525.Az

Nəcib Fazil və ötəkilər - Yazıçı Anar yazır


 

Nəcib Fazil və ötəkilər - <b style="color:red"> Yazıçı Anar yazır</b>

"Söz dünyası"nın beşinci cildini çapa hazırlayıram. Bu cildə Abaydan Çingiz Aytmatova, Abdulla Tükaydan Nəcib Fazil Qısakürəyə qədər türk dünyasının, Türkiyənin  məşhur yazıçıları haqqında otuza qədər yazım daxildir. Onların bir qismi əvvəllərdə yazılıb, bir qismi özəlliklə bu cild üçün qələmə alınıb. Yeni yazılardan birini  oxuculara təqdim edirəm.

 

 

Nəcib Fazil Qısakürək (1905 -1983) türk ədəbiyyatına - şeirinə, dramaturgiyasına, fikir aləminə dəyərli töhfələr vermiş böyük sənətkardır. İstanbulda dünyaya gələn Nəcib Fazil ilk və orta təhsilini ingilis və fransız kolleclərində almış, daha sonra Bəhriyyə məktəbində, Darülfünunun fəlsəfə şöbəsində, bir il Parisdə Sorbonna universitetində fəlsəfə fakültəsində oxumuşdur. Vətənə qayıtdıqda müxtəlif banklarda işləmiş, qəzetlərdə köşə yazıları yazmışdır. 1936-cı ildə "Ağac", 1944-cü ildə "Böyük doğu" dərgilərini çıxarmışdır. 1928-ci ildə nəşr olunan "Qaldırımlar" ("Səkilər") şeir kitabı Nəcib Fazili şair kimi geniş tanıdır. 1932-ci ildə çıxan "Ben və ötesi" ("Mən və başqaları") kitabı şairin şöhrətini daha da artırır. N.F.Qısakürəyi çağdaş türk ədəbiyyatının aparıcı simalarından biri kimi təsdiq edir. O dövrün görkəmli ədəbi simalarından Ziya Osman Səba deyir: "Nəcib Fazil bəlkə də ən böyük türk şairi deyildir, fəqət türk ədəbiyyatında ən qüvvətli şeir kitabı hər halda "Ben və ötəsi"dir".

Onu da deyim ki, Nəcib Fazil siyasi baxışları ucbatından 1946-cı ildən 1970-ci illərə qədər çox dəfə həbs olunub, məhbəslərdə yatıb.

N.F.Qısakürəyə bir çox dəyərli yazılar həsr etmiş görkəmli türk ədəbiyyatşünası Əhməd Kabaklı qeyd edir ki, şair gənclik illərində bohema (rind) həyatı yaşamışdır. Mənəvi təkamülünün sonrakı mərhələlərində Nəcib Fazil yaradıcılığında və fəlsəfi baxışlarında daha çox dini mövqedən çıxış edir. Yunis İmrə heyranı olan şairin yaradıcılığında təsəffüv dünyagörüşünün təsiri açıq aydın görünür. Bütün şeirlərini ancaq heca vəznində yazan Nəcib Fazilin yaradıcılığı bədii cəhətdən Yunis İmrə poeziyasının XX əsrdə davamı sayıla bilər. Fərq ondadır ki, Nəcib Fazil yeni dövrün, yeni uyqarlığın (sivilizasiyanın) evladıdır, yalnız Şərq deyil, Qərb ədəbiyyatı haqqında da ətraflı bilgiləri var.

Şəhərli Nəcib Fazil şəhər şairidir, amma İstanbulu dinləyən, doğma şəhərini gözləri qarşısında səsləriylə canlandıran Orxan Vəlidən fərqli olaraq, Nəcib Fazilin şəhəri mistik, sirli-sehirli bir aləmdir. Şairin şəhəri Gündüz yox, Gecə şəhəridir. Adamın ətini ürpərdən, kimsəsiz, vahiməli bir məkan. Bu şəhərin sokaklarına (küçələrinə), qaldırımlarına (səkilərinə), otel odalarına mistik bir ruh hakimdir, İnsan bu çevrədə tənha və çarəsizdir. Yalqızlığını yalnız qaldırımlarla, sokaklarla bölüşə bilir, çünki şairə görə səkilər, küçələr canlı varlıqlardır.

