunla qonşuluqda yaşayan şəxsin öz arvadını döyməsini "mənim nəyimə lazımdır, özləri bilər" deyə münasibət bildirib normal qarşılayırsa, deməli, cəmiyyətin bir hissəsi hazırda qadınlara qarşı zorakılığın qarşısının alınmasında maraqlı deyil.
Cəmiyyətdə gender bərabərliyi təmin olunduqda hər kəs başa düşəcək ki, fərdlər cinsiyyətinə görə fərqli yanaşmaya məruz qalmamalı, hər kəs həyatı ilə bağlı sərbəst qərar verməlidir.
Bir çox hallarda tərəflər ailə qurmazdan öncə birmənalı şəkildə psixoloq yoxlanışından keçməli və ailə qurmaq istədiyi şəxsin psixoloji portreti ilə tanış olmalıdır. Qarşı tərəfin keçmişdə aldığı travmalar araşdırılmalıdır.
Havar ŞƏFİYEVA