525.Az

Rusiya Qərbdən Şərqə yuvarlanır - Xaqani Cəfərli yazır


 

Rusiya Qərbdən Şərqə yuvarlanır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya son üç yüz ildə Avropanın bir hissəsi və bu coğrafiyanın vaz keçməyəcəyi ölkə idi. Hansı quruluş olur-olsun, Rusiya Avropada təhlükəsizlik və əməkdaşlığın əsas subyektlərindən birincisi idi. Belə bir gerçəkliyin yaranmasının əsas səbəbi Avrasiyada Rusiya mərkəzli avrasiyaçılığın formalaşması idi. İndi isə son üç yüz ildə ilk dəfə olaraq avrasiyaçılıq dağılır və Rusiya Avrasiyanın Qərbindən Şərqinə yuvarlanır.

Bunun ən bariz göstəricisi Avropanın Rusiyadan ən çox asılı dövlətinin - Ermənistanın Moskvaya qarşı ard-arda addımlar atmasıdır. Elə bir vəziyyət yaranıb ki, Ermənistan Rusiya Prezidenti Vladimir Putin üçün ən həssas məsələ olan Roma Statutunu tam ratifikasiya etməyə başlayıb. Nikol Paşinyanın başçılıq etdiyi hökumət ratifikasiya etmək üçün Roma Statutunu sentyabrın 1-də parlamentə göndərib. Moskvanın sərt tənqid və təhdidləri də rəsmi İrəvanın mövqeyini dəyişməyib. Ermənistanın Baş naziri Nikol Paşinyan Roma Statutunu ratifikasiya etmək istəklərini Ermənistanın təhlükəsizliyi ilə əlaqələndirib. Halbuki indiki şəraitdə Roma Statutunu əsas müzakirə mövzusuna çevirən məqam Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin hökmlərinin məhz bu sənəd əsasında icra olunmasıdır.

Məlum olduğu kimi, Roma Statutunu imzalayan və ratfikasiya edən ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin hökmlərinin icrasını təmin etməyə borcludurlar. Məhz bu səbəbdən Rusiya Prezidenti qurucusu olduğu BRİKS-in son sammitində iştirak etmədi. Çünki sammitə sahiblik edən Cənubi Afrika Respublikası Roma Statutunu ratfikasiya edib. Bu ölkənin Ədliyyə Nazirliyi isə sammit ərəfəsində məhkəməyə müraciət edərək Cənubi Afrikaya gələcəyi halda Putinin həbsinə qərar verməsini istəmişdi. Həbs təhlükəsinə görə isə Putin sammitdə iştirak etmədi.

Cənubi Afrikadan fərqli olaraq  Ermənistan Rusiyanın əsas müttəfiqlərindən biridir. Ermənistan Moskvanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya Birliyində təmsil olunur. Hər iki təşkilatda sədrlik edən növbəlidir. Hər iki təşkilatın dövlət və hökumət başçılarının sammiti isə ona sədrlik ölkədə keçirilir. Ermənistan Roma Statutunu təsdiq etdikdən sonra Putin bu ölkəyə gedəcəyi halda həbs təhlükəsi ilə üzləşə bilər. Ermənistanın Rusiya Prezidentini həbs edə biləcəyi çox böyük şübhə doğursa da, Paşinyan hökuməti Roma Statutunu təsdiqləməklə mövqeyini bir daha nümayiş etdirir və Putinin müttəfiqi olmadığını göstərməyə çalışır. Bir müddət öncə Paşinyan bəyan etmişdi ki, Ermənistan Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi deyil. Ermənistanla Rusiya arasında yaşananlar, Paşinyan hökumətinin addımları aydın göstərir ki, Rusiya Avrasiyanın Avropa hissəsində təsir imkanlarını itirib.

Avrasiyanın Qərbindən sıxışdırılıb çıxarılan Rusiyanın Şərqə doğru yuvarlanması isə sürətlənib. Elə bir vəziyyət yaranıb ki, Rusiya Şimali Koreya ilə yaxınlaşma kursu götürüb. Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri, Putini Pxenyana dəvət etməsi iki ölkə arasında yaxınlaşma kimi dəyərləndirilir. Qeyd edək ki, Rusiya Prezidenti Şimali Koreyaya 2000-ci ildə səfər edib. Ötən 23 ildə Rusiya Prezidenti Şimali Koreya ilə münasibətlərdə məsafə saxlamağa çalışıb. Şimali Koreyada isə ümumiyyətlə hesab edirlər ki, Putinin Pxenyana səfəri tarixi hadisə olacaq. Koreya Milli Universitetinin professoru Li Sanq-Sukun sözlərinə görə, Rusiya lideri Şimali Koreyaya səfər etsə, bu, Pxenyanın Moskva üçün strateji əhəmiyyət kəsb etməsi deməkdir.