 

Sokakdayam kimsəsiz bir sokak ortasında

Yürüyorum arxama baxmadan yürüyorum

Yolumun qaranlığa qarışan nöqtəsində

Sanki məni bəkləyən bir xəyal görüyorum.

Qara göylər kül rəngli buludlarla qapanıq

Evlərin baxçasını qollayır ildırımlar

Bu gecə yarısında iki kişi oyaqdır

Biri mənəm, o biri də uzanan qaldırımlar

İçimdə damla-damla bir qorxu birikiyor

Sanıyorum hər sokak başını kəsmiş divlər

Simsiyah camlarını üzərimə tikiyor

Gözləri çıxarılmış bir ana kimi evlər

Qaldırımlar iztirab çəkənlərin annəsi

Qaldırımlar içimdə yaşamış bir insandır

  

Nə işıqda gəzəyim, nə gözə görünəyim

Gündüzlər sizə qalsın, verin qaranlıqları

 

Nə qaldırımlar qədər səni anlayan olur,

Nə sənin anladığın qədər qaldırımları...

 

Nəcib Fazilin mistik şeirlərinin zirvəsi zənnimcə, "Otel odalarında" şeiridir.

"Söz dünyası"nın Birinci cildinə daxil etdiyim "Türkün sözü" essemdə Nəcib Fazildən də geniş bəhs olunur və "Otel odalarında" şeiri bütünlüklə gətirilir. Orda yazdıqdarımı təkrar etmək istəmirəm, amma bir məsələnin üsündə dayanmalıyam.   

   Bu şeiri Azərbaycan türkcəsinə hələ sovet dövründə Rəsul Rza çevirib, daha doğrusu, dilimizə uyğunlaşdırıb. "Otel odalarında" Nəcib Fazilin Azərbaycan türk dilində çap olunmuş ilk və o vaxta qədər yeganə şeiridir.

O dövrdə SSRİ-də Türkiyənin yalnız sol əqidəli yazarlarını tanıyır və təbliğ edirdilər. Yəni bu sayaq yanaşma başqa xarici ölkələrin müasir ədəbiyyatlarına da şamil edilirdi. Uzun zaman elə bilirdik ki, ABŞ-da ən böyük yazıçı Hovard Fast, Fransada Andre Stil, İngiltərədə Jeyms Oldricdir, yəni sovet ölkəsinə dost münasibəti bəsləyənlər. Sonralar onlardan da bəziləri, məsələn Hovard Fast sol əqidələrindən və SSRİ təəssübkeşliyindən vaz keçdi və ABŞ da olduğu kimi, SSRİ-də də unudulub getdi.

O illər Nəcib Fazil Qısakürəyin də adı tək-tük türkoloqlardan başqa Azərbaycanda kimsəyə tanış deyildi. Sovet İttifaqında çağdaş türk ədəbiyyatının ən mötəbər araşdırıcısı Əkbər Babayevin dediyi sözləri yaxşı xatırlayıram: "Türkiyədə BÜTÜN görkəmli yazıçılar solçulardır".

"Otel odalarında" şeiri atamın əlinə hardan keçmişdi? Yəqin ki, Türkiyə səfərindən gətirdiyi poeziya antologiyalarıyla tanış olarkən bu şeir diqqətini xüsusi çəkmişdi. Bu şeirdə Rəsul Rzanın ən çox bəyəndiyi beytlər bunlardı:

 

Atıyor sızıların çılpaq divarda nəbzi

Çivi yaralarında, çivi yaralarında

(Atırlar sızıların çılpaq divarda nəbzi

Mismar yaralarında, mismar yaralarında)

Duyuluyor zamanın taxtanı gəmirdiyi

Tavan aralarında, tavan aralarında.

