Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanının birinci mərhələsi keçirilib. İmtahan iştirakçıları nəticələr və cavab kartlarının qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Bu barədə 525.az-a DİM-dən bildirilib.
İmtahanda namizədlərə qanunvericilik və ümumi sahəvi biliklәri yoxlayan 75 tapşırıq və ümumi dünyagörüşü sәviyyәsini, verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 45 tapşırıq olmaqla, ümumilikdә 120 tapşırıq tәqdim olunub. Hər bir tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilib.
İmtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50 faizdən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40 faizdən yuxarı) nəticə göstərən namizədlər buraxılır.
Birinci tapşırıq blokuna “Qanunvericilik və ümumi sahəvi biliklər” üzrə (1-75-ci) tapşırıqlar, 2-ci tapşırıq blokuna isə “Ümumi dünyagörüşü”, “Verbal məlumatlarla işləmə bacarığı”, “Rəqəmsal məlumatlarla işləmə bacarığı” və “Mücərrəd düşünmə bacarığı” üzrə (76-120-ci) tapşırıqlar daxildir.
İmtahan nəticələrinə əsasən, 141 nəfər tələb olunan şərtləri ödəyib və ikinci mərhələyə buraxılıb. İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
Tələb olunan şərtləri ödəyən namizədlərin imtahanın ikinci mərhələsində iştirakı üçün qeydiyyat 19-20 sentyabr tarixlərində DİM-in internet saytı vasitəsilə aparılacaq.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 18-19 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
xxxx
Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.
Bu barədə 525.az- DİM-dən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 43 nəzarətçi müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
İmtahanda namizədlərə qanunvericilik və ümumi sahəvi bilikləri yoxlayan 75 tapşırıq (65 qapalı tipli və 10 açıq tipli), ümumi dünyagörüşü səviyyəsini yoxlayan 15 tapşırıq (12 qapalı tipli və 3 açıq tipli) və verbal, rəqəmsal mәlumatlarla işləmə və mücərrəd düşünmə bacarığını yoxlayan 30 tapşırıq olmaqla, (25 qapalı tipli və 5 açıq tipli) ümumilikdә 120 tapşırıq təqdim olunub.
İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.