Kim Çen Inın Rusiyada verdiyi bəyanatlardan isə belə qənaət yaranır ki, Pxenyan Moskva ilə münasibətləri dərinləşdirmək üzrədir. Məsələn, Kim Çen In bildirib ki, "həqiqi beynəlxalq ədalətə" nail olmaq və iki ölkə arasında sabit münasibətlər qurmaq üçün "100 illik plan" üzərində işləməyə hazırlaşır.

“The New York Times” qəzeti isə yazır ki, iki ölkə arasında hərbi əməkdaşlq liderlərin beş saatlıq danışığının əsas müzakirə mövzusu olub. Pxenyan Moskvadan ehtiyacı olduğu peyk və raket texnologiyası almağa çalışır, bunun əvəzində Rusiyanı artilleriya mərmiləri və tank əleyhinə raketlərlə təchiz edə biləcəyinə işarə vurur.

Ukraynaya qarşı müharibəni davam etdirmək üçün Rusiyanın artilleriya mərmilərinə ciddi ehtiyacı var. Əgər müharibənin ilk aylarında Rusiya gün ərzində 60 min artilleriya mərmisi atırdısa, indi gün ərzində cəmi 4-5 min mərmidən istifadə edir. Cəbhənin bütün istiqamətlərindən mərmi çatışmazlığı ilə bağlı səslər hər ötən gün daha artır. Bir sıra hərbi hissələr döyüş bölgəsini tərk etmək təhdidini də səsləndirirlər. Rusiya isə hələlik öz imkanları hesabına qısa vaxtda ordunun artilleriya mərmisinə olan ehtiyacını ödəmək imkanında deyil. Buna görə də onu başqa ölkələrdən almağa çalışır. Şimali Koreya Rusiyanın artilleriya mərmisi əldə edə biləcəyi son ölkədir.

Bundan öncə Rusiya Misirdən və İrandan ehtiyaclarını təmin etməyə çalışırdı. Lakin ABŞ-ın müdaxiləsi ilə Rusiyanın çabaları boşa çıxdı. Vaşinqton Qahirəni seçim qarşısında qoyduqdan sonra Misir Rusiya ilə anlaşmadan imtina etdi və üstəlik, əlindəki artilleriya mərmilərini Ukraynaya göndərməyə başladı. Rusiyaya pilotsuz uçuş aparatı verən İran da son anda Rusiyaya artilleriya mərmisi vermədi. Belə iddialar var ki, ABŞ İran neftinə qarşı sanksiyanı qeyri-rəsmi şəkildə yumşaldıb və indi Tehran daha çox neft satmağa başlayıb. Sosial partlayışın astanasında olan İran üçün daha çox neft satışı həyati əhəmiyyətə malikdir. Daha çox neft satmaqla İran sosial gərginliyi səngidə bilər.

ABŞ-ın bu "xoş niyyət"inin qarşısında isə İran Rusiyanı artilleriya mərmisi ilə təmin etməmək öhdəliyi götürüb. İran və Misirdən əli üzülən Rusiya indi Şimali Koreyaya son ümid yeri kimi baxır. Lakin bu da asan deyil. Məlum olduğu kimi, BMT-nin Şimali Koreya ilə hərbi-texniki əməkdaşlıqla bağlı tətbiq etdiyi sanksiyalar mövcuddur. Əgər Rusiya bu sanksiyaları pozsa, beynəlxalq münasibətlərdən daha çox təcrid olunacaq. Belə ehtimallar da var ki, Moskva Pxenyanla hərbi-texniki əməkdaşlıq etsə, Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması ilə bağlı məsələ gündəmə gələcək. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller xəbərdarlıq edib ki, Şimali Koreyanın Rusiyaya hər hansı silah ötürməsi BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini pozacaq: "Biz bunu izləyəcəyik və məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik". Rusiya siyasi rəhbərliyi isə ordunun mümkün qiyamından ehtiyatlanır və silah-sursatla bağlı tələbatı nəyin bahasına olur-olsun ödəməyə çalışır. Digər tərəfdən, Moskvada gözəl anlayırlar ki, Rusiyanın Qərbdə müttəfiqi qalmayıb. Ona görə də Rusiyanın Şimali Koreyaya üz tutması seçim deyil, məhkumluqdur.

 





18.09.2023    çap et  çap et