 

Təbii ki, bu şeiri mən də çox bəyənirdim, amma məni əfsunlayan beytlər bunlardı:

 

Gizli bir əks qalmış gəlib keçən hər üzdən

Kifli aynalarında, kifli aynalarında

 

Ağlayın aşinasız, səssiz can verənlərə

Otel odalarında, otel odalarında

  

Bir qəribə əhvalatdan da söz açım. Çox-çox illər qabaq bir yuxu görmüşdüm. Görmüşdüm ki, dar bir otaqdayam, paltar dolabında isə kimlərinsə qoyub getdiyi çoxlu köhnə əlbisələr asılıb. Bu yuxunu heç yerdə   yazılı şəkildə qeyd etməmişdim. Yenə də bu yuxudan çox-çox illər sonra və indi yazdığım vaxtdan çox-çox əvvəl yeddi ay İstanbulda dərs dediyim zaman Türkiyə təəssüratlarımla bağlı bir povest yazdım. Əvvəlcədən əsla düşünməsəm də, əsərin sonunda birdən ağlıma Nəcib Fazilin bu şeiri və mənim az qala unutduğum yuxu gəldi. Bu iki qaynaqdan povestin finalı yarandı. Əsərin qəhrəmanı Kərim Əsgəroğlu İstanbulda ucuz bir otel odasında "səssiz, aşinasız" can verir və görür ki, odadakı paltar dolabında xeyli nimdaş əlbisələr asılıb. Ağlına gəlir ki, bu, həmin odada ömürləri bitənlərdən qalmış soxalardır. Povestə Nəcib Fazilin həmin şeirindən misraları epiqraf qoydum. Demək olar ki, povestin finalı tamamilə Nəcib Fazil poetikasının, özəlliklə "Otel odalarında" şeirinin mistik ruhundan doğulub.

 Mistik ruhdan başqa, Nəcib Fazil poeziyasının başqa bir özəlliyi - Bən (mən) - individ, fərd və ötəsi - başqaları (ümumiyyətlə cəmiyyət, mühit) qarşıdurmasının çiləsi - əzablarıdır. J.P.Sartrın "Cəhənnəm - başqalarıdır" qənaəti türk şairinin də fəlsəfi düsturu sayıla bilər.

  Nəcib Fazil dünyaduyumunun başqa bir disturu Yunis İmrənin məşhur beytindədir:

 

Məni məndə demə məndə deyiləm

Bir mən vardır məndə məndən içəri

 

Şairin "Yunis İmrə" pyesi elə ilk replikalarndan insanın beynini qurcalayır.

Çoban: Ölülər ağlar imiş?

Dərviş: Həm də nasıl? Daşdan su qaynar kimi ölü kəmiklərindən (sümüklərindən) göz yaşı axar".

   Əsərin qəhrəmanı Yunis İmrə məzarlığı olmayan (yəni ölüm bilməyən) bir kənd axtarır. Dərviş ona: "Məzarlığı olmayan kəndi dışında deyil, içində arayacaqsan" - deyir.

  Bu pyesdə ifadə olunmuş fikir Nəcib Fazil dünyaduyumunun təməl cəhətlərindən xəbər verir: "Ölümsüzlük üçün ölüm lazım".

Bu pyesdə mənə çox yaxın olan bir fikir də diqqətimi çəkdi:

"Doğulmamışdan bir şey bilməyirdin ki, öldükdən sonra biləcəksən".

 Nəcib Fazilin bu fikrindən xəbərim olmadan "Gecə düşüncələri"ndə yazırdım ki, insan ölümsüzlük haqqında düşünərkən, "axı necə ola bilər - deyə öz-özünə təskinlik verir, necə ola bilər ki, bütün yaşadıqlarım, gördüklərim, duyduqlarm, görüşlərim birdən-birə yoxluğa çevrilsin?" Amma birdən insanın ağlına gəlir ki, "yaxşı, sən  dünyaya gələnə qədər də bütün bunlar yox idi axı..." Deməli, insan yoxluqdan, heçlikdən gəlib yoxluğa, heçliyə gedir".

