Azərbaycan öz ərazisində "boz zona"nın qalmasına imkan verməyəcək. Bu, 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarının 30 il davam edən işğalına son qoyan Bakının dəyişməz və qəti mövqeyidir. Azərbaycan Xankəndidəki separatçı xunta rejimin varlığına son qoyulması, orda yaşayan erməni sakinlərin ölkəmizin mərkəzi hakimiyyətinə, qanunlarına tabe olması istiqamətində öz addımlarını atacaq. Çünki hər bir dövlətin suveren ərazisinə nəzarət etməsi, ərazi bütövlüyü olduqca mühümdür.
Məlumdur ki, tarix boyu dünyada bir çox ölkələr "boz zonalar"dan əziyyət çəkib. Bu gün də eyni problemlə üzləşən dövlətlər var. Uzağa getmədən, keçmiş SSRİ-nin bəzi respublikalarını qeyd etmək olar. Məsələn, Moldova, Gürcüstan, hazırda Rusiya ilə müharibə şəraitində olan Ukrayna eyni problemi yaşayır. Azərbaycan 30 ilə yaxın davam edən sülh danışıqlarının heç bir nəticə vermədiyi üçün torpaqlarını işğaldan güc yolu ilə azad etdi. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini özü icra etdi. Rəsmi Bakının tezliklə bütün suveren ərazisi üzərində nəzarəti bərpa edəcəyi bir şübhə doğurmur. Bakı "boz zona"nın olmasına uzun müddət dözən deyil. Prezidentin köməkçisi Hikmət Hacıyev bu günlərdə verdiyi açıqlamada məhz bu məqama vurğu edib. O deyib: "Azərbaycan öz ərazisində hansısa bir "boz zona"nın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatist statusunda yaşamaqda davam edərək və bu qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər. Lakin bu, baş verməyəcəkdir. Azərbaycan heç bir halda buna dözməyəcək. Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər".
Bu gün Laçın yolu ətrafında davam edən manipulyasiyalar, "aclıq" şousu da məhz "boz zona"nın qalmasına hədəflənib.
"Boz zona" adlandırlan ərazilər işğal altında olan, hərbi cinayətkarların, terrorçuların, qanunsuz silahlı dəstələrin olduğu ərazilərdir. Separatçıların nəzarət etdiyi "boz zona"lar həm də beynəlxalq terrorizmin, narkobiznesin, qanunsuz silah alverinin və digər bu cür cinayətlərin geniş yayılmasında istifadə olunur. Uzun illər məhz Azərbaycanın işğal altında olan ərazilərində də eyni fəaliyyət həyata keçirilib. İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli razılaşmaya uyğun olaraq erməni sakinlərinin yaşadığı Azərbaycan ərazisinə müvəqqəti olaraq Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Sülhməramlıların əsas missiyası bölgədə təhlükəsizliyi qorumaq, eyni zamanda bəyanata əsasən erməni silahlılarını ərazimizdən çıxarmaq idi. Amma ötən müddət ərzində Azərbaycan tərəfinin müşahidə etdiyi məhz sülhməramlıların dəstəyi ilə ərazimizə daha çox qanunsuz silah-sursatın, canlı qüvvənin, minaların daşınması, ordumuza qarşı təxribatlar oldu. Baş verən təxribatlara görə də Rusiya sülhməramlıları məsuliyyət daşıyırlar. Çünki qeyd etdiyimiz kimi, onların erməni yaraqlılarının qanunsuz fəaliyyətinə, təxribatlarına göz yumması, üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirə bilməmələri yeni təxribatlara, separatçıların əl-qol açmasına səbəb olur. Buna görə də Bakı müvafiq addımlar atdı, qanunsuz daşınmaların həyata keçirildiyi yollar üzərində öz nəzarətini qurdu. Lakin daşınan silahlar, terrorçular ərazimizdə qalır və hələ ki, Bakının çağırışlarına baxmayaraq, onlar təslim olmurlar. Ermənistan sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, separatçıların olduğu "boz zona"ya öz dəstəyini verməklə, əslində sülhlə manipulyasiya etdiyini göstərir.
Ümumiyyətlə, "boz zona"lardan danışarkən Şimali İrlandiya nümunəsinə istinad edilir. Şimali İrlandiya vaxtilə belə zona idi, silahlı dəstələr, qanunsuz birləşmələr, mərkəzi hakimiyyətin nəzarətindən kənar idi. Rəsmi London Şimali İrlandiyada mövcud qanunsuz silahlı birləşmələrin varlığına son qoymaqla problemi həll etdi. Bu gün digər regionlarda da "boz zona"lar mövcuddur. Məsələn, Latın Amerikasında, o cümlədən, Kolumbiyadakı FARC üsyançı hərəkatları, Peruda Sendero Luminoso ("Parlaq Yol") və Boliviyanın bəzi ərazilərində bu kimi hallara rast gəlinir. Onların meydana çıxmasına səbəb 60-cı illərdən başlayaraq ölkə hökumətləri ilə sosialist müxalifəti arasında davam edən qarşıdurmadır.
Şimali İrlandiya nümunəsinə qayıdıb qeyd edək ki, Avropa ərazisində separatizmin baş qaldırmasına imkan verilməsə də, Azərbaycanla bağlı uzun illər ikili standartların şahidi olduq. Yəni Qərb, Avropa dövlətlərin ərazi bütövlüyü, severenliyi məsələsində qəbul edilmiş beynəlxalq prinsiplərə deyil, məhz ölkələrə fərq qoymaqla yanaşdı. Bu da öz ağır nəticələrini göstərməkdədir. Vaxtilə Azərbaycan ərazisinin işğalına, terrorçu yuvasına çevrilməsinə göz yuman, Ermənistana lazımi təzyiq göstərməyən beynəlxalq güclər bu gün Ukraynada sonu görünməyən müharibəyə cəlb olunublar. Ancaq Azərbaycana münasibətdə ilk gündən prinsipial mövqe ortaya qoysaydılar, vəziyyət başqa cür olardı.
Görünən odur ki, "boz zonalar" bütün dövlətlər üçün təhdid yaradır, bəzi güclərin əlində vasitəyə çevrilir. Necə ki, Ermənistan, Fransa və digərləri bu amildən həm Azərbaycana qarşı, həm də bölgədə öz maraqları üçün, Rusiya, İran faktoruna qarşı yararlanmağa çalışırlar.
İstənilən halda, Azərbaycan öz ərazisində separatizmin davam etməsinə, "boz zona"nın qalmasına dözməyəcək və artıq bu istiqamətdə proses başlayıb. Bakının reinteqrasiya təkliflərindən imtina edən ermənilər öz havadarlarının dəstəyi ilə, müxtəlif "şou"larla, Laçın yolu ətrafında manipulyasiyalarla separatçı rejimin ömrünü uzada bilməyəcəklər. Artıq bütün güclər qeyd edilən məsələdə Azərbaycanın qətiyyətli, eyni zamanda haqlı mövqeyini bilirlər və onu qəbul etmək, razılaşmaqdan başqa yolları qalmayıb. Əgər Azərbaycan ərazisində "boz zona"nı, separatizmi dəstəkləmək istəyirlərsə, o zaman eyni "təcrübəni" Avropada, Qərbdə tətbiq edə bilərlər. Bakının elan etdiyi kimi, "boz zona" status-kvosunu saxlamaq, humanitar məsələlərdən qəsdən silah kimi istifadə etmək faydasız strategiyadır.