Uzun müddət Rusiyaya qarşı sanksiyalar tətbiq edən ABŞ indi də Moskva ilə yaxınlığı olanlara qarşı qadağalar tətbiq etməyə başlayıb. Sentyabrın 14-də ABŞ Gürcüstanın keçmiş baş prokuroru, iş adamı Otar Partsxaladzeyə qarşı sanksiyalar tətbiq edib. ABŞ Dövlət Departamentinin saytında bildirilir ki, Partsxaladzeyə qarşı sanksiyalar Rusiyanın Gürcüstanda təsirinin güclənməsilə bağlıdır. Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin zabiti Aleksandr Onişenko şəriki Otar Partsxaladzeyə Rusiya pasportu və ola bilsin, Rusiya vətəndaşlığı almağa kömək edib. Partsxaladze mütəmadi olaraq Rusiyaya səfərə gedir, FTX ondan Rusiyanın maraqlarına uyğun olaraq Gürcüstan cəmiyyətinə və siyasətinə təsir göstərmək üçün istifadə edir.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Ukrayna Partsxaladzeni Gürcüstanda Rusiyanın maraqlarını müdafiə etməkdə ittiham etmişdi.
Bundan başqa, ABŞ mövcud sanksiyaları aşmaq üçün Rusiyaya kömək etdiyinə görə beş türk şirkəti və bir Türkiyə vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Söhbət Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli gəmilərin təmirində iştirak edən və Ukraynadakı müharibəni dəstəkləmək üçün "ikili təyinatlı malların" Moskvaya təhvil verilməsini asanlaşdıran şirkətlərdən gedir. "Margiana Insaat Dis Ticaret" və "Demirci Bilişim Ticaret Sanayi" şirkətləri “qara siyahı”ya düşüb.
Bundan əlavə, ABŞ Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli bir şirkətə məxsus, sanksiyaya məruz qalmış gəmiləri təmir etdiyi üçün “Denkar Ship Construction”a qarşı məhdudiyyətlər tətbiq edəcək. Eyni zamanda siyahıya Türkiyənin “ID Ship Agency” gəmiqayırma agentliyi və onun sahibi İlker Doğruyol, həmçinin ABŞ-ın məlumatına görə, Amerika və Avropa gəmilərinin elektron komponentlərinin tədarükündə vasitəçi kimi çıxış edən “CTL Limited” şirkəti də daxildir.
Bütövlükdə ABŞ Maliyyə Nazirliyi Rusiyaya görə 150-dən çox hüquqi şəxsə məhdudiyyətlər tətbiq edib. Ekspertlər hesab edirlər ki, bütün bunlar yalnız başlanğıcdır. Bu proses davam edəcək və daha da sərtləşdiriləcək. Rusiyanın Ukraynada törətdiyi hərbi və insanlıq əleyhinə cinayətlər artdıqca Moskva ilə yaxınlığına görə sanksiyalara məruz qalanların sayı və cəzaları da artacaq.
Yeni sanksiyalara məruz qalanlar arasında Rusiyanın avtomobil istehsalçıları AvtoVAZ və “Moskviç”, aviasiya və dəniz mühərrikləri istehsalçısı “Saturn” şirkəti, "Soyuz" kosmik gəmisinin baş konstruktoru Mkrtiç Okroyan və onun ailə üzvləri, həmçinin Mərkəzi Afrika Respublikası prezidentinin müşaviri Vitali Perfilyev də var.