Nəcib Fazilin şeirləriylə, fəlsəfi, dini, ictimai və siyasi baxışlarıyla daha ətraflı şəkildə tanış olduqda istər-istəməz onun antipodu sayılan Nazım Hikmətlə müqayisəyə ehtiyac duyulur.  Onları qarşı-qarşıya qoymaq üçün yox, nəbadə, birini ucaltmaqçün digərini alçaltmaq kimi mənasız bir məqsədlə də yox. Onları ayıran, fərqləndirən cəhətləri anlamaq üçün.  

Nazım Hikmətin "Yaşamaq bir ağac kimi tək və hür və bir orman kimi qardaşcasına" arzusu heç cür Nəcib Fazil poetik fəlsəfisinə uyğun gələ bilməz.

  Nazım də heç vədə Nəcil Fazilin bu beytindəki fikri paylaşa bilməzdi:

 

 Həp nəfs çıxar qarşıma ölüb, ölüb dirilsəm

 İnsandan qaçmaq kolay, kəndimdən qaça bilsəm.  

 

 Nazımın insanlardan da, özündən də qaçmasını ağla sığışdırmaq kolay (asan) deyil. Parodoksal hal odur ki, Nazım ən işıqlı, ən nikbin şeirlərini Türkiyə məhbəslərində yatan zaman, ən bədbin şeirlərini isə Moskva "azadlığında" yazıb.

Bu gün bazar

Bu gün məni ilk dəfə günəşə çıxardılar

Və mən ömrümdə ilk dəfə göy üzünün

Bu qədər məndən uzaq

Bu qədər mavi

Bu qədər geniş olduğuna şaşaraq

Qımıldanmadan durdum

Sonra sayqıyla torpağa oturdum

Dayadım sırtımı divara

Bu anda nə düşmək dalğalara

Bu anda nə qovğa, nə hürriyyət, nə qarım

Torpaq, günəş və mən

Bəxtiyarım.

 

İki böyük türk şairinin aralarındakı ziddiyyət, bəzən araqarışdıranlar tərəfindən daha da körükləndirilən rəqabət, məncə, Nəcib Fazilin dindar, Nazımın kommunist olmasında deyil. Onları ayıran, fərqləndirən əsas cəhət Nazimin baqi dünyanı ümidli, işıqlı, Nəcib Fazilin fani dünyanı qaranlıq görməsidir. Nazim Günəşi zəbt etməyə çağırırdı, Nəcib Fazil "Verin qaranlıqları, gündüzlər sizə qalsın" - deyirdi. Nazım həyatı bütün acı reallığıyla dərk edir, amma ən gözəl günlərin gələcəkdə olacağına ümidini itirmirdi, Nəcib Fazil dünyanı mistik dəhşətiylə duyur və nicatı yalnız axirət sevdasında tapırdı.

  Bir şeyi də xüsusi vurğulamaq istərdim. Atamla, ailəmizlə dəfələrlə söhbətlərində Nazım bir çox klassik və müasir türk şairindən danışsa da, heç vaxt Nəcib Fazilin adını çəkmədi. Atamın çevirdiyi "Otel odalarında" şeiri Asiya-Afrika yazıçılarının Daşkənddə toplantısı ərəfəsində bu tədbir münasibətiylə nəşr olunmuşdu. Kitabda N.Hikmətin də şeirləri vardı,  şübhəsiz, Nazım bu kitabla tanış idi və Rəsul Rzanın "Otel odalarında" tərcüməsini də görmüşdü. Amma bir dəfə belə olsun atama bu barədə işarə  vurmamışdı. Yanılmıramsa, Nazim Hikmətin ümumiyyətlə, Qısakürək haqqında heç bir yazılı sözü, işarə, ya atmacası yoxdur. Amma uzun illər boyu Nəcib Fazil Nazim haqqında nələr deməyib, nələr yazmayıb? Onlardan bir qismini bu cildə daxil olan "Nazımı öyənlər və söyənlər" yazısında verdiyim üçün burda təkrar etmirəm.

