525.Az

Ovqat miniatürləri


 

Ovqat miniatürləri<b style="color:red"></b>

Dinləmək həzzi

 

Məclisdəyik. Bir masanın ətrafında əyləşmişəm onlarla. Söhbət edirlər. Diqqətimi çəkir bu iki müsahibin söhbəti. Dindən, dünyanın gərdişindən danışırlar. Səbrlə, təmkinlə dinləyirlər bir-birini. Razılaşmadıqları hallarda da dəyişmir səslərinin tonu. Hər birinin digərinə iradında da böyük mədəniyyət görürəm. İzahların məntiqliliyi və ardıcıllığı da öz yerində. Sualları da olur arada bir-birinə: hansısa məsələyə aydınlıq gətirməkdən ötrü. Belədə cavab verəcək şəxsin yüksək elmi, intellektual səviyyəsinə heyrət etməyə bilmirəm. Nəfəsimi qısıram, daha yaxın əyləşirəm onlara. Havam, suyum hesab edirəm elə bil onların dediklərini. Bitməsini istəmirəm bu söhbətin. Görürəm ki, elə onlar da bu ovqatdadır. Yəqin bir-birinə layiq həmsöhbət tapmaqlarından ikisi də razıdır. Çoxdan, lap çoxdan belə bir söhbətin tamarzısı olduğumu etiraf edirəm özüm-özümə. Hər cür qeybətdən, səs-küydən uzaq olan bir söhbətin. Onların özünün də elə bundan həzz, ləzzət duyduğunu görürəm. Sanki ürəyimi oxumuş kimi "nə vaxtsa görüşüb bu söhbəti davam etdirək" təklifini verir biri digərinə. Mənim də ürəyimdən yanğılı bir istək keçir: "Kaş mən də o vaxt onlarla olaydım. Dinləmək üçün..." Hə, dönə-dönə dinləmək istərdim bu aqilləri. Yəqin ki, bu dinləmək həzzini yaşamaqdan ötrü ağzımı açıb bircə kəlmə də kəsməz, cınqırımı belə çıxarmazdım.

 

Bax, tanı, öyrən, yaşa...

Bacım Nərgiz Həmzəyevaya

 

Yaxşı tanıyıram onu. Bələdəm böyük səmimiyyətinə. Ümumi düşünüb hər zaman. Bircə kəlməsi də olmayıb öz xeyrinə. Haqq deyib, haqq danışıb. Haqq gözləyib hamıdan. Doğrultmayıb çox-çox, lap çox vaxtlarda bu gözləntiləri özünü. Məyus olub belədə. Sadəcə məyus olub, sınıb içindən. Gileyi artıb dilində. "Axı niyə belədir insanlar?" - deyə soruşub. Sadəlövh adlandırıb çoxları onu - bu mələk qəlbli insanı. Gülənlər də olub ona. "Elə bil bu dünyanın insanı deyil" - deyib gülüblər. O isə sadiq qalıb yaxşılıq etmək xislətinə. Yükləyib zərif çiyinlərinə ətrafının dərdini, qayğısını. İçin-için inildəyərək çəkib bu yükü. Bir "Çox sağ ol"a çox iş görüb. Darılmayıb, yorulmayıb. Çox sevinib başqalarına qazandırdığı (hə, qazandırdığı) uğura görə. Özü bu uğurun kölgəsində dayanmaqla. Əsirgəməyib məsləhətini kimsədən bu böyük ağıl sahibi. Zərərini görüb ona qulaq asmayanlar. Yaxşılıqları ilə barəsində pis fikirləri olanları məcbur edə bilib etiraflara. Seçilmək istəyi olmayıb başqalarından, bütün müsbət keyfiyyətləri ilə seçilsə də. Elinə, obasına, xalqına, millətinə xidmətdədir bu fədakar insan. Umduğu da var ətrafından: sadəcə adi bir az diqqət. Düşüncəmə görə, nümunədir o, indi sayı lap azalmış İnsanlıq və Əsl İnsan nümunəsi! Bax, tanı, öyrən, yaşa...

 

Düzələrmi, görəsən?

 

Təkrar-təkrar səhvlər edir, dönə-dönə xətalara yol verir. Düşmən qazanır özünə. Məhəl qoymur böyük-kiçik məsləhətinə. Təkcə özünü düz-doğru sayır. Zərərini də görüb bu naqolay əməllərinin. Görmür elə bil ətrafının ondan uzaqlaşmasını, müsahib olmaq istəməməsini. Başqasının dediyi istənilən fikrin əksini deyir. Sübut etmək istəyir hamıya öz yanlışının guya ən düzgün olmasını. Dolaşır qalır düşüncələrinin arasında. Bu gün dediyini sabah təkzib edir. Açılmır alnının düyünləri. Elə bil savaş elan edib hamıya. Bəzən abır-həya hədlərini də aşır. Yazığım gəlir ona, çıxarmaq istəyirəm onu bu vəziyyətdən. Axı necə? Dilimdən çıxan hər sözün ucundan tutub gedir ucuzluğa. Peşman edir məni dediyim hər kəlməyə. Susur, çarəsiz razılaşıram onun dedikləri ilə. Ancaq belədə sakitləşir. Onda da məni aciz, anlamaz hesab edir. Bax belə dolanırıq onunla. Buna dolanmaq demək olarsa. Ümid haçansa özü-özünə düzəlməyinə qalır. Düzələrmi, görəsən?..

 

Dənizi seyr etmək...

 

Yanaşı dayanmışıq, dənizə baxırıq. Unutmuşuq elə bil bütün ətrafı. Bir-birini qovan ləpələri seyr edirik. Xəfif külək vurur üzümüzə. Xoş rahatlıq gətirir. Səsi pozur uğultu fonlu sükutu: "Deyirlər, dənizə baxmaq da ibadətdəndir". Dönüb ona baxıram: "Niyə?" - soruram. "Bilmirəm" - deyir. Düşünürəm: "Niyə axı ibadət olsun dənizi seyr etmək?" sualına cavab axtarıram. Özüm bu cavabı tapmağa qərar verirəm. Yəqin hansısa kitabdan bunu araşdırıb öyrənmək olar. Qərarım qətidir. Özüm tapacağam, Allahın köməkliyi ilə. Düşünürəm, düşünürəm, düşünürəm. Min bir fikir gəlib keçir ağlımdan. Cavabı gözümün qabağındaymış. Ləpədöyəndə dalğaların sahilə atdığı zibillər diqqətimi cəlb edir. Tapıram sualımın cavabını: "Götürmür dəniz bu çirkinliyi, qəbul eləmir. Qoruyur saflığını, təmizliyini bacardığı qədər. Gücü yetdiyi qədər. Yorulmur, usanmır bu işdə". Unudulmaz Əli Kərimin yazdığı kimi:

"Dəniz yenə təmizdir...

Dəniz yenə dənizdir..."

Saf qalmadan ötrü örnək deyilmi dəniz? Onu seyr edib bu örnəyi götürmək ibadət deyilmi? Hə, araşdıracam da bu məsələnin doğruluğunu yoxlamaq üçün. Bəlkə də daha böyük hikmət yatır bu deyimin altında: "Dənizi seyr etmək də ibadətdəndir..."

 





15.09.2023    çap et  çap et