Qadınların hamiləliyini ev şəraitində, həkim nəzarətindən kənar sonlandırma cəhdlərinin ölümlə nəticələnməsilə bağlı məlumatlar əslində neçə illərdən bəri mövcud olan ciddi bir problemi son zamanlar yenidən aktuallaşdırıb. Hamiləliyin belə üsullarla sonlandırılması hallarının yarada biləcəyi böyük təhlükələr barədə ayrı-ayrı vaxtlarda xəbərdarlıq edilməsinə, müxtəlif səviyyələrdə mütəmadi maarifləndirici bilgilər verilməsinə baxmayaraq, xüsusilə respublikanın bölgələrində bu tipli xəbərlərə hələ də tez-tez rast gəlinir.
Mama-ginekoloq, cərrah Vüsalə Tağıyeva "525"ə açıqlamasında həkimə getmək istəməyən, ya maddi çətinlik ucbatından, ya da başqa səbəblərdən abortu ev şəraitində reallaşdırmağa çalışan qadınların öz həyatlarını risk altına atdıqlarını bildirir: "Bu, təkcə dölün düşməməsi və ya yarımçıq düşməsilə bağlı deyil. Məsələnin kökündə daha ciddi və təhlükəli tibbi səbəblər dayanır. Tibdə medikamentoz və cərrahi abort olmaqla abortun iki növü var. Bəzən qadınlar planlaşdırılmamış hamiləliyi ev şəraitində sonlandırmaq məqsədilə müəyyən dərman preparatları qəbul edirlər ki, bu da bir çox hallarda ölümlə nəticələnir. Halbuki hamiləlik testinin müsbət çıxması heç də hər şeyin normal olması demək deyil. Bəzən hamiləlik testindəki iki xətt qadınları çaşdırır. Əslində hamiləlik testi müsbət çıxan qadın dərman qəbul etməzdən öncə mütləq ultrasəs müayinəsindən keçməlidir. Hamiləlik prosesinin normal getdiyinə əmin olmadan dərman qəbul etmək ölümlə nəticələnə bilər. Burada əsas məsələ uşaqlıqdan kənar, yəni boru hamiləliyidir. Bunu isə ev şəraitində bilmək mümkün deyil. Qadınları çaşdıran, səhv istiqamətə yönləndirən də məhz bu nüansdır. Qadın evdə test edib iki xətti görür və hamilə olduğunu düşünərək dərman qəbul edir. Amma test bu hamiləliyin uşaqlıq daxilində, yoxsa boruda olduğunu göstərmir. Dərman boru hamiləliyinə təsir etmir və onu pozmur. Beləliklə də, qadın hamiləliyi sonlandığını düşünərkən boru hamiləliyi böyüməyə davam edir və müəyyən müddət sonra boru partlayaraq ciddi qanaxmaya səbəb olar. Bu halda isə bəzən onu heç xəstəxanaya da çatdırmaq olmur. Ona görə də mütləq həkim nəzarəti lazımdır. Əgər qadın evdə test edib iki xətti görürsə, mütləq ginekoloqa müraciət etməli, ultrasəs müayinəsindən keçməlidir. Hamiləliyin uşaqlıq daxilində olduğu təsdiqini taparsa və əgər bu, arzuolunmaz hamiləlikdirsə, onu yenə də dərmanla sonlandırmaq mümkündür, amma bu, həkim təyinatı və nəzarəti altında olmalıdır".
Əgər hamiləliyin sonlandırılması ilə bağlı dərman preparatları bu qədər təhlükəlidirsə, niyə onların satışı sərbəst şəkildə həyata keçirilir və bu qədər əlçatandır?
V.Tağıyeva deyir ki, əslində, həmin dərman preparatları resept əsasında satılmalıdır: "Ev şəraitində, özbaşına edilən abortlar səbəbindən bu dərmanların reseptlə satılmasına qərar verilib. Ancaq bunlar necə tapılır, necə əldə olunur, bu özü də mübahisəli məsələdir. Bayaq da dediyimiz kimi, bu dərmanlardan yalnız həkim nəzarəti ilə istifadə etmək olar. Bütün hamiləliklərin cərrahi yolla sonlandırılması şərt deyil. Doqquz həftəyə qədərki hamiləliyin dərman vasitəsi ilə, elmi dildə desək, medikamentoz abortla sonlandırılması effektiv və təhlükəsiz metod hesab olunur. Səhiyyə Nazirliyinin tərtib etdiyi təhlükəsiz abortlar üzrə klinik protokolda 9 həftəyə qədər göstərişlə medikamentoz yolla hamiləliyi sonlandırmaq effektiv və təhlükəsiz sayılır. Bu halda həkim tərəfindən dərman təyin edilir, davamında təkrar müayinə olur, bundan sonra isə həkim nəzarəti altında abort həyata keçirilir".
Mama-ginekoloqun sözlərinə görə, abort növlərindən ən rahatı və təhlükəsizi hamiləlikdən şüurlu şəkildə qorunmaqdır ki, bunun da müxtəlif effektiv yolları var: "Bütün bu proseslərin başında ailə planlaşdırılmanın düzgün aparılmaması dayanır. Yəni qadın müəyyən sayda uşaqdan sonra fikirləşir ki, daha hamiləlik planlaşdırmır və o zaman ginekoloquna müraciət edərək arzuolunmaz hamiləlikdən düzgün şəkildə qorunur. Hər qadına uyğun qorunma metodları var ki, bu da həkim tərəfindən təyin edilməlidir".
Şahanə MÜŞFİQ