 Nazım haqqında yalnız bir yanlış fikrini xatırlatmaq istərdim. Nəcib Fazil "kommunist şairlərdən Nazım Hikmət isimli hərarətli bir təklidçidən - Mayakovski ilə Yesenin təqlidçisindən" söz açır.

  Çox haqsız iddiadır. Əvvəla ona görə ki, Nazım Türkiyədə ilk sərbəst şeirlərini yaradanda nə Mayakovskidən, nə Yesenindən xəbəri var idi, heç rus dilini də bilmirdi. İkincisi, rus ədəbiyyatına bələd olanlar Mayakovskiylə Yesenini bir-birinə daban-dabana zidd olan şairlər kimi tanıyırlar. Eyni zamanda həm Mayakovskini, həm Yesenini təqlid etmək ağlasığmaz bir məsələdir. Üçüncüsü, bu bir şairin başqa şair haqqında - onu rəqib saysa belə, deyiləsi söz deyil. Nəcib Fazilin Nazıma nifrəti o qədər böyükdür ki, onun "təqlid etdiyi Mayakovski" kimi intiharını istəməkdən belə çəkinmir. Kim bilməsə də, Nəcib Fazil yaxşı bilir ki, Qısakürəyin özünün da bədxahları onu fransız şairləri Bodleri, Rembonu, Verleni təqlid etməkdə suçlayırdılar. Ümumiyyətlə, bu - ədəbi dedi-qodularda tez-tez istifadə olunan üsuldur - kimisə kiməsə - əcnəbi bir şairə təqlidçilikdə suçlamaq uğursuzların qisasıdır. Amma axı bu sayaq sözlər Nəcib Fazil kimi şəksiz həqiqi və böyük şairə yaraşmır. Mayakovski, Yesenin nə qədər böyük şair olsalar da, Nazım Hikmət heç də onlardan aşağı şair deyil. Fransız ədəbiyyatında Bodlerin, Verlenin, Rembonun şərəfli yeri olduğu kimi, Nəcib Fazil Qısakürəyin də türk ədəbiyyatında çox uca yeri var.

Şairlər nə qədər yüksək istedada malik olsalar da, müəyyən mənada bütün başqa insanlara xas olan cəhətlərə, özəlliklə qısqanclıq, rəqabət hisslərinə  malikdirlər.

Bu cəhət Nəcib Fazilin bəzi məşhur türk şairlərinə, özəlliklə Tofik Fikrətə və Nazım Hikmətə münasibətində aydın sezilir. Nəcib Fazil özü "sultanuşşüəra" ("şairlər sultanı") adına layiq görülsə də və bu adı məmnuniyyətlə qəbul edib daşısa da, başqa məşhur şairlərə müəyyən qısqanclıqla yanaşması acı həqiqətdir.

 Nazımın çılğın gənclik illərində ədəbi bütləri yıxmasını bağışlanmayanlar Nəcib Fazilin klassik və çağdaş türk şairlərinə - Məhməd Akifə, Tofiq Fikrətə, Yəhya Kamala qurduğu amansız ədəbi "məhkəmələrin" üstünü vurmurlar. Bu "məhkəmlərdə" tək türk şeirinə deyil, XX əsrin əvvəllərində Azərbaycan şeirinə də güclü təsir göstərmiş böyük Tofiq Fikrət haqqında çıxarılan hökmlə tanış olmaq yetər:

 "Şeir dilini nəsr dili halına soxmaq və adi bir təbliğ vasitəsi halına gətirmək, şeir və fikirdə heç bir dərinliyə ulaşmamaq və ən cücə (cılız) Qərb şairlərinin təsiri altında qalmaq (tanış ittihamlardır, deyilmi? - A.), sadələşən dili ən yaxası açılmamış lüğət canbazlıqları altında boğmaq, misilsiz bir xudbinliyi əxlaq və fədakarlıq şəklində göstərmək və üstəlik, məmləkət içində bəlli başlı bir propoqanda çatısı altında sığınıb həqiqi cəmiyyət səflərindəki mücadilə şərtlərindən fərar etmək və bütün bunlardan sonra yetişdirdiyi oğlu və meydana gətirdiyi son əsəriylə mənsub olduğu millətin iman qaynağına mütləq bir xəyanətdə qərar qılmaq suçlarından dolayı Tofiq Fikrəti başıboş və sahibsiz ədəbiyyat tarixində acgözlüklə işğal etməkdə olduğu mövqedən yendirilməsinə qərar verildi".

Necə deyərlər, "yorum yox". Amma var. Tofiq Fikrətin suçlarından biri də oğlunun xristianlığı qəbul edib rahib olmasıdır. Başqa vaxtlarda eynən Nazımı də ulu babalarından birinin, İslamı qəbul etmiş polyak Bojenski olmasına görə günahkar sayıblar.

Amma məsələ ondadır ki, bütün bu mübahisələr və mücadilələr, dartışmalar və didişmlər keçib gedir, unudulur, ədəbiyyat tarixində Tofiq Fikrətin "Millət şərqisi", Nazım Hikmətin "Qurtuluş savaşı dastanı", Nəcib Fazilin "Sakarya"sı qalır.

Türkiyənin, Anadolunun yenilməzlik rəmzi saydığı Sakarya çayına Nəcib Fazil parlaq misralar həsr etmişdir.

 

Sakarya, saf çocuğu məsum Anadolunun

Vicdan əzabına eş, qayna, qayna Sakarya

Öz yurdunda qəribsən, öz vətənində parya

 

İnsan bu su misalı qıvrım-qıvrım axar ya

Bir yanda axan mənəm, o bir yanda Sakarya

 

Nəcib Fazilin yaradıcılığı və həyat yoluyla daha ətraflı tanış olarkən bir məsələyə də təəccüb qaldım. Onun dostları arasında solçu kimi tandığımız adamların olması mənimçün gözlənilməz yenilik idi. Axı biz uzun zaman elə bilirdik ki, Türkiyədə amansız sağ-sol qütbləşməsi var, sağlar və sollar bir-birinə qənim kəsilmiş adamlardır. Elə Nəcib Fazilin qısa şeiri bu fikri bir daha təsdiq edirdi:

 

 Qəlbimi və ağlımı həp sağ əlimə verdim

 Görəvi olmasaydı sol əlimi kəsərdim

  Mən bu misralara hətta poetik cavab da yazmışdım:

 

Başımdan atammıram heç cür bu fikri

Sağa-sola gedib gəlir saat kəfkiri

Sağda, ya solda dayansa bir an

dayanar zaman.

 

Türkiyəyə səfərlər zamanı dəfələrlə bunun şahidi oldum ki, sağların təşkil etdikləri tədbirlərdə solçular, solçuların tədbirlərində sağlar iştirak etmirlər. Bir dəfə gördüm ki, sağçıların ədəbi tədbirində türk dünyasının hər tərəfindən gələn qonaqlar olsa da, İstanbulun özündə yaşayıb-yaradan bir nəfər də sol yazıçı yoxdu. Bununla bağlı təəccübümü gizlətmədim və açıq dedim, əgər bu sırf ədəbi tədbirdisə kimin sağ, kimin sol olmasının nə önəmi var? Deyəsən, sözümü eşitdilər, gələn toplantılardan birində eyni ədəbi məclisdə sollar da, sağlar da iştirak edirdi. Toplantı bitəndən sonra bütün iştirakçılar solların rəhbərlik etdikləri Yazarlar Sindikatına dəvət olundular. Yəqin ki, bu məkanı ilk dəfə görən sağçı yazarlar bu sol təşkilatın divarlarında başqa məşhur türk şairləriylə birlikdə Nəcib Fazil Qısakürəyin də şəklini görüb mat qalmışdılar.

 Axı bizim də çox şeydən xəbərimiz yoxdu. Tutalım, mən bilmirdim ki, otuzuncu illərdə kommunist Nazım Hikmət pantürkist Əhməd Ağaoğlunun evində dəfələrlə qonaq olub. Yeri gəlmişkən, onu da bildim ki, Nəcib Fazil pantürküst rəmzlərini qəbul etmirmiş.

 

Gerçək İslam... yeni vəcd, yeni

 nizam, yeni yurt

Gerçək İslam... Nə yobaz, nə but adam, nə boz qurd.

 

Nəcib Fazil haqqında kitablardan öyrəndim ki, Nazımın ən yaxın dostlarından biri rəssam Abidin Dino Nəcib Fazilin də yaxın dostuymuş. Atilla İlhan, Oqtay Akbal, Fəxri Erdinç kimi sol yazarlar Nəcib Fazillə sıx ünsiyyətdə olublar, onun evində ədəbi "məhkəmələrdə" iştirak ediblər (Oqtay Akbal bəzi "məhkəmə" hökmləriylə razılaşmasa da).

Solların solu Əziz Nesin Nəcib Fazilə məktub yazıbmış.

"Ustad, çoxdandır ziyarətinizə gəlmək istəyirəm" sözləriylə başlanan məktubda Əziz "Nesin Ədəbiyyat illiyi" adlı məcmuə çıxardığını və bu məcmuədə Nəcib Fazilin yetmiş beş illiyiylə bağlı yazı verəcəyini bildirir, şairin fotosunu istəyir və xahiş edir ki, ustad özü də bir yazı yazsın.

"Sizə daha kolay (asan) olursa bu yazını əsgi türkcə yaza bilərsiniz. Ziyarətinizə gələcəyəm, hər zaman dostluqla Əziz Nesin".

 Ə.Nesin N.F.Qısakürəyə Kültür bakanlığı tərəfindən verilən mükafat haqqında deyir ki, sizə verilən bu ödül Kültür bakanlığını onurlandırmalıdır (şərəfləndirməlidir).

 Türkiyənin ən görkəmli tənqidçilərindən biri - Nurulla Atac yazır:

"Yarına (gələcəyə) qalacaq tək şair - Nəcib Fazil. Məncə, indiyə qədər gələn şairlərin ən böyüyüdür o"

 Çox gözəl! Amma Nurulla Atacın başqa zamanda söylədiyi başqa bir fikri də var:

 "Türkiyədə gəlib keçən şairlərin ən böyüyü Nazım Hikmətdir".

  Bu da belə. İş ondadır ki, Nurulla Atacın özü də Nəcib Fazilin qurduğu ədəbi "məhkəmələrin" qurbanlarından biridir. Bu ədəbi "məhkəmədə" Nurulla Atac haqqında belə qərar çıxarılmışdır:

 "Nurulla Atacda heç tənqid anlayışı yoxdur. Nurulla Atac isimli bir münəqqid yoxdur".

 Bu, əlbəttə, ədalətsiz hökmdür. Görkəmli tənqidçi Nurulla Atacın türk ədəbiyyatı tarixində layiqli yeri var.

Lakin şairləri nömrələmək, "bu ən böyük, bu ondan da böyük" deyə təsnifat aparmaq da boş işdir. Bu üsul özəlliklə sovet dönəmində bir qayda olaraq rəsmiləşdirilirdi. Milli ədəbiyyatlarda kimsə Birinci şair ya Birinci nasir, Birinci dramaturq kimi təsdiq olunurdu.

Bununla bağlı ibrətamiz bir söhbət yadıma düşür. Məşhur sənətkarlardan biri özü haqqında "mən ölkəmin ikinci böyük sənətkarıyam" deyərkən təəccüblə: - bəs birinci kimdir? - deyə soruşurlar.

- Ooo... Birinci çoxdur - deyə cavab verir.

Şairləri sıralamadan onu deyə bilərik ki, ədəbiyyat tarixində Nazım Hikmətin öz yeri, Nəcib Fazilin öz yeri var.

Avqust-sentyabr 2023 

 





18.09.2023    çap et